Modern.az

“Köhnə qvardiya”nın əsgəri: Baba Səmədov - Şəkidə taxıl çöllərinin bahadırı

“Köhnə qvardiya”nın əsgəri: Baba Səmədov - Şəkidə taxıl çöllərinin bahadırı

14 Avqust 2016, 12:21

Ötən əsrin 30-cu illərində Şəki rayonunun Trud-Sarıca adlanan ucsuz-bucaqsız çöllərində ilk ixtisaslaşmış taxılçılıq sovxozu o yerlərin boş qalmış xam torpaqlarından səmərəli istifadə, əhalinin taxıl məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə yaradılmışdı. Hitler Almaniyası SSRİ-yə hücum edərək, müharibəyə başIayanda cəmi 7 yaşı olan Baba Səmədov dünyada nələr baş verdiyindən hələ xəbərsiz olsa da, artıq 10 yaşında – 1944-cü ildə özü də bunu bilmədən həmin ağır günlərdə həm döyüşçülərin, həm də arxa cəbhədə çalışanların şörəklə təmin edilməsində qismən də olsa iştirak etmişdi. O vaxtdan bütün ömrünü dünyanın 1 N-li ərzağı sayılan buğdanın yetişdirilməsinə həsr etmiş bu məşhur traktorçu-kombaynçı əldə etdiyi yüksək nəticələrə görə artıq 38 yaşında - 1972-ci ildə Sovetlərin ali ordeni olan Lenin ordeninə, üç il sonra isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. O vaxtlar Baba Səmədovun - Azərbaycanın bu əməksevər, qabaqcıl mexanizatorunun şöhrəti bütün Sovetlər İttifaqına yayılmışdı.


10 yaşlı uşağın “ilk sevgisi” - kombayn


...1934-cü ilin ortalarında Oğuz rayonunun təkrarsız təbiəti ilə seçilən dağ kəndi Daşağılda dünyaya gələn Babanın atası Səməd kişi Şəkinin taxılçılıq sovxozunun qoyun sürülərinə baxdığından ailəsi qış aylarında nisbətən isti Trud-Sarıca düzündə yaradılmış yataq yerində qalar, yazın əvvəllərində isə qoyunların qırxımından və kreolin vannasından (xəstəliklərə qarşı) keçirilməsindən sonra yaylağa – yenidən sərinliyi, bəzən də soyuqluğu ilə seçilən Daşağıl kəndinə qayıdardılar. 1944-cü ilin yazında isə atası qoyunları yaylağa aparanda 10 yaşlı Baba anası və 5 qardaşın yeganə bacısı olan Nailə ilə yataq yerində qalmışdı. Yazda-yayda o çöllərdə şum-səpin işləri aparan ÇTZ traktorlarının səsi ətrafı bürüyərdi. Bir səhər buğda biçini aparılarkən Baba yataqdakı yaşıdları ilə birgə traktorlara qoşulmuş kombaynlara, onların taxılı necə biçdiklərinə yaxından tamaşa etmək üçün hay-küylə taxıl zəmisinə doğru qaçırlar. Və bir anlığa mexanizatorların diqqətindən yayınaraq, xəlvətcə kombaynın arxasındakı kotanların üstünə atılaraq, orda “katatsa” eləməyə (gəzməyə) başlayırlar.

Bir xeyli gedəndən sonra uşaqların çoxu tərli bədənlərinə, üz-gözlərinə dolan qılçıqların (taxılın dəni təmizləndikdən sonra ayrılan xırda, iti qalıqlar) onları “dalamasına” dözməyərək, kotandan düşüb qaçdılar. Baba isə üz-gözünü dalayan qılçıqlara baxmayaraq, kotandan düşmədi. Bir xeyli gedəndən sonra bunkerlər dolduğundan traktor və ona qoşulmuş iki kombayn dayandı. Arxadakı kombaynda işləyən rus oğlan (mexanizatorların əksəriyyəti ruslar idi) düşüb, irəlidəki kombayna gedən kimi Baba fürsətdən istifadə edib, pilləkənlərlə cəld yuxarı qalxdı. Bunkerdə qızılı dəni görüb, sevinclə ondan ovuc-ovuc götürüb, əllərində yuxarı qaldlrır və yenidən bunkerə ələyirdi. Bir az belə “oynadıqdan” sonra düşüb qaçmaq istəyərkən pilləkəndə başqa, orta yaşlı kombaynçı ilə qarşılaşdı. Nə edəcəyini bilmədi. Kombaynçı isə bu balaca oğlanın texnikaya həvəs gostərdiyini, lakin həmin anda özünü itirdiyini, qorxduğunu görüb, gülə-gülə azərbaycanca dedi:

- Hə, balaca, necədi, işləyirik?

Rusun ona bu cür müraciəti onu sevindirdi və ürəkləndirdi. Odur ki, köhnə tanışı kimi öz uşaq təbiri ilə:

- Ə, bə nədi? İşləyirik! – dedi.

Və onlar birlikdə kombaynın sükanı arxasına qalxdılar. Babanın uçmağa qanadı yox idi. İlk dəfə idi ki hərəkət edən kombaynın “üstündə” gedirdi. İstəyirdi ki, zəminin kənarında dayanmış yaşıdları da onu görsün. Yaşıdları isə həqiqətən onu görüb, heyrətlə, “dörd gözlə”, həm də həsədlə ona baxıb, “Baba, Baba!” qışqıraraq, əllərini havada yellədirdilər. Bu sevincdən Babanın uşaq ürəyi az qala dağa dönürdü. O, sanki taxıl “dənizində” üzən gəminin kapitanlarından idi. Axşamacan fəxrlə, qürur hissi ilə kombaynçılarla birlikdə taxıl sahəsində oldu. Kombayn dayananda o da kombaynçılarla birlikdə aşağı düşür, maşının taxıl biçən hissəsinin dişlərini alaq otundan, kol-kosdan təmizləyir, mexanizatorlarla birgə yağlanası hissə və qovşaqları yağlayırdı. Hələ bir dəfə o “yaxşı rus” (sən demə o, sonralar Babaya traktorun və kombaynın sirlərini öyrədəcək Maksim imiş) kombaynın sükanını da bir-neçə dəqiqəliyə ona etibar etmişdi və sonra əlinin baş barmağını dik tutaraq demişdi: “sən yaxşı kombaynçı olacaqsan”.

Yatağa qayıdıb, sevincini uşaqlarala bölüşən Baba o gecə uzun müddət yuxuya gedə bilməmişdi. İntizarla səhərin açılmasını gözləyirdi. Yerindən durub, sahəyə qaçmaq istəyəndə anası qoymadı ki, “aman-billah, yox!”. Hələ “uşaq olduğuna” görə atası da razı olmadı: “Dəmir-dümürdü, bilmək olmaz, əl-ayağın əzilər”.  

Ancaq elə oldu ki, sovxozun eldə-obada Cuqul oğlu Yusif kimi tanınan sürücüsü elə həmin günün səhəri maşını Babanın uşaqlarla oynadığı yerin yaxınlığında saxlayıb, dedi ki, “uşaqlar, Qozluya çalğı yığmağa gedirikmi?”. Maşın ola, uşaq ola, desin ki “getmirəm?”. Bayaqdan doluşurlar maşına. Böyüklər iri, həm də bir qədər cod olan, kombaynların toz-torpağının təmizlənməsində və baş verə biləcək yanğın zamanı istifadə olunan süpürgəni - çalğını qırdıqca, uşaqlar həvəslə, deyə-gülə onları maşına daşıyırlar. Çalğını gətirib mexanizatorlara təhvil verəndə, Maksim birdən uşaqların arasında Babanı görüb, soruşur ki, “hardasan, gəl bura.” Və onu yanından buraxmır.  Baba yenə də axşama kimi onlarla birgə kombaynda fırlanır. Evə qayıdanda anası yenə danlasa da, o, səhər tezdən inək sağmağa gedən kimi Baba özüylə bir parça çörək götürüb, aradan çıxır. Sonralar evdə görürlər ki, bu uşağı saxlamaq mümkün deyil, fikri-zikri elə traktorda, kombayndadır, daha etiraz etməyib, yalnız diqqətli, ehtiyatlı olmağı, əl-ayağını gözləməsini tapşırırlar.

Ailənin razılığını aldıqdan sonra o, “işə” daha ürəklə gedirdi. Təzə dostu Maksim isə onu hər gün mehribanlıqla, dost kimi qarşılayır və bütün günü bir yerdə işləyirdilər. Hərdən nahar vaxtı stolun üstündə ləzzətli borşla yanaşı peçeni və çox sevdiyi qırmızı “monpası” konfetini görəndə Babanın gözlərinə sanki işıq gəlirdi. Çox sonralar bilmişdi ki, peçeni ilə “monpasını” onun xətrini çox istəyən Maksim özü məhz bu balaca “kombaynçı” üçün alıb gətirirmiş. Baba sonralar onu da bilmişdi ki, Maksim onun özü kimi “balaca adam” deyilmiş, sovxozun baş mexaniki imiş. Kombaynçılar çatışmadığından biçin-yığım vaxtı özü kombaynın sükanı arxasına keçirmiş. Kişi mexanizatorlar müharibəyə aparıldıqlarından, əksər traktorçular və kombaynçılar qadınlar idi. Hətta müharibənin şiddətli vaxtlarında elə olmuşdu ki, texnika çatışmadığından sovxoz rəhbərliyi bir kişi traktorçunu traktoru ilə birgə iri, ağır topları daşımaq üçün cəbhəyə göndərməli olmuşdu.  

Biçin qurtarandan sonra “işsiz-gücsüz” qalmış Baba bir gün bacısı Nailə (Babadan böyük olan, çox sevdiyi yeganə bacısının taleyi sonralar gətirməmişdi, çox gənc ikən -25 yaşında dünyadan köçmüşdü) sovxozun mərkəzi qəsəbəsinə gedərkən ona tapşırmışdı ki, işdi, Maksimi görsən, deyərsən ki, atamgil yaylaqdan – Daşağıldan qayıdan kimi mən yenə də onlarla işləyəcəyəm (qışlaq yerində bacısı ilə ikisi qaldığından, onu tək qoymaq istəmir, “işə çıxmırdı”). Elə də oldu. Atasıgil qoyunları qışlağa gətirdikdən sonra Baba yenə də mexanizatorlara qoşuldu. 


“Bu boyda kiçi dəlidir, nədir?..”


Artıq kombaynlar sahələrdən çıxarılaraq, təmir aparılmaqla yeni mövsümə hazırlıq üçün sovxozun maşın-təmir stansiyasına aparılmışdı. Çoldə ancaq ÇTZ traktorlarının gurultulu səsi gəlirdi. Hər yerdə gecə-gündüz, fasilə vermədən şum aparılırdı. Sahənin kənarında iki vaqon qoyulmuşdu. Birində traktorçular və onların köməkçiləri, həmçinin digər fəhlələr isti xörəklə təmin olunaraq, nahar eləyir, digərində isə iş növbəsindən sonra dincəlir,  orada da gecələyirdilər. O vaxtlar traktorların gecə işığı olmadığından traktorçular şum işini əskidən-parçadan düzəldilərək, liqroində (kerosinə oxşar yanacaq) isladılmış fakelin işığında aparırdılar. Fakellə kotan aqreqatına verilən işıq zəif olsa da, mexanizatorlar işi keyfiyyətlə aparmağa çalışırdılar. Şum başa çatdıqdan, hərdən yağan yağış ara verdikdən sonra disklə torpağı çevirmə, malaçəkmə, səpin və s. işlər görülürdü.

Həmin il – 1944-cü ildə bol məhsul olmuşdu. 10 yaşında olan Babaya zəhməti müqabilində az da olsa, ilk maaş da verilmişdi. Hələ üstəlik onun payına düşən bir kisə buğdanı da evə gətirəndə atası Səməd kişi sevinərək, fərasətli oğlunun kürəyinə vurub, üzündən öpmüş, “mənim kişi balam” demişdi, anası və bacısı isə sevinc hissindən doğan göz yaşlarını gizlədə bilməmişdilər. Müharibənin davam etdiyi, çox yerdə aclıq  hökm sürdüyü bir vaxtda bir kisə buğda onların ailəsinin ən azı ayyarımlıq şörəyi demək idi.  

Biçin qurtardıqdan sonra Babanın “dostu” - mexanik Maksim Pertroviç Deqtyaryov maşınların, kombaynların təmir işlərinə rəhbərlik etməli olduğundan qəsəbənin maşın-təmir stansiyasında işləyirdi. Baba isə işsiz qalmaq istəmirdi. Odur ki, yayda biçin vaxtı arada-bir yanında hərləndiyi ikinci kombaynçı Leonid Mayorovla (Maksim Petroviçin köməkçisi) işləmək istəyirdi. İndi – şum vaxtı, Lyonya traktorçu İvanın köməkçisi idi. Baba isə başqaları ilə yox, məhz onlarla işləmək istəyirdi, baxmayaraq ki, hələ heç 11 yaşı da tamam olmamışdı. Onun israr etdiyini, dediyindən dönmədiyini görüb, kotan  qoşquçusu kimi işə götürmüşdülər. İş olduqca ağır idi. Kotanlar tez-tez bir-brinə dolaşaraq, sıxlaşıb-preslənmiş alaq otları, qanqal və s.-lə dolurdu, kotanları onlardan təmizləmək ağır, güc tələb edən iş idi. Buna baxmayaraq, Baba işin ağırlığından, çətinliyindən qorxub-çəkinmir, özünü “yekə kişi” kimi aparmağa çalışırdı.

Bir dəfə indiki “üzümçülük” deyilən yerdə şum eləyərkən Baba görür ki, bir “polutorka” şoferi maşını şumun içərisi ilə necə gəldi sürərək, gah bir, gah da o biri traktorun yanında saxlayıb, nəsə deyərək, əl-qol atıb oynayır. Ayağının axsamasından onun traktorçu İvan olduğunu bilir. Baba fikirləşir ki, bu adam dəlidir-nədir? Şumun içində niyə oynayır? İvan “polutorka”nı Babagilin traktorunun yanında saxlayaraq, maşından düşüb, “Voyna konçilas, voyna konçilas!” deyə sevinib-qışqıraraq oynayanda da Baba onun niyə “dəli olduğunu” başa düşməmişdi. Öz-özünə “nə olsun ki, voyna konçilas?” demişdi. Çünki müharibənin nə olduğunu, nə üçün olduğunu və harda getdiyini o vaxtlar hələ tam anlamırdı. Bütün mexanizatorların traktordan düşərək, İvanı qucaqlayıb-öpərək sevindiklərini, ona qoşulub oynadıqlarını görəndə Baba da balaca boyu ilə ortalığa atılmışdı.

O gün – 4 ilə qədər davam edən qanlı-qadalı müharibədən sonra sovet adamlarının böyük həsrətlə gözlədiyi 9 May 1945-ci il Qələbə günündə bütn sovetlər ölkəsi, o cümlədən Taxılçılıq  sovxozunun camaatı gecə səhərəsən toy-bayram içində idi. Baba bircə şeyi başa düşmürdü ki, deyib-gülən, bir-birini qucaqlayaraq təbrik edən bu adamlar doğrudan da sevinirdisə, daha niyə ağlayırdılar – xüsusilə qadınlar, qızlar... Baba bunun səbəbini çox sonralar başa düşmüşdü – doğma kəndi Daşağıldan müharibəyə gedən cavanların əksəriyyətinin döyüşlərdən qayıtmadığını biləndə, onların yolunu intizarla gözləyən ana-bacıları, yetim qalmış uşaqları hələ uzun illər gözü yaşlı görəndə...                 


“Müəllim, mənim savadım yoxdur, traktorçuluq oxuya bilərəm?”


Babanın yaşca kiçik olmasına baxmayaraq, böyüklərdən geri qalmaq istəmədiyini, işgüzarlığını, əməksevərliyini görən sovxoz rəhbərliyi bir müddət sonra onu təcrübəli qadın traktorçu Marusya xalaya (Mariya Ryabinskayaya) köməkçi təyin edir. Bir dəfə şum eləyərkən Babanın diqqətini qonşu Çayqaraqoyunlu kolxozunun taxıl sahəsində yaşlı adamların şumu köhnə, dədə-baba üsulu ilə - xışla apardıqları cəlb edir.  Ürəyində fikirləşir ki, “kolxozçular yazıqdır, xışla çox əziyyət çəkirlər. İcazə versəydilər, gedib onlara kömək edər, taxıl sahəsini şumlayıb qayıdardım”. Özü də qaraqoyunlular öküzə qoşulmuş tək xışla yer şumladıqları halda ÇTZ traktoruna hərəsi 4 korpusdan ibarət 3 kotan qoşulmuşdu, bu isə 12 xışdan da çox güc demək idi. Ancaq sovxozun şumu qurtarmamış kim idi Babaya qonşu kəndə kömək etməyə icazə verən?

Üç il keçdikdən sonra – 14 yaşında Baba atıq xeyli təcrübə qazanaraq, traktorçular cərgəsində idi. Lakin bir dəfə fasilə vaxtı belə bir söhbət eşitdi ki, vaxt gələcək, sənədi-diplomu olmayanları traktora yaxın buraxmayacaqlar. Bu, Babanı xeyli məyus eləmişdi. Axı, o, məktəbə getməmişdi, heç yazıb-oxumağı da bilmirdi. Gələcəkdə o, neyləməlidir? Bu sual onu düşündürərkən xoş bir xəbər eşitdi: sovxozun gənclərini Əli-Bayramlı (indiki Şirvan) rayonunun Qaraçala kəndindəki mexanizator kurslarına oxumağa göndərirlər. Bunu eşidən Baba sovxozun erməni direktoru A.Davranovun yanına gedərək, ona da oxumağa getməsinə icazə verməsini xahiş eləyir. Direktor təəccüblə ona baxır:

- Baba, sən ki hazır traktorçusan, hələ mənim bildiyimə görə, lazım gəlsə, çoxlarına dərs də keçərsən. Sənin nəyinə lazımdır vaxt itirib oxumaq? Onsuz da işimiz başdan aşır, sovxozda lazımsan.

- Bilirəm, ancaq əsas işimiz – taxıl biçini qurtarıb, şum da başa çatmaq üzrədir. Mən də 3-4 ay oxuyub, qayıdacam. Mənə sənəd lazımdır, - deyə Baba cavab verir.

- Sənədi neynirsən? Guya səni tanımırıq? Mənə sənin sənədin lazım deyil.

- Düzdür, indi lazım deyil, ancaq sabah sizin yerinizə başqa birisi gəlib, sənəd tələb etsə, neyləyəcəyəm? - Baba özünü saxlaya bilməyib, şax nəzərlə direktora baxır.

- Yaxşı, get imtahanını ver, gəl.

Baba öz-özünə qayıtdı ki, “ay yaman da verdim ha imtahanı...Savadım var ki, imtahan da verim? Heç yerdə adım yox, sanım yox...”. Bununla belə, “Allahdan qismət!” deyib, səhərisi günü sovxozun qonşu şöbələrindən olan Rəhim, Veysəl, Ədil, sarı Məmməd, Ədil, Mövlan, Səməd və digərləri ilə birgə Qaraçalaya yola düşür.

1949-cu ilin payızı idi. Mexanizator kurslarının rəhbərliyi onları mehribanlıqla qarşılayıb, ayrı-ayrı kurslarla bağlı izahatlar verir. Sonra kimin sualı olduğunu soruşanda ilkin oilaraq Baba əlini qaldıraraq, onu narahat edən suala cavab almaq istəyir:

- Müəllim, mənim savadım yoxdur, məktəbə getməmişəm, traktorçuluq oxuya bilərəm?

Hamı gülüşür. Direktor isə tam ciddiyyətlə deyir ki, “yox, ancaq uzaq yol gəlmisən, bu axşamı burda qal, sabah səhər geri qayıdarsan”.

Baba isə geri qayıtmaq fikrində deyildi. Odur ki, traktorçu kurslarına yazılanlarla birgə səhər dərsə girir. Orda da hələ dərs başlamamışdan müəllimə eyni sualı verir. Gözlədiyinin əksinə olaraq kursu aparan rus müəllim təmiz azərbaycan dilində qayıdır ki:

- Niyə oxumursan? Lap yaxşı oxuyarsan. Özü də görürəm, diribaş oğlana oxşayırsan. Bax, səndən bir parta aralıda oturan o iki oğlan keçən dəfə gəlib oxumuşdular. Ancaq  imtahanı verə bilməyiblər, yenə gəliblər oxumağa.

Baba bilmədi ki, müəllim o uşaqlara istehza edir, yoxsa istəklərinə nail olmağa çalışdıqlarına görə onları daha da həvəsləndirir. Onun üçün əsas o idi ki, müəllim onu dərsdən çıxardıb, kursdan uzaqlaşdırmadı. Sevincinin həddi-hüdudu yox idi. Axı, oranın böyüyünün - direktorun əksinə olaraq bu müəllim onun təhsili olmasa da, kursda oxuya biləcəyinə inanmışdı.  Və Baba onun etimadını doğrultmağa çalışırdı. Yazıb-oxumaq bilməsə də, müəllimlərinin danışdıqlarını səylə yadında saxlamağa çalışır, başa düşmədiyini təkrar soruşub, öyrənmək istəyirdi. Kombaynçılıq kursu 7 aylıq olsa da, traktorçuluq kursu 5 aylıq idi. Tədris müddətində müəllim Babanı yalnız bir dəfə dərsi danışmaq üçün yazı taxtası qarşısına çıxartmışdı. Nəzəriyyədən fərqli olaraq praktikanı yaxşı bilməsi müəlliminin xoşuna gəlmişdi. İmtahan vaxtı da traktorun mühərrikindəki 1-ci, 2-ci və 3-cü silindrlərin funksiyaları barədə müəllimin suallarına düzgün cavab verərək, “4” almışdı.

Tədris kursu başa çatdıqdan sonra direktor traktorçu “diplomunu” Babaya təqdim edərkən onu təbrik edib, bir anlığa zəndlə baxıb soruşmuşdu:

- Sən o “savadsızam” deyən oğlan deyilsən? O vaxt geri qayıtmadın? Afərin sənə! Bax, əsl mütəxəssis, əsl traktorçu belə olar!

Arzusunda olduğu sənədi alaraq, 1950-ci ilin martında – 16 yaşında geri dönən Baba onu sovxozun kadrlar şöbəsində qeydiyyatdan keçirir. Səhərisi günü traktorçu kimi əmri və traktor verilir.


Direktor nə üçün Babanı əsgərliyə getməyə qoymadı?


Baba indi əvvəlkindən də yaxşı, daha əzmlə çalışırdı. Özünü traktorsuz təsəvvür edə bilmirdi. Sovxoz rəhbərliyi onun işindən razı idi. Böyük qardaşı Mehralı əsgərlikdə olduğundan Qəsəbə Sovetinin sədri Dadaş Adıgözəlov Babanı bir il əsgərlikdən saxlatdırmışdı. Ona gələn çağırış vərəqələrini heç ona da göstərməyib, stolunun siyirtməsində saxlayırdı. Ancaq bir dəfə iş elə gətirir ki, Dadaş müəllim sovxozda olmur və  “otsroçka” vaxtı (təxir müddəti) başa çatdığından, Babaya çağırış vərəqi verib bildirirlər ki, əgər sabah Hərbi komissarlıqda olmasa, onu milislə gəlib zorla aparacaqlar. Səhərisi günü Baba ortancıl qardaşı Yavərlə və qohumu Fərhadla Hərbi komissarlığa gedir. Ora çatan kimi göndərilən çağırış vərəqələrinə etinasızlıq göstərdiyinə görə “KPZ”-yə salırlar. Sabahısı günü - erməni hərbi komissar Petrosyan sovxozun direktoru Bahadur Hacıyevlə görüşür və bildirir ki, Baba Səmədov hərbi xidmətə aparılmalıdır, indi “KPZ”dədir. Direktor bərk əsəbiləşərək deyir ki, “bu nə özbaşınalıqdır? Baba bu sovxozun işçisi, mənim işçimdir, məndən icazəsiz nə ixtiyarınız var onu “KPZ”-yə salırsız? Dərhal buraxın, gəlsin! Baba bizim təsərrüfatımıza Sovet ordusuna lazım olduğundan daha çox lazımdır. O, ölkə üçün ən mühüm sahədə - taxıl istehsalı sahəsində çalışır. Baba əsgərlik etməsə, Sovet ordusunun gücü azalmaz, ancaq o əskər getsə, sovxozun gücü, imkanları zəifləyər”.

Vəziyyəti belə görən komissar qayıdır ki, Babanın qardaşı Yavərin də əsgərlik vaxtı çatıb, onda onu aparacağıq. Direktor bir qədər sakitləşərək demişdi ki, hə, bax onu aparın -  çox şuluqdur, uşaqlarla sovxozda qırmadıqları ağac qoymayıblar.


“Biz ölürük, kombaynçılar kef edir”.  “Ölməmək” üçün yeni ideya 


Taxıl biçini zamanı adətən bir traktora iki kombayn qoşulurdu. Hər aqreqatda isə kombaynçının bir köməkçisi və bir saman təmizləyən olurdu. Yəni ki, bir aqreqatda 7 nəfər çalışırdı. Biçinə kimi isə bütün işlər – şum, kultivasiya, toxumun səpini və s. işlər traktorçu və qoşquçu tərəfindən aparılırdı. Elə biçin zamanı da traktorçu az əziyyət çəkmirdi. Biçin vaxtı isə kombaynçılar çatışmadığından sovxozun maşın-təmir stansiyasında çalışan tokarlar, çilingərlər kombaynın sükanı arxasına əyləşdirilirdilər. Yekunda da yaxşı nəticə əldə olunduqda “müvəqqəti kombaynçılar”ın – tokarların, çilingərlərin adı çəkilir, mükafatlar, təltiflər də onlara verilirdi. Həmişə düzgünlük, ədalət tərəfdarı olan Baba bu ədalətsizlik barədə xeyli düşünür və bir gün traktorçu Mayorova bu barədə izahat verərək deyir ki, “bax, gecə-gündüz şum edən biz, səpən, kultivasiya edən – biz, kombaynı dartıb çəkən – biz, ancaq bütün mükafatlar  və təltiflər ildə cəmi bir ay kombaynda işləyən təsadüfi adamlara verilir.

Mayorov soruşur ki, nə təklif eləyirsən?

- Təklifim budur ki, kombaynları özümüz götürək, köməkçilərimiz traktoru sürsünlər, qalan işçilər də həmişə olduğu kimi o biri işləri görsünlər. Kombaynçı özümüz olanda traktorçu kimi min zəhmətlə əkib-becərdiyimiz, biçdiyimiz taxılın da səmərəsini özümüz görəcəyik. Həm də ki, taxıl zəmisinə daha qayğıkeşliklə, səliqə ilə girəcək, məhsulun tələfatına, itkisinə yol verməyəcəyik. Axı, özümüz əkib-becəririk, özümüz çəkirik əziyyətini, - deyə Baba Səmədov cavab verir.

Gənc həmkarını diqqətlə dinləyən Mayorov gülə-gülə deyir:

- Sonra da deyirsən ki, savadın yoxdur. Gör hələ savadın olsaydı, səndə hansı böyük ideyalar yaranardı...

Və onlar növbəti mövsümə öz briqadaları ilə çıxırlar. Baba Səmədov traktoru özünün davamçısı, o vaxt hələ məktəbli olan  olan oğlu İntiqama, Mayorov isə öz köməkçisinə etibar edir. Həmin il və sonrakı illərdə hər ikisi yüksək göstəricilərə nail olurlar. Bunun nəticəsi idi ki, Baba Səmədov 38 yaşında ikən – 1972-ci ildə taxıl istehsalında əldə etdiyi yüksək nəticələrə görə Sovetlərin ali ordeninə - Lenin ordeninə layiq görülür.

İldən-ilə taxılçılıq sahəsində daha böyük uğurlar qazanan Baba Səmədov sonrakı illərdə üç dəfə Respublika Ali Sovetinin deputatı və Mərkəzi Komitəyə üzv seçilmiş,  Moskvada keçirilən  XXV, XXVI və XXVII qurultaylarda Azərbaycanın nümayəndəsi kimi iştirak etmişdir. Onun əldə etdiyi böyük nailiyyətlər sayəsində Şəki rayonunun Taxılçılıq sovxozu 1976-cı  və 1979-cu illərdə həm Azərbaycanın, həm də SSRİ-nin keçici Qırmızı bayraqlarına layiq görülmüşdü. 1978-ci ildə isə Ulu öndər Heydər Əliyevin təqdimatı ilə respublikanın baş taxılçısı olan Baba Səmədova L.Brejnev tərəfindən Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.


Ona hörmətsizlik edən raykom katibi sonradan səhvini düzəltməyə çalışmışdı


Bütün Şəki rayonunda rəsmiyyətdən uzaq olaraq sadəcə “Baba dayı” kimi çağırılan Baba Səmədov hər dəfə taxıl biçininə başlamazdan əvvəl taxılın yetişib-yetişmədiyini bilmək üçün yerli aqronomların fikrini öyrənsə də, özü də tez-tez sahələrə baş çəkər, dənin tutub-tutmadığına diqqətlə baxar və ilkin olaraq sınaq biçini aparardı.

Nurəddin Mustafayevin Şəki rayonuna birinci katib təyin olunduğu ilk illərin birində  Baba dayı onunla bağlı xoşagəlməz bir əhvalatı xatırlayaraq deyir:

-  Həmin gün səhər arpa biçininə çıxmışdım. Gördüm ki, quraqlıq olduğundan taxıl dənə yaxşı gəlməyib. Adətən bir bunker taxılın çəkisi yaxşı halda 1,7-1,8 t olurdu. İlk biçimdə isə bir bunker güclə 1,5 t olmuşdu. Taxıl hələ dənə yaxşı dolmamışdı. Səhərisi gün isə Nurəddin Mustafayev sovxozda rayon üzrə kənd təsərrüfatı müşavirəsi keçirməyi qərara almışdı. Tədbir başlayan kimi ilk sözü bütün Qafqaz regionunda ən böyük taxılçılıq təsərrüfatı olan bizim sovxozun direktoru İsmayıl Hacıyevə verdi və onun boynuna zorla qoydu ki, sovxoz bu il hər hektardan 30 sentner taxıl verməlidir. 2-ci şöbənin müdiri, Sosialist Əməyi Qəhrəmanı Hüseyn Əhmədovun çıxışından sonra mənə söz verildi. Bir gün əvvəl, elə həmin günü səhəri də zəmidəki vəziyyətlə tanış olduğumdan bildirdim ki, bu il hər hektardan 30 sentner gözləmək mümkün deyil. Bildirdim ki, bu göstərici ən yaxşı halda  27-28 sentnerdən çox olmayacaq. Bu, mənim şəxsi proqnozum idi. Lakin bu fikrim  katibin xoşuna gəlmədi və yerindəncə qışqırdı: “Saxla, saxla! Bu da bizim qəhrəmanımız, Mərkəzi Komitənin üzvü, Ali Sovetin deputatı, sovxozun mayakı... Müdirini müdafiə eləyir. Hmm...Kifayətdir. Keç otur yerində”. 

Onun bu kobudluğu, hörmətsizliyi mənə çox ağır gəldi. Heç vaxt mənə qarşı bu cür hörmətsizlik edilməmişdi. Zaldakılar da katibin kobud hərəkətindən məyus olmuşdu. Ancaq bəziləri məni qınadı ki, Baba dayı, axı, nə dərdinə qalıb, niyə belə danışdın? Dedim ki, mən həqiqəti, düzünü demişəm, neyləcək mənə? Çox yamana yetər, deputatlıqdan geri çağırar. Respublika rəhbəri Heydər Əliyevin, L.Brejnevin verdiyi Sosialist Əməyi Qəhrəmanı adını ki geri götürtdürə biməz. Bircə, olsa-olsa, yenidən deputat seçilməyimə mane ola bilər. Xülasə, kolxoz sədrləri, sovxoz rəhbərləri, qabaqcıllar çıxış edib, qurtardıqdan sonra soruşdu: “Yaxşı, biçini sabah saat neçədə başlamaq olar?”. Katibə xoş gəlmək üçün yerdən biri qayıtdı ki, saat 6-da.

Səhər saat 6-da biçin olmazdı axı. Taxıl səhərə yaxın nəm olur. Biçəndə çoxusu  kombaynın “ağzından” qaçır. Ancaq nə aqronomlar, nə də sovxoz rəhbərliyi etirazlarını bildirmədilər. Mənə göstərilən münasibətdən sonra kimin cəsarəti çatardı ki? Son sözü bu oldu ki, “bütün çıxışlar bəyənilsin, qəhrəmanımızın çıxışından savayı”.

Mən səhər tezdən kombaynımı sazlayıb, yanacaqla doldursam da, sahəyə girməyə tələsməyib, yalnız saat 9-da ora yaxınlaşdım. Mənim fikrimlə razılaşdıqları üçün o biri kombaynlar da mənim kombaynımın dalımca gəlirdilər. Katibin tapşırığına baxmayaraq, heç bir kombaynçı saat 6-da zəmiyə girməmişdi. Hər halda onlar da biçinə nə vaxt başlamağı bilməmiş deyildilər. Birdən gördüm ki, katibin UAZ-ı qabaqdakı yoncalığa dönüb dayandı. Sürücüsü mənə yaxınlaşıb, gülə-gülə dedi ki, “səni çağırır”. O da bilirdi ki, mənim çıxışım katibin xoşuna gəlməyib.

-  Yoldaş qəhrəman, saat neçədir?

- 10-a işləyib, Nurəddin müəllim, - dedim.

- Bəs biçin neçədə başlamalıydı?

- Deyilənə görə 6-da, ancaq o vaxt biçin olmaz, - deyib yenə də öz sözümü yeritdim.

- Olmaz? Niyə ki?

- Çünki taxıl həmin vaxt hələ canını gecənin nəmindən qurtara bilmir.

Bir az fikrə getdi və sürücüsünə qayıtdı ki, “Fikrət, daha onda biz niyə səhər saat 4-dən durub özümüzü bu sahələrdə öldürürük? Getdik”

Onlar uzaqlaşdı, biz isə kombaynlarımızla girdik taxıl sahəsinə.

Katib hər gün səhər tezdən sahəyə gəlib görür ki, iki günün “svodkasında” Baba Səmədov həm biçilən sahə üzrə, həm də yığılan taxılın həcminə görə birincidir. Təəccübünü gizlədə bilmir. Sən demə, o, elə bilirmiş ki, Baba dayı öz sözünü yeritmək, sübut etmək üçün qəsdən az nəticə verəcək. Biçin tam qurtardıqda isə məlum oldu ki, sovxoz üzrə hər hektardan elə dediyim kimi - orta hesabla 27, mənim biçdiyim sahələr üzrə isə 28 sentner taxıl yığılmışdı.

...Bir-neçə müddət sonra respublika Ali Sovetinə seçkilər keçiriləcəkdi.  

N.Mustafayev raykomun şöbə müdirinə zəng edib, soruşur:

- Şükürov, bu dəfə kimin namizədliyini verək?

- Məsləhət sizindir, Nurəddin müəllim.

- Deyirəm, qoy elə yenə də qəhrəmanımız – Baba Səmədov olsun.

Bu isə o demək idi ki, birinci katib Baba dayı haqqında səhv fikirdə olduğunu başa düşmüş, onun həqiqətən bacarıqlı, zəhmətkeş və qabaqcıl taxılçı olduğuna inanmışdı.

Bu, Baba dayının növbəti qələbəsi idi – katib üzərində!

Və təsadüfi deyildi ki, Ulu öndər Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinə qayıtdıqdan sonra ilkin olaraq Prezident təqaüdünə layiq gördüyü əmək adamlarından biri  məhz hər daim əməyinə və şəxsiyyətinə böyük dəyər verdiyi Baba Səmədov olmuşdu - Şəkinin taxıl çöllərinin, zəmilərinin  bahadırı, Qəhrəmanı Baba dayı!


Uşaqlıqdan Baba olan Baba dayı indi daha böyük Babadır - nəvələr, nəticələr BABAsı!

           
Baba dayı yalnız özünün halal zəhməti, əməksevərliyi ilə deyil, həm də sadəliyi, səmimiyyəti, qayğıkeşliyi ilə də hər zaman el-obanın hörmətini, rəğbətini qazanmış bir adamdır. O, heç zaman əmək qəhrəmanlığı, adı-sanı ilə öyünməyib, sakitcə gündəlik işi-gücü ilə məşğul olub. 15 il Azərbaycan Ali Sovetinin deputatı olanda da, Mərkəzi Komitəyə üzv seçiləndə də, üç dəfə Moskvada keçirilən qurultaylarda Azərbaycanın partiya nümayəndəsi olanda da sadəliyi ilə seçilib. Bütün hallarda öyündüyü, sevdiyi yalnız “kəhər atları” – traktoru, kombaynı olub. Hara getsə də, kimlə görüşsə də, yalnız öz traktorunun, kombaynının yanına qayıdanda özünü daha rahat, daha xoşbəxt hiss edib. Bir də, əlbəttə ki, ailəsinin yanında, 58 il birgə ömür sürdüyü vəfalı ömür-gün yoldaşı Zərifə xanımla, övladları, nəvələri, nəticələri ilə birgə.

Baba dayı  vaxtilə müharibə dövrünə düşdüyündən, erkən yaşlarılndan işə-əməyə bağlı olduğundan təhsil ala bilməsə də (zarafatla deyir ki, “krill əlifbasını təzəcə öyrənməyə başlamışdım ki, o da ləğv olundu, keçdik latna, indi heç oxuya bilmirəm”), övladları oxuyub sənət-peşə sahibi olublar. Böyük oğlu Ramiz müəllimdir, digər iki oğlu – Etibar və İntiqam   atalarının yolu ilə gedərək, qabaqçıl mexanizator, kombaynçı olublar. Çox sevdiyi, lakin həyatdan vaxtsız köçmüş bacısının adını verdiyi qızı Nailə isə səhiyyə işçisi, tibb baçısıdır. İndi Baba dayının 13 nəvəsi, 12 nəticəsi var. Hələ iki yaşı olan “sonbeşik” nəticəsi Rumella da o biri nəvələr, nəticələr kimi babasını çox sevir.

Baba dayının ali təhsilli idman mütəxəssisi olan sevimli nəvəsi Pərviz Səmədov da babası kimi artıq respublika miqyasında tanınmaqdadır. O, Azərbaycan  Milli yığma voleybol komandasının üzvü kimi 8 dəfə respublika çempionu, iki dəfə isə dünya Kubokunun qalibi olmuşdur.

Yəni ki, Baba dayı bu gün övladları, nəvə-nəticələri ilə haqlı olaraq fəxr edir. Bilir və inanır ki,  Səmədovlar estafeti etibarlı əllərdədir və həmişə də irəlidə olacaqdır.

 


Rəhman ORXAN,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.
e-mail: [email protected]

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır