Modern.az

Deyəsən, axı, Sum qayıtdı...

Deyəsən, axı, Sum qayıtdı...

Mədəni̇yyət

27 İyul 2016, 12:31

“Canlanır hər qarış çöl Sumqayıtda...”

 
“Sumqayıtın tarixi” Muzeyindəki iri həcmli, romantik bir ovqat bəxş edən “XXI əsrin Sumqayıtı” pannosunu ilk dəfə görəndə, onu böyük bir maraqla seyr etsəm də, nədənsə təəssüflə düşünürdüm ki, şəkildə təsvir olunan gəzinti qayıqları və gəmilərinin olacağı və yan ala biləcəyi əsrarəngiz dənizkənarı parkın yaradılması 2025-30-cu illərdən tez başa gəlməz və yəqin ki, onu bu cür gözəllikdə görmək mənə nəsib olmayacaq. Yəni onun reallaşa biləcəyini bir fantastika, bir qədər uzaq illərin gerçəkliyi kimi qəbul etmişdim. Həm də yəqin ki təkcə mən yox, muzeyə gəlib, onun Sumqayıtla bağlı eksponatları ilə tanış olan hər kəs həmin monumental pannoya baxarkən eyni düşüncədə olub...

 

...Muzeydə Sumqayıtın və Ceyranbatan gölünün yaranması ilə bağlı artıq hamıya bəlli olan, az-çox ağlabatan bir əfsanə də orijinal bir maket şəklində öz əksini tapıb. Susuzluqdan yanaraq, taqətdən düşən böyük karvan dəstəsini, həm də artıq güclə yeriyən sevgilisi Ceyranı susuzluq əzabından qurtarmaq üçün hamıdan irəlidə yürüyərək, dağ döşündən axan suyun qaqşısını iri bir daşla kəsmiş əjdahanı öldürüb, hamıya su sevinci bəxş edən Sum adlı gənc sonda özü də sulara qovuşaraq yox olur, onu bir də “gördüm” deyən olmur...

 

Ancaq uzun illər sonra, təxminən 100 il əvvəl Sum yenidən peyda olur – Azərbaycanın heç vaxt unudulmayacaq vətənpərvər oğlu, xalqını ürəkdən sevən, onun aydınlığa, işığa çıxması üçün böyük fədakarlıqlar göstərmiş Hacı Zeynalabdin Tağıyevin şəxsində, onun qiyafəsində!.. Sanki Sumun ruhunu, arzularını özündə yaşadan Hacının sayəsində 1916-cı ilin sonlarında ingilis su-hidravlik mühəndisi Vilyam Harleyn Lindleyin layihəsi əsasında müxtəlif hidrotexniki qurğular inşa edilməklə Abşerona ilk dəfə iri borularla 187 kilometr məsafədən(o dövr üçün Avropada ən uzun!) Şollar su kəməri çəkilir. Və artıq 1917-ci ilin əvvəllərindən başlayaraq Bakı və bütün Abşeron zonası indiki Xudat şəhəri yaxınlığındakı yeraltı sulardan götürülən keyfiyyətli içməli su ilə təmin olunur. Bununla da yəqin ki, əfsanəvi igid Sumun da, Ceyranın da ruhu sevinir, şad olur. Və heç şübhəsiz ki, insanların su  istəyini-arzusunu həyata keçirmiş böyük xeyriyyəçi, xalqımızın bu gün minnətdarlıqla yad etdiyi və hər zaman hörmətlə xatırlayacağı Hacı Zeynalabdin Tağıyev o günlər yəqin ki hamıdan çox özü sevinirmiş...

 

...Ötən ilin senytabrında neçə illər idi ki, Sumqayıtın mərkəzi küçəsində - Azadlıq prospektində maşınların hərəkət yolunu kəsmiş, götürüb kənara atmağa heç kəsin gücünün, cəsarətinin çatmadığı iri bir “qara daş” – yalnız “bir nəfər” tərəfindən avtomatik idarə olunan metal dirəklər çox asanlıqla çıxarılıb atılanda, maşınların o yolda ikitərəfli hərəkəti bərpa olunanda, sürücülər də, sərnişinlər də rahatlıqla nəfəs alanda hiss olundu ki, Sum öz xeyirxah, insanpərvər, qayğıkeş ruhu ilə yenidən qayıdıb bu yerlərə.

 Bugünlərdə yolumu Xəzərin sahilinə salarkən şəhərin 6-cı mikrorayonu tərəfdən başlayaraq yeni yaradılan, ornamentli daş döşəmələri, xüsusi bir nizamla əkilmiş ağacları və gül-çiçəkləri ilə göz oxşayan sahil parkı öz gözəl, müasir görünüşü ilə ani olaraq Tarix muzeyindəki həmin o XXI əsr pannosunu yadıma saldı. Bəli, gözüm qarşısında ancaq 15-20 il sonra həqiqətə çevriləcəyini güman etdiyim mənzərəni - dənizkənarı bulvarın tamamlanmaqda olan istirahət zonasını, onun çimərliyə yaxın məsafəyə qədər genişləndirildiyini görəndə rəssam fantaziyasının bu dərəcədə qısa bir vaxt ərzində reallaşdırıldığına təəccüblənməyə, heyrətlənməyə bilmədim. İnandım ki, 70 illik yubileyinə doğru gedən doğma şəhərimiz Sumqayıtda ötən onilliklər ərzində əhalinin yay-qış mövsümündə talenin xalqımıza bəxş etdiyi mavi Xəzərin sahilində istirahəti, dincəlməsi üçün görülməmiş işləri istək olduqda, şəhər rəhbərliyi həqiqətən sakinlərin qayğısına qaldıqda, bütün fəaliyyəti ilə özünü yox, xidmətində olduğu adamları düşünəndə 60-70 ildə görülməyən işləri bir ilə də başa çatdırmaq olurmuş. Təki istək, şəhər camaatına həqiqətən diqqət və qayğı göstərmək arzusu olsun.

Son günlər səhər çağı və axşamlar şəhər sakinlərinin böyüklü-kiçikli, oğullu-uşaqlı, sevinclə, deyə-gülə abadlıq işləri hələ də davam etdirilən sahil parkına axışdığını görəndə sevinirsən ki, şükür ki, Xəzər dənizi kimi böyük bir nemətdən, onun yodla zəngin, yosun qoxulu gözəl havasından, qumlu sahilindən, nəhayət ki, maksimum fayda ilə istifadə olunacaq, dəniz isə ona uzun illər laqeyd olduğumuz, ondan bəhrələnmədiyimiz üçün daha bizdən küskün qalmayacaq (yeri düşmüşkən - bütün sumqayıtlıların, şəhərin müxtəlif yerlərdən gələn qonaqlarının ürəyincə olan bir məqamı da qeyd etmək lazımdır: şəhər rəhbərliyinin qərarı ilə Sumqayıt zonasında olan bütün çimərliklər bu mövsümdən etibarən artıq ödənişli yox, pulsuzdur). Yeni salınan, yaşıllıqlara, gül-çiçəyə qərq olmuş, əvvəlki illərdən fərqli olaraq səliqə-sahmanlı olan (əvvəllər bu yerlər müxtəlif məişət, hətta tikinti tullantıları ilə antisanitariya məskəni idi)  park indi həm göz, həm də qəlb oxşayır.

 

Xüsusilə əlamətdardır ki, sumqayıtlıların istirahətinin mənalı, yaddaqalan olmaqla  faydalı təşkili məqsədilə onların çoxdankı arzusunun – Bakıda olduğu kimi kater və qayıqlarda dəniz gəzintisinin reallaşması üçün 30 il əvvəl yaradılmış, lakin baxımsızlıq üzündən dağılmış damba yenidən, daha əsaslı şəkildə qurulur. Bugünlərdə onun möhkəmləndirilərək genişləndirilməsi, qayıqların yan ala bilməsi üçün dənizin içərilərinə  doğru uzadılması istiqamətində də geniş həcmli işlər aparılır. Gözlənilir ki, artıq gələn yaz-yay mövsümündən başlayaraq sumqayıtlılar və onların qonaqları maraqlı dəniz gəzintisinə çıxa biləcəklər. Hər halda o gün uzaqda deyil. Əsas isə odur ki, onillərlə minimum səviyyədə - yalnız yayda çimmək üçün istifadə olunan dəniz bütün il boyu özünün yeni yaradılan gözəl infrastrukturu, gəzinti gəmiləri və qayıqları ilə sumqayıtlıların xidmətində olacaqdır.

Öz gərgin və səmərəli fəaliyyəti ilə elə ilk günlərdən etibarən sumqayıtlıların dərin rəğbətini qazanmış yeni şəhər rəhbərliyinin cəmi 10 ay ərzində həyata keçirdiyi tədbirlər, geniş abadlıq-quruculuq işləri öz miqyası, çoxşaxəliliyi ilə bu gün təkcə şəhər əhalisini deyil, respublikamızın müxtəlif guşələrindən bu şəhərə yolu düşənləri, həmçinin xarici qonaqları da heyrətləndirir və sevindirir. Şəhərin ən ucqar mikrorayonları və məhəllələrindən başlayaraq küçə və meydanların əsaslı təmiri, onların asfalt örtüklərinin təzələnməsi, yenidən çəkilməsi, şəhərətrafı bağ sahələrinə aparan yolların asfalt çəkilməklə abadlaşdırılması, binaların dam örtüklərinin təzələnməsi, fasadlarının yenidən üzlənərək, müasir görkəmə salınması, çoxmərtəbəli evlərin yeni, müasir lift sistemi ilə təmin edilməsi, yaşıllıq sahələrinin artırılması, müxtəlif güllərlə və digər dekorativ ağaclarla bəzədilməsi, şəhərin əvvəllər işıqsız qalan mikrorayon və məhəllələrinin işıqlandırılması, həmçinin İ.Nəsimi adına şəhər parkının işıqlanma sistemlərinin müasir səviyyədə yenidən qurulması və s. işlər şəhər əhalisinin ovqatının yaxşılaşmasında, həyata baxışının daha da nikbin olmasında mühüm rol oynamışdır. Coxlu sayda məktəb və baxça binalarının əsaslı təmiri, Sumqayıtın öz yetirməsi olan, onu doğma şəhəri kimi sevən İcra başçısı Zakir Fərəcovun qərarı ilə bütün baxçalarda uşaqların yemək rasionunun artırılması, keyfiyyətinin xeyli yaxşılaşdırılması şəhərin körpə-fidan balalarına qayğının danılmaz nümunəsidir.

 

Xüsusilə maraqlıdır ki, şəhər rəhbərliyi öz təşəbbüsü ilə həyata keçirdiyi tədbirlərlə yanaşı Sumqayıtın informasiya-xəbər agentlikləri və saytları vaisitəsilə sakinlərin rəy və təkliflərini də öyrənərək, onların da reallaşmasına daim xüsusi səy göstərir. Həm də təqdirəlayiqdir ki, bu gün hansısa saytda diqqətə çatdırılan təklif, təşəbbüs artıq sabahısı gün İcra başçısının xüsusi nəzarətinə götürülərək, dərhal işə başlanılır.

 

Sumqayıtın iqtisadi-sənaye gücünün artırılması, o cümlədən Kimya-sənaye Parkında yeni müəssisələrin yaradılaraq işə salınması, yeni iş yerlərinin açılması ilə yanaşı sosial-mədəni sahələrin də daim diqqətdə saxlanılması şəhər sakinlərində böyük razılıq doğurur. Heydər Əliyev parkının, həmçinin Almaniyanınn Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərinin adını daşıyan parkın yenidən qurularaq abadlaşdırılması, yeni, daha müasir Heydər Əliyev Mərkəzinin yaradılması, il yarımdan sonra 50 illik yubileyi qeyd ediləcək H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı, yüksək səviyyədə təmiri, onun qarşısında göz oxşayan dizaynla, əsl Şərq üslubunda yeni fəvvarələrin quraşdırılması, şəhərin bütün dünyada tanınmış qrossmeysterlərinin yeni istedadlı şahmatçılar nəsli yetişdirmələri üçün yeni Şahmat məktəbinin və Musiqi məktəbinin inşası, Corat və Hacı Zeynalabdin qəsəbələrinin dəniz sahilində yeni istirahət zonalarının təşkili və s. bu qəbildəndir.

Bu gün Sumqayıtda hər addımda bu cür yenilikləri gördükdə istər-istəməz məşhur bir mahnının misraları yada düşür:

“Canlanır hər qarış çöl Sumqayıtda,
Xarüqələr yaradır el Sumqayıtda!..”

 

Hər bir sumqayıtlı üçün çox sevindiricidir ki, bütün bunları – şəhərdə sürətlə, həm də çox geniş miqyasda aparılan tikinti-abadlıq, quruculuq işlərini nəzərə alan, onu layiqincə  qiymətləndirən dövlət başçısı Sumqayıtın daha yüksək sosial-iqtisadi inkişafı üçün ötən 10 ay ərzində Prezident Fondundan şəhərə bir neçə dəfə əlavə vəsait ayırmışdır ki, onların da ümumi həcmi  35 milyon manatdan da çoxdur.

 

Bəli, bu gün Sumqayıt sürətlə irəliləyib inkişaf edərək, ölkə rəhbəri İlham Əliyev cənablarının nəzərdə tutduğu, arzu etdiyi kimi bütün Qafqazın ən iri və güclü, yüksək inkişaf etmiş sənaye şəhərinə çevrilməkdədir. Bunu da hiss etməmək mümkün deyildir ki, bilavasitə Sumun sevgilisinin adıyla bağlı olan Ceyranbatandan və Hacı Zeynalabdin Tağıyevin 100 il əvvəl çəkdirdiyi Şollar su kəmərindən suya olan tələbatı tam ödənilən Sumqayıtın indi də sosial-mədəni ehtiyacları yüksək səviyyədə ödənilməkdədir.

...Deyəsən, axı, 100 ildən sonra Sum öz adını daşıyan bu şəhərə yenidən qayıdıb.

Gözünüz aydın, sumqayıtlılar, Sum qayıtdı!..

 

Rəhman ORXAN

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?