Modern.az

Televiziyamızın yaşıdı, yaxud “olduğu kimi görünən, göründüyü kimi olan adam”...

Televiziyamızın yaşıdı, yaxud “olduğu kimi görünən, göründüyü kimi olan adam”...

19 Avqust 2016, 10:17

Əməkdar jurnalist Faiq Sadıqovun 60 yaşı tamam olur



Sözün düzü, ad günümü heç sevmirəm. Ona görə yox ki, yaşım çoxalır, ömrüm azalır, o dünyaya bir addım da yaxınlaşıram. Yox, sadəcə sevmirəm... Həmin gün sevincimə tək bircə səbəb olur: “uşaqlaşıram”, bəxtəvər uşaqlıq illərimi yada salıram, valideynlərimi düşünürəm, onlarla “dərdləşirəm”...

Bu xasiyyətimin başqalarına qətiyyən dəxli yoxdur. Ətrafımın ad günü “ad günü”dür, yubileyi isə “yubiley”. Hətta bu əlamətdar tarixləri insanların bir-birinə hörmət və ehtiramını ifadə etməsi üçün bir bəhanə, bir fürsət hesab edirəm... 

Bu il ürəklə qoşulacağım üç 60 illik yubiley var. Biri uzun illərdir “ikinci ev”imə çevrilən AzTV-nin yubileyidir. O biri elə ilk dəfə AzTV-də görüb tanıdığım, televiziyamızın yaşıdı, Əməkdar jurnalist Faiq Sadıqovun yubileyidir. Üçüncüsü isə ailəmizin ən əziz, ən dəyərli üzvünün yubileyidir. Hər üçü çox mübarək! Ömürləri uzun olsun!..

 

****

           

Faiq mənə çox doğmadır. Ona görə yox ki, həmkarıq, ikimiz də Universitetin jurnalistika fakültəsini bitirmişik, eyni azman müəllimlərdən dərs almışıq, uzun illərdir bir yerdə işləyirik, bir-birimizin xeyrinə-şərinə yarayırıq... Yox, təkcə bu deyil...

 

****

 

Faiq Ağdaş rayonunda anadan olub – Ləki kəndində...

Ağdam... Ağdaş... Bircə hərf fərqi var bu adlarda. Hər ikisi hamımız üçün Azərbaycanın bir parçasıdır. Amma mənim üçün ikiqat doğma, ürəyimdə məxsusi yeri olan şəhərlərdir. Ağdam doğulduğum, Ağdaş doğulduğum yer qədər bağlı olduğum yerdir. Və Ağdaşı, az qala elə Ağdam qədər tanıyıram. Spesifik evləri, dalanları, küçələri, məhəllələri, məscidi, sinəsini iki yerə bölən Türyan çayı Ağdamdakı evlər, məhəllələr, dalanlar, məscid, Kötəl, Qarqar çayı qədər gözümün önündədir. Allah adamı olan, hədsiz dərəcədə saf, ürəyigeniş, mehriban, yanımcıl sakinlərinin də elə ağdamlılar qədər yeri var ürəyimdə...

Amma bir məqam hələ də qaranlıqdır mənə: ermənilər Ağdamı, dədə-baba yurdumuzu işğal edəndə valideynlərim, qardaş-bacılarım ağrı-acılarını, dərd-sərlərini də götürüb nədən iki addımlıqdakı Bərdəyə, Tərtərə, yaxud Bakıya – mənim yanıma yox, məhz Ağdaşa üz tutublar, Ağdaşa sığınıblar? O vaxt Ağdaşda qohum-əqrəbamız yaşamırdı, get-gəlimiz yox idi, ağdaşlılara qız verib qız almamışdıq. Heç mən özüm də, bir dəfə də olsun, Ağdaşa getməmişdim...

Ağdaş “didərginçilik”də ailəmizin çox dözülməz günlərinə şahidlik edib, üç dağ boyda əzizimizi, gözəl qardaşımızı, tək, bircə oğlundan sonra yaşaya bilməyib, yaşamaq istəməyib özünə qəsd edən Atamızı, hər ikisinin dərdindən xəstə düşən Anamızı bu şəhərdən Haqq dünyasına yola salmışıq. Ağdaşlılar çox ağır yaslarımıza təsəlli verib, dərdimizə şərik olub, göz yaşımızı silib, qarışan saatların, üzüntülü günlərin içində “başımızı itirəndə” min bir yolla ovutmaq istəyiblər bizi. Nə deyim, əzizlərim Ağdaşda ağdaşlılardan elə böyük mənəvi dayaq görüblər ki, bu günədək də heç birinin dilindən düşmür...

Və o vaxt bütün bunların heç birindən nə Faiqin, nə də Ləkidəki ata ocağından kimsənin xəbəri olub. Faiqi ən əvvəl həmyerliləri, ağdaşlılar doğmalaşdırıb mənə...

 

****

 

Faiqlə mənəvi doğmalığımın bir səbəbi də onun “ağdamlı”, “qarabağlı” olmasıdır...

Çox böyük istedad sahibi, yazıçı, millət vəkili, qeyrətli vətəndaş Aqil Abbasın sözü düşür yadıma. Ağdamla bağlı film hazırlayırdıq, ondan da müsahibə almışdım. Belə bir fikir də söyləmişdi Aqil Abbas: “Ağdamda 6 minə yaxın adam şəhid olub. Söhbət təkcə ağdamlılardan getmir ha... Mən dəfələrlə demişəm, bir lənkəranlı, bir naxçıvanlı, bir gəncəli, qazaxlı, qubalı, bakılı gəlib Ağdamda döyüşüb, Ağdamda şəhid olubsa, onlar hamısı ağdamlıdır, mənnən çox onlar ağdamlıdır...”

Faiq də Qarabağ müharibəsinin od-alovundan keçib, silahla yox, qələmlə döyüşüb. Xocalı, Laçın, Ağdam... od tutub yananda “Ədalət”in cəbhə müxbiri kimi əynində hərbi geyim, əlində qələm ən qaynar nöqtələrdə olub, cəbhədən isti-isti xəbərlər göndərib Bakıya. Düzdür, bunların hamısı heç də xoş xəbərlər deyildi. Amma, hər halda, informasiya qıtlığı dövründə hamını baş verənlərdən xəbərdar edən xəbərlər idi. Xocalının harayını ilk olaraq böyük üzüntü içində Faiq çatdırıb “Ədalət”ə. Amma təkcə “Ədalət”əmi? O vaxtlar dövlət radiosunda çalışan Əməkdar jurnalist İttifaq Mirzəbəyli bu suala çox gözəl cavab verib: “...səmimi şəkildə etiraf etməliyəm ki, o, həm də bizim ən çox istinad etdiyimiz mənbə, müharibə illərində dövlət radiosunda çalışan həmkarlarımızın qeyri-rəsmi müxbiri idi. Çünki biz onun yazılarına nə qədər istinad edirdiksə, bir özümüz bilirdik, bir də Allah. Doğrudur, cəbhə bölgələrində radionun da müxbirləri var idi. Amma radio qəzet deyil ki, gündə bir xəbər yazmaqla kifayətlənmək mümkün olsun. Gündə 5-6 dəfə efirə çıxan xəbərlər proqramlarında mütləq dəyişikliklər etmək zərurəti yaranırdı. Odur ki, Faiq Sadıqov kimi, sözün həqiqi mənasında, cəbhədə, döyüşlərdə ...yaşayan həmkarımızın qələminə ehtiyacımız böyük idi. Mobil telefonların olmadığı, mövcud telefonların isə demək olar ki, işləmədiyi həmin günlərdə, necə deyərlər, informasiya aclığı yaşanırdı. “Azərinform” susur, hakimiyyət yetkililəri bircə kəlmə belə söz danışmaq üçün günlərlə kimdənsə icazə gözləyirdilər. Bir tərəfdə isə milyonlarla dinləyici dövlət radiosundan cəbhədəki vəziyyət, münaqişənin reallıqları barədə nə isə yeni bir söz eşitmək istəyirdi. Həmin günlərdə Faiq kimi vətənpərvər həmkarlarımızın cəbhədən göndərdiyi istənilən xəbər dinləyicinin ürəyində az da olsa, ümid işığı yaradırdı.”

Faiq Qarabağ müharibəsi haqqında həqiqətləri öz gözləri ilə görüb yazan jurnalistlərdəndir. Onun bu müharibənin ağırlığını özündə əks etdirən “Qarabağdan xəbər var” adlı kitabı da təsadüfən yazılmayıb, hansısa təxəyyülün məhsulu deyil, fədakar, cəsur, “canından keçməyi bacara bilən”, qeyrətli bir jurnalistin səngərdən yazdığı “özünəməxsus döyüş salnaməsi”dir. Kitabın “Ön söz”ünün müəllifi Aqil Abbas yazır: “Faiqin yazılarında 1990-1994-cü illərin döyüş xəritəsini də görmək mümkündür.” Bu xəritə Qarabağ müharibəsinin ümumi mənzərəsini, döyüşlərin getdiyi illərin reallıqlarını bu gün də göz önünə gətirir...

Bəli, Aqil Abbasın sözü olmasın, Faiq “mənnən çox ağdamlıdır, mənnən çox qarabağlıdır”...

 

****

 

Faiq Sadıqov televiziyamızın yaşıdıdır. Universiteti bitirəndən taleyini bu kollektivlə bağlayıb. Dediyim kimi, müharibə başlayandan imzasını, həm də “Ədalət”də tanıdıb. 20 il əvvəl AzTV-yə qayıdıb. Bu illərdə televiziyada böyük peşəkarlıqla, böyük məsuliyyətlə çalışır. “Onun qələmi jurnalistikanın bütün sahələrində özünü göstərir.” (Aqil Abbas). Faiqin televiziyadakı fəaliyyəti “Xəbərlər” proqramı ilə bağlıdır, mühüm ictimai-siyasi hadisələrin tamaşaçılara çatdırılmasında böyük əməyi var. Dəfələrlə Ulu öndər heydər Əliyevin xarici səfərlərini işıqlandırıb. Uzun illərdə qazanılan təcrübə və məsuliyyət bu gün də öz sözünü deyir. Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkədə və xaricdə həyata keçirdiyi tədbirlərin işıqlandırılmasında böyük peşəkarlıq nümayiş etdirir. O, xalqını, millətini sevən, dövlətimiz, dövlətçiliyimiz naminə sədaqətlə, fədakarcasına çalışan, ərazi bütövlüyümüz, suverenliyimiz, milli müstəqilliyimiz naminə idealların təbliğində mühüm xidməti olan jurnalistdir.

2011-ci ilin 4 noyabrı. Teleradio günü ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülən  həmkarlarımın sırasında Faiq Sadıqov da var idi. Heç şübhəsiz, “Jurnalistlərin dostu”, Prezident İlham Əliyevin göstərdiyi bu diqqət və qayğı Faiq Sadıqov üçün də ən böyük mükafatdır. Bunun üçün o, dövlətimizin başçısına minnətdardır. Televiziyamızın sədri Arif Alışanovun təqdimatını da mütləq yada salmaq lazımdır. Sağ olsun Arif müəllimi, hər zaman peşəkar və zəhmətkeş əməkdaşları, eyni zamanda istedadlı gəncləri dəyərləndirir, təltif olunmaları üçün möhtərəm Prezidentimizə təqdim edir. Onu da deyim ki, o vaxt Faiqin Azərbaycan dövləti adından aldığı bu mükafat, layiq görüldüyü bu yüksək fəxri ad onun özü qədər sevindirmişdi məni. Həm də ona görə sevinmişdim ki, Faiq layiq olan hər kəsin uğuruna sevinəcək qədər sağlam xarakterə malik bir insandır. Etiraf edək, başqasının acısına, dərdinə üzülmək asandır, onun uğuruna sevinmək isə böyük “ürək” istəyir. Bu “ürək” var Faiqdə...

 

****

 

Hər dəfə Faiqlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu da xatırlayıram: Comərdlikdə axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol, və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyü kimi ol”. Faiq “olduğu kimi görünən, göründüyü kimi olan adam”dır.

Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən Faiq təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb və yaşayır. Çox uzun olsun bu ömür...

60 yaş isə... Deyəsən, çox tez gəldi. Neyləməli, artıq vaxtla ayaqlaşmaq olmur, vaxt uçur, bizə ancaq onun arxasınca baxmaq qalır. Amma 60-ı qarşılamaq da, inanıram ki, çox xoşdur Faiq üçün. İlləri havayı xərcləməyib. Qazandığı mövqe və hörmət, “olduğu kimi görünən, göründüyü kimi olan adam” kimi qəbul edilməsi, gözəl ailəsi, övladları, nəvələri... Ən vacib olanı bax budur, məncə...

Faiqin bir böyük ailəsi də var. Valideynləri, rəhmətlik Nurəhməd atanın, Məhbuzə ananın özlərindən sonra “ağsaqqallığını, böyüklüyünü” ona əmanət etdikləri ailə. 12 nəfər – 9 bacı, 3 qardaşdan ibarət bu “əmanət”in yükü, ağırlığı da böyük oğul kimi Faiqin çiynində olub həmişə. Amma bu ailənin böyüklüyü təkcə külfətin böyüklüyü ilə bitmir. Cəmi ikicə sinif təhsili olan Nurəhməd kişi övladlarının əksəriyyətinə ali təhsil verib, onları mənən çox varlı böyüdüb...

Elə isə Faiqə səslənirəm: “Keçmişin qarşısında baş əy, gələcək qarşısında qollarını çırmala”. Qarşıda, Allahın izni ilə, hələ neçə-neçə illər var. Elə yaşamaq üçün də, işləmək üçün də. Təki sağlam ol! Sağlam ol və sağlam yaşa!..

 



Firuzə NADİR

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir