Modern.az

İki dəfə Milli Qəhrəman adına təqdimatı verilən qırmızı beretli ŞƏHİD - FOTOLAR

İki dəfə Milli Qəhrəman adına təqdimatı verilən qırmızı beretli ŞƏHİD - FOTOLAR

7 Avqust 2016, 17:09

Vətəni qibləgah edən şəhdilər - XXX


Şabran rayonunun Zeyvə kəndi Xəzərlə üz-üzə, dağların qoynunda yerləşib. Bu kəndin yaşı VI-VII əsrlərə gedib çıxır. Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankaytuklu "Ağvan tarixi" əsərində yazır ki, “Zeyvə” çeşnili xalçalardan söz açır. Sonralar isə Zeyvədə toxunan xalçaların çeşnilərinə  XV əsr Avropa rəssamlarının əsərlərində  rast gəlinir.

Alban mədəniyyəti, alban abidələri əslində bu kəndin hər qarışındadır.  Zeyvə və onun ətrafında olan kəndlər hamısı sanki dağlara sığınıblar və sığındıqları bu dağlara möhtəşəmlik gətiriblər. Bu yerlərin insanları elə bu gözəl dağlara bənzəyirlər.  Çiçəyi, gülü, barlı meyvələri,  başının üstündə uçan qartalları gözəldir. Göz gördüyünə bənzəyər. Göz gördüyündən öyrənər. Böyük Qafqaz sıra dağlarının qoynunda yerləşən  Zeyvə, Pirəbədil, Kirvar (Giləvar), Çiçi, Bilci, Düz Bilci, Bağ Bilci, Pirəmsən, Gəndab, Pirposman kəndlərinın sakinləri tarixən tat dilində danışıblar.  Zeyvə  kəndi ilə üzbəüz dağın arxasında olan Şamaxının Baba Zarat, Zaratxeybəri və  Dəmirçi kəndlərinin də sakinləri eyni ilə bu dildə danışırlar. Adətən bu kəndlərin sakinləri  qədim dövrlərdən bir-biri ilə dost olub, bir-birinin evinə qonaq gedib-gəliblər. Qonağı isə göz bəbəkləri kimi qoruyub və qiymətləndiriblər.


Modern.az saytı "aprel şəhidləri" haqqında növbəti yazını təqdim edir...


Cənnəti xatırladan dağ yoxuşları ilə gəlib Zeyvə kəndinə yetişdim. Kəndin ortasından və dağ dibindən axan çayı keçib, aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş şəhid Babək Vəfadar oğlu Abidovun evini tapdım. Elə bildim ki, öz kəndimizdəyəm, Zaratxeybəridə. Taxta darvazadan həyətə girdim. Ətraf gül-çiçək, bağ-bağat idi. Bu birmərtəbəli ev məni yaman çəkdi. Yaxınlaşanda baxdım ki, evin divarları şirəlidir. Zaman-zaman dağ kəndlərinin insanları  ayaqlarının altında axan çayın ətrafında olan daşları yığıb, çayın palçıq və qumundan özlərinə ev tikiblər. Sonra isə divarları elə çay palçığı ilə suvayıblar. Belə evləri qışda odun və mal təzəyi ilə qızdırıblar, yayda isə sərinliyindən adam üşüyür. Yan otaqlardan birinin pərdəsini qaldıranda isə gördüm ki, evin küncündəki buxarının altında yuxa bişirilir.  O vaxtın insanları bu evlərin layihəsini elə qurublar ki, sacın altında yanan odunun tüstüsü qətiyyən evə yayılmır. Otaqdan ruzi-bərəkət ətri gəlirdi.

Üzbəüz otaqdan başında qara örtük olan yaşlı bir qadın çıxdı. Bildim ki, Babəkin anası olacaq. Görüşdüm. Səsimizə Babəkin atası Vəfadar kişi də  otaqdan çıxıb ağır addımlarla gəldi. Məqsədimi deyəndə, üzündə bir sevinc işığı göründü. “Nə yaxşı bizi də yada salan oldu, oğlumun 3-dən sonra bu qapını heç kim açmayıb”. 




Şəhid üçün bəzədilmiş otağa keçdim. Bu otaq onun bəy otağı olacaqdı. İndi bir ov tüfəngi, bir də dolabda  Babəkdən qalan xatirələrdi - əşyalar, qırmızı beret, şəkillər, təsbeh, işlətdiyi qələm-dəftərlər...  Heç biri danışmır, susurlar. Bu susmaqla da həm ata Vəfadarı, həm ana Simnarəni, həm qardaşı Elçini və iki bacısını yandırır o xatirələr dolu əşyalar... Bir də ki, Babəkin çox böyük çərçivəyə salınmış şəkli. Bu şəkli isə Babəkin sevdiyi qız gətirib. Bu xatirələrin içərisində ismini pünhan saxlayıb, adına “Leyli” deyəcəyəm o vəfalı gözəlin.


Abidovlar ailəsi Babəki sonuncu dəfə Novruz bayramında görüblər.  Anası Simnarə ilə 27 mart gününün səhəri danışıb. Ana oğlunun kefsiz olduğunu hiss edib, narahatlıq keçirib. Lakin sonradan  Babək ata-ananın, qohum-əqrabanın zənglərinə cavab verməyib. Atası Vəfadar Abidov Zeyvə kəndinin məktəbində fizika-riyaziyyat müəllimidir:


- Oğlumun tabutunu  aprelin 9-da gətirib verdilər. Heç açmağa da qoymadılar. Babəklə birlikdə  sayılıb-seçilən oğullar həlak oldu, komandirləri Murad Mirzəyev idi. Murad Mirzəyev ancaq mənim oğluma həyatını etibar edirdi. Ona görə də komandir əsgərini ön sıraya öz yanında aparmışdı. Həm özü həlak oldu, həm də oğlum. Onlar hamısı Azərbaycana dayaq idilər. Bu cür oğulları itirdi Vətən. Oğlum həlak olandan sonra sənədlərini almaq üçün Yaşmadakı hərbi hissəyə getdim. O da MAXE idi. Bir də gördüm ki, sir-sifəti yanmış, bir qoluni itirmiş cavan oğlan yanaşdı mənə. Gözləri də yaxşı görmürdü. Məni qucaqlayıb dedi ki, “əmi, mən bu gün əlsiz, gözsüz, yarımçıq canımla sağam. 2014-cü ilin avqustunda ermənilərlə qızğın döyüşlərdə minaya düşdüm. Babək məni  öz avtomobilinə  qoyub apardı hospitala... İndi Babək kimi oğul yoxdur, mən isə onun sayəsində sağam”.
Bir gün də onların generalı Hikmət Mirzəyevin qəbuluna getdim. Əvvəl oğlum haqqında soruşdum ki, görüm necə əsgər olub? Hikmət Mirzəyev ondan çox razılıq elədi. Dedi ki, Babək öz ölümü ilə min nəfəri ölümdən qurtardı. Dedi ki, oğlum elə bir qəhrəmanlıq edib ki, bunlar haqqında gələcəkdə danışılacaq. Və əlavə etdi ki, oğlumun Milli Qəhrəman adına layiq görülməsi haqqında iki dəfə təqdimat da yazıb verib. Babək  Şabranın Zeyvə kəndinin 7-ci şəhididir. Demirəm ki, adı Zeyvədə əbədiləşdirilsin. Onlar Azərbaycan uğrunda döyüşüblər. Bu ölkənin hər yerində onların adını əbədiləşdirmək olar axı.




Bütün analar  üçün  balaları şirindir. O  da ki, övlad ailənin sonbeşiyi ola. O, lap şirin olur.  Simnarə xanım deyir ki, 1992-ci il mayın 3-də dünyaya gəlmişdi oğlu.

“Mən oğlumdan heç doymadım... Hərbi xidmətə yollanandan sonra, öz yolunu özü müəyyən etdi. Hərbini sevib-seçdi. Heç biri evlənməyib. Elçinin 30 yaşı var. Lakin, hazırlaşırdıq ki, Babəki evləndirək. Deyiklisi qız var idi. İndi o qızın da üzünə baxa bilmirəm. Gəlir bu həyətə , məlul-müşkül dayanır, baxıram ürəyim yanır. O qızın da yanında  üzüqara hesab edirəm özümü. Bu nə bəxt, bu nə tale idi?!  Bəlkə də bir nişanəsi qalsaydı, belə yandırmazdı bizi. Dəfələrlə qulluq etdiyi hərbi hissədən təşəkkür məktubu, medal almışdı.  Komandiri Murad Mirzəyev, Pəncəli, Mirsalam, Elnur İsgəndərov, Sahil hamısı birlikdə şəhid oldular.  Talış kəndini alıb, sonra rahat olublar, amma ardınca ermənilərin atdığı mərmilərdən həyatlarını itiriblər. Hamısı da qanaxmadan ölüb. Rus işə qarışıb atəşkəs elan edəndən sonra yaralı zabit və əsgərlərə yardım da getməyib. Ana kimi məni bu yandırır. 5 gün üzüqoylu torpaqda qalıb cansız bədənləri. Mənim oğlum erməniyə can verməzdi. Neçə il idi Xüsusi Təyinatlı Dəstədə qulluq elədi. Qırmızı beretlilərdən idi. Dəfələrlə gedib, ermənilərdən qisasımızı alıbmış. Bunu oğlum həlak olandan sonra bildik. Bizim düşmənçiliyimiz erməni ilə tarixən olub. Bu kəndimizin ayağında Qəni dərə deyilən bir yer var. Əsl adı “Qanlı dərə”dir. El içində sonradan belə deyiblər.  Balaca uşaqlar idik. Bir gün nənəmizdən soruşduq ki, “ay Gözəl nənə, o dərəyə niyə “Qanlı dərə” deyirlər?”. O zaman nənəmin danışdıqlarından dəhşətə gəldik. Nənəm dedi ki, bu söhbəti danışmayaq, bizi tutarlar. Nənəm belə danışdı ki, bunlar balaca uşaq olanda, ailəsi həyətdə oturub samovar qalayıb ki, çay içsinlər. Bir də görüblər ki, qətrə-qoşunla silahlı-sursatlı ermənilər hücum edirlər kəndə. Həyətə girib uşaqların gözü qabağında nənmin atasını döyüblər, babam bunlara baş-başa gəlib, vuruşub, tabe olmayıb. Belə görəndə qaynar samovarı götürüb bağlayıblar babamın kürəyinə, qaçırıblar aşağı-yuxarı, kişi yıxılıb, uşaqlarının, elə nənəmin də gözü qarşısında canını tapşırıb. Nənəm deyirdi ki, həmin gün aşağıdakı dərədən su əvəzinə qan axıb. Ermənilər bu kəndlərdə o qədər adam qırıblar ki, gəl görəsən...


Bu arada söhbətimizə Vəfadar müəllim müdaxilə edərək dedi:


- Biz dağ adamlarıyıq. Dilimiz də dağ tatlarının dilidir. Bu dağlar Qaçaq Mayılın oylağıdır. Yalnız o vaxtlar Əfəndilər və Qaçaq Mayıl gələndən sonra burada ermənilərə divan tutublar.  Onları bu  dağlardan ilim-ilim itiriblər.  


Vəfadar müəllimin Qaçaq Mayıl deməsi, mənə rəhmətlik atamın hər zaman bəhs etdiyi bir əhvalatı xatırlatdı. Həmin əhvalatı Vəfadar müəllimə danışdım. Atam deyərdi ki, babası Eyvaz kişi kəndimizin sayılıb-seçilən kişilərindən idi. Özü də Müsavat  dövründə  nənəmin qardaşı Mustafa baba ilə gedib Şamaxıda iclaslarda, yığıncaqlarda, qurultaylarda iştirak edərlərmiş. Mustafa babamın Nuru paşa ilə də xüsusi dostluğu olub.  Bu qaçaq Mayılın Sovet hökumətinə, Rus imperiyasına dava aşdığı vaxtlarda, gətirib uşaqlarını, arvadı Aşa bibini mühafizəçisi Əmiraslan və nökəri Salmanla Xeybəri kəndindəki evimizdə gizlədir. Rus qoşunlarının atlıları kəndə gəlib, arvad-uğaşı, böyük-kiçiyi sorğu-suala tuturlar. Eyvaz babam deyir ki, kənddə belə adamlar yoxdur. Nənəm Mələksüma da deyir ki, bir neçə gün əvvəl qonaq olublar, sonra da gediblər. Eyvaz babamın iki arvadı  -  Mələksüma nənə və Gülşad nənə zirək tərpənib, qaçaq Mayılın arvad-uşağını başqa evdə gizlədirlər. Sonra ruslar babam Eyvazın əl-qolunu bağlayıb,  tutub aparırlar. Qaçaq Mayıl da  dağlardan bu mənzərəni seyr edib. Başqa vaxt olsaydı, rus əsgərlərinə atəş açardı. Bu dəfə Eyvaz babamı onların içərisində gördüyündən, sakitcə dayanıb.  Məqam gözləyib ki, qisasını alsın. Babamı aparandan sonra, Qaçaq Mayılın nökəri Salman qız-gəlinin yerini nişan verir. Babam Eyvaz, o zaman Qubadakı qalaçada xeyli yatır. Qaçaq Mayıl sonralar onu zindandan da qaçırır. Nökər  Salmandan da qisasını alır.  Bizim kənd adamlarının dediyinə görə, Mayılı öz oğlu Səməndər vurub. Deyilənlərə görə, üç oğlundan təkcə Səməndər  çox ərköyün olubmuş. Heç ipə-sapa yatmayan Səməndər artıq bəzi yerlərdə kənd adamlarını çapıb-talayırmış. Xəbər Mayıla çatır, deyir ki, harda görsəm başını kəsəcəm. Bir gün  Mayıl Təngəaltındakı mağarasına gələndə baxır ki, havadan  tütün iyi gəlir. Özü çəkdiyi tənbəkini   ətrindən tanıyır. Deyir ki, ay bu mənim oğlum Salman ola, ondan başqa kimsə cürət edib, mənim koxama girib, tənbəkimi çəkə bilməz. Bu vaxt oğlu mağaradan əlində beşatılanla çıxır. Qaçaq Mayıl ona deyir ki, birdən məni vurarsan haaaa.. Elə bu vaxt beşatılan açılır. Erməniyə, Sovet hökumətinə divan tutan qaçaq Mayıl fərsiz övladı Səməndərin gülləsindən ölür. Əlbəttə bu bizim kənd içində yayılan rəvayət idi.


Başqa ədəbiyyatlarda və xatirələrdə isə Qaçaq Mayılı indi belə xarakterizə edirlər:Qaçaq Mayıl - XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın şimalında ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan mühüm şəxslərdən olub. Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqə və dostluq münasibətləri vardı. O, Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu idi. M.Ə.Rəsulzadə Lahıcda qaldığı vaxtlarda ona yardım edib. O, həmçinin M.Ə.Rəsulzadənin Azərbaycanı tərk etməsində də iştirak edib. Qaçaq Mayıl 1924-cü ildə qətlə yetirilib.


Təbii ki, mən eşitdiyim xatirələrdə  Qaçaq Mayılın ölüm səhnəsini fərqli qeyd etdim. Ancaq ermənilərlə o, sona qədər vuruşur.  Ermənilərlə döyüşlərdə Mayıl ilə birlikdə vuruşan Əfəndilər də olub. Bu gün Zeyvə kəndinin girəcəyində  qədim qəbirstanlıqda uyuyan Əfəndilər deyilən ziyalı qardaşların da məzarı var. El-camaat o məzarı, göz bəbəyi kimi qoruyub saxlayır.


Şəhid atası Vəfadar müəllimə söylədim ki, genetik yaddaşım bu həyəti görəndə təzələndi və istər-istəməz bu  ocaqda özümü doğma hiss elədim.


Vəfadar müəllim söhbətinə davam etdi:


- Bu yerlərin adamları, dağlarımız kimi vüqarlı, çaylarımız kimi coşqun, bulaqlarımız kimi dumduru və büllurdular. Bizim hər bir oğlumuzun, qızımızın canında qeyrət, Vətən təəsübkeşliyi var. Qaçaq Mayıl, Şeyx Şamil  bu yerlərdə at oynadıb. Bu yerlərin havası-suyu adamı qəhrəman edir. Bu dağlar elə kişilər yetişdirib ki...  Hərbiyə də kəndin  cavanları həm Vətən təəssübü çəkdiklərindən, həm də maaşı yaxşı olduğundan  getdilər. Başqa nə iş var ki... Hamı işsizdir.


Biz söhbət etdikcə, Simnarə  ana yanıb-qovrulurdu. Arada söhbətimizə də qoşulurdu:


- Mübariz İbrahimovun anasına televizorda qulaq asanda eşitdim  ki, deyir əvvəl necə xoşbəxt olmuşuq. İndi Mübarizin anasını başa düşürəm. İndi bilirəm ki, şəhid anası olmaq, unudulmaq nə deməkdir, xoşbəxt olmaq nə deməkdir. Gözüm o qapıda qalıb. Elçini dilə tuta bilmirəm. Dünən gediblər ot çalmağa. Ata-bala dəryazı atıb gəliblər ki, kimin üçün edirik ki, bu tədarükü... Elçin deyir ki əvvəllər nə iş görsə, fikirləşirdi ki, qardaşıyla ikisi üçündür. İndi daha heç bir arzusu yoxdur. Özünə gələcək arzu etmir. İndi oğlumuz haqqında bir təzə söz eşitmək, təsəlli almaq üçün qapı-qapı şəhid evlərini gəzirik. Gah Xızıya gedirik, gah Neftçalaya gedirik, gah Astaraya... Heç yerdən Babəki tapmırıq. Barəsində bircə söz eşidəndə belə,  ürəyimiz təsəlli ilə dolur.


Vəfadar müəllimdən nədən şikayətçi olduğunu soruşdum:

- General Hikmət Mirzəyev bir dəfə zəng vurub bizim ev üçün sənədlərimizlə maraqlandı. Dedi ki, şəhid ailələrinə ev veririlər.  O gün-bu gün bizimlə kimsə maraqlanmayıb. Valideyn kimi prezident təqaüdünü də Şabran rayon Sosial müdafiə şöbəsindən ala bilmirik. Bizi get-gələ salıblar. İki dəfə sənəd toplayıb vermişəm. Bilmirəm daha nə edim. Oğlumun maaşı ilə dolanırdıq. Mənim bir böyrəyimi əməliyyat edib götürüblər, yoldaşımın da sinəsində problem var.  Hər ikimiz onkoloji  xəstəyik. Mən Cavadzadə adına Xəstəxanada, yoldaşım isə Bakıdakı Onkoloji xəstəxanada qeydiyyatdadır. İndi pulumuz çatmadığından daha müalicəyə də getmirik. Özünüz bilirsiniz ki, həkimlər də, xəstəxanalar da pulsuz adamın üzünə baxmırlar. Ailədə tək mən işləyirəm. Müəllim maaşı ilə dolanmaqla həkimə getmək olmur.


“Yolçu yolunda gərək” deyib, Simnarə xanım və Vəfadar müəllimlə vidalaşanda, mənə  sac üstündə bişirdiyi yuxadan da büküb verdi.  Çörəyin ətrini sinəmə çəkdim,  yurd yerimiz, baba ocağımızın havasını hiss etdim. O çörəyin ətrində nənəmin laylalarını, bayatılarını xatırladım.

Əzizinəm arxa haray,
Su gəlir arxa haray,
Qərib igid yad ölkədə
Çağırır arxa, haray”

        
Bu şəhid dastanının əvvəlində  bir vəfalı Leylidən də bəhs etdim.  Babək Abidovun həyat hekayətin qələmə başlamazdan əvvəl telefon açıb o vəfalı Leylini aradım. Nələr danışdı, nələr söylədi... 

- Babək məndən bir neçə yaş balaca idi. Həkiməm. Mənim qəbuluma gələndə tanış olmuşduq. Onun böyrəklərində ciddi problem var idi. Mən bilmirəm bu problemlə onu necə götürmüşdülər hərbiyə.  Neçə dəfə dedim ki, sənə ordudan təxris olunmaq lazımdır, razı olmadı.  Bir neçə dəfə müayinəyə gələndən sonra, məni sevdiyini  dedi, əvvəlcə güldüm. Başımdan elədim.  Nuh dedi, Peyğəmbər demədi. Əl çəkmədi məndən. Axır ki, saqqızımı oğurlaya bildi. 2013-cü ilin avqust ayında ilk dəfə görüşə çıxdıq. Və ondan sonra  bəxtəvər günlərimiz başladı... Bütün bayramlarda mənə ən gözəl gül buketləri gətirərdi. Onun verdiyi gülləri nəyə görəsə qurudub  saxlamışam.


Leyli sevgisinin çiçək xatirələrini son ümid kimi yenə də saxlayır, ölən sevgisinin  əklilimi, çiçəkləridirmi  deyim  bimirəm, ancaq o qurumuş  çiçəklərdə bir dünya sevgi xatirəsi var. Hər ləçək bir gündür, bir andır Leyli üçün.


Leyli deyir ki, indi Babəkin telefonunu və nömərsini də o işlədir. Bu telefondan özünə, öz telefonundan isə Babəkə məktublar yazır. Özü yazıb, özü də Babəkin əvəzinə cavab verir. Babəkin bütün  xasiyyətlərini bildiyindən, verdiyi suallara, cavabları da aydındır. Yazır ki,




“O qız öz-özünə məktublar yazar,
Yazan da özüdür, alan da özü.
Durub bütün qışı boylanar yazar,
Pərişan pərişan qalanda özü.

 

Bölüşməz dərdini tay-tuşalarıyla,
Sirriylə hamını sehirləyər o,
Köksünə tökülən göz yaşlarıyla,
Gizli məktubları möhürləyər o”
(Nüsrət Kəsəmənli)

 

Lelinin dedikləri:

- Babək  mayın 3-də 1992-ci ildə dünyaya gəlmişdi. 2016-cı il aprelin 3-də isə mənim və anasının dünyasını tərk etdi. Namazlarım və dualarım qəbul olmadı.

Mən Babəkimin dəfninə çata bilmədim... Ondan xəbər  gəlməyən həmin günlər dəli ceyrana dönmüşdüm. Bir Allahın məndən xəbəri oldu.  Getdim sevdiyimin evinə... Bakıdan Zeyvə kəndinəcən olan yollar necə uzun imiş. Elə bilirdim ki, mən oraya çatsam, Babək oyanacaq. Çatmadım. Ağ gəlinlik libasında, fatada gələməli olduğum həyətə qara paltarda, qara örpəkdə gəldim.  Babəki dəfn edib gələndən sonra, təzəcə yuxlamışdım ki, bir də gördüm ki, başımı kimsə tumarlayır. Üzümə Babəkin nəfəsi toxundu, əli ilə saçlarımda sığalını hiss elədim. Tez diksinib ayıldım, gördüm ki, mənə əl eləyib qapımızdan çıxdı... Özüm həkiməm... Məni kimsə aldada bilməz. Amma çoxları inanmayacaq ki, mən onun nəfəsini həqiqətən hiss etdim. Bir də ki, kiminsə inanmağının nə fərqi var, əsas odur ki, mən özüm inanıram  ki, mənimlə  varlığında olduğu kimi vidalaşan Babəkim idi.

İndi daha Babəkgilin evinə tez-tez gedib gəlirəm. Dəfnindən 7 gün sonra, ad günündə, Silahlı Qüvvələr günündə getmişdim kəndə.  Bir dəfə gedib bir ağacın altında dayandım. Bir də gördüm ki, Simnarə xala mənə deyir ki, “ay qızım, niyə o ağacın altında dayanmısan?”. Cavab verdim ki, “nə bilim vallah”. Simnarə xaladan öyrəndim ki, sən demə Babək həmişə bu ağacın altında dayanarmış. O həyətdə, o kənddə hər yerdə Babəkin əl izləri var. 


Neçə sevgiləri, neçə toyları, neçə sevincləri  yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda, insanları o qədər yandırmır. Çünki bilirlər ki,  o qanlar, o canlar hədər yerə qurban getməyiblər. 2-5 aprel döyüşlərində həlak olan qəhrəman oğullarımız dünyaya səs saldı. Azərbaycan əsgələrinin qəhrəmanlığından  dünya  danışdı.  Onlar əsil qəhrəman idilər. Onların  qəhrəmanlıqları nəticəsində  düşməndə olan torpaqlarmızın kiçik bir hissəsi azad olunmuşdu. Və əlbətə ki, ermənilərin tərəfdaşları, mühafizəkarları işə qarışmasaydılar, həmin gecələrdə iki gün ərzində  bizim Ordumuz  işğalda olan Vətən torpaqlarını azad edəcəkdilər. Nə yazıqlar olsun ki, bizi sona qədər qəhrəmanlıq etməyə də qoymurlar! 
Bəxtiyar  Vahabzadənin  “Gülüstan poeması” yadıma düşdü:

Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?


Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu işə qol qoyan qollar sınaydı".

Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir