Modern.az

Bakıdakı Bayraq Meydanındakı bayrağımız – HƏR ŞEYİ BİLİRİKMİ?

Bakıdakı Bayraq Meydanındakı bayrağımız – HƏR ŞEYİ BİLİRİKMİ?

27 İyul 2016, 10:56

2010-cu ildə Azərbaycan bayrağı dünya bayraqları içərisində hündürlüyə görə rekord qırıb. Hər birimizin fəxrlə baxdığı, and yerimiz olan və mərhum şair Bəxtiyar Vahabzadənin təbirincə desək,

Bayraq mənliyimdir, bayraq kimliyim,

 Bayraq-öz yurduma öz hakimliyim

olan bu müqəddəs varlığın ən böyüyü Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindədir (keçmiş Dövlət Bayrağı meydanındakı).

 

Biz jurnalistik və jurnalist olduğumuzdan Bakıdakı Bayraq Meydanında dalğalanan bayrağa baxdıqca ürəyimizdən xeyli suallar da keçir. Bu bayrağın hazırlanması neçəyə baş gəlir, bayraq bu günə qədər neçə dəfə yenilənib,  neçə müddətdən bir dəyişdirilir və s.?

 

Modern.az saytının bu qəbildən olan suallarını Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov cavablandırıb.

O deyib ki, dövlət bayrağının dirəyi hazırda dünya bayraqları arasında 3-cü yerdədir:

 

“Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycanın gerbi, dövlət himninin mətni və xəritə qızıl suyuna salınmış bürüncdən hazırlanıb”.

 

E.Bağırov qeyd edib ki, hazırda Azərbaycan bayrağı dirəyinin hündürlüyünə görə dünya üzrə 3-cü pilləyə enib.

 

“Azərbaycandakı bayraq tikilən zaman ən hündür olsa da, sonrakı illərdə Tacikistanda və Səudiyyə Ərəbistanında 165 metr hündürlüyündə bayraq dirəyi hazırlanıb. Ölçülərinə görə, dünyada ən böyük dirəyi olan bayraqların eni 30 metr, uzunluğu 60 metrdir. Azərbaycan bayrağı isə ölçülərinə görə hələ də 1-ci yerdədir (35 m en, 70 m uzunluq)”.

 

Aparat rəhbəri bayrağın hazırlanması üçün parçanın hansı ölkədən gətirildiyini və neçəyə başa gəldiyini, eləcə də istismar müddətini açıqlamayıb.

 

Fikrimizcə, aparat rəhbərinin açıqlamaq istəmədiyi rəqəmlər dövlət sirri deyil. Heç qanunla da bu, dövlət sirri hesab edilmir. Bəs, hansı səbəbdən aidiyyatı şəxslər bu rəqəmləri açıqlamır? Bunun gizli saxlanılması elə burada gizli məqamların olduğunu demirmi? Bu kimi suallar çoxdur, cavab isə yox.

 

Qeyd edək ki, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb.

 

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

 

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir