Modern.az

“Aprel döyüşləri”nin daha bir qəhrəmanı - 20 yaşlı şəhidin həyat HEKAYƏTİ…  

“Aprel döyüşləri”nin daha bir qəhrəmanı - 20 yaşlı şəhidin həyat HEKAYƏTİ…  

14 Avqust 2016, 11:43

Vətəni qibləgah edən şəhidlər -  XXXI

Mafiyət nənə gecə hövlanak yuxudan oyandı. Qışqırmağa başladı. Aprel ayının 2-si idi. Yuxarıda yatanlar da onun səsinə aşağı düşdülər, nənə ağlayırdı. Dedi ki, Əmiraslanı yüxuda görüb. Görüb ki, Əmiraslan onun qucağına atılaraq, bərk qucaqlayib qışqırır ki, nənə mənə kömək et…

Səs-küyə gələn gəlini, oğlu nənənı sakitləşdirdilər ki, yuxudur, narahat olma… 90 yaşlı nənə isə çox narahat oldu. Səhərin dan yerini gözləri ilə açıb, yenə gedib tut ağacının altında oturdu. Bu tut ağacı nənənin həmsöhbəti, sirdaşı idi. Dərdlərini, sözlərini , arzularını ona deyərdi…

Aprelin 2-dən sonra Mafiyət nənənin gecəsi gündüzü olmadı. Hər gün telefonla danışdığı sevimli nəvəsi Əmiraslan Xeyirbəyovun telefonu susurdu. Arvad evdə hamıya çığırır, hamıya hirslənirdi, evdəki oğul-usagı Əmiraslanı axtarmamaqda günahlandırırdı. Ancaq müharibənin başlanmasından xəbəri də yox idi. Evdə heç kim bilmirdi ki, Mafiyət nənənin yuxusu çin idi. Həmin saatlarda yağı düşmənlə döyüşlərə  atılan Əmiraslan düşmən gülləsinə tuş gələrək, azad etdiyi torpaqda həlak olub. Bəlkə də həlak olanda həqiqətən də aldığı güllə yarasından sevimli nənəsini çağırmışdı. Bunu bir Əmiraslan, bir də göydəki tanrı bildi. Bir də nənənin yuxusu…


Modern.az saytı “Aprel şəhidəri” haqqında növbəti ayzını təqdim edir.

Həmin o təlatümlü günlərdə  Əmiraslan Xeyirbəyovun  atası Xəlil 90 yaşlı anasına deyə bilmədi ki, ay ana, biz sənin əziz nəvəni axtarırıq…


Qusar rayonuda az qala hamı bilirdi ki, Çağar Qışlaq kəndindən 2015-ci ilin yanvar ayında əsgər gedən  Əmiraslan Xeyirbəyov şəhid olub. Aprel ayının 8-də Xəlilə İcra nümayəndəliyindən zəng olundu. Kəndin ağsaqqalı idi. Kimsə evə gəlməyə ürək etməmişdi. Ona dedi ki, oğlun yaralıdır, gəl İcra nümayəndiliyinə. Xəlilin ürəyi sancdı, müvazinətini itirdi, dünya başına dolandı. Oğlu Əmiraslanın xasiyyətinə bələd idi. Yaralı olsaydı, özü zəng vurub atasına xəbər edərdi.  8 gün ərzində oğlundan xəbər olmadığından, artıq işin-işdən keçdiyini bildi. Ayaqlarına güc verib, 500 metrə qədər getmişdi ki, birdən yadına düşdü ki, böyük qardaşına xəbər etsin. Böyük qardaşı da telefonla ona dedi ki, İcra nümayəndəliyindədir. Nə qədər  ağır olsa da, o xəbəri əmi və ataya çatdırdılar…
Dünyada bir valideyinin eşitmək istəmədiyi ən ağır söz: sənin oğlun həlak olub! Qəhrəmanlıq göstərib!!!


Xəlil söhbətinə belə davam edir:

- Heç bilmirəm yolu neçə gedib-qayıtdım. Sən demə kənddəki bütün qonşular  3-4 gün imiş ki, oğlumun şəhid olmasından  xəbərdar imilər. Ancaq kimsə bu haqda bizə bir söz deməyə ürək etməyib. Baxdım ki, darvazamızın ağzı doludur camaatla… Gələnlərə bir sözüm oldu, anam bilməsin… Elə bilirdim ki, anamdan gizlədə bilərik…

Hər ata-anaya övladı şirindir. Mənim də böyük oğlum idi. Hərbçi olmaq istəyirdi.  Hərbi məktəbə sənəd verdi. Sinəsində deformasiya olduğundan, həkim yoxlamasından keçmədi. 2015-ci ilin yanvar ayının 7-də əsgər gedəcəyini biləndə dəhşətə gəldim, bilmirəm hansı yollasa, gedib sənədlərini düzəldib, əsgər getməyə razılıq ala bilmişdi. Bizim tərəflərdə əsgər gedən oğulu toy-bayramla yola salırıq. Yığışdıq, şənlik elədik. Yola saldıq… 
Nümunəvi xidmətinə görə  ötən il avqust ayının 9-da məzuniyyətə gəldi. O evə, ailəyə çox bağlı, zəhmətkeş uşaq idi. Bu il aprelin 9-u isə onu bu qapıdan elin, obanın, camaatın çiyinlərində məzara apardıq. 
Bizim kəndimiz belə təlatüm görməmişdi. Oğlum üç aydan sonra hərbi xidməti bitirib evə gəlməliydi… arzularımızı gözümüzdə qoydu. O vətənpərvər  olmaqla yanaşı, bu kənddə uşaqdan böyüyə qədər hər kəsin işinə yarayırdı, əli çatana kömək edirdi. Hərbdə də xidmət edəndə sən demə gedib məndən icazəsiz ərizə verib, uzun müddətli xidmətə yazılıb. Bunu həlak olandan sonra bildim. Bir də ki, oğlumun nə həyatı var idi ki… cəmi 20 il yaşadı…
İndi balaca qardaşları Əmral və Əmrah boynubükük qalıblar. Böyük qardaşın yeri başqa olur.  Gedib məzarının başında dayanıb, baxmaqdan başqa əlimizdən heç nə gəlmir. Oğlumun tabutda  gəlməsi xəbərini alana qədər ölümü haqqında fikri yaxın qoymurdum. O neçə gün neytral zonada qalandan sonra nəşini götürmək mümkün olub. Bir ondan təsəlli tapıram ki, oğlum döyüşərək, qəhrəmanlıqla həlak olub, adımıza xələl gətirməyib.



Azərbaycan və rus dilində danışa biməyən Mafiyət nənə nəvəsi haqqında dogma ləzgi dilində bəhs etdi. Onun ləzgi dilində dediklərini oğlu Xəlil tərcümə etdi. Mafiyət nənə:


- Doğulandan 5-10 gün sonra anası atıb getdi onu. O usagı  mən saxladım. 10 aylıq olanda evə təzə gəlin gəldi. O Əmiraslana əsl analıq etdi. Mən Əmiraslan üçün arzular tutmuşdum ürəyimdə. Pul yığırdım, uşaq əsgərliyini çəkib gələndə muştuluq verəcəkdim, bu qapıda yenə toy-bayram edəcəkdim.  Mən onun toyunu görmək istəyirdim, gör Allah mənə nə göstərdi. Mənim bəxtim kəm gəlib. Rəhmətlik ərim də fəhlə olub, mən də  kolzozun bağında-bostanında  fəhləçilik etmişəm. Gördüyün bu  kənd evimizdə  öz uşaqlarımla birlikdə neçə ailənin yetim qalmış uşağını saxlamışam.  Böyüdüb köçürmüşəm. Qardaş usagı, qohum-qonşu uşaqları olub içərisində. Öz uşaqlarımla bərabər fəhlə maaşı ilə 17 uşağa baxmışam. Hamısına da bu həyətdə toy çaldırmışam. Ancaq bu balama toy çaldıra bilmədim… caaaannnnn Əmiraslan, caaaannnnn…

Ötən il avqustda  məzuniyyətə gəldi. Heç onda da balamın üzünü çox görmədim, elə bu kəndin camaatı onu qonaq apardı… Gözəl gülüşləri var idi balamın… indi gecə-gündüz yanıram… Mənə etdiyi qulluqlar yandırır məni… telefonla danışanda  söz vermişdi ki, gəlib mənə arxa-dayaq olacaq… gəlmədi…7 dünyamı yandırdı… Əmiraslan… cannnnnnnnnn  balam…


Əmiraslanın anası Gülnarə kəndin yaxınlığında bir sahibkarın bağında işləyir. Bu kəndin bütün iş axtaran sakinləri meyvə-tərəvəz təssərüfatı sahəsində çalışırlar. Gülnarə hər səhər ertədən sahəyə gedib, axşam saat 6-da evə gəlir. Ayda 300 manata qədər maaş alır. Gülnarə hələ də başındakı qara yaylığı açmayıb. Üzündə dünyanın kədəri var.  Deyir ki, Əmiraslanı özü dünyaya gətirməsə də, əlində böyüdüb. Əmiraslan onun həm sirri-söhbəti, həm oğlu olub:


- Bu həyətin hər qarışında Əmiraslanın əl izləri var. Mən səhər durub işə gedərdim, atası da öz işinə gedərdi. Həyətin bütün yükü onun çiynində qalardı. Bir dəfə üzümə ağ olmadı. Bütün sirr-sözünü mənə deyərdi. Mən onu dünyaya gətirməmişdim, lakin nə çəkdiklərimi bilmək üçün, qəlbimə girmək lazımdır, gecələr göz yaşım yastığımı isladır… İnana bilmirəm onun yoxluğuna… elə gözüm qapıda qalıb ki, indi darvaza açılacaq Əmiraslan yenə gülə-gülə girəcək həyətə… Biz belə fikirləşməmişdik… Onun o qədər arzuları var idi ki…
Nənəsini heç ovundura bilmirik… Gedir oturur tut ağacının altında, saatlarla gözü dikililr Əmiraslanı aparan yollara… Əmiraslanı əsgər getməzdən əvvəl  dogma anasının yanına apardıq, qayıdanda dedi ki, ona isinə bilməyib. Dedim, necə olsa da, o gətirib dünyaya… Birinci dəfə onda gördü anasını… 9-cu sinifdə oxuyurdu, bir dəfə atası  Xəlil dedi ki, artıq sirri açıb demək lazımdır.  Və günlərin bir günü dərsdən gələndən sonra atası ona əsl anasının başqası olduğunu dedi. Əmiraslan heç halını da pozmadan “mənə məktəbdə demişdilər, çoxdan bilirdim” söylədi, otaqdan çıxdı. Və o gündən sonra da mən ondan bir soyuqluq görmədim, mənə daha da çox isinişdi.  

Xəlil Xeyrullayev deyir ki, onun birinci həyat yoldaşı  Əmiraslan doğulandan bir neçə gün sonra, uşağını atıb gedib.  Və oğlunu 10 aylığından indiki həyat yoldaşı Gülnarə böyüdüb. İndi şəhidin adına verilən təqaüdlə bağlı bəzi problemlər yaşanır. Əmiraslanın anası notarius ilə sənəd təsdiq edərək, bildirib ki, rəhmətlik oğluna düşən əmlakda gözü yoxdur. Lakin Qusar rayonunda aidiyyatı qurumlar məsələni həll etmək istəmirlər. Ataya çatmalı olan 220 manat təqaüdün 50 faizini verirlər.



Şəhid Əmiraslan Xeyirbəyov haqqında müəllimlərinin də deyiləsi sözləri var:

Elbrus Məhsimov, sinif müəllimi:

"Əmiraslan hər hansı bir instituta asanlıqla girə bilərdi. Tarixə, hüquqa meylli idi. Hətta Qusar Rayon Prokurorluğunun təşəbbüsü ilə 2014-cü ildə rayon ümumtəhsil məktəblərin XI sinif şagirdləri arasında keçirilmiş hüquq viktorinasında fərqləndiyi üçün rayon prokuroru Zahid Vəliyev tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunmuşdu”.


Azad Camalov, hərbi rəhbər: “Arzusu hərbçi olmaq, həqiqi hərbi xidməti başa vurduqdan çonra Ordu sıralarında qalıb hərbin sirlərinə daha ciddi yiyələnmək idi”.


Əmiraslan Xeyirbəyov da  2016-cı ilin aprel ayında cəbhə bölgəsində erməni işğalçıların növbəti təxribatı zamanı Tərtər rayonu ərazisində gedən göyüşlərdə igidliklə vuruşaraq, qəhrəmancasına həlak oldu. Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını qızıl hərflərlə yazdı.   

Bu itki, bu ayrılıqla barışmayan, hələ də qocaman tut ağacının altında gözləyən 90 yaşlı ağbirçək bir nənə var. Gözləri daim yol çəkir, ölümə, ayrılığa inansa da, nəvəsinin yoxluğu ilə heç cürə barışmır...

 

Aida Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir