Modern.az

Məşğulluq Xidməti işlə təmin etdiyi gənclərin sayını AÇIQLADI

Məşğulluq Xidməti işlə təmin etdiyi gənclərin sayını AÇIQLADI

İqtisadiyyat

27 İyul 2016, 11:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gənclərə yönəlib.

 

Modern.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki,  cari ilin 6 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin 15800 nəfərə yaxını və ya 35,5 faizi gənclərdən ibarət olub. Qeyd olunan dövrdə Xidmət tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 156 nəfərini (28,4 faiz), Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin isə 632 nəfərini (55,7 faiz) gənclər təşkil edib.

 

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan vətəndaşların  1253 nəfəri (65 faiz) gənclər olub.

 

Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin ötən dövründə bu təbəqədən olan 200 nəfərə yaxın gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar. 

 

Əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş (vakant) iş yeri təklif olunub. İştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunların işəgötürənlərlə əlaqələr qurmasına, onlara öz şəxsi məlumatlarını (CV)  təqdim etmələrinə şərait yaradılıb.

 

Hər bir gəncin düzgün peşə seçimi onun gələcəkdə uğurlu əmək fəaliyyəti üçün xüsusi önəm kəsb edir. Bu məqsədlə  Xidmət tərəfindən cari ilin yanvar-iyun aylarında 59058 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Həmçinin gənclərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolu nəzərə alınır. Belə ki, peşəyönümü işində yenilik olaraq, valideynlərin də  övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü məsləhətlərinə cəlb edilməsi işləri aparılır. Cari ilin 6 ayında Xidmətin xətti ilə 32 şəhər və rayonda orta ümumtəhsil məktəblərində 500 nəfər valideynin əhatə olunduğu peşəyönümü məsləhətləri təşkil edilib, onlara övladlarının gələcək peşə seçimi ilə bağlı zəruri tövsiyələr və məsləhətlər verilib.   

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır