Modern.az

Televiziyamızın canlı əfsanəsi...

Televiziyamızın canlı əfsanəsi...

4 Avqust 2016, 13:52

Firuzə Nadir

 

Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli teleaparıcı və diktor, professor Rafiq Hüseynlinin 70 yaşı tamam olur.

 

Rafiq Hüseynli... Onu ilk dəfə ilk “mavi ekran”ımızda – Azərbaycan televiziyasında görmüşük: yaraşıqlı və ciddi görkəmi, mehriban çöhrəsi, xoş təbəssümü, aydın diksiyası, səlis danışığı ilə gözümüzdə, könlümüzdə yer alıb, evlərimizin əziz qonağına dönüb, televiziyamızın simvollarından birinə çevrilib. Hər dəfə ekranda görünəndə diqqət kəsilmişik, səsinin ahənginə, təmiz nitqinə, səmimi ünsiyyətinə heyran olmuşuq...

O, 20-ci yüzilliyin möcüzələrindən olan televiziyanın və onunla birgə yaranan televiziya diktorluğu peşəsinin birincilərindəndir, bu sahədə böyük təcrübəyə malik peşəkardır, bu sənətin say-seçmələrindəndir, Ana dilimizin – Azərbaycan dilinin gözəlliyini qoruyanlardandır. Televiziya tarixi bir vacib amili də diqtə edir: telekanallar daha çox yaxşı aparıcıları ilə udur. Rafiq Hüseynli isə efirə tamaşaçı cəlb edən gözəl diktor, mahir teleaparıcı, intellekt sahibi, əsl “istedad nümunəsi” olub...

Ömrü Azərbaycanımızın iki unikal məkanı ilə bağlıdır. Şuşada doğulub, Bakıda böyüyüb, uşaqlıq çağlarından yay aylarını ata yurdu Şuşada, qalan 3 fəsli İçərişəhərdə keçirib. Orta təhsili rus dilində alıb. Şərqşünas olmaq istəyib, məktəbi bitirən il rus bölməsinə qəbul olmadığından bu arzusuna çata bilmir. Birbaşa işə başlayır, özü də o vaxtlar çox əlçatmaz olan bir yerdə – Dövlət Radio və Televiziya Verilişləri Komitəsində. 1964-cü ildə bura gəlir, boy-buxununu, yaraşığını görüb, onu fəhlə yox, ikinci dərəcəli işıqçı kimi işə götürürlər. Qismətə bax, iki il sonra “diktorluq müsabiqəsi” keçirilir, o da bəxtini sınayır. Və “işıqçı”lığın daşını atır, elə şərqşünas olmaqdan da vaz keçir, sonralar İncəsənət İnstitutunda qiyabi təhsil alır. 1966-cı ilin yanvarında “təcrübəçi diktor” kimi fəaliyyətə başlayır...

70 illik ömrün çox qısa avtobioqrafiyasıdır bu...

İki dəfə qısamüddətli ayrılığı nəzərə almasaq, 52 ildir bu böyük söz tribunasında, televiziyadadır – “balaca” rəqəm deyil! Üstəlik, uzun illər hər kəsin gözü qarşısında olub, heç kimin gözünü yormamaq, heç kəsi bezdirməmək, əksinə, özünü və sənətini sevdirmək, saydırmaq, hər kəsi özü üçün, “Rafiq Hüseynov” üçün darıxdırmaq çox, çox çətindir. Və hamıya da qismət olan nəsnə deyil...

Bəli, o, televiziyaya televiziyanın yeni yarandığı və formalaşdığı dövrdə gəldi. Televiziya doğma evinə çevrildi, sevincinə, kədərinə şərik oldu, taleyinə misilsiz günlər yazdı. Hər dəfə “Salam, hörmətli tamaşaçılar!” deyəndə ekrandan öz xoş, “nadir, sirli energetika”sını milyonlara ötürdü. Unikal reportajlar, dünyaca məşhur müsahiblər, unudulmaz verilişlər, sanballı müəllif proqramları, parlaq “Mavi işıq”lar, sehirli “Dalğa”lar, “Televiziyanın qonaq otağı”nda keçən səmimi anlar... – bunlar Rafiq Hüseynli ömrünün tarixə çevrilən yaşantılarıdır...

“Rafiq Hüseynli televiziyanın özü idi” – çoxlarının etirafıdır bu. Və bu etiraf zaman-zaman dillər əzbərinə döndü, hətta o televiziyadan uzaq düşəndə də.  Çünki o, diktor kimi, sadəcə ona verilən mətnləri oxumurdu, ciddi görkəmi ilə oxuduqlarına inandırırdı, səsinin cazibəsinə salırdı hər kəsi. Bəli, o SƏS... İndi özü ekranda görünməsə də, nə yaxşı, o qüdrətli və “musiqili” səs bu gün də o illərin lentlərinin yaddaşında qulağımıza çatır, o səsə olan aclığımızı, xiffət hissimizi azaldır. Təsadüfi deyil ki, Rafiq Hüseynli Dövlət Mükafatını, məhz “Ölü zona” filmində diktor mətninin oxunuşuna görə almışdı. Məşhur yazıçı Çingiz Abdullayevin fikri yada düşür: “Rafiq Hüseynli, ilk növbədə böyük peşəkardır. O elə adamlardandır ki, hətta onun danışdığı dili bilməsən belə həmin dilə vurulursan, ona inanmaya bilmirsən...”

 

Rafiq müəllim, həm də televiziyaya həyati səmimilik, gerçək səmimiyyət gətirdi, “onu kütləvi etməyi bacardı.” O,“kütləvi informasiya vasitəsini əsl sənət səviyyəsinə yüksəldə bilən nadir istisnalardandır” (Rafiq Həşimov).

 

Həyat ona ömrünün ən böyük ayrılıqlarını da yaşadıb. Yubiley günündə “ağrı”lardan danışmaq istəməzdim, amma xatırlamamaq da mümkün deyil. 1984-də, bir ilin içində iki əzizini itirib. Çox sevdiyi, son dərəcə bağlı olduğu anasını və 17 yaşlı oğlu Rövşəni. “Mən ancaq Allaha, İlahi qüvvəyə inanıram”, “Bu, mənim taleyimdir” deyə bu dərdi Tanrının sınağı kimi qəbul edib, ağrılarını içində çəkib, ən ağır məqamlarda da gülümsəməyi bacarıb. Və düz 17 il sonra Allah yenidən sevindirib onu, gül qönçəsi kimi bir qız övladı verib – Leylini. “Leyli dünyaya gələndən sonra qocalmaqdan da qorxmuram. Hətta istəyirəm ki, müəyyən müddəti qurban verim, tez qocalım ki, onun böyüyüb gənc bir qız olmağını görüm...” Şuşa ağrısı isə unudulan deyil, atasının Şuşada qalan qəbrini də ziyarət edə bilmir:

 

“Şuşada özümü dünyanın ən sivil ölkəsindəki kimi hiss edirdim. Şuşa bizə hava, nəfəs verirdi, İndi, təəssüf ki, nəfəsimiz kəsilib. Nəfəs almağa havamız çatmır...” Şükür Allaha, artıq Leyli gənc, gözəl bir qızdır, toyunu görsün Rafiq müəllim, Şuşadan isə kaş tezliklə “Qələbə” xəbərini məhz Rafiq müəllimin o qüdrətli səsi çatdırsın bütün dünyaya...

 

Bəs bu gün Rafiq Hüseynlinin uğurlarını sadalamağa ehtiyac varmı? Deməklə bitməz... Yalnız ikisini yada salım: hələ sovet dövründə Heydər Əliyev kimi dahinin “Ən çox bəyəndiyim diktor budur” kəlməsi və bir də, televiziyadan uzaq düşdüyü illərdə “Rafiq Hüseynli haradadır, Rafiq Hüseynli niyə görünmür?” deyən çoxmilyonlu tamaşaçıların nigarançılığı...

 

Peşəkar televiziyaçı, Əməkdar İncəsənət xadimi Elşad Quliyevin fikrini də yada salmaya bilmirəm: “Rafiq Hüseynli çox bütöv və ağayana şəxsiyyət, ziyalı və ictimai xadimdir, amma Rafiq Hüseynlinin adı ilk əvvəl Azərbaycan mədəniyyəti tarixinə peşəkar aparıcı və diktor olaraq Xalq artisti kimi yazılıb. Bu, çox böyük hadisədir...” 

 

“Diktor” adlı bir kitab var – Rafiq Hüseynli haqqındadır. O kitabı oxuyarkən Rafiq müəllimi yenidən kəşf edirsən... Onun mətbuatı bu qədər sevməsinə, KİV-ə bu qədər açıq olmasına da sevinirsən. Səlim Babullaoğlunun gəldiyi nəticə isə ürəyindən xəbər verir: “...kitabın ən dəyərli hissəsi Rafiq Hüseynlinin müsahibələridir. Burada onun maraqlı həyat təcrübəsi, yenicə fəaliyyətə başlayan telejurnalistlərə hədsiz gərək ola bilən fikirlər var.”

 

Və şükürlər olsun Allaha, televiziyamızın canlı klassiki Rafiq Hüseynli bu gün də iş başındadır. Bir vaxtlar “sədr müavini” vəzifəsinə qədər yüksəldiyi AzTV-dən getməyə məcbur olsa da, qədirbilən əllər onu yenidən doğma ocağına qaytardı. Hətta bu qayıdışın səs-sorağı o qədər alqışlandı ki, qəzetlər də xəbəri manşetə çıxardı...

 

İndi Rafiq müəllim Azərbaycan Televiziyasının teleaparıcılar üzrə bədii rəhbəridir, öz məktəbinin davamçılarını hazırlayır. Tələbələri isə ondan yalnız diktorluq, aparıcılıq, natiqlik sənətinin sirlərini öyrənmirlər, həm də ağayanalıq, alicənablıq, ziyalılıq, vətənpərvərlik dərsi alırlar. AzTV-nin videotekasında qorunan verilişləri, həmin verilişlərdəki səmimiyyəti, tərəf müqabilləri ilə ünsiyyəti də televiziyaya gələn yeni nəsil üçün əsl nümunədir...

 

 

“Veriliş mahnı kimi olmalıdır” deyir Rafiq müəllim, özü isə təkcə “mahnı kimi” verilişlərin müəllifi kimi qalmadı, həm də gözəl nəğmələr oxudu. “Gecikmiş görüş”, “Bir məhəbbət qalacaq”, “Bizi kim ayırar?”... Öz həyatı ilə bağlı olan bu nəğmələr o SƏSin vokal imkanlarını da üzə çıxardı. İfa etdiyi bütün mahnıları “Sevərəm təzədən səni” adlı diskə topladı, üstünə isə belə yazdı: “Bu nəğmələri ona görə oxudum ki, ekrandan tanıyıb sevdiyiniz Rafiq Hüseynlinin ürəyinin səsini eşidəsiniz. İnanıram ki, bu nəğmələri dinləyəndən sonra məni göründüyüm kimi yox, olduğum kimi tanıyacaqsınız...”

İndi onun ürəyinin səsi hər yerdə eşidilir, onu hər yerdə sevə-sevə eşidirlər və onu hər kəs tanıyır – olduğu kimi...

Əfsanəvi diktorumuz 70 yaşını qeyd edir. Bu 70 il, təbii ki, ömrünün ən gözəl çağlarını alıb əlindən. Zahiri görkəmini dəyişib, üz-gözünə “əl gəzdirib”. Amma təbəssümü, tamaşaçılarına sevgisi əvvəlki kimidir...

 

“Aparıcı tamaşaçının gözü qarşısında qocalmalıdır” – Rafiq müəllimin fikridir. Sizi sevən çoxmilyonlu auditoriyanın qarşısında qocalmaqda davam edin, Rafiq müəllim. Qocalın, amma sağlam olun, sağlam yaşayın, çox yaşayın!.. Qazandığınız məhəbbət isə heç zaman azalmasın – elə indiki kimi...

 

Əlamətdar yubileyiniz mübarək!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi