Modern.az

Azərbaycan türklərinin son İMPERİYASI: Qacarlar Dövləti - I Yazı

Azərbaycan türklərinin son İMPERİYASI: Qacarlar Dövləti - I Yazı

6 Avqust 2016, 17:08

Dos., Dr. Faiq Qəzənfəroğlu

 


XIX əsrin əvvəllərində Oğuz boylarından (Bayatlar, Qacarlar, Əfşarlar, Eymirlər, Qınıqlar, Baharlılar, Bayandurlar və b.) olan Azərbaycan Türkləri böyük bir sınaqla üz-üzə qalmışdı. Azərbaycan türklərinin böyük bir qismi 18-ci əsrin sonlarında (1780-1800) yeni dövlət qurmaq istəyən Oğuz-Türkmən Qacarların ətrafında birləşdiyi halda, ancaq bu birləşməyə çox da meyil göstərməyən Azərbaycanın şimal hissəsində hökm sürən xanlıqlardan Qarabağ, Bakı, Gəncə, Şəki, İrəvan, Quba və başqaları Oğuz-Türkmən Əfşarlar dövlətinin süqutundan sonra 18-ci əsrin ikinci yarısında əldə etdikləri müstəqilliklərini qorumağa çalışırdılar. Yalnız çar Rusiyasından gözlənilən işğalçılıq təhlükəsi artdıqca Gəncə, Quba, Bakı, Şəki, Dərbənd xanlıqları Qacarlara birləşməyə daha çox meyil göstərirdilər ki, bu da kifayət qədər yetərli olmurdu. Buna əsas səbəb də həmin xanlıqların da digər xanlıqlar kimi, vaxtilə Ağa Məhəmməd şah Qacarın Rusiyaya qarşı birləşmək istəyinə müsbət cavab verməmələri idi. Bu anlamda artıq çar Rusiyasının onların xanlıqlarını işğal deyil də, Osmanlı və Qacarlardan müdafiə edə biləcəyi inamı itməsinə baxmayaraq, yenidən toparlanaraq Qacarlarla birgə hərəkət etmək planları da ümidverici görünmürdü.

Şimali Azərbaycan Türk Xanlıqlarının çıxılmaz vəziyyətdə olduqlarını çar ideoloqları da yaxşı bilirdilər, çünki onlar üçün belə bir halı özləri hazırlamışdılar. Bu baxımdan heç kəsə sirr deyildi ki, həmin Xanlıqların əksəriyyəti vaxtilə Qacarlara xəyanət edərək onlarla birləşməkdən yan qaçmalarına baxmayaraq, çar Rusiyasının işğalçılıq planı həyata keçməyə başlayınca Qacarlarla ya da Osmanlılarla ortaq milli-dini, mədəni-tarixi eynilik yada düşəcəkdir. Bu isə, nə olursa-olsun Cənubi Qafqazı işğal etməyi planlaşdıran çar Rusiyasına sərf etmirdi. Ona görə də, hələ, 18-ci əsrin başlarından Şimali Qafqazdan sonra Cənubi Qafqazı da ələ keçirmək niyyətinə düşmüş, hətta Səfəvilərin tənəzzülü dövründə qısa bir müddət də olsa bunu bacarmış olan Rusiya, ancaq  çox keçmədən Əfşarlardan aldıqları məğlubiyyətin səbəblərini, o zamandan fəqrli olaraq bu dəfə daha yaxşı analiz etmişdilər. Bu analizin nəticəsi olaraq çar Rusiyası Şimali Azərbaycan Türk Xanlıqlarını “öz xahişləriylə” Osmanlı və Qacarlardan gözlənilən təhlükəyə qarşı “himayəçi”liyini sürdürməklə yanaşı, addım-addım torpaqlarımızın ən azı bir hissəsinin işğalını gerçəkləşdirməyə başladı.

Burada bizi düşündürən iki əsas məsələ var ki, həmin məsələləri dərindən analiz etmədən Şimali Azərbaycan Türk Xanlıqlarının çar Rusiyası tərəfindən işğalı, həmin işğalın iki əsrə yaxın sürməsinin əsl mahiyyəti anlaşılmaz olaraq qalacaqdır. Bunlardan birincisi, Əfşarlardan fərqli olaraq Qacarların Rusiya ilə müharibələrdə əsasən, yenik düşərək Şimali Azərbaycan Türk Xanlıqlarını özünə birləşdirə bilməməsi səbəbləri, ikincisi çar Rusiyasının Cənubi Qafqazın işğalıyla bağlı planında baş verən bəzi mühüm taktiki dəyişiliklərdir. Deməli, yeni dövr milli tariximizin, o cümlədən fəlsəfi və sosial-siyasi fikir tariximizin əsas metodoloji açarları Qacarlar və çar Rusiyasıyla bağlıdır. Sovetlər Birliyi dönəmində “Azərbaycan tarixi” adlı kitablarda müsbət, yenilikçi işğalçı çar Rusiyası önə çəkilərək, bunun tam əksi olaraq Qacarlara münasibətdə “düşmən”, gerilikçi işğalçı “İran” obrazı yaradılmışdır. Ona görə də, bu iki məsələyə qısaca nəzər yetirməyi yalnız 19-cu əsr fəlsəfi və sosial-siyasi fikir tariximiz üçün deyil, bütövlükdə yeni və ən yeni tariximizə işıq tutmaq baxımından da son dərəcə vacib hesab edirik.

Bu anlamda bizi düşündürən əsas məsələ də odur ki, Qacarların sələflərindən fərqli olaraq əsrlər boyu Türk sülalələrinin hakimiyyəti altında olan Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana sahib çıxa bilməməsinə nə səbəb oldu?! Üstəlik, Qacarların tam tərsi olaraq da, çar Rusiyası soykök və din birliyi bağı olmadığı halda, necə oldu ki, əvvəlcə bəzi xanlıqları, din xadimlərini, tanınmış ziyalıları ələ alıb daha sonra da Azərbaycanın şimalına dair işğalçılıq planını hərbi güclə gerçəkləşdirə bildi.

Bizə elə gəlir ki, bunun başlıca səbəblərdən biri Əfşarların 1730-1740-ci illərdə çar Rusiyasına qarşı apardığı mücadilənin şərtləriylə, Qacarların 1790-1828-ci illərdə çar Rusiyasına qarşı apardığı apardığı mücadilənin şərtlərinin fərqli olmasıyla bağlıdır. Məsələn, 18-ci əsrin ikinci yarısında çar Rusiyasının işğalçılıq yürüşlərini  Səfəvilər adına durdurmağı başaran Nadir şah Əfşarın əlində bir sıra üstünlüklər vardı. Belə ki,  Nadir şah  yenicə baş qaldıran yerli separatistlərə, eyni zamanda sürətlə tənəzzülə uğrayan Səfəvilərin bu vəziyyətindən tələm-tələsik istifadə edərək Çənubi Qafqazı işğal etmək istəyən bir Rusiyaya qarşı mübariz aparırdı. Bu anlamda Nadir şah Əfşar üçün çar Rusiyasını Cənubi Qafqazdan, o cümlədən Şimali Azərbaycandan uzaq tutmaq,  eyni zamanda yenicə baş qaldıran separatçılıq toxumlarını cücərmədən aradan qaldırmaq çox da çətin olmadı.

Bütün bunlarla yanaşı, Nadir şah Əfşarın uzaqgörən siyasətiylə həm Rusiyaya, həm də separatizmə qarşı dura bilmək üçün Səfəvilər dövründəki dörd bəylərbəyliyini ləğv edərək Əfşarlar dövlətinin tərkibində vahid Azərbaycan əyalətini gerçəkləşdirməsini, eyni zamanda bu bölgədə separatizmə, özəlliklə Rusiyaya meyil edən qüvvələri xeyli dərəcədə zərərsizləşdiməsini tariximiz adına üçün çox mühüm işlər hesab edirik. Ən əsası odur ki, Nadir şah Əfşar separatizmə qarşı vahidliyi, bütövlüyü irəli sürərək Rusiyanın Cənubi Qafqazda kök salmasının, separatizm ocaqlarının yaratmasının qarşısını almış, eyni zamanda Rusiyaya meyl edən bütün xainləri vaxtında cəzalandıraraq onların əl-qol açmasına ciddi ölçüdə imkan verməmişdir. Çar Rusiyası da Nadir şah Əfşar tərəfindən dərəbəyliyə, separatizmə son qoyulmuş, vahid bir mərkəzdə birləşdirilərək Əfşarlar dövlətinin əsas sütunu halına gəlmiş Azərbaycanda “parçala və hökm sür” işğalçılıq  siyasətini artıq yürüdə bilməyəcəyini anlayaraq geri çəkilməyə məcbur olmuşdur.

Çox yazıqlar olsun ki, 1747-ci ildə Nadir şah Əfşarın faciəli ölümüylə yalnız Əfşarların sonu gəlmədi, eyni zamanda mərkəzi dövlətin dağılmasıyla yeni şərtlər ortaya çıxdı. Yeni şərtlər isə ondan ibarət idi ki, böyük bir imperiya çökərək onun xarabalıqları üzərində kiçik xanlıqlar ortaya çıxdığı halda, çar Rusiyası hərbi gücünü daha da artıraraq işğalçılıq planlarını yeni formada gerçəkləşdirməyə başladı. Hər halda Nadir şah Əfşarın ölümündən sonra Əfşarlar dövlətinin mərkəzi hakimiyyəti qoruya bilməməsini, bunun nəticəsində böyük bir dövlətin xarabalıqları üzərində əksəriyyəti Türk mənşəli olmaqla kiçik Xanlıqların yaranmasını Azərbaycan türklərinin ciddi ölçüdə  qələbələrinin sonu məğlubiyyətlərinin başlanğıcı, çar Rusiyasının isə məğlubiyyət­lərinin sonu qələblərinin başlanğıcı hesab etmək olar. Artıq 18-ci əsrin ikinci yarısında ortaya çıxan yeni şərtlər daxilində həm içdəki problemləri həll edib güclü bir dövlət yaratmaq, həm də xarici təhdidlərin başında gələn çar Rusiyasının işğalçılıq planlarını durdurmaq əvvəlki qədər asan deyildi.

Bu anlamda Ağa Məhəmməd Qacar yeni dövlətin yaranması yolunda böyük uğurlara imza atsa da, ancaq yeni şərtlərin ortaya qoyduğu zorluqlar üzündən Azərbaycan torpaqlarının tamamını yeni dövlətin ətrafında birləşdirə bilməməsi, onun mühüm qələbələrinə də müəyyən qədər kölgə salmışdır. Üstəlik, yeni yaranan dövlətin əsas sütunu olan Azərbaycan türklərinin bir qisminin çar Rusiyasının işğalı altında qalması Qacarlar üçün, bütün mövcudiyyətləri dönəmində həm içdən, həm də xaricdən daima bir təhdid yaratmıştır ki, məhz böyük ölçüdə bu təhdidlərin nəticəsində də 1925-ci ildə, həmin qüvvələr tərəfindən devrilmişdir.

Bütün bunlara əsas səbəb odur ki, Nadir şah Əfşardan fərqli olaraq Ağa Məhəmməd Qacar artıq on illərlə müstəqil yaşamış separatist xanlıqlara, bununla yanaşı artıq “parçala və hökm sür” işğalçılıq siyasətini yürüdən çar Rusiyasına qarşı yeni şərtlər çərçivəsində mücadilə vermişdi. Hər halda çar Rusiyası Səfəvilərin sürətli tənəzzülü dövründə tələm-tələsik Qafqazı, o cümlədən Cənubi Qafqazı işğal etmək taktikasını bir kənara qoyaraq Qacarların dövründə, daha çox Əfşarların süqutundan sonra ortaya çıxmış Xanlıqların aralarında düşmənçilik toxumu səpmək, onları Osmanlı və Qacarlara qarşı qoymaq, özünü isə “himayəçi” rolunda qələmə vermək kimi siyasi manevralarla məsələni həll etməyə çalışırdı. Çar Rusiyası Cənubi Qafqazın ilk işğalından ciddi nəticə çıxartmış olmalı idi ki, növbəti mərhələdə Şimali Azərbaycanı hərbi güclə deyil, öncə mənəvi-psixoloji anlamda “parçala və hökm sür” siyasətiylə özünə tabe etdirmişdi.

Hər halda 18-ci əsrin ikinci yarısında Rusiyanın çar və çariçalarının bəzi Türk xanlıqlarına, din adamlarına, tanınmış ziyalılara hədiyyələr göndərmələri, eyni zamanda onların övladlarını, digər yaxınlarını Rusiyaya dəvət etmələri, bütün bunlarla yanaşı azsaylı etnik qruplarla işbirliyi qurmaları növbəti işğalçılıq siyasətinə zəmin hazırlamaq üçün idi. Ən əsası odur ki, çar ideoloqları Şimali Azərbaycan Türk Xanlıqlarını bacardıqları qədər Qacarlar və Osmanlıdan uzaq tutaraq, eyni zamanda vahid dövlətdə birləşə bilməmələri üçün düşmənçilik münasibətlərini gücləndirmiş guya, bu zamanda hər birinin ayrı-ayrılıqda müstəqil yaşamalarını dəstəklədiklərini ifadə etməyə çalışmışlar. Şübhəsiz, bu məsələlərlə bağlı çar ideoloqları Əfşarlardan sonra keçmiş Səfəvilər ərazisində yeni dövlət yaratmaq istəyən Qacarlarla Şimali Azərbaycan Türk xanlıqları arasındakı münasibətləri daim diqqətdə saxlamış, bütün vasitələrdən istifadə edərək Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın yeni qurulan bir Türk dövlətinin sərhədləri içində qalmasına başlıca əngəl olmuşlar.

Ona görə də, hesab edirik ki, Əfşarların çar Rusiyasına qarşı apardığı mübarizənin şərtləriylə Qacarların verdiyi mücadilə şərtləri arasında xeyli fərqliliklər var. Əlbəttə, Əfşarlarla müqayisədə Qacarların mərkəzə tabe olmaq istəməyən Xanlıqlara, xüsusilə artıq özünə çar Rusiyası kimi “rəsmi himayəçi” tapmış Xanlıqlara qarşı mübarizəsi, bu anlamda çar Rusiyasına qarşı verdiyi savaşlar daha ağırlı və zor şərtlər altında olmuşdur. Bütün bunları, yəni 18-ci əsrin birinci yarısındakı şərtlərlə, 18-ci əsrin sonu 19-cu əsrin başlarındakı şərtlər arasındakı fərqləri nəzərə almadan Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın işğalında yalnız Qacarları suçlu, çar Rusiyasını isə haqlı hesab etmək bir Türk tarixçisinə, eyni zamanda özünü obyektiv tarixçi hesab edən istənilən tarixçiyə yaraşmaz.

Ümumiyyətlə, bu kimi mühüm məsələlərin əsil mahiyyətinə nüfuz etmək üçün, öncə Qacarların Türk (Azərbaycan) tariximizdəki obyektiv yeri və rolu ortaya çıxarılmalı, eyni zamanda Sovetlər Birliyi dövründə çar Rusiyasıyla bağlı ortaya qoyulmuş “elmi” uydurmalara aydınlıq gətirilməlidir. Özəlliklə, Qacarlarla bağlı olan təxminən bir əsr yarımlıq tariximizi milli düşüncəmizlə dərk etmək əvəzinə, hələ də yadelli tarixi konsepsiyalardan çıxış edəcəyiksə, o zaman milli fəlsəfi və sosial-siyasi fikir tariximizdəki yarımçıqlıq və qüsurluluq da davam edəcəkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?