Modern.az

Fətulla Gülən minlərlə insanın beynini necə dəyişə bilirdi?..

Fətulla Gülən minlərlə insanın beynini necə dəyişə bilirdi?..

27 İyul 2016, 15:16

Arzu Qazıyeva

Nelson Mandela qara dərili afrikalıdır. Ölkəsində insan haqları uğrunda mücadilə etmiş fəal idi. Hakimiyyət buna görə onu həbs etmişdi. Mandela 27 ilini həbsxanada keçirmişdi, həbsdən qəhrəman kimi çıxmış və xalq tərəfindəın ölkəsinin – Cənubi Afrika Respublikasının prezidenti seçilmişdi. O zaman onun 76 yaşı vardı. Mən onu milli lider sayırdım. Təkcə mən yox, elə öz xalqı da. Çünki o, milli lider kimi nə həbsdən qorxdu, nə də təzyiqlərdən. Heç bir halda ölkəsini qoyub xaricə getmədi. Elə öz vətənində də 95 yaşında vəfat etdi.

Bəli, siyasət yolunu seçmiş biri çox şeyləri göz altına almış olur. Əks halda ondan nə lider?
Mən xaricdə yaşayan, amma ölkəsinin milli və ya dini lideri sayılan siyasətçilərin, və onların arxasınca gedən cəmiyyətin mövqeyini anlamağa çətinlik çəkirəm.

Fətulla Gülənin rəhbərliyi altında Türkiyədən Sibirədək nəhəng bir ərazidə böyük bir şəbəkə yaranmışdı. Təhsil adı altında gizli məramların yatmasını məhdud dairədə bilmiş olardılar. Fətulla Gülənin kimliyi və məqsədləri məlum. Amma əsas məsələ yenə də bu deyil. Məsələ ondadır ki, böyük bir coğrafi ərazidə minlərlə insanın bu şəbəkəyə qoşulması, Gülən yoluna çıxması necə oldu ki, baş verdi? Gülən minlərlə insanın başını-beynini necə dəyişə bilirdi?

Deməli, sadə məntiqlə düşünsək aydın olur ki, “Hizmət” layihəsinin arxasında külli miqdarda maliyyə vəsaiti və mükəmməl qurulmuş bir sistem dayanır. Bu sistem hardasa dinin, haradasa rüşvətin hakim olduğu, haradasa dövlət qurumlarının hələ zəif işlədiyi ölkələrdə və təbii ki, belə məkan keçmiş SSRİ məkanı ola bilərdi, daha yaxşı kök sala bilir. SSRİ dağıldıqdan sonra yaranmış nəhəng və həssas bir məkana güclü dövlətlərin nəzarət arzuları anlaşılandır. Bu gün Fətulla Gülən və onun “Hizmət” hərəkatıdır, sabah isə fərqli ideya ilə bir başqası ola bilər. Belə layihələrin reallaşdırılması üçün “liderlər”in tapılması anlaşılan deyil. Ona görə anlaşılması çətindir ki, belə adamlar nadan və cahil deyillər, onlar cəmiyyətin çox savadlı kəsimindən çıxırlar. Doğrudanmı həmin savadlı insanlar düşünürlər ki, ölkələrinin milli maraqlarına xidmət edirlər? Yəni doğrudan da inanırlar ki, layihə müəllifləri onların ölkələrinin həqiqi inkişafını və güclü olmasını istəyir? Öz dövlətini və xalqının həqiqətən də sevən adamlar süjet xətti suallarla bol, cavabları qaranlıq olan ssenarilərin qəhrəmanı olmağa nə üçün və necə razılaşırlar?

Nelson Mandelanın hekayəsi dünya siyasi tarixində bəlkə də unikal hadisədir. Onun unikallığı onda idi ki, heç bir çətinliyin, acının, ağır aparteid rejiminin sındıra bilmədiyi Mandela həyatının 27 ilinin bahasına da olsa xalqa və dövlətə səmimiyyətlə xidmət etməyin mümkünlüyünü göstərə bildi.

Günlərin birində Türkiyə yaranmasına və şaxələnməsinə imkan verdiyi şiş xəstəliyini amputasiya etməyi qərara aldı. Bunun üçün hansı yolun seçilməsi önəmli deyildi. Onsuz da məqsəd vasitəni doğruldur. Önəmli olan odur ki, şiş kəsiləndən sonra metastaz verməsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır