Modern.az

Xasiyyət xoşbəxti

Xasiyyət xoşbəxti

19 Avqust 2016, 15:33

Yusif  İLDIRIMZADƏ

(E s s e )

Biz bəzən xəyalların qanadında arzularımızın axtarışına çıxanda bir də görürük ki, çox uzaqlara getmişik, lap uzaqlara. Sən demə, uzağa getmək lazım deyilmiş, axtardığımız eləcə, yanımızdaymış, həyatımızın içində, bir addımlığımızda... Ömrün ən adi dönümlərində, kəsişən xətlərində üz-üzə, göz-gözəymişik. Bəli, bu, həmin insandır, mənə lazım olan həmin bəşər övladıdır. Əslində biz bu uzun axtarışlarımızda nəyi arzulayır, nəyi arayırıq? Bəlli məkan və zaman içində, lap eləcə, kosmik təhtəlşüurda biz fərqinə varmasaq da, özümüzü axtarırıq. Hər bir mənəvi-əxlaqi, hissi-emosional, əqli-intellektual eksperimentlərin sonu insandır. İnsan insan üçün həmişə maraqlı və cazibədardır. Çünki başqalarında, daha doğrusu, sevdiyimiz, dərk etdiyimiz, anladığımız, qəbul etdiyimiz insanda özümüzü tapırıq.  İnsan insan üçün güzgüdür, özünüdərk və özünüifadədir. Biz ömür boyu özünüaxtarışda, özünükəşfdə, özünütəkmilləşdirmədə, həm də tərəf-müqabilə möhtacıq. Odur ki, bizim həyatımızın zənginləşməsində, daim  canlı və təzə olmasında əhatəmizin rolu müstəsnadır. Bu, qarşılıqlı maraq mənəvi-əxlaqi, həm də psixoloji atributdur. Bu, həm də ictimai-siyasi, sosial və mədəniyyət hadisəsidir.

Adi günlərin birində mən daim arzuladığım, axtardığım, könlümcə olan insanlardan biri ilə tanış oldum.  Təsadüf də demək olardı... Amma “təsadüflər zərurəti doğur”. Görünür, bu da bir tale işi idi. Maraqlı söhbətlər, təbəssümlər, gülüşlər, etibarlı baxışlar... Axı, bir-birini qəbul edən, bir-birinəhörmətlə yanaşan, ən nəhayət, bir-birini sevən insanlar təbəssüm dilindən başqa nə dildə danışa bilərlər?.. Bəli, mən sevdiyim və hörmət etdiyim insanlardan birini də belə tapdım. Sadə, təvazökar, üz-gözü daim təbəssümlə cilvələnən, işıqlı insan Rəşad Məcidi! Şair, nasir, fəal ictimai xadim, ən nəhayət, etibarlıdost Rəşad Məcidi! Mənim həmin günümün bəxti də belə gətirdi.

Bizim ilk tanışlığımızın bünövrəsi də, möhkəm və etibarlı idi. Şair dostum Ramiz Rövşənin vasitəsi ilə başladı bu dostluq. Tərifə çox xəsis olan Ramiz Rövşən hələ tanımadığım Rəşad haqqında, mənim qənaətimcə, kifayət qədər xoş sözlər söylədi. Ramizin zövqünə etibarımdanmı, onun poeziyasına vurğunluğumun təsirindənmi, yaxud nədəndisə, ümumiyyətlə, yəqin ki, xarakterimdən irəli gələn birinci növbədə insanlara inanmaq vərdişi və keyfiyyətindənmi, məndə hələ görmədiyim, şəxsən tanımadığım Rəşada qarşı maraq oyatdı. On ildir, on beş ildir, iyirmi ildir, hər halda uzun vaxtın söhbətləridir... Zaman keçdikcə onu daha yaxından tanıdım və sevdim. Həmin təmasların bir çoxu da Ramiz Rövşənlə baş tutdu. “525-ci qəzet”in redaksiyasında, Rəşad Məcidin xidməti otağında unudulmaz görüşümüz heç yaddan çıxarmı? Qarşılıqlı etimad, bir-birini  qəlbən duyan insanların isti, nəvazişli münasibətləri və ən nəhayət, bitib-tükənməyən ədəbiyyat söhbətləri... Adama bundan artıq nə lazımdır?.. Yaşamaq üçün kifayət deyilmi? İlk  görüşün əbədi münasibətə, səmimi dostluğa çevrilməsi üçün bunlar heç də az deyildi. Və bu, baş verdi. Biz bir-birimizi duyduq, qəbul etdik, uzun dostluq evinin bünövrəsi belə qoyuldu.

O günlərdən, qeyd etdiyim kimi, uzun illər keçib. “Hər şeyin təzəsi, dostun köhnəsi”. Rəşad bu günə qədər mənim istəyimə zidd, yaxud mənim xoşuma gəlməyən, zövqümcə olmayan hərəkət etməyib. Münasibətlərdə bu, əsas şərtdir. Həmin vaxtdan üzü bəri Rəşad həm vəzifəcə, həm mövqecə  kifayət qədər irəli gedib, amma zərrəcə dəyişməyib. Bir az da oturuşub, təvazökarlığı artıb. Görünür, kök etibarilə, nəsil-şəcərə baxımından xalis adamlar belə olur. Uğurlar onu dəyişmir, çaşdırmır, əksinə sanbalını, ləngərini artırır. Böyüdükcə, bir az da “kiçilir”, insanlara bir az da yaxınlaşır, daha munis və səmimi olur. Bizim onun xidməti otağındakı həmin ilk görüşümüz zamanı “525-ci qəzet” indiki kimi heç də öncül nəşr, dövri mətbuatın bugünkü kimi flaqmanlarından biri deyildi. Adi bir qəzet idi. Sonralar bu qəzet dəyişdi, inkişaf etdi, populyarlığı, ictimai dəyəri, ədəbi sanbalı artdı, geniş ictimaiyyətin, ədəbi aləmin əsl mənəvi qida mənbəyinə çevrildi. Təbii ki, baş redaktor kimi Rəşad da inkişaf etdi, tanındı, hörməti artdı, mövqeyi möhkəmləndi. Sonralar o, həm də  Azərbaycan Yazıçılar Birliyinin katibi kimi fəaliyyətə başladı. Bütün bunlar isə ondan heç nə almadı, üstünə gətirdi, onu bir insan kimi zənginləşdirdi. Mənim  ilk gördüyüm Rəşad dəyişmədi, bir az da sadələşdi, bir az da müdrikləşdi. İlk görüşdən Rəşad haqda bizim el arasında dolaşan bir hikmətli söz ağlımdan keçmişdi: “Xasiyyət xoşbəxti”. El içində bu “ödülü” hər adama vermirlər. Rəşad isə buna tam layiqdi. İllər ötdükcə bu sözlər Rəşadın simasında özünü zaman-zaman doğrultdu. Bəzən də düşünürsən ki,  bəlkə  elə, bu ad, məhz, Rəşad üçün yaradılıb. Doğrudan da, bu ifadə, sanki onun boyuna biçilib.



Rəşad Məcidin doğum günü ərəfəsində onun haqqında söylədiyim bu isti və zərif sözlərəqoşulanlar yəqin ki, çox tapılar. Rəşad haqqında deyərdim ki, hamı, daha çox dostları, onu yaxından tanıyanlar, bələd olanlar bu fikri, məncə, qeyd-şərtsiz bölüşmüş olarlar. Bütün  dostları Rəşad haqqında bir insan kimi müsbət söz deyir. Doğrudan da belədir. Bir tərəfdən də qəzetlər bolluğunun içərisdində, əslində ədəbiyyat yönümlü bir qəzetin olmaması və bu fonda “525-ci qəzet”in heç əziyyət çəkmədən öndə olması, şəriksiz liderlik etməsi, mənə Rəşadı tərifləməyə münbit şərait yaradır. Əslində, Rəşad haqqında yaxşı söz demək üçün kifayət qədər əsas var. İndi, zərərli bir tendensiya formalaşıb. Tərifləyəndə ağına-bozuna baxmırlar, əndazəni aşırlar. İnsan haqqında layiq olmayan, bayağı söz deyəndə, əslində, həmin adam gərək özü-özündənutansın, narahatçılıq keçirsin, hətta özünü təhqir olunmuş hesab etsin. Çünki özünü içdən tanıyan hər hansı bir adam buna yol verməz. Məncə, özünə hörmət edən namuslu adam belə olmalıdır. Həm də etirazını bildirməlidir, deyilən təriflərdən əyani şəkildə, lap imtinaetməlidir. Amma belə olmur. Tərifləyən tərifləyir, təriflənən qəbul edir... İctimai fikir, ictimai mövqe isə lal-kar və süstdür. Rəşad haqqında isə hər cür xoş söz öz ünvanına layiqdir. Rəşad doğrudan da özündə insani keyfiyyətləri ehtiva eləyən ziyalıdır. Mənə elə gəlir ki, Rəşad ziyalılar arasında, xüsusən, xasiyyəti, əxlaqı və dəyərli mənəvi keyfiyyətləriylə seçilməyi bacarır.

Mən yenə də Rəşadla ilk görüşümüzə qayıdıram. Yəqin buna görə məni qınamazlar. Axı, ilk görüşün xatirəsi heç vaxt yaddan çıxmır. İlk görüş ilk məhəbbət kimi bir şeydir – unudulmur. İnsan ilk görüşdən bir-birini ya qəbul edir, ya da inkar. Bu baxımdan ürək və duyğular adamı aldatmır. Rəşadla ilk görüşdən mənim içimə sanki bir işıq  qondu.  Mən o işığı bütün varlığımla duydum, bu gün də hiss edirəm və zaman-zaman daha çox hiss edəcəyəm. Mən o işığı sanki gözlərimlə gördüm, ona əllərimlə toxundum. Bu işıqda Rəşadı tapdım. Bu, sanki Diogen işığında axtardığım insan idi. Hər deyəndə dəyərli insan tapmaq olmur, axı. Rəşadda məni ovsunlayan ilk cəhət onun təbəssümü oldu. Rəşadı yaxşı tanıyanlar bilir ki, onun üzündə daim isti, təravətli, səmimi və təbii bir təbəssüm dolaşır.  Bu, onun xarakteridir, bu, onun xasiyyət xoşbəxtliyidir.

Belədə, Korneginin bir sözünü xatırlamadan ötüşmək olmur: “Bəzən ən adi bir təbəssüm insan haqqında müəyyən fikir yarada bilir. Müxtəlif sifəti olan insanlar təbii təbəssümə malik olmurlar. Onlar istəsələr belə, içdən gülməyi bacarmırlar. Gülüş isə insan daxilindən gələn günəş parıltısı və istiliyidir”. Rəşadın təbəssümü də onun təmiz daxili aləmindən, saf  xarakterindən,  təbiətindən soraq verir. Bu, əslində, cəmiyyətə özünütəqdimdir. Onun bütün yaradıcılığını, ictimai fəaliyyətini, sosial  mövqeyini, əslində bu təbəssüm izləyir və işıqlandırır. Rəşadın xoşbəxtliyi və bütün uğurları burdan qaynaqlanır, bu təbii çeşmədən su içir. Bu yerdə müəyyən ekskurslar,  etmək olar: Rəşadın doğulduğu torpağa, ab-havası ilə böyüdüyü el-obaya, mühitə bir ötəri nəzər salaq?...Yaxud halal çörəyi, müdrik  öyüd-nəsihətləriylə ərsəyə çatdığı, atası el ağsaqqalı , səmimi, mehriban insan olmuş Müseyib kişini, onun ailə mühitini, ocağını yad edək?... Rəşad təbəssümündə bütün bunların hamısının, şəksiz, müəyyən izi var. Bəlkə Rəşad elə o yerlərə, o elə-obaya, o ailə tərbiyəsinə görə bizə doğmadır? Binələri, evləri, obaları bir-birinə qovuşmuş Bayat ellərinin, külli Qarabağın, Laçının, Qubadlının havasından yoğrulmuş bu doğmalıq, bəlkə elə  bu gün də bizi bu vəhdətdə qovuşdurur, bağlayır, bizi bir-birimizə sevdirir?..

Qloballaşan dünyamızda bu gün hər şey inkişafdadır: texnika, texnologiya, kosmik və yerüstü proseslər yüksək elmi nailiyyətlərlə izlənir.  Çox təəssüf ki, müasir insan elmi-texniki tərəqqiyə  ayırdığı vaxtın cüzi bir hissəsini özünün inkişafına, formalaşmasına yönəltmir. Bəzən  də müasir insan özünün daxilən saflaşma və nəcibləşməsinə, elə bil  tam laqeyddir. Amma unutmamalıyıq ki, bəşəri dəyərləri mənimsəmək, ən ali keyfiyyətləri özündə cəmləşdirmək,  özünütəkmilləşdirmək, əxlaq və  mənəviyyatca kamilləşmək bəşər övladının əbədi missiyasıdır. Biz yaxşı insanları tanımalı, sevməli və insanlığı müasir dövrün ictimai-sosial və mənəvi-əxlaqi fəsadlarından qorumalıyıq. Eynşteyn deyirdi: “İnsanlığın gələcəyi elmin inkişafından çox da asılı deyil... İnsanca əxlaqın, mənəviyyatın gələcək görsənişindən asılıdır”.

İnsanlar bir-birindən çox şeydə fərqlənirlər, rənginə, dərisinə görə, danışığı, hərəkəti, emosional vərdişlərilə, ən əsas da gördükləri işlə, əməllə, cəmiyyətə faydalılığıyla.  Xoşbəxt olmağın yeganə yolu  isə xeyirxahlıqda və dünyaya faydalı olmaqdadır. Dilimizdə, leksikonumuzdakı sözlərdə də bu fərqlər üzə çıxır. İnsan xarakterləri mənaca çözələnir, məntiqi nəticə alır. Dilimizdə alicənab sözü var, nəcib, ləyaqətli, mərd, bununla yanaşı nakəs, müştəbid, namərd və sair ifadələr işlənir. Bunlar təkcə quru söz, şablon ifadələr deyil, eyni zamanda təyindir, insan mənzərələrini aşkarlayan, insanların tipik  xarakter və xüsusiyyətlərini əks etdirən fəlsəfi terminlərdir. Əslində mən, insanları qruplara bölmək istəməzdim. Hər halda, insanları fərqləndirən kateqoriyalar da yox deyil. Təbii ki, bu fərqləri insanlar öz əməlləriylə, mənəvi-əxlaqi dəyərləri ilə, dünyaya baxışlarıyla diqtə edir. İnsan var ki, xeyirxahlıq etməyə cəhd göstərsə belə,  alınmayacaq. İstəmədiyi halda belə, pis və şər əməllərə yol verəcək. Onun haqqında xeyirxah, alicənab, nəcib deyə bilərikmi? Təbii ki, gülünc alınar. Belə qiymətli sözləri mən dostum Rəşad haqqında məmnuniyyətlə, ürəkdən söyləyə bilərəm. Hətta bu sözləri mən onunçün şüara da çevirə bilərəm. Çünki Rəşad doğuluşundan xeyirxahlıq üçün yaranıb. Şərə qarşı mübarizə aparıb. Hətta o bu mübarizəni açıq-açığına aparmasa belə, onun Xeyrin  tərəfində olması, saleh əməllərə qol qoyması özü bu mücadiləni şərtləndirmirmi?..

Hər bir insan, xüsusən düşünən kəslər üçün əsas olan bir şərt var – sevmək. Dünyanı, insanları, təbiəti... Sevmək xeyirxahlığın, alicənablığın, mərdliyin, fədakarlığın açarıdır. Sevmək, insanın özünü də bir fərd, bir varlıq kimi xoşbəxt edir. Rəşadda sevgi boldur, onun məhəbbətlə dolu qəlbi, təbəssümlə cilvələnən siması sevgi ilə aşıb-daşır. Rəşadda yaşayan bəşəri sevgi hamıya bəs edər. Dostlarına, doğmalarına, hər gün təmasda olduğu, tanıdığı və tanımadığı bütün insanlara, hətta düşmənlərinə (hərçənd,  mən onun düşməninin olmasına  inanmıram) belə. Rəşad, hətta, düşməni də dosta çevirmək iqtidarına malikdir.

 

Rəşad Məcidin ən ali keyfiyyətlərindən  biri onun  tolerant təbiətə malik olması, azad və demokratik prinsiplərlə yaşamasıdır. Tolerantlıq təkcə özgələrinə deyil, həm də özünə hörmət və ehtiramdır. Ali insani keyfiyyətlərə yalnız o şəxslər  nail olur ki, bütün canlılarda özünü və bütün canlıları özündə görür. Tolerantlığın, eləcə əsas prinsipləri də bu formulada əksini tapır. Bu isə bəşəri insanlarda, özünü və ətrafını zənginləşdirən fenomenlərdə təcəlla edir. Rəşad Məcid bütün  ictimai-siyasi fəaliyyətində, qeyd-şərtsiz bədii  yaradıcılığında da bu keyfiyyətlərə sadiq qalır. Mən “525-ci qəzet”in redaksiyasında dəfələrlə olmuşam. Müşahidələrim heç vaxt məni aldatmayıb. Rəşadın kollektivdə  özünü əlahiddə subyekt kimi apardığını heç vaxt görmədim. O, həmişə redaksiyanın adi bir üzvü kimi sadə və səmimidir. O, kollektivə daim qaynayıb-qarışır,  onunla üzvi şəkildə qovuşur. Bu isə onun rəhbərlik işini asanlaşdırır. Axı kollektivin bütün üzvləri onu sevir və işini bu məhəbbət ritmində qurur. Rəşaddan küsüb, yaxud inciyərək redaksiyanı hələ ki, tərk edən olmayıb. “525-ci qəzet” bu məhəbbətin məhsulu olduğu üçün bu gün də geniş oxucu kütləsinin mənəvi  ehtiyacına cevrilir və sevilir.

Adətən, “qəzet redaktorun simasıdır” – deyirlər. Bunu biz, məhz “525-ci qəzet”in timsalında yaxşı görürük: tolerant və demokratik, hər cür fikrə və azad düşüncəyə açıq bir qəzet. Bəlkə də yeganə qəzetdir ki, səhifələrində hər cür imzaya rast gəlmək olar. Qəzetin  rəngarəng siması beləcə müəyyənləşir.

Rəşad Məcid Yazıçılar Birliyinin katibi kimi də mədəniyyətimizə, ədəbiyyatımıza başqa yöndən böyük nəfəs verir. Gənclərə qarşı çox həssasdır, onların yaradıcılığına səmimiyyətlə, qayğı ilə yanaşır, onlar üçün qəzetdə səxavətlə yer ayırır. Bəzən onu tutan bir misra hansısa bir şair üçün ədəbi aləmə həmişəlik yaşıl işıq yandırır. Təbii ki, Rəşadın himayəsi ilə. Onun sayəsində o qədər belə yeni istedadlar tapılıb üzə çıxarılıb ki...

Bu yazımda mən Rəşadın insani keyfiyyətlərindən, az-çox ictimai-mədəni fəaliyyətindən söz açdım. Yaradıcılığı başqa söhbətin mövzusudur. Bunun da yəqin ki, bir zamanı var...

 

 

12.08.2016-cı il
Bakı şəhəri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi