Modern.az

Parlament partiyaları referenduma necə hazırlaşır? - SORĞU

Parlament partiyaları referenduma necə hazırlaşır? - SORĞU

13 Avqust 2016, 12:00

Xəbər verdiyimiz kimi, 26 sentyabrda Azərbaycanda Konstitusiya dəyişikləri ilə bağlı referendum baş tutacaq.

 

Artıq referendumla bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP)  təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib.

 

Bəs görəsən Milli Məclisdə təmsil olunan parlament partiyaları 26 sentyabr referendumuna necə hazırlaşır?

 

Məsələ ilə bağlı Modern.az parlamentdə təmsil olunan siyasi partiyaların referenduma necə hazırlaşdıqlarını öyrənib.

 

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: 

 

“Bizim partiya bu gün referendum hazırlıqlarından daha çox dairələrin formalaşdırılması ilə məşğuldur.

Məntəqə seçki dairəsi üzvlərinin təyin edilməsi ilə daha çox məşğuluq. Bu məsələlər başa çatdıqdan sonra referendumla bağlı müəyyən işlər də görüləcək. Formalaşma müddətinin bitməyinə az qalıb. Önümüzdəki həftədən referendumla bağlı proseslərdə aktiv iştirak edəcəyik.

Müəyyən dərəcədə referendum zamanı həm təbliğat  kampaniyasında iştirak edəcəyik və həm də partiya olaraq müşahidəçi funksiyasını yerinə yetirəcəyik”.

 

 

Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı:

 

“Bizim partiyada referendum hazırlıqları yüksək səviyyədə gedir. Partiyanın ali məclisinin üzvləri şəxsən mənim iştirakımla toplantı da keçirmişik. İclas zamanı partiyanın bütün region təşkilatlarında referendumla bağlı təlim işlərinin aparılması qərara alınıb. Təbliğat-təşviqatla bağlı protokollar da hazır etmişik”.

 

 

 Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:

 

“Bizim partiyada referendum hazırlıqları yüksək səviyyədə gedir. Partiya təşkilatlarında dairə seçki komissiyalarının formalaşdırılması prosesi gedir. Referendumda mövqeyimiz belə olacaq ki. təbliğat təşviqat kampaniyasında iştirak edərək buna dəstək verəcəyik”.

 

 

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı:

 

“BAXCP olaraq biz təşəbbüs qrupu yaratmaqdan imtina etdik ki, bilirsiniz ki, neçə illərdi biz parlamentli respublika təşəbbüsü ilə çıxış edirik və biz indiki mərhələdə də bəyan etmişik ki, iqtidar hansı nöqteyi-nəzərdən bu addımları ata bilər. Yəni bu referendum daxili ehtiyaclardan daha çox regionda və dünyada yaranmış təlatümlərdən və bizi də ciddi narahat edən proseslərdən qaynaqlanır.  Yəni iqtidar da hesab edir ki, indiki mərhələdə Azərbaycanı xarici təhlükələrdən qorumaq üçün mütləq güclü prezidentlik institutu yaradılmalıdır. Eyni zamanda idarəetmədə də müəyyən təkmilləşdirmələr aparılır.

 

Həm də referendumla bağlı müxalif REAL Hərəkatı və Müsavat Partiyası belə bir təşəbbüsdə bulunub. YAP da Yeni Azərbaycan Qrupu yaradıb. Sözün doğrusu, YAP-dan başqa digər qrupların 40 min imza toplayacağı indiki qızmar yay günündə inandırıcı deyil. Biz bir neçə dəfə prezident seçkilərində 40 min imza toplamışıq və bunun üçün nə qədər maliyyə və insan resursları tələb olunduğunu bilirəm.

Bu da indiki halda YAP-dan başqa digər iki qurupda siyasi qurumda yoxdur. Milli Şura da başa düşdü ki, bu onların imkanları xaricindədir, onlar da başqa bir yol seçdilər. Bildilər ki, indiki çətin durumda imza toplaya bilməmələri onların gücsüzlüyünün növbəti dəfə təzahürü olacaq, ona görə də imtina etdilər. Əlbəttə, mən də istəyərdim ki, çoxsaylı təşəbbüs qrupları prosesə qatılsın, teledebatlar, mübahisə və qızğın polemikalar olsun, amma indiki reallıqda bunun mümkünsüzlüyünü də görmək lazımdır”.

 

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim  Mollazadə:

 

“Referendumla bağlı bizim partiyada hazırlıq işləri gedir. Proses əsasən dairə seçki komissiyalarının formalaşdırılması istiqamətində davam edir.

Seçkidəki mövqeyimiz daha çox təbliğat-təşviqat kampaniyasını və yekun nəticələri müşahidə etməkdən ibarətdir. Yəni referendumda müşahidəçi statusda olacağıq”.

 

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər