Modern.az

“Ağdamlıları bir yerə toplayacağıq” - “AĞDAMLILAR”ın qurucusu

“Ağdamlıları bir yerə toplayacağıq” - “AĞDAMLILAR”ın qurucusu

29 İyul 2016, 10:33

Hər bir xalqın gələcəyi onun gəncləri ilə bağlıdır. Gənclərin ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Müasir dövrdə gənclər sosial şəbəkələrdəki fəaliyyətləri ilə də cəmiyyətin maariflənməsində müəyyən rol oynayır. Azərbaycanda da belə gənclər var.

Modern.az saytı işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə, həmin bölgələri yaşadanlarla bağlı müsahibələri davam etdirir. “Qarabağı yaşadanlar”ın növbəti qonağı “AĞDAMLILAR” qrupunun qurucusu Ziya Abdullayevdir.

 

-Zi ya bəy, əvvəlcə icazə verin, sizi tanıyaq...

- 1990-cı ildə avqust ayının 2-də Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşam. 1997-ci ildə, Quzanlı kənd orta məktəbinin 1-ci sinfinə getmişəm. 2008-ci ildə məktəbi bitirib, ali məktəbə qəbul imtahanı vermişəm və daxil olmuşam. 2012-ci ildə, universiteti bitirdikdən sonra, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanmışam. Ağdam rayonunda Gənclər Təşkilatının üzvüyəm. Hazırda dövlət qulluğu vəzifəsində işləyirəm.

 

- “AĞDAMLILAR” qrupu necə oldu ki, yarandı?

 - Şərait elə tələb edirdi ki, mən bu qrupu yaratmaq qərarına gəldim. Xüsusilə, əksər hissəsi erməni vandalları tərəfindən işğal olunub, dağıdılmış bir rayon olaraq Ağdamın belə bir qrupa ehtiyacı olduğunu düşündüm. Bir ağdamlı gənci olaraq, həmyerlilərimi bir yerə cəmləmək və Ağdam haqqında, hər kəsin öz xatirələrini, Ağdamın keçmişi, bu günü, tanınmış şəxsləri, bir sözlə hərtərəfli olaraq Ağdama aid hər bir şey haqqında məlumatların həmyerlilərimizlə mən tərəfdən və birbaşa onların özləri tərəfindən paylaşılmasını başlıca məqsəd bildim. 2011-ci ildə bu qrup fəaliyyətə başladı. Fəaliyyətə başladığı gündən də həmyerlilərimiz tərəfindən müsbət rəylər almağa başladım.

 

 - Belə bir qrup yaratmaq fikri haradan gəldi ağlınıza?

 - Bu qrupdan əvvəl mən, “Facebook” sosial şəbəkəsində “AĞDAMI SEVİRİK” adlı səhifə açmışdım. Ağdamı sevənlər tərəfindən bu səhifə, böyük rəğbətlə qarşılandı. Əvvəlcə qeyd etdiyim kimi Ağdam haqqında məlumatları geniş kütləyə çatdırmaq üçün belə bir qrupa ehtiyac duydum. Ağdam haqqında həm qrup, həm də səhifə olması daha çox insanın Ağdam gerçəkləri ilə tanış olması ilə nəticələnəcəkdi.

 

- İdeyanı tək gerçəkləşdirniz?

 - Bəli, ideya özümə məxsus olduğuna görə, gerçəkləşdirilməsi də mən tərəfdən baş tutdu..

- İşləriniz qrupu idarə etməyə mane olurmu? Necə tənzimləyirsiniz bu işi?

- Düzünü desəm, bir az problem olur. İşlərimlə əlaqədar olaraq müəyyən vaxtlar qrupu izləməkdə vaxt cəhətdən çətinliklərim olur. Ancaq mümkün qədəri ilə çalışıram ki, qrupda aktiv fəaliyyətim pozulmasın. Ən əsası, “AĞDAMLILAR”-ın adına layiq paylaşımlar edilməsinə diqqət yetirirəm.

 

- Səhifənizə Ağdam ziyalılarından dəstək gəlibmi?

- Bəli, gəlib. Dəstək olan ziyalılar çoxdur. Onların içərisində, müəllimlər, məktəb rəhbərləri, idarə, müəssisə işçiləri də var. Ziyalı insanlar bizə hər zaman öz isti münasibətlərini bildirirlər. Bəzən qrup haqqında təklifləri də irəli sürürlər. Biz də sevə-sevə həmin təklifləri dəyərləndiririk. Onlara da təşəkkürlərimizi bildiririk.

 

- Əsasən kimlər dəstək verir sizə?

 - Öncə onu deyim ki, mənə yaxın insanlar, dostlarım bu işdə ilk dəstək olanlardır. Ümumiyyətlə götürsək, onların əksər hissəsi bizə öz mənəvi dəstəklərini əsirgəməyiblər. Hər birinə təşəkkürümü bildirirəm.

 

- Səhifə ilə bağlı çətinlik çəkdiyiniz məqamlar olub?

 - Desəm olmayıb, yalan olar. Çətinliklər olub, ancaq ciddi bir problem yaşanmayıb.

 

- Aprel döyüşləri zamanı “AĞDAMLILAR” olaraq qrupda hansı təbliğatları apardınız?

- “Aprel döyüşləri” kimi tarixə keçən bu döyüşdə Vətən yolunda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yerləri behişt olsun. “AĞDAMLILAR” qrupu olaraq biz də həmin günlərdə, əsgərlərimizə dəstək yönümündə paylaşımlar etdik. Bildiyiniz kimi, döyüşlər Ağdam istiqamətində də intensiv gedirdi və biz də, qrup üzvləri olaraq, ağdamlı olub Ağdamdan kənarda yaşayan həmyerlilərimizi baş verən hadisələr haqqında düzgün və operativ olaraq informasiyalarla təmin edirdik. Bəzi insanların reytinq qazanmaq naminə, dezinformasiya xarakterli , xalqı çaşdırmağa yönəlmiş paylaşımlarından fərqli olaraq, biz təsdiqlənmiş xəbərlərlə qrup üzvlərini bilgiləndirməyə çalışırdıq.

 

- Qrupun işini əngəlləyən, işinə mane olan kənar güclər olubmu?

- Xeyr, heç bir şəxs bizə mane olmayıb. Axı mane olmağa bir səbəb də yoxdur. Bizim məqsədimiz bəllidir.

 

- İzləyiciləriniz sizi qane edirmi? Onlarda bəyənmədiyiniz məqamlar nədir?

 - Çox həssas bir məsələyə toxundunuz. Heç izləyicilərimizdən də narazı ola bilərikmi? Əlbəttə ki, hamısından razıyıq. Qrupun yaradıcısı və idarəçisi olaraq deyə bilərəm ki, bizim qrupumuza vətənpərvər insanlar toplaşıb. Olur ki, bəzi adamlar, qrupumuza başqa məqsədlər üçün qoşulurlar. Təbii ki, onlara xəbərdarlıq edirik ki, qrupun adına uyğun paylaşımlar etsinlər. Başa düşənlər də olur, sağ olsunlar. Ancaq elələri də var ki, məcburiyyətdən, istəmədən qrupdan kənarlaşdırırıq. Bəyənmədiyim hal yalnız budur.

 

- İzləyicilər sizə əsasən hansı mövzu ilə bağlı müraciət edir?

- Bəli, müraciət olunur. Təkliflər də olur, şikayətlər də, təriflər də. Əsasən təkliflərlə çıxış edir istifadəçilərimiz.

 

-Necə düşünürsünüz izləyicilərinizin rəğbətin qazana bilmişiniz?

 - Onu sizə dəqiq deyə bilmərəm. Bəlkə hə, bəlkə yox. Ancaq, həmişə çalışmışam ki, “Ağdam” adı olan hər yerdə daha da məsuliyyətli olum. Hazırda, bilmirəm nə qədər nail olmuşam ağdamlıların rəğbətini qazanmağa...

 

 - İzləyicilərinizlə görüşlər təşkil edirsiniz?

- Bir neçə dəfə cəhdlər olub. Ancaq müəyyən səbəblərdən alınmayıb. Sizə deyim ki, belə bir görüş planlaşdırılır və inşallah yaxın zamanlarda gerçəkləşəcəyini düşünürəm.

 

Qafar Ağayev

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?