Modern.az

Nazirlik dərsliklərdəki nöqsan və yenilikləri ŞƏRH ETDİ

Nazirlik dərsliklərdəki nöqsan və yenilikləri ŞƏRH ETDİ

6 Avqust 2016, 10:18

Təxminən 1 ay yarımdan sonra məktəblərdə yeni tədris ili başlayacaq. Hər yeni tədris ili ərəfəsində orta ümumtəhsil məktəbləri üçün dərsliklərə müəyyən əlavə və dəyişiklər  edilir. Bəs bu il dərsliklərlə bağlı hansı yeniliklər olacaq? Təhsil Nazirliyi yeni tədris ilinə dərsliklərlə bağlı nələr planlaşdırır?

Təhsil Nazirliyinin müvafiq şöbəsi məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

 

- Orta məktəb dərsliklərindəki səhvlərin aradan qaldırılması istiqamətində hansı işlər aparılır?


- Qarşıdan gələn tədris ili ərəfəsində əvvəlki illərdə nəşr edilən dərsliklərin təkrar çapı zamanı onların təkmilləşdirilməsi məqsədilə ekspert qrupları və müəlliflər tərəfindən yenidən müvafiq təhlillər aparılıb.

Bu zaman dərsliklərlə bağlı indiyə qədər mediada səslənən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından daxil olan, eləcə də Təhsil Nazirliyinin dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində  irəli sürülən bütün rəy və təkliflər təhlil edilib və müəlliflər tərəfindən məqbul hesab edilən düzəlişlər aparılıb.


- Dərsliklərdə son dövrlər daha çox hansı tipli səhvlər aşkar olunur?


- Dərsliklərlə bağlı daxil olan səhvləri şərti olaraq bir neçə qrupa bölmək olar.

1) Subyektiv mülahizələrə əsaslanan fikirlər - bu mülahizələri araşdırdıqda onların elmi-metodiki və nəzəri baxımdan əsassız olduğu aşkarlanır.

2) Dərslikdə olmayan faktlar - onlar araşdırılarkən adı çəkilən dərslikdə olmadığı, başqa bir vəsaitdə yazıldığı bəlli olur. Müxtəlif müəlliflər tərəfindən yazılan tədris vəsaitlərində gedən nöqsanları “dərsliklərdəki səhv” kimi qələmə vermək düzgün deyil.

3) Mübahisəli məqamlar - bu istinad edilən elmi mənbələrin müxtəlifliyi və bununla əlaqədar mütəxəssislərin fikir ayrılığı ilə bağlıdır. Bəzən istifadə edilən mənbələrin yeniliyi və köhnəliyinin də müəyyən rol oynadığının şahidi oluruq.

4) Real səhvlər – bunlara orfoqrafik, texniki və elmi-metodiki səhvlər aiddir. Dərsliklərdə belə səhvlərə nadir hallarda rast gəlinir.

Əgər belə səhvlər aşkarlanarsa, təkrar nəşrdə aradan qaldırılır.

Ümumiyyətlə, səhv kimi qələmə verilən faktlar çox vaxt öz təsdiqini tapmasa da, təəssüf ki, bəzən onlar sosial şəbəkələrdə müzakirə predmeti olur və cəmiyyətdə yanlış fikir formalaşdırır.


- Qarşıdakı tədris ilində orta məktəb dərsliklərində hansı yeniliklər olacaq
?

 

- İstifadəçi ilə əlaqənin daha da gücləndirilməsi üçün bu ildən hər bir dərslikdə onun yaradıcısı olan nəşriyyatın və Təhsil Nazirliyinin elektron poçt ünvanları qeyd edilib.

Belə ki, ixtiyari istifadəçi dərsliklə bağlı istənilən sualını elektron poçt ünvanına göndərərək, nəşriyyatdan və müəllifdən müvafiq cavabını ala bilər.

- Dərsliklərdəki səhvlərlə bağlı Təhsil Nazirliyi hansısa komissiya yaradıbmı?



- Dərsliklər il boyu Dərslikləri Qiymətləndirmə Şurasının müvafiq ekspert qrupları tərəfindən təhlil edilir. Dərslikdə hər hansı səhvin olması ilə bağlı siqnal daxil olan kimi, dərhal ekspert qruplarına təqdim olunur və müvafiq təhlillər aparılır.

 Təbii ki, bu zaman dərsliyin yaradıcısı olan müəllifinin də hüquqlarına hörmətlə yanaşılır.

 

- Yeni tədris ilindən yeni dərsliklərlə bağlı hansı təkliflər var?

 

- Dərsliklərlə bağlı yeniliklərdən biri ilk dəfə olaraq pilot dərsliklərin yaradılmasıdır. Belə ki, ilk dəfə olaraq ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün məhdud sayda rus dilində olan  “Литература” və “İngilis dili” dərslikləri hazırlanıb. Onlar qarşıdan gələn tədris ilində bir neçə seçilmiş məktəbdə istifadəyə veriləcək.

Həmin dərsliklərin müəlliflərinin müvafiq ekspertlərlə birgə tədris ili boyunca məktəblərdə görüşlər keçirməsi, müzakirələr təşkil etməsi, əldə edilən nəticələrin təhlil edilməsi planlaşdırılır.

İkinci yenilik ölkəmizdə yeni kurrikulum əsasında hazırlanmış orijinal dərsliklərin ilk dəfə olaraq tədris gürcü dilində olan məktəblərin I-IV sinifləri üçün tərcümə edilməsidir.  Dərsliklərin gürcü dilinə tərcümə keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq qurulub.

Gürcüstan tərəfindən ayrılmış ekspertlər dərsliklərin gürcü dilinə tərcümə keyfiyyətini bir daha yoxlayır və müvafiq rəylərini verirlər. Həmin rəylər nəzərə alınması üçün müvafiq nəşriyyat-poliqrafiya müəssisələrinə yönləndirilir. Bu proses hazırda da davam edir. Yeni tədris ilindən həmin dərsliklər istifadəyə veriləcək.

 

- Orta məktəb dərsliklərində materiallarla bağlı şəkillərin seçimində də nöqsanlar aşkarlanıb...

 

- Dərsliyin bədii tərtibatı və dizaynı nəşriyyatın səlahiyyətindədir. Ekspertiza zamanı dərslik layihəsinin bədii tərtibatı da müvafiq balla qiymətləndirilir. Əgər bədii tərtibatda nöqsanlar varsa, bu yekun  rəydə əks olunur və nəşriyyatlar tərəfindən nəzərə alınır.

TQDK və digər mənbələrdən daxil olmuş rəylərdə bədii tərtibatla bağlı qeydlər olduqda mütləq təkrar nəşrdə aradn qaldırılır. Hələlik dərsliklərdə bədii tərtibatla bağlı elə bir ciddi nöqsan aşkarlanmayıb.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər