Modern.az

2 prokurorluq işçisinə cinayət işi açılıb, onlardan 1-i həbs edilib - ADLAR

2 prokurorluq işçisinə cinayət işi açılıb, onlardan 1-i həbs edilib - ADLAR

30 İyul 2016, 16:39

İyulun 30-da Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

 

Modern.az-ın məlumatına görə, müşavirədə baş prokuror Zakir Qaralov bildirib ki, 2016-cı ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib.

 

Bildirilib ki, hesabat dövründə Azərbaycan Prokurorluğu  tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

 

Prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

 

2016-cı ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 min 251 cinayət qeydə alınıb, bu cinayətlərin 85,6%-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,4%-i ağır və xüsusilə ağır növlər təşkil edib.

 

Həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, zorlama, xuliqanlıq, avtonəqliyyatın qaçırılması, yol-nəqliyyat hadisələri, qəzalarda həlak olanların və xəsarət alanların sayı əhəmiyyətli dərəcədə azalıb. Adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin açılması tam təmin edilmiş, keçmiş illərdən bağlı qalmış 205 cinayət açılıb.

 

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmış, müxtəlif cinayətlər törətmiş 7003, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1121 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmiş, istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub.

 

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,9%  yaxşılaşaraq 85,6% təşkil edib.

 

2016-cı ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Qeyd edilən tədbirlərin, habelə prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət  Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işin nəticəsində qeydə alınmış 87 qəsdən adam öldürmə cinayətlərindən 85 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 42 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 97,7 % (2015-ci ilin müvafiq dövründə 98,9 %) təşkil edib.

 

Xüsusi qeyd edilib ki, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə və yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdə Xaçmaz və Bərdə rayonlarında törədilməklə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərindən 1-nin açılması təmin edilib.

 

Bərdə rayonunda törədilməklə bağlı qalmış cinayətin açılması, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində  zəruri istintaq və əməliyyat-axtarış işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Cari il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölmüş, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəymiş və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.

 

Ermənistan tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması,  eləcə də mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi və digər faktlara görə Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq qısa müddətdə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupları yaradılıb.

 

Cinayət işləri üzrə dağıdılmış evlərə və sosial obyektlərə müvafiq komissiyaların üzvlərinin iştirakı ilə müasir texniki vasitələrdən istifadə etməklə hərtərəfli baxış keçirilmiş, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətləri təsdiq edən maddi sübutlar aşkar edilərək götürülüb.

 

Dəymiş ziyanının məbləğinin, mülki şəxslərin ölümünün səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə rəylər alınıb. Çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindirilib, erməni vəhşiliklərini sübut edən zəruri sənədlər əldə olunaraq cinayət işlərinin materiallarına əlavə edilib. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.

Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir.

 

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 143 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

 

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 95 şəxs barəsində 39 iş  üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılıaraq məhkəmələrə göndərilməsi xüsusi vurğulanıb.

 

Hesabat dövründə də kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 100 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 58 faizini təşkil edən 656 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib. 

 

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi,beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların təkmilləşdirilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

 

2016-cı ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 6 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər tutduğu vəzifədən azad olunub.

 

Belə ki, xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol vermiş Səbail rayon prokurorluğunun müstəntiqi Vüsal Kazımov, İmişli rayon prokurorunun böyük köməkçisi Çingiz Quliyev, Xaçmaz rayon prokurorunun köməkçisi Tural Allahverdi və Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov prokurorluq orqanlarından xaric edilib.

 

Bundan başqa, xidməti və əmək intizamına riayət etmədiyinə, Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin ciddi pozuntusu hallarına yol verdiyinə görə Masallı rayon prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədli prokurorluq orqanlarından xaric edilməklə barəsində aparılmış yoxlama materialı üzrə cinayət işi başlanıb.

 

Həmçinin, xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanmış və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

 

Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?