Modern.az

Təhsil mükafatları niyə LƏĞV EDİLDİ?

Təhsil mükafatları niyə LƏĞV EDİLDİ?

4 Avqust 2016, 16:00

Avqustun 3-də prezident İlham Əliyev “Ən yaxşı ümumtəhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamın ləğv edilməsi və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim mükafatları” üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Bəs görəsən “Ən yaxşı ümumtəhsil müəssisəsi və ən yaxşı müəllim” mükafatlarının ləğv edilməsini təhsil ekspertləri necə qəbul edir?

 

Modern.az məsələ ilə bağlı bir sıra təhsil ekspertlərinin fikirlərini öyrənib

 

Təhsil eksperti Məlahət Mürşüdlü:

“Düşünürəm ki, burda məzmun yox, forma dəyişir. Bir halda ki, həmin vəsaitlər təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə, inkişafla bağlı yeni proqramlara sərf olunacaq, bu, həqiqətən çox yaxşı oldu. Buna həmin mükafatlandırılmanın bir növ davamı kimi baxıram.

Məktəblərimiz yenə də həmin proqramlarda iştirak edərək vəsaitləri alıb, təhsilin inkişafına sərf edə bilərlər. Eyni zamanda müəllimlər, fərdi olaraq layihələrə qatılaraq həmin vəsaitdən yararlana biləcəklər. Bir sözlə, bundan peşəkarlıq səviyyələrinin artırılmasına sərf edə bilərlər. 10 ilə yaxındır ki, davam edən ənənənin yenilənmiş forması müəllim və məktəbin xeyri  üçündür”.

 

Ekspert Nabatəli Qulamoğlu:

“Əlbəttə ki, bu addım təqdirə layiqdir. Bilirsiniz “Ən yaxşı təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsinin iştirakçılarını seçmək üçün onların təqdimatına ehtiyac var idi.

Təqdimat da elədir ki, o həmişə obyektiv olmur, bəzən subyektiv də olur. Cəmiyyət arasında ən yaxşı məktəb, ən yaxşı müəllim anlayışlarına son vaxtlar inam çoxdur.

Amma bütün hallarda vəsait innovasiyaların tətbiqinə yönəldiləcəksə, bu daha yaxşıdır. Çünki ölkəmizdə innovasiyaların tətbiqinə, miqyasının böyüdülməsinə çox böyük ehtiyac var. Bu yerində verilmiş sərəncamdır. Sadəcə uğur arzulaya bilərik”.

 

Təhsil eksperti Etibar Əliyev:

“Prezidentin bu sərəncamı təhsillə bağlı imzalanmış digər sərəncamlar kimi mühüm əhəmiyyət kəsib edir. Bu sərəncam təhsildə inkişafa və innovasiyaların tətbiqinə şərait yaradacaq. “ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam yalnız orta təhsili əhatə edirdi. Artıq ilin xeyli sayda yaxşı məktəbi və müəllimi müəyyənləşdirilib. Yaxşı məktəblər və müəllimlər öz yollarını davam etdirməlidirlər. Azərbaycan təhsil sisteminin inkişafı və innovasiyaların tətbiqi üçün qrant layihələrinə böyük ehtiyac var. Lakin maliyyə çatışmazlığı ucbatından son illər qrant müsabiqələrinin sayı azalıb və elan edilən layihələr kiçik qrantlar adı ilə gerçəkləşdirilib.

Sərəncamdan öncə Təhsil Nazirliyinin elan etdiyi qrant layihələrində layihələrin qiymətləndirilməsi və şəffaflığın təmin olunması üçün xeyli işlər görülüb. Sərəncamdan irəli gələn məsələlərin həlli həm də qrant layihələrinin səmərəli işlənməsi üçün sistemli fəaliyyət formalaşdıracaq. Sərəncam qeyri-hökumət təşkilatlarının, təhsil ekspertlərinin, təhsil müəssisələrinin qrant layihələrində iştirakına yeni üfüqlər açır.

 

2 dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Rövşən Əliyev:

“Bu sərəncamla innovasiyalar üzrə qrant layihələrin hazırlanması dünya təcrübəsində də mövcuddur. Çünki beynəlxalq təcrübədə təsilin inkişafı  qrant layihələri çərçivəsində olur. Əlbəttə ki, bu qrant layihələri ən müasir təhsil texnologiyalarının, İKT avadanlıqlarının təkmilləşdirilməsinə digər müasir layihələrin, Avropa təhsil sistemində aparılan ən yaxşı layihə yönümlü islahatların tətbiqinə təkan verəcək. Mən bu müsabiqənin qalibi kimi hesab edirəm ki, regionallarda müəllimlərin bu layihələrə qoşulmasını təmin edəcək. Sonda yenə təhsil alanlar və təhsil verənlər, məktəblər qazanacaq.

 

UNEC-in müəllimi Səbuhi Tanrıverdiyev:

Bu sərəncam imkan verir k, bu prosesə tək ümumi təhsil məktəbləri, müəllimlər deyil, eyni zamanda ali təhsil müəssisələrini də cəlb olunsun. Bununla da universitetlər də öz ideyalarını, yanaşmalarını ortaya qoya biləcəklər. Əvvəlki illərdə yüzlərlə orta ümumitəhsil məktəbi fərqləndirildi, mükafatllar təqdim edildi.

 Amma bundan sonra ayrı-ayrı fərdlərin deyil, həmin şəxslərin təhsilə verəcəyi töhfələr qiymətləndirilməyə başlayacaq.  Hazırkı dövrdə aparıcı mütəxəssisələrin, onların müəllimlərinin ideyalarına ehtiyac var. Bizim universitetdə də gedən proseslərin məhz innovasiyaların, kreativ yanaşmaların təhsilə gətirilməsinə xidmət edir. Şəxsən mən də qtrant layihələrdə öz ideyamla çıxış edəcəyəm”.

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub