Modern.az

Fransız-Azərbaycan Universitetinə imtahan nəticələri açıqlandı

Fransız-Azərbaycan Universitetinə imtahan nəticələri açıqlandı

29 İyul 2016, 17:22

Fransız-Azərbaycan Universitetinə imtahanın nəticələri açıqlanıb.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən (ADNSU)  məlumat verilib.

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) imtahanın nəticələri açıqlanıb. 280 nəfər imtahan verən abituriyentdən 120 nəfəri dövlət sifarişli, 40 nəfəri isə ödənişliyə daxil  olaraq UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib.

 

İmtahanda uğur əldə etmiş tələbələrin kimliyi ilə //ufaz.edu.az/?page_id=864 linki vasitəsilə keçid edərək tanış olmaq mümkündür. İmtahan nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilər.

İmtahandan uğur əldə etmiş gənclər iyulun 31-i və avqustun 1-də ADNSU-ya gələrək sənədlərini təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək. UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq.

 

Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-ın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Xatırladaq ki, 2016/2017-ci  tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

 

Ağa AKİFOĞLU

 

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub