Modern.az

Qazaxıstanda başlayan aclıq... – Dəhşətli TARİX

Qazaxıstanda başlayan aclıq... – Dəhşətli TARİX

Hadisə

31 May 2021, 12:44

Ötən əsrin tarixini vərəqləyəcəm. Çoxumuza sirr olaraq qalan tariximizi, səhifələrini oxumadığımız, xəbərimiz olmayan tariximizi.  Stalin repressiyanın açı taleli insanların aqibəti,  “sabotaja” görə  acı bibər qazı verilən bəxtsiz kolxozular, Şoloxovun Stalinə yazdığı məkrubu, adam əti yeyən adamlar, qazax xalqının başına gətirilən aclıq soyqırımı haqqında qatı açılmayan tariximizin səhifələrini yaxından bilmək istəyirsinizsə, bu tarixi araşdırmamı axıra kimi oxuyun. Rəqəmlər, sitatlar tarix kitablarının və arxivlərdən götürülüb. Elə isə, buyurun! 

   
Ömur kitabımızın səhifələrinə, nəsillərimizin  şəcərəsinə  ayrılıqlar, fəlakətlərlə  iz qoyan ötən əsrin 1919-1929-cu illərində  Sovet sistemini tərkibində olan bütün ölkələrin kənd təsərrüfatını məcburi surətdə  kollektivləşmə sisteminə keçirdi. Bu da o demək idi ki, illərlə xanlıq ,bəylik, mülkədarlıq edən insanlar bütün var-dövlətlərindən olmalı idilər. Sənəd öz icrasını çox gözləmədi. 1928-ci ilin yazında Narkozem (Xalq Torpaq Komitəsi) və RSFSR-in  (Rusiya Sosialist  Federativ Sovet  Respublikası )  Kolxoz  Mərkəzi tərəfindən  kəndli təsərrüfatlarının kollektivləşməsi barədə beşillik planın layihəsi hazırlandı. Sənədə görə, bu Sovetlər ölkəsində olan 1,1 milyon təsərrüfata şamil edilmişdi.   Bu islahtların da nəticəsində  ilk olaraq Qazaxıstanda kütləvi   ölüm və repressiya  başlandı.

  
1919-1922-ci illərdə Qazaxıstanda başlanan açlıq

   
Həmin illərdə , əslində Qazaxıstanda nə qədər insanın açından ölməsi barədə dəqiq rəqəmlər yoxdur. Tarixi arayışlarda qeyd eolunur ki,   ölkənin bir çox regionlarında, və eləcə də Qazaxıstanda  məhsuldarlıq çox aşağı olub. Hərbi kommunizmin tələblərini yerinə yetirmək üçün 1919-20-ci illərdə ərzaq məhsullarının düzgün bölüşdürülməsi  eqidası altında  gedən islahatlar əslində ərzaq diktaturası idi. Ərzaq hazırlığı kompaniyası adlanan bu tədbirlər zamanı ailələrdə, evlərdə olan artıq saydıqları ərzaq məhsulunu əhalidən məcburi şəkildə alırdılar. Əvvəllər bu kəndlilərdən məcburi şəkildə yığıaln  buğda,  kartof idisə, sonradan əhalidə olan ət məhsullarını, mal-qarası, toyuq cücəsini də  məcburi surətdə götürməyə başladılar. Qazaxıstanda  çörək məhsuldarlığı az olduğundan, insanların   mal-heyvanını həyətlərindən sürü ilə götürməyə başladılar. Bu da  sakinlərdə və vətəndaşlarda  haqlı narazılığa səbəb oldu. Çünki qazaxlar daha çox  ət ilə qidalanırlar.  Malı-heyvanı olmayan  qazax , başqa yeməklərdən istifadə etməz. Bu onların genetik kodlarıdır.  Malı-heyvanı gedən insanlar  silahlanaraq, dövlətə qarşı vuruşmağa başladılar. Aç  insanlarin hədəfi  mövcud hökumət idi. Vəziyyətin gərgin olduğunu görən Xalqın atası  İosiv Vilarionoviç Stalinin  sərəncamı ilə  bir çox respublikalarda  Mərkəzi Komitələrin birinci katibləri dəyişdirildi. 1925-ci ildə  Fillip İsayeviç Qoloşekini Qazaxıstan Muxtar Sovet Respublkasının Mərkəzi Komitəsinin  birinci katibi təyin etdi.  Elə həmin ilin dekabrın 25-də Qızıl Orda şəhərinə gələn Qoloşekin partiya konfransında çıxış edərək deyir ki, Qazaxıstanda heç bir sovet hökuməti olmayıb. Və elan edir ki, sovet hökumətini qurmaq üçün indi o, sıfırdan başlamalıdır. Həmin konfransda 1927-ci il Oktyabr Kollektiivləşmə illərində  Qazaxıstanda maldarlıqda xeyli itki olur. 1928-1932-ci illərdə  iribuynuzlu maldarlıq 6 milyon 509 mindən 965 min baş heyvana düşür, qoyunçuluq 18 mln566 mindən 1 mln386 min başa düşür, at 3 miln 616 min başdan 416 min başa, dəvə isə 1 mln 42 min başdan 63 min başa enir.

Qoloşekinin ilk işi qazax millətinin ziyalıları və bəy mülkədar ailələrini yox etmək olur. 1926-1927-ci illərdə  Fillip Qoloşekin  bəylərdən və sultanlardan , yəni mal-mülk sahiblərdindən ərazilərini, mal-qaralarını, var-dövlətlərini alaraq kasıb kəndlilər arasında bölməyə başlayır. Zəngin zadəgan, bəy və sultan ailələrini  ölkənin ucqarlarına sürgün edir.


Bəyliyi tari mar olan bəylər...


Qoloşekin təmizləmələrindən əvvəl, yəni 1926-cı ildə  SSRİ-də qazaxların sayı 3 milyon 968 289 nəfər idi. 1939-cu ilin siyahıyaılnmasından sonra  qazaxlar   3milyon  100 949 nəfər göstərilirdi. Yəni rəsmi məlumatlara görə qazaxların sayı  14 il ərzində 867 340 min nəfər azalmışdı. Nəsil artımı xətti ilə hesablananda isə, həmin illər ərzində qazaxlar 1 milyon nəfər artmalı idilər. Bu isə bir xalqın yavaş-yavaş yer üzündən silinməsi və ya soyqırım demək idi.    Qanlı repressiyaya məruz qalan, vətənlərindən qaçan qazax ailələrndən  qonşu Qırğızsatana da sığınanlar oldu. Sürgünün ilk illərində yerli şəraitə, başlarına gələn dər və fəlakətin ağırlığına dözə bilmədikləri üçün qazaxların həyatlarının sonu ölümlə nəticələndi. Bir qırğız ağsaqaalı o zaman gördüklərini sonradan belə nəql edəcəkdi: “ Qonşu qazaxıstandan bizə gələnlərin əyin başları cırıq, qarınları ac idi. Hər bir qırğız  ailəsi  onların bu fəlakətli halını öz dərdi kimi qəbul etdiyindən onlara himayə durmağa başladı. Biz çörəyimizi, yeməyimizi onlarla bölüşürdük. Öz yurtlarımızda onlara yer verirdik.  Həmin ağır aylarda və iilərdə hara çıxırdıqsa, yolda, talada qazax ölüləri görürdük. Biz onları qırğız adətinə uyğun dəfn edirdik.”.  Xalqın atası  Stalinin və onun davam etdirdiyi  Sovet sistemini öz qayda-qanunu var idi. Heç cür etiraz qəbul olunmurdu.  Mal-qarasını, evini, aulını, nəslini  acından ölməmək üçün etiraz edən, üsyan edən qazaxları “basmaç bandası” adlandırırdılar. Əsil həqiqətdə isə bu etiraz  aclıqdan ölməmək, ölümdən  xilas olmaq istəyən qazaxların yaşamaq haqqı idi. Başını qurtara bilən qazaxlar ailəsi ilə, və ya nəslindən sağ qalanları ilə ya yaxın sərhəd qonşusu  Çinə qaçır, ya da Rusiyanın  gözdən uzaq yerlərində sığınacaq tapırdılar. Deyilənlərə görə, sərhədlərdəki maneələri yara bilən 100 mindən artıq qazax bəladan canını və ya nəslini qurtara bilmişdi. Bu düşünülmüş sürgünlərdə ilk zərbə  “bay”- bizim təbirimizcə “bəy”lərə dəyir. Hər qazax aulında bir bəy, bəyzadə var idi.  Kəndlərdə qohum-əqrabalar  adətən toplum halında yaşayırlar.  5,6, 10 evdən  ibarət olan kəndlərdəki mal-qaranı, torpaq və otlaq səhalərini   əhalinin əlindən alıb, onları məcburi şəkildə kollektiv təsərrüfata qoşulmağa təhrik etdilər. Hakimiyyətin ən çox qorxduğu insanlar isə bu bəy və bəyzadələrin, kənd adamlarının ətrafında, daxilində olan ziyalılar idi. İlk növbədə onların susdurulması qərara alındı.  Təbii ki, kəndin, aulun, elin-obanın yol göstərəni olan ziyalıların aradan götürülməsi, həmin şəxslərin basız, böyüksüz qalması demək idi. Qazaxları sarvanı olmayan karvana döndərmişdidlər.  Öz hüququ uğrunda mübarizə apara bilməyən savadsız kəndlilər, aclığa məruz qaldılar. Belə  məhvə məruz qalan ziyalılardan biri də 1929-cu ildə  “Alaş Orda” təşkilatının liderləri və üzvləri oldu. Onların arasında Əhməd Baytursınolı və 45 nəfər həbs olunaraq  güllələndilər.

  Elə həmin  ərəfədə Bolşevik İnqilabının 10 illik yubileyi üçün  hökuməti qurmaq haqda bəyənat  da verildi.  Qoloşekin təmizləmə işlərinə qazax kəndlərindən – aullarından başlamağı  uyğun bildi.  Və qısa zaman ərzində  aç kəndlilərdən və bolşeviklərdən yaratdığı hərbi dəstələrə  bu aullarda  vətəndaş müharibəsi aparmağa göstəriş verir.  Atədən köçəri həyat tərzinə öyrəşən qazaxları kütləvi surətdə oturaq  yaşayış sisteminə keçməyə məcbur edir.


KOLLEKTİVLƏŞMƏ.... və ya “Beş sünbül” qanunu

Mərkəzi Komitə də öz islahatlarını həyata keçirirdi. Rusiya Kommunist (bolşevik) Partiyasının  Mərkzəi  Komitəsinin 1928-ci il 10 iyulda keçirilən iclasında qəbul edilən  “ Taxıl Tədarükünün ümumi təsərrüfat əsasnaməsi” adlı Qətnaməsində  göstərilirdi ki, “müharibədən əvvəlki normaya görə  əkin sahələrindən yığılan məhsul 95 % təşkil etdiyi halda, hazırkı vəziyyətdə bu rəqəm 50 %dən yuxarı deyil”. Bu məqsədlə görülən tədbirlər nəticəsində heç bir il keçməmiş, 1929-cu ilin yazında  artıq  kollektivləşmə sisteminə keçən kəndli təsərrüfatlarının sayı 4-4,5 milyona çatmışdı.  Bolşevik Kommunist Partiyası üçün bu rəqəm  çox sevindirici bir göstərici idi. Beşillik plan 1 ildə yerinə yetirilmişdi! Bəs görəsən bu tələsik plandoldurmanın arxasında hansı görünməyən sirlər var idi?

... 1929-cu ilin payızında  partiya dövlət rəhbərliyi  tərkibində olan bütün sovet respublikaların kəndlərində yeni siyasəti həyata keçirməyə başladı. Bizim həmyerlilərimizə kolxoz və kollektivləşməyə keçmə tarixi  ən azı “Axırıncı aşırım” bədii filmindən bəllidir. Bu filmdə kollektivləşmə və kolxoz  siyasətinin bir eilin, bir mahalın , bir obanın dağdan ağır  kişilərinin başına hansı oyunlar açdığını yaxşı bilirlər.  Ata-babalarından, qədim köklərindən  bir-birinə ötürülən bəylikləri, xanlıqları  bolşeviklər tərəfindən alınan kişilər bütün ailə üzvləri ilə birlikdə həm də repressiyalara məruz  qalırdılar.  1930-cu  il yanvarın 5-də Rusiya Kommunist (bolşevik) Partiyasının  "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatı sahəsində  sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluqlər  edən güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda və digər Federativ Respublikalarda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.

Kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qəbul edilən qərar təkcə Azərbaycanda  2 milyona yaxın insanın  qolçomaq adı ilə damğalanaraq sürgünə göndərilməsi  ilə  nəticələndi. Kütləvi kolxozlaşmanın  gətirdiyi fəlakərlərdən biri də sovet ərazilərindəki  1931-1933-cü illərdə başlayan   aclıq oldu. Bu aclıq nəticəsində   milyonlarla insan öldü. Sovet hökumətinin  (SSRİ Xalq Komissarları Soveti)"Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında"    , 1930-cu il fevral ayının 1-də keçirdiyi Plenumun  qərarına  görə   Kolxoza qarşı çıxanlar  ya məhv edilir, ya da sürgünə göndərilirdi.  Tezliklə bu planının da dodldurulmasına başlandı. Plana görə:

- Həbs düşərgələrinə 60000 min adam göndərilməli, sürgünlərə isə 150000 min qulaq (yəni qolçomaq) getməliydi.

- sürgün olunanlar  Sibirə, Ural, Qazaxıstanın səhralarına göndərilirdilər. Baxmayaraq ki, bu sürgünlərdə aclığa ən çox məruz qalan Ukrayna və Qazaxıstan Respublikaları oldu.Var-dövləti, mal-qarası müsadirə olunub, sürgünə göndərilən  ailələrə özlərində cəmi 500 rubl pul saxlamağa icazə verildi.

Kəskin çəza tədbirləri özünü doğrultmaurdu. Fəhlə-Kəndli Xalq Komissarlığının müfəttişliyinin göstəricilərinə görə i 1931-ci ildə  taxıl yığımında 15 milyon ton itki oldu, 1932-ci ildə isə bu rəqəm bir az da böyüdü. Ukraynada, Qazaxıstanda, Orta Volqa ərazilərində taxıl sahələrindəki itkilər , az qala Sovet Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetini çökdürmək ərəfəsində idi.   


Şoloxovun Stalinə  hiddət dolu məktubu...


Vəziyyəti belə görən  İosiv Vilarionoviç Stalin yaxın dostu və silahdaşı  Lazar Moiseyeviç   Kaqanoviçlə məsləhətləşdikdən sonra belə qərar qəbul edirlər ki, fəhlə və kəndlilərə verilən taxıl payı birmənalı surətdə kəsilməlidir ki, ölkənin taxıl planı dolsun.  QULAQ əməliyyatlarında gücdən düşmüş, zəifləmiş boşalan kənd və rayonlar, işçi qüvvəsinin az olması səbəbindən  əkin biçin işlərini  vaxtında bitirmək olmurdu. İnsanlar istirahət etmədən, gecə və gündüz işləyirdilər.   Bir tərəfdən də, Stalinin imzaladığı yeni sərəncamlara   görə ailələrə buğda, taxıl payı vermək olmazdı. Bu yeni tədbirlərin tətbiqindən sonra isə  insanlar arasında kütləvi surətdə aclıqdan ölmə halları çoxalmağa başladı.

Lazer Koqanoviçə görə, məhsuldarlığın aşağı düşməsinə səbəb kəndlilərin  sabotaj (yəni bilə-bilə mane olmaq, işi pozmaq) yaratmaları idi.  Bu adla da indi də kənd təsərrüfatına və kolxozlara rəhbər təyin edilmişlərin  kütləvi repressiyası başlandı. Elə kəndlər var idi ki, oradan insanları kütləvi surətdə sürgün edirdilər. Hətta çörək payları əllərindən alınan kəndlilər də, etiraz etdiiklərinə görə kütləvi surətdə repressiyalara məruz qalırdılar. Bütün bu acınacaqlı hadisələrin şahidi olan, dövrünün tanınmış yazıçısı  Mixail Aleksandroviç Şoloxov  1933-cü il aprelin 4-də İ. Stalinə 12 səhifəlik  məktub ünvanlayır: (həmin məktbun bəzi  hissələrini təqdim edirik)


 “Yoldaş Stalin!


Şimali Qafqaz əyalətinin bütün rayonları kimi Veşenski rayonunda  da   çörək tədarükü və  buğda səpini planını yerinə yetirməyiblər. Bu və  başqa rayonlarda hazırda kolxozçular və fərdi təsərrüfatçılar acından ölürlər: əlllərinə düşən ot-ələfi yeyən böyüklər  və uşaqlar şişərək, ölürlər. Bir sözlə bizim  rayon da  başqa rayonlardan heç nə ilə fərqlənmir.Vilayət üzrə Veşenski  rayonu  irəlidə gedənlərdən olub. 1930-31-ci illərin ağır şəraitinə baxmayaraq,  səpini və çörək tədarükünü müvəffəqiyyətlə  yerinə yetiriblər. Göstəriciləri sizin diqqətinizə çatdırıram:

1930-cu il  —   87571 hektar.

1931-ci il  — 136947 hek.

1932-ci il — 163603 hek.

Gördüyünüz kimi, kollektivləşmə nəticəsində səpin sahələri iki dəfə artıb.  Onların hansı əziyyətlərə qatlaşması, hansı çətinliklərdən keçməsi,  yarımcan heyvanlarla bu qədər sahələri sürüb, şumlamaları, bol məhsul götürmək üçün dəridən-qabıqdan soyulmalarını mən ikinci kitabımda “Dirçəlmiş səhra”-da yazacam. Əslində hər iş  yaxşı gedirdi,lakin baş verən   təbii fəlakətlər, müxtəlif səbəblər üzündən məhsul azalmağa başlayır. Sizin köməkliyiniz olmasa bu fəlakətləri dəf edə bilməyəcəyik.

Veşenskiy rayonu yem tədarükü, çörək tədarükü planını ona görə yerinə yetirməyib ki, qulaq sabotajçıları və partiya təşkilatları işlərini düzgün qura bilməyiblər. Çünki  vilayət rəhbəri öz işini bacarmır. Planı yerinə yetizdirmək üçün əlahiddə saləhiyyəti olan başçılar isə xalqa zülm edirlər.

Mən nümunələr gətirərək bunu Sizə izah etməyə çalışacam:

1.Kolxozçuları və təsərrüfatçıları kütləvi surətdə döyürlər.

2.Onları soyuq quyulara sallamaqla cəzalandırırlar. Kolxozçuları başdan-ayağa soyundurur və quyu olmayanda soyuq ambarlarda bağlayırlar. Yanvar-fevral-mart aylarında elə olub ki, insanları briqada ilə belə anbarlarda saxlayıblar..

3.  Vaşayev kolxounda  kolxozçuların ayaqlarının altına benzini töküb, sonra yerə od vurublar, Onların ayaqları yananadan sonra odu söndürüblər. Bir çoxunu isə quyulara atıb, üstünü torpaqladılar. Qalanlarını isə işgəncə verərərk istintaq edirlər.

4. Napolov kolxozunda rayon komitəsinin üzvülüyünə namizəd  Plotkin dindirmə zamanı kolxozçunu  közərmiş dəmirin üstündə oturmağa məcbur edib. Həbs edilmiş adam qışqırıb ki,”... istidir otura bilmirəm”, onun üzərinə qaynar su töküblər. Sonra isə bədbəxti soyuq şaxtaya çıxarıblar və yenə ambara salıb, ağzını bağlayıblar. Həmin Plotnikov bir təsərrüfatçının əlinə naqan verərək deyib ki, ya  özünə atəş aç, ya da mən səni güllələyəcəm...  

5. Varvara kolxozunda  məntəqə katibi Anikeev briqadanın iclasında  qadın və kişilərin hamısını məcburi surətdə maxorka çəkməyə məcbur edib, sonra isə qaynar sobanın üzərinə acı istiotu atıb. İclasdakılara isə əmr edib ki, binanı tərk etsələr onları güllələyəcək.  Rayon Komitəsinin digər üzvü Paşinskiy dindirmə zamanı kolxozçulara sala ilə qarışdırılmış  çoxlu su içirdib , sonra isə onları nöyütə bulanmış buğdanı yeməyə məcbur edib.

6. Solontsov kolxozunda  otağa insanın meyitini gətirərək, həmin meyitin yanında kolxozçuları istintaq ediblər, özlərinə sərf etməyən cavabı almayınca onları, güllələyəcəkləri ilə qorxudublar.

7. Kolundayev kolxozunda çılpaq insanları  üç saat qarın üzərində açıq havada qaçırdıb-qovublar. Donmuş insanları sonra Bazkov xəstəxanasına gətiriblər.

... Belə dəhşətli işgəncə hallarını saymaqla bitməz. Bunlar ayrı-ayrı hallar deyil, bütün rayon mərkəzlərində insanların üzərində bü cür zorakılıq edirlər. Bu artıq kütləvi hal alıb. Və bu hadisələri mənə ya kommunistlər danışır, ya da kəndli və kolxozçuların özləri deyirlər. Xahiş edirlər ki, bu dəhşətlər haqqında qəzetdə yazım.

Sizə minnətdarlıqla M. Şoloxov”.


Yuxarıda Şoloxovun bir sözünə diqqətlə edin: “əlahiddə saləhiyyəti olan başçılar isə xalqa zülm edirlər”.  Düşünmək olardı ki, xalqın  və millətin atası Stalin böyük yazıçının  bu etirazına və  şahidi oldğu  dəhşətlərdən narahatlıq keçirəcək, və xalqın xeyrinə nəsə yeni bir qərar qəbul edəcək. Stalinin dəftərində etirazçıya, xalq kütləsinə qarşı əhv yox idi. O belə hesab edirdi ki, bir dəfə xalqa güzəştə gedərsə, o zaman həmin xalqın qarşısında dayana bilməyəcək.  Böyük yazıçının məktubuna cavab özünü çox gözlətmir. O Mixail Şoloxova  may ayının 6-da belə bir cavab yazır:

“Hörmətli yoldaş Şoloxov!

Xəbəriniz olduğu kimi, Sizin hər iki məktubunuzu almışam. Tələb etdiyiniz kömək olunub. Tam təfərrüatını bilməniz üçün Veşenski rayonuna, Sizin yanınıza  yoldaş Şkiryatov gələcək, xahiş edirəm ki, ona kömək edəsiniz.

Bu belə. Lakin hələ hamısı demək deyil, yoldaş Şoloxov. İş ondadır ki, Sizin məktublarınız birtərəfli təəssürat yaradır. Buna görə mən Sizə bir neçə söz yazmaq istəyirəm.

Mən məktuba görə Sizə minnətdarlıq etdim, belə ki, o məktublar  bizim  partiya-sovet işimizin ağrılı yerlərini açıb göstərir, əfsuslar olsun ki, bizim işçiılərimiz  bəzən düşmənə həddini bildimək üçün, cilovu bərk çəkirlər və bilmədən dostlarını vururlar və belə halda sadistlik etməyi də bacarırlar. Lakin bu o demək deyil ki, mən Sizinlə təmamiılə razıyam. Siz bir tərəfi görürsünüz, və pis görmürsünüz. Bu məsələnin bir tərəfidir. Siyasətdə səhv etməmək üçün (Sizin məktublarınız belletristka deyil, başdan-ayağa siyasətdir), bir az uzaqgörən olmaq lazımdır, o biri tərəfi də görmək lazımdır. O biri tərəf budur ki,   sizin rayonun hörmətli çörək tədarükçüləri (təkcə sizin rayonun yox)   “italyanka” (sabotaj ) ediblər və  Qırmızı Ordunu az qala çörəksiz qoyacaqdılar. Həmin sabotaj əslində sakit və səssiz edilib(qan tökülməyib)—lakin bu fakt  onların səssiz sabotaj etməklərini , səssiz müharibə etdizklərini dəyişmir. Onlar Sovet hökuməti ilə səssiz müharibə aparıblar. Gizlincə hökuməti gücdən salmaq istəyiblər, dəyərli yoldaş Şoloxov...

Əlbəttə, bu o demək deyil ki,  bu hadisə Sizin qeyd etdiyiniz kimi, bizim işçilərimizin törətdiyi yaramazlıqları ört- basdır edir. Bu yaramazlıqları edənlər də layiqli cəzalarını alacaqlar.  Əlbəttə , mən də bilirəm ki, bizim hörmətli çörək tədarükçülərimiz uzaqdan göründüyü kimi o qədər də yazıq deyillər.

Nə isə, sağlıqla qalın və əlinizi sıxıram.

Sizin İ.V. Stalin”


Tavada qızardılan uşaq ürəyi…     


Hətta Şoloxovun məktubu da Millət atasını rəhmə gətirə bilmir. Bu da Levon Mirzəyan və Lazer Qoloşekin kimi “sadiq” pariya işçilərinə öz qatı cinayətlərini davam etdirməyə daha  geniş imkanlar yaradır. Nahaq deməyiblər ki, “balıq başdan iylənər”. Təbii ki, aşağıda  sistemin rəhbər  işçilərinin hansı üsulla insanlara zülm etmələri, ordunu və dövləti gücləndirmək üçün  planlı surətdə edilən hərəkətlərdən Millət atasının xəbəri var idi.

Qoloşekin yaxşı bilirdi ki, ətrafında olan kommunist qazaxlar da onun bu ideyası ilə razılaşmayacaq, dədə-baba adətlərini tərgitməmək üçün müqavimət göstərəcəklər. Öz işini  rahat həyata keçirmək üçün Qoloşekin  partiya liderlərini aradan götürməyə başlayır. A.Baytursınov, M.Dulatov, M.Jumbayev, M.Tınışbayev, J.Dosmuxamedov və  onlarla belə milli ziyalıları həbs etməyə başlayır. 1931-33-cü illərdə sürgünlərdə və  zindanlarda 2,4 milyiona qədər qazax ziyalısı və vətənpərvəri həlak olur . Həmin illərin statistik göstəricilərində qeyd olunur ki, Qazaxıstan MSSR-in 48 faiz əhalisi ölmüş və vətəni tərk etmişdilər.           


Fillip Qoloşekin və  Levon Mirzoyanın qazaxları milli kimliyindən ayrı salmaq  planlarının həyata keçirilməsi nəticəsində  Əgər 30-cü illərdə bu və ya digər səbəblərdən 2 milyona qədər insan ölmüşdüsə, indi ölüm aclığı insanları ailəliklə, nəsilliklə aparırdı. Aclığın 1-ci ilində 1 milyon insan da belə öldü. Qazaxların 1932-33-cü ildə itirdikləri insan sayı 4 milyon 68 min adam oldu.

Yemək tapmaq üçün özündə güc tapanlar Novosibirskə gedən dəmir yoluna çıxırdılar. Getdikləri torpaqlarda isə onları heç kim gözləmirdi. Yurd yerlərində, çadır evlərində qalan qazaxlar isə elə kimsəsiz  ölürdülər. Həmin illərin sənədlərində qeyd olunurdu ki, insanlar arasında  insan əti yemək adi hal almışdı. İstintaq ifadələrində yazılırdı: “ Uzaqdan bir yurt gördük, oraya yaxınlaşanda bir nəfər adama oxşayan  , hərəkət edən nə idisə çıxıb qaçdı. Yurtun içərisinə girəndə, ocağın üstündəki qazanda insan əti qaynadıldığını şahidi olduq. Onlar ölmüş naməlum bir şəxsin  bədəninin hissələrini qaynadıb yeyirdilər. Semeydəki xəstəxanada  ölən uşaqları, qocaları.. taxta şalban kimi bir-birinin üstünə yığırdılar.  

Qazaxların aclıq əlindən köçüb gələrək məskunlaşdıqları  Rusiyanın  Şimal vilayətlərində  onlardan “adamyeyən” obrazı formalaşdırmışdılar. Yerli əhali öz uşaqlarını qazaxlardan qoruyurdu. Hətta uşaqlarını qazaxlarla qorxudurdular. Belə fikirləşirdilər ki, aç  qazaxlar onların uşaqlarını oğurlayıb, yeyirlər. Hətta  bir dəfə Çaqirov soyadlı bir qazax çörək istəmək üçün  bir  baraka girir, orada iki uşaq olur. Uşaqlardan biri qazaxı görüb qışqırır. Səsə gələn  ətrafdakı insanlar, qazaxın dediklərinə deyil, uşağın qışqırtısına reaksiya verərək, onu linc etmişdilər. Yerli əhali  gəlmə qazaxlardan xilas olmaq üçün provokasiyalara əl atır, onları harada görsələr, şər-böhtan etməkdən belə çəkinmirdilər. Hətta qurunun oduna yaş da yanırdı. Heç bir hüququ olmayan, haqqı tanınmayan qazax və qırğız millətindən olan insanları harada görürdülərsə onları döyür, al qana qərq edirdilər.  Milis orqanlarında  onlara  “kriminal və cinayətkar elemet” adı da vermişdilər.

“1933-cü ildə şəhər icraiyyə komitəsinin müavini,   Markaryanın imzası ilə tərtib olunmuş bir sənəddə  ac qalmış qazaxların  ölmüş insan ətlərini, eləcə də öz övladlarını yeməsi faktı da  qeyd olunub.  Həmin sənəddə yazılır:

“Adamyemə və yemək üçün adam öldürmə məqsədi ilə”  31 mart 1933-cü ildə tərtib  olunmuş sənəddə yazılır:

Son aylar Sovet İttifaqının  bir çox yerlərində adamyemə və satışda adam ətinin satılması hallarının baş verməsi barədə halla qeydə alınır:

Qazaxıstanda:

Aulie-ata şəhərində fevral ayının 11-dən 16-na kimi olan müddət ərzində  müəyyən olunub ki:  1) bazarda qadın bişirilmiş adam əti satıb. Məhkəmə tibb ekspertinin gəldiyi ilkin nəticəyə görə, bişirlmiş adam ətinin hissələri 6-7 yaşlı uşağa məxsusdur. 2) Özbək qəbristanlığında qazax kişinin əlində doğranmış və kəsilmiş uşaq götürüblər.

Bundan başqa, özbək qəbristanlığında  22 yaşlı qazax qadının meyiti hissələrə kəsilmiş halda aşkar olunub. Onun bədəninin ət olan hissələri kəsilib götürülüb.

Karakalin islah əmək düşərgəsində cəza çəkən Şakenovaya gətirlimiş ət yeməyinin insana aid olduğu aşkar edilib.   Əməliyyat zamanı  S. adlı vətəndaşın evində  öldürülmüş qadın bədənin hissələri aşkar edilərək götürülüb.

Şimal Vilayəti:

Pleseçsk  rayonunda, islah əmək düşərgəsində  İvanovun bədən hissələri aşkar edilib. Onun bədəninin yumşaq yerləri kəsilib götürülərək, bişirilib, və bir qrup şəxs tərəfindən yeyilib. İstintaq gedir. 19 nəfər həbs olunub.

 Nije-Voljskiy vilayəti:

 Krasnoyarsk rayonunun Natxaçı kəndində, kənd sovetinin nümayəndələri tərəfindən evdə donmuş meyit aşkar edilib: kənd sovetinin işçiləri meyiti  mənzildən çıxararaq, sonradan götürüb basdırmaqniyyəti ilə   həyətdəki saraya qoyublar. Lakin geri qayıdanda meyitin bədəninidən  ayaqlarının kəsilməsinin şahidi olublar.  Yaxınlıqdakı evdə yaşayanların evini axtaranda,  mənzildə ləyənin içərisində insan sümüklərinə bənzər sümük tapılıb. Hadisə araşdırılır.

Şimali Qafqaz Vilayəti:

Maykop rayonununun Qiaqin stansiyasında  kolxozdan xaric olunmuş  qulaq O.  arvadı ilə əlbir olaraq, 1933-cü il yanvar ayından  mart ayının 1-nə kimi müxtəlif vaxtlarda  evlərində kirayə qalan  fəhləni, onun arvadını və 4 uşağın öldürüb. Arvadı isə həmin adamların ətini bişirilmiş və çiy şəklində bazarda satıb. Aparılmış əməliyyat axtarış tədbiriləri zamanı onların həyətindən 4 ədəd bədəndən ayrılmış uşaq başı tapılıb götürülüb. Cinayət əməlini törətməkdə şübhəli kimi saxlanılan O. xəstəxanada ölüb.

Eyski rayonun Şerbin  stansiyasında yaşayan  , hazırda həbs olunan  fağır  kolxozçu S . bacıları deyirlər ki, fevral ayında acından ölən ərininin ətini  yeyiblər. Daha sonra aclıq onlara güc gəldiyindən 13 yaşlı kiçik bacılarını da kəsib yeyiblər. Bir müddət keçəndən sonra onlar digər kolxizçu  P.-nı aldadaraq evə dəvət edib, onu  da kəsib yeyiblər. Ümumilikdə 5 insan əti yeyiblər.  Sonuncuların ətindən kolbasa, və qış ehtiyatı tədarük ediblər.

Həmin stansiyada yaşayan kolxizçu T.  Qonşusunun  9 yaşlı oğlunu evə çağıraraq,öldürüb. Həmin uşaqın bədən hissələrindənn hazırlanmış kolbasa onların evindən götürülüb.

Kurqan rayonu, Petropavlovsak  stansiyasının kolxozdan xaric olmuş sakinin evində bişirdiyi  tavada  uşaq ürəyi və ciyərini qızrdarkən hadisə yerində   yaxalanıb, mənzilin sobasında isə  ütülmüş uşaq başı aşkar edilib.

Aleksandr rayonu  Bir çox yaşayış ərazilərində sistematuik olaraq aclıqdan ölüm halları baş verir. Küçələrdə və kəndlərdə  aclıqdan ölənlərin meyitləri aşkar edilir. Senqilyev stansiyasında 1933-cü ilin 3 ayı ərzində  aclıqdan ölən 400 insanın cəsədi aşkar olunub.

Şəhər İcraiyyə Komitəsinin  rəis müavini:   --KLİMOV.”


Kimdən küsdü uşaqlığım...


Yenə sənədlərin dili ilə danışacam. 1931-ci ilin 7 dekabırında  Şərqi Sibirin Aley rayon icraiyyə komitəsi  Mərkəzi Komitəyə gəlmələr haqqında belə bir sənəd ünvanlayır: “Son iki ayda (oktyabr, noyabr) mövsümi işlərin azalması ilə əlaqədar,qazaxlar bizim  kənd və rayon mərkəzlərinə gəlirlər. Onlar bir yerdə qərar tutmurlar. Yeməyə çörəkləri də yoxdur, atları da acından ölür. Buna görə də yerlərdə  ağır yoluxucu xəstəliklər artmağa başlayıb. Buna baxmayaraq, RİK tədbirlər görməyə başlayıb. Onların bəzisi işlə təmin olunur. Onlar üçün artıq iki milli məktəb də açmışıq. Lakin onları ərzaqla təmin etmək lazımdır”.

Yaşamaq, ölməmək, iş tapmaq üçün qazaxlar ata-baba yurdlarını atıb, üzü Sibirə, və daha uzaqlara  gedirdilər. Bu yollarda ölən ölürdü, qalanlar isə min-bir əzaba qatlaşırdılar. Ən böyük müsibəti qocalar və uşaqlar çəkirdilər. Uşaqların əksəriyyətində distrofiya xəstəliyi baş alıb gedirdi.  RSFSR Sov.Xalq Komissarlığının  sədri D.E Sulomova 1932-ci ildə uşaqların düçar olduğu xəstəlik barədə  Sibirdən göndərilən məktubunda qeyd edirdi ki, Şərqi Sibir vilayəti uşaq evinə Qazaxıstandan  gələn 1500 uşaq qəbul edib.2500 nəfər isə xüsusi sürgün olunmuşların uşaqlrıdır. 1000 uşağın isə heç kimi yoxdur. Onlar aclıq  tüğyan edən bölgələrdən yığılıblar.

Tarixin arxivlərində heç nə itmir. 1933-cü ildən etibarən   Şimali Sibir tərəfdə uşaq evlərinin çoxaldılmasına başlandı. Bu uşaq evlərində əsasən Qazaxıstanda türkçülüyü məhv etmək üçün başlanılan aclıq qurbanlarının sağ qalan , qatar vağzallarında, xarabalıqlardan yığılan  uşaqlarını yerləşdirməyə başladılar. Ancaq qatarlardan 132 uşaq götürülmüşdü ki, onların da əksəriyyəti xəstə idi. Həmin uşaqları yerləşdirmək üçün  təkcə   Novo Omsk, Slavqorod, Biy, Aley və Prokopev  şəhərlərində 480 yerlik 5 xüsusi məktəb açıldı.

Şərqi Sibir ərazi prokurorluğunun yazdığı sənəddə qeyd olunurdu ki, aclıq əlindən Qazaxıstandan baş götürüb qaçan qazaxlar  Sibir çöllərində gördükləri  boş evlərin hamısını zəbt edir, özlərinə sığınacaq axtarırlar.Onların heç bir ərzaq ehtiyatları yoxdur.  Sibir soyuğunda onların əksəriyyəti elə yollarda, meşələrdə, vağzallarda ölürlər. Onların məskunlaşdıqları yerlərdə yoluxucu xəstəliklər yayılıb. Aclıqdan taqəti olmayan qazaxlar harada nə tapdılarsa  yeyirlər. Ölmüş heyvanların cəmdəklərini yeməkdən belə çəkinmirlər.   Ərzaqla təmin edə bilmədikləri üçün , hətta  övladlarından da imtina edirlər. Onlar  ağır tikinti və istehsalat işlərində çalışmaq istəyirlər ki, təki bir qarınlıq yemək paketi alsınlar.

Qoloşekinin qurduğu aclıq fəlakəti ucbatından vətənlərində bəy, xan olan  qazaxlar, onların övladları indi özgə qapılarında ən ağır işlıər görmək məcburiyyətində qalmışdılar. Onlar artıq ətin, südün, qaymağın, ətirli  çörəyin də dadını çoxdan unutmuşdular.   Ac qalmamaq, ölməmək üçün  yemək ətri gələn evlərə hücum edir, evlərdə olan  ərzaqları aparıb dəstə şəklində bölüşdürüb yeyirdilər. Aclıq onlara nə vaxtsa  xanlıq və bəyzadəlik statuslarını da unutdurmuşdu. Pyotr Kiselev adlı bir  təsərrüfat sahibi  17 oktyabr 1931-ci ildə öz ifadəsində yazır: “ Sizi əmin edirəm ki, mənim sahəmdə işləyən Korobay işə çox məsuliyyətlə yanaşır. O hətta kürəyində birdəfəyə 25 pud ağırlığında yükü rahatca daşıya bilir”. 

Qoloşekinin islahatlarına uyğun olaraq, qazaxlara hər yerdə təzyiq edilir, onların milli ruhunu qırmaq üçün hər cürə işgəncələr verilirdi.  Yeni yaşayış yerlərində iş yrelərinə öyrəşən qazaxların tez –tez yerləri dəyişdirilir, həftəlik, aylıq iş normalarını yerinə yetirən qazax fəhlələrinin əmək haqqları ya tam verilmir, ya da kəsilirdi. Əmək haqlarını istəyənlər isə avtomatik olaraq işdən azad olunurdular...


Türkün qolu bükülməsin


...  Dünyada heç bir hökmüdar, heç bir rejim əbədi deyil. Stalin rejimi də dağıldı, Sovet İttifaqı da tənəzzülə uğradı. Sovet üsul idarəsinin hər zaman açıq və gizli apardığı türkçülük siyasəti hər zaman 15 respublikada yaşayan türkdilli xalqlara ziyan vurdu. Lakin onların əksəriyyətinə dilllərini, milli kimliklərini unutdura bilmədi. Qazx  xalqının əhalisinin ölkə daxilində  artımı ancaq 1970-ci ildə 3 968 289  nəfərə çatdı. Sonuncu dəfə 1926-cı ildə qazaxların sayı bu qədər olmuşdu.  Kökü bitmədi, tükəndmədi.   Qazaxıstan Parlamentinin sabiq senatoru Qarifulla Yesim “Aşarçılıq”  faciəsini araşdırdıqdan sonra, maraqlı bir əticəyə gəldi. Onun hesablamalarına görə XX əstrin 30-cu illərində Qazaxıstanda başladılan aclıq illərində ana olmadan ölən qızlar qalsaydı, bu gün qazax xalqının  sayı 40 milliyona çatardı. Acı həqiqətlərdən biri də o idi ki, həmin illərdə analar qızlarının ölməməsi üçün bir qarın çörəyə kimə oldu verirdilər, hətta gələcək talelərindən xəbərləri belə olmurdu.

Qazaxıstan öz müstəqilliyini  elan edəndən sonra  tarixin qaranlıq səhifələrinə bir daha işıq salındı.  Türk dünyasının lideri, Qazaxıstan Respublikasının prezidenti  Nursultan Nazarbayevin əmri ilə 1997-ci ildən etibarın hər il may ayının 31-də Qazaxıstanda yaşayan 127 millətin nümayəndəsi  siyasi reoressiyalarının qurbanları gününü qeyd edir. O qurbanların içərisində aclıqdan həyatlarını itirən qazax xalqlarının bəy və xan nəslinin davamçıları olan zadəganlar, aydınlar da var. O repressiya qurbanlarının içərisində azərbaycanlılar da var.

Tarix və  insanlarımız  bir həqiqəti unutmamalıdır ki, 1932-33-cü illərdəki aclıq nəticəsində Qazaxıstanda 4 milyon yarımdan artıq insan açlıqdan həyatını itirib,  1 milyondan artıq  qazax isə öz doğma vətənini bir qarın çörək üçün tərk edib, və Qazaxıstan yadellilərin əlinə keçib. Ölkəni tərk edən qazaxlar Qırğızstan, Çin, Monqoliya, Əfqanıstan və İrana səpələndilər. Göyərə bilənlər, soylarını-köklərini qorudular. Qazax mənliyindən dönmədilər. Ölkə müstəqilliyini əldə edəndən sonra Qazaxıstanın prezidenti Nursultan Nazarbayev  dünyaya səpələnmiş qazaxlara səslənərək, onları vətənin tam hüquqlu vətəndaşları qismində  vətənə dəvət etdi.

Tarixin qara səhifəsi olan açlıq illərini isə hər kəs bilməli və öyrənməlidir. Bu sənin, mənim tariximdir. Dünyanın harasında olursa olsun, türk dünyasının danılmaz lideri  Nursultan Nazarbayev türklərə səslənərək, Türk Birliyinin qurulmasının vacibliyini önə çəkir! Gəlin elə yaşayaq, elə birləçək ki,   Türk Birliyini Nursultan Nazarbayevin rəhbərliyi ilə yaxın vaxtlarda qurmağa gücümüz olsun. Tələsək ki, başımıza bir də belə faciələr gəlməsin.


Aida Eyvazlı,
təqiqatçı jurnalist

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir