Modern.az

Qərb sivilizasiyasının mənşəyi və mahiyyəti  - I YAZI

Qərb sivilizasiyasının mənşəyi və mahiyyəti  - I YAZI

28 İyul 2016, 11:06

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Avropanın Orta çağ despotik və ruhani dərəbəyliyindən qurtularaq yeni bir dönəmə qədəm qoymasında milli, dini və dünyəvi məsələlərə baxışda köklü dəyişikliklərin yaranması mühüm rol oynamışdır. Bu üç mühüm məsələyə münasibətdə mövcud olan ehkamçı baxışların yeni tezislərlə əvəzlənməyə başlaması Avropa üçün yeni bir mədəniyyət, hətta sivilizasiya qapısı açdı. Ona görə də bu gün Avropa mədəniyyətinin, Qərb sivilizasiyasının  mənşəyini məhz bu üç məsələdə axtarmalıyıq. Əslində milli, dini və dünyəvi məsələlər o zaman yeni bir mədəniyyət ya da sivilizasiyanın yaranmasına səbəb olur ki, onlar bir bütün halına gətirlə bilir. Yəni bu məsələlər arasında yalnız uzlaşma saxlana bildiyi halda, sözün həqiqi mənasında yeni bir dövr başlayır. Ancaq burada diqqət çəkmək istədiyimiz bir məqam da var ki, bu üç məsələ arasındakı uzlaşma “xeyir”ə deyil, “şər”ə də xidmət edə bilər. Deməli, bu üç məsələnin uzlaşdırılması istənilən halda, istər “mənfi” istərsə də “müsbət” olsun müəyən bir dövrə qədəm qoymaqdır. 

Bu bəzilərinin “mənfi”, ancaq həyata keçirənlərincə “müsbət” anlamda qiymətləndirilən dini üstünlüklü mədəniyyətdə, milli üstünlüklü mədəniyyətdə ola bilər. Sadəcə, burada önəmli olan “dünyəvilik” məsələsinin dini üstünlüklü mədəniyyətdə ya da milli üstünlüklü mədəniyyətdə necə öz əksini tapmasıdır. Əslində yeni bir mədəniyyət qapısının hansı formada açılmasında açar rolunu “dünyəvilik” ideyası oynayır.  Çünki “dünyəvilik” dediyimiz anlayış milli və dini maraqları pərdələmək üçün istər “xeyir” istərsə də “şər” anlamında olsun, ən ideal üsuldur. Bu anlamda Yəhudilik, Xristianlıq və İslam kimi dinlərdə də “dünyəvilik” ya da “beynəlmiləlçilik” məsələsinin ön planda olması başa düşüləndir.

Avropa xalqları da təxminən min ildən çox dünyəvilik məsələsinə Xristianlıq açısından yanaşdılar; bütün milli-dini, o cümlədən fərdi və ümumi maraqlarını onun üzərindən həyata keçirməyə çalışdılar.  Xristianlıq uzun müddət bir-birləri üzərində qalib ya da məğlub duruma düşən Avropa xalqlarının əsas nicat yolu oldu. Hətta, sözdə “Xristian dünyəviliyi” Avropa xalqlarını birləşdirərək müsəlman ölkələr üzərinə Xaç yürüşlərinin həyata keçirilməsinə qədər aparıb çıxartdı. Beləliklə, Orta Çağ Avropasında bir xristian kimliyi formalaşmışdır. Bu dövrə qədər Xristianlıq Yunan-Roma mədəniyyətini unutduracaq qədər hökmran idi. Hətta, Yunan-Roma mədəniyyətinə əsaslanan Avropa anlayışı bir müddət Xristianlıqla bərabərləşmişdir. 

Ancaq zamanla “Xristian dünyəviliyi” Avropa xalqlarının nəzərində əhəmiyyətini itirməyə başladı ki, burada da Xristianlığın vəd etdikləriylə məmurlar və din xadimlərinin əməllərinin üst-üstə düşməməsi mühüm rol oynadı. Artıq din xadimlərinin özləri də “Xristian dünyəviliyi” adı altında etdiklərinin əslində dünyəvilikdın çox sxolastikadan başqa bir şey omadığını anladılar. Ona görə də, əvvəllər Xristianlığı dünyəvilik adı altında təbliğ edən bir çox Avropa aydınları bundan imtina edərək, artıq onu dini sxolastika adlandrmağa başladılar. Onlar yaxşı anlayırdılar ki, Avropa xalqları üçün dini dünyəvilik öz əhəmiyyətini itirib, üstəlik Avropa xalqlarının  varlıqlarını sürdürməsi üçün Xristianlıq artıq “müsbət” deyil, “mənfi” rol oynamağa başlayıb. Xristianlığın belə bir hala gəlib çıxmasında da, daha çox dövlət məmurlarıyla din xadimləri günahkar olsalar da, milli aydınların da bu məsələdə payı vardır. Məhz belə bir məqamda Avropanın milli aydınları dünənə qədər müdafiə etdikləri “Xristian dünyəviliyi”ni  “Xristian sxolastikası” adlandıraraq onu aradan qaldırmaq üçün dinin özündə islahatlar aparmağa, bununla yanaşı olaraq da milli mədəniyyəti, yəni Yunan-Roma mədəniyyətini dirçəltməyə başladılar.

Deməli, min ildən çox sürmüş “Xristian dünyəviliyi” ya da Xristian sxolastikasının mövcudluğunda yalnız dövlət məmurları və din xadimləri deyil, əsasən Avropa aydınları da maraqlı olmuşlar. O zaman Xristianlıq sxolastikasının mövcudluğuna görə onlar heç də məmurlarla ruhanilərdən az “günahkar” deyillər. Bu baxımdan Avropa aydınları Xristianlığı uzun müddət dünyəvilik adı altında təbliğ etmələrinə rəğmən sonunda ona sxolastika damğası vurmaqdan başqa yol görmədilər. Bu o deməkdir ki, Avropada yeni bir dövrün başlanmasına səbəb “Xristianlıq dünyəviliyi”nin bütün sahələrdə öz əhəmiyyətini itirmiş olması, üstəlik müsəlman dövlətlərin təhdidi altında qalması oldu. Belə olduğu təqdirdə, Avropanın milli, dini və dünyəvilik məsələlərini yenidən nəzərdən keçirməli oldu ki, bu zamanda yeni bir mədəniyyətə dini dünyəvilik ideyasıyla daxil ola bilməməyin məcburiyyəti ortaya çıxdilik ideyasıyla daxil ola bilməmyin məcburiyyətiəniyyətəmurlarla ruhanilərdən az "ı. Çünki artıq sözdə dünyəvilik vurğulanmasına baxmayaraq, əməldə dini ehkamların ortada olması Xristianlığın nüfuzuna ciddi zərbə olmuşdu. Bu baxımdan Xristianlığı onu öz maraqlarına görə sxolastik duruma düşürənlərin əlindən almaqla islahatlar aparmaq, eyni zamanda əski Yunan-Roma mədəniyyətilə uzlaşdırmaqdan başqa çıxış yolu yox idi. Ancaq yeni mədəniyyətdə artıq din ikinci plana keçir, onun yerini isə milli mədəniyyət tuturdu.

Bu o deməkdir ki, ən azı min ildən çox Xristianlıqla dünyəvilik arasında ortaq nöqtələr tapmağa çalışıb onu müdafiə edən Avropa aydınları bundan sonra milli dəyərlərin dünyəvilik idealına qarşı olmamasını ortaya qoymalı idilər. Bu heç də asan deyildir. Çünki Xristianlıq ayrı-ayrı millətləri dini birlik adı altında birləşdirdiyi halda, milli mədəniyyət anlayışı daha çox ayrımçılığı ortaya qoyurdu. Bu anlamda Avropa aydınları elə ideyalar ortaya qoymalı idilər ki, həm milli dəyərləri önə çəksinlər, həm də buna paralel olaraq Avropa xalqlarını vahid mədəniyyət çətiri altında tuta bilsinlər.

Bunu başara bilmək üçün Xristianlıq mədəniyyəti dönəmində əsasən dini-idealist yol izləyən Avropa aydınları, milli mədəniyyətlərin ümumi adı olan Avropa mədəniyyətinə, Qərb mədəniyyətinə milli-materialist yol izləməklə başladı. İlk baxışda dini-idealist və milli-materialist anlayışlar iki dövrü birbirindən ayrı tutmaq adına doğru görünməyə bilər. Ancaq  min ildən çox “Xristian dünyəviliyi” içində yaşamış Avropa xalqlarının həmin dönəmdəki həyat tərzinin əsasən, dini-idelaist və dini-mistik mahiyyətli olması heç kəsə sirr deyil. Bu heç də onların real dünyaya aid hər şeydən imtinası anlamına gəlmir, sadəcə görülən hər madiyyatçı əmələ dini-idelaist ya da dini-mistik məna verdiyini ortaya qoyur. Bir növ insan dünyada yaşamağın gerçək üzünü görür, amma onda dini-mistik anlam axtarır. “Xristian dünyəviliyi” öz əhəmiyyətini itirib ona Xristian sxolastikası damğası vurulduqdan sonra, artıq real işlərə dini-mistik anlam verməyə də ehtiyac qalmır.  Bu anlamda Xristianlıq dönəmində zaman-zaman real həyat hadisələrinin ya da yaşam tərzinin mistikləşdirilməsi, hətta bütün bunlara dini ehkamlar kimi baxılması Avropa xalqlarının əxlaqında, adət-ənənələrində, fəlsəfəsində, dünyagörüşündə dərin fəsadlara yol açdı. Xristian sxolastikasının doğurduğu  bu fəsadlar dərinləşdikcə, artıq Avropa xalqları həm iç təhlükədən, həm də xarici təhlükədən özlərini qorumaq üçün Xristianlıqda islahatlar aparmaqla yanaşı, əski milli mədəniyyətlərindəki adət-ənənələri, dini inancları, o cümlədən dünyanın və insanın yaranışıyla bağlı materialist ənənələri dirçəltməyə başladılar.

Ona görə də fəlsəfi anlamda “Xrtistian dünyəviliyi”ni dini-idealist, dini-mistik, Qərb mədəniyyəti dönəmini isə milli-materialist, milli-praqmatist adlandırırıq. Qərb mədəniyyətinin yeni bir mədəniyyət kimi ortaya çıxmasının, hətta sivilizasiya deyilə biləcək qədər yüksəlməsinin əsas təməl prinsipləri Xristianlıq sxolastikasına qarşı mübarizə adı altında, əslində Yunan-Roma mədəniyyətini də örnək alaraq milli-materialist və milli-praqmatist düşüncəli yeni bir yol izləməsidir. Zənnimizcə, Avropa alimi Paul Hazard “Qərb düşüncəsindəki böyük dəyişmə” əsərində bunu, çox aydın şəkildə göstərə bilmişdir. Hazard adıçəkilən kitabında yazırdı ki, 16-17-ci əsrlərdən başlayaraq Qərb düşüncəsində  baş verən böyük dəyişmələrə səbəb, ümumilikdə Avropa alimlərinin qeyri-əxlaqi adət-ənənələrə qarşı çıxması, tarixi yenidən dəyərləndirməsi, fəlsəfəyə münasibətinin dəyişməsi, möcüzələrə etirazı, Xristian dininin tənqidi, mədəniyyətə yeni baxışı  olmuşdur. Əslində  Hazardın bu kitabda nəzərdə tutduğu dəyişmə faktorları çox sadədir. Belə ki, Qərb alimləri bütün sahələrdə etiraz edir, dönüş yaradır və yeni bir mərhələyə daxil olurlar. Ümumiyyətlə, Hazardın bu əsərindən belə nəticə çıxarmaq olar ki, əgər yenilik və dəyişmə istəyiriksə özümüzdən başlamalıyıq. Yəni bütün sahələrdə (din, adət-ənənə, tarix, mədəniyyət vəs.) içimizdəki problemləri görməli, dəyərləndirməli və yeni ideyalar irəli sürməliyik. Bir sözlə, ayaq üstə qalmaq və inkişaf yolunda olmaq üçün zaman-zaman milli adət-ənənələri, tarixi, fəlsəfəni, hətta ehkam kimi yanaşdığımız dinin özünü belə yenidən dəyərləndirməliyik. Əgər bunu etmək əvəzinə başqalarını tənqidlə və təqlidlə məşğul olacağıqısa heş bir şey əldə edə bilməyəcəyik. Əslində özümüzü daha çox tənqid etməli, müəyyən mənada da bu gün öz keçmişimizi “təqlid” etməliyik. 

Bu anlamda Hazardın  anlatmaq istədikləri mahiyyət etibarilə çox doğru təsbitlərdir. Özəlliklə, yalnız Xristianın sxolastikasını tənqid etməklə kifayətlənməyərək bütün sahələrdə yeniləşməyin vacibliyini ortaya qoyan Avropanın milli aydınları (N.Makiavelli, F.Bekon, T.Hobbs, C.Lokk, Ş.L.Monteskye, İ.Kant, J.J.Russo, F.Volter vəb.) bununla da Avropanın yeni bir mərhələyə daxil olmasında, Qərb sivilizasiyasının yaranmasında bütövlükdə milli, dini və dünyəvi məsələləri yenidən nəzərdən keçirmələri, yeni yön vermələri əvəsiz rol oynadı. Bu Qərb cəmiyyətinin yenidən formalaşmasına gətirib çıxartdı.

İlk əvvəllərdə ruhani və despotik hakimiyyətlərdən olmazın əziyyətlər çəkən həmin Qərb düşünürlərinin sonrakı dönəmlərdə, bunun tam tərsinə dəstək görmələri də təsadüfi olmamışdır. Əslində Orta çağ Avropasının məmurlarıyla ruhanilərin ilk dövrlər­də yeniləşməyə, daha doğrusu yeni bir mədəniyyətə qarşı savaş açmaları, imkan düşdükcə yeniləşmə tərəfdarlarını amansız şəkildə cəzalandırmaları başa düşülən idi. Xristianlığın, Xristian dünyəviliyinin rolu ön planda olduğu bir zamanda yeni bir mədəniyyətin ortaya çıxması, üstəlik onlara sxolastik damğası vurub savaş açmaları həmin məmurları və ruhaniləri qorxu içində saxlayan əsas faktor idi. Sonuncular hesab edirdilər ki, Xristianlıq düşüncəsi Avropa xalıqlarının yeganə nicat yoludur, onu aradan qaldırmaqla Avropa tamamilə məhv ola bilər. Bu anlamda Xristianlığı qoruyub saxlamaq üçün ona qarşı olan hər kəs, o cümlədən yeniləşmə tərəfdarları da sözsüz-sorğusuz məhv edilməli idi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir