Modern.az

“Atam İsmayıl Şıxlı 2 ay məni danışdırmadı”- MARAQLI

“Atam İsmayıl Şıxlı 2 ay məni danışdırmadı”- MARAQLI

26 İyul 2016, 14:34

Bu gün Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 21 il ötür. Məhz, 1995-ci ilin bu günü tanınmış yazıçı 76 yaşında dünyasını dəyişib. Yazıçı Fəxri Xiyabanda dəfn olunub.

 

Modern.az saytı mərhum yazıçının  oğlu Elçin Şıxlı ilə əlaqə saxlayıb. Elçin Şıxlı atası ilə bağlı saytımıza açıqlamasında xatirələrini bölüşüb.

 

 

Elçin Şıxlı söhbət zamanı jurnalistikaya gələndə ilk çalışmağa başladığı yerin  “Azərbaycan Kommunisti” jurnalı olduğunu deyib. Lakin İsmayıl Şıxlı oğlunun qəzet buraxmaq ideyasını bəyənmir.

 

 

““Azərbaycan Kommunisti” jurnalı  indiki jurnalistikadan xeyli uzaq bir mətbu orqan idi. Partiya orqanı idi. Jurnalda iri həcmli Sovet və  partiya həyatı haqqında yazılar yazılırdı. Orada yazı yazmırdım. Redaktələr edirdim. Çünki mövzular mənlik deyildi. Bir dəfə atama gəlib dedim ki, oradan çıxıb Raufla (Talışınski red.) qəzet buraxmaq istəyirik.

 

 

Bu sözümdən kişi duruxdu və düzü, mənim bu hərəkətimi bəyənmədi. O mənada bəyənmədi ki, rahat yeri qoyub riskli işin dalınca gedirdim. O vaxtlar indiki kimi jurnalistikada heç nə yox idi. Düz 2 ay atam məni danışdırmadı. Biz isə avqustun 15-də “Zerkalo” qəzetini hazır etdik. Qəzetin nömrəsini yoldaşıma verdim ki, bunu atama verərsən və  deyərsən ki, bizim gördüyümüz işin nəticəsidir. Həmin vaxt atamgil rayona gedirdilər. O zamanlar Qazaxa təyyarə reysi işləyirdi. Yoldaşım danışır ki, 40-45 dəqiqə ərzində təyyarə uçana qədər atam qəzetə baxıb. Sonra rayona bibimgilə gedəndə qəzeti stolun üstünə qoyub və deyib:  “Bu, bizim uşaqların buraxdığı qəzetdir”. Beləliklə, bizim qəzet buraxmaq işimiz alındı. Qəzet populyarlaşdı. Təxminən 5-6 ay  keçəndən sonra Raufla atamın yanına bir məsləhətə gəldik. Rauf atamdan soruşdu: “İsmayıl müəllim, necə bilirsiniz, qəzet alınır yoxsa alınmır?!”. Atam da cavabında dedi ki, afərin sizə. Alınır. Sözün doğrusu, sizin belə bir iş görəcəyinizə inanmırdım. Halal olsun sizə. Yaxşı ki, mənim qəzet çıxartmamaq sözümə baxmadınız”.

 

Elçin Şıxlı atasının vəfat etdiyi günü xatırlayarkən atası ilə bağlı tez-tez xatırladığı məqamı dilə gətirib.

 

“Atamla bağlı tez-tez xatırladığım məqam onun yoxluğudur. Atam dünyasını dəyişməmişdən öncə,  bizə heç bir vəsiyyət etməyib. Sadəcə olaraq, bütün ömrü boyu mənə də, qardaşıma da öz davranışı, hərəkəti, özünü cəmiyyətdə aparmaq məsələsi ilə bağlı bir şeyi deyirdi. “Ay bala, insan olun! Adam kimi yaşayın! Kişi kimi yaşayın!

 

Həmin günün özünə gələndə isə xatırlamaq belə ağırdır. Can üstə idi. Bütün gecəni yanında idik. Şəhərin mərkəzində, Hökumət Evi ətrafındakı binalardan birində yaşayırdıq. O zaman da indiki kimi məscidlərin sayı da çox deyildi.

 

Səhərə yaxın eyvana çıxmışdım. Bu zaman uzaqdan gələn azan səsini eşitdim. Bundan da 4 saat sonra 11-ə işləmiş atam dünyasını dəyişdi”.

 

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi