Modern.az

İmişli və Lənkəran təhsil şöbələrində qanun POZUNTULARI

İmişli və Lənkəran təhsil şöbələrində qanun POZUNTULARI

20 Avqust 2016, 13:31

 

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə İmişli rayon Təhsil Şöbəsinə və Lənkəran şəhər Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair keçirilmiş auditin nəticələrini açıqlayıb.

 

Palatadan Modern.az-a verilən məlumata görə, hər iki təhsil müəssisəsindən ciddi nöqsanlar aşkarlanıb.

 

İmişlidə audit ümumilikdə 28714,8 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 92,4%-95,8% təşkil edib. 

 

2015-2016-cı dərs ili üçün Şöbənin strukturu 62 ümumtəhsil məktəbi üzrə ümumilikdə 15322 şagird kontingenti və 915 sinif komplekti təsdiq edilib, ümumtəhsil məktəblərində 1596 nəfər müəllim çalışıb, şagirdlər üzrə orta sıxlıq 16,7, o cümlədən I-IV siniflər üzrə 18,0 nəfər, V-IX siniflər üzrə 15,9 nəfər, X-XI siniflər üzrə 16,2 nəfər təşkil edib.

 

Auditin əhatə etdiyi son tam dərs ilində (2014-2015-ci il) rayonun ümumtəhsil müəssisələrini 1229 şagird bitirib, onlardan 1133 nəfəri buraxılış imtahanında iştirak edib, rayon məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən aşağı olub.

 

2015-2016-cı dərs ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 125 yer üçün (1581 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən informatika, kimya, fizika, azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,9%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 46,2%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin  ana dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib.

 

Qəbul imtahanlarında 56 məktəbin məzunu iştirak etsə də, 3 məktəb üzrə ali təhsil müəssisəsinə heç kim qəbul ola bilməyib, 1 məktəb üzrə ümumiyyətlə qəbul üçün sənəd verən olmayıb, 1 məktəb üzrə  qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı məzunların 10%-dən az olub, 3 məktəb üzrə abituriyentlərin topladığı orta bal 100-dən aşağı olub.

 

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi  səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. 

Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq və paralel siniflər yaradılıb və nəticədə artıq büdcə vəsaiti icra edilib.

 

Şöbə tərəfindən məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

 

Nazirlər Kabinetinin “Ümumi icbari təhsil fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 1998-ci il tarixli 79 nömrəli Qərarına 29 mart 2010-cu il tarixli, 53 nomrəli Qərarı ilə edilmiş dəyişikliklərlə ümumi icbari təhsil fondunun dayandırılmasına baxmayaraq, auditlə əhatə olunan dövrdə Şöbə tərəfindən 3 halda məktəbli geyim formaları və 3 halda isə  idman geyim formaları alınması, həmçinin Şöbənin balansında olan təhsil müəssisələrində istifadə olunan əmək haqqı cədvəlləri və tabel formalarının təhsil müəssisələrinin özləri tərəfindən hazırlanmasına baxmayaraq bu materialların alınması üçün vəsait ödənilməsi səbəbindən səmərəsiz xərcə yol verilib.

 

Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib. İstismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilən inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği  binaların balans dəyərinə əlavə olunmayıb.

 

2015-ci ildə kreditor borcun məbləği 19,7 dəfə artaraq 132,7 min manat olub, həmin məbləğin 98,6%-ni əməyin ödənişi ilə bağlı yaranmış borclar təşkil edib.

 

Lənkəran şəhər Təhsil Şöbəsi 87 ümumtəhsil məktəbini, 29388 şagird və 4020 müəllim kontingentini əhatə edir, ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq  16,7 nəfərdir.

 

Audit  olunan dövrdə Şöbə tərəfindən ümumilikdə 50865,9 min manat məbləğində vəsait icra edilib, 2013-2015-ci illər üzrə ayrılmış vəsaitlərin icra səviyyəsi müvafiq olaraq 95,1%, 95,7% və 93,9% təşkil edib.

 

Auditin  əhatə etdiyi son tam dərs ilində (2014-2015) rayon üzrə təhsilini (tam orta) başa vurmuş 1735 şagirdin 97,9%-i attestat alsa da, onlardan yalnız 51,3%-i qəbul imtahanlarında iştirak edib. Bu imtahanların nəticələrinə görə rayon üzrə 360 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarının nəticələrinə görə rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricidən aşağı olub.

Şöbənin tabeliyində olan ümumtəhsil məktəblərində əsasən Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, informatika, fiziki tərbiyə və ingilis dili fənləri üzrə ümumilikdə 467 saat vakant dərs olub. İxtisaslı kadr çatışmazlığı səbəbindən həmin saatlar yaxın ixtisaslı pedoqoji kadrlar və saathesabı üzrə qonşu məktəblərdən olan müəllimlər tərəfindən tədris edilmiş və nəticə göstəricilərinə təsir edib. Belə ki, 12 məktəb üzrə ali məktəblərə qəbul olan olmayıb, 2 kənd məktəbi üzrə qəbul imtahanı üçün sənəd verilməyib, 2 kənd məktəbi üzrə isə qəbul imtahanlarından toplanmış orta bal 100 baldan aşağı olub.

 

Əmək haqlarının ödənilməsi ilə bağlı araşdırılma nəticəsində Şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilməyərək tədris-təcrübə sahəsinə rəhbərlik, kabinə müdirliyi, emalatxanaya rəhbərlik üçün əlavə haqq, şagird sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatları, həmçinin şagirdlərin sıxlığının gözlənilməməsi və az komplektli ibtidai siniflərdə komplektləşmə aparılmaması nəticəsində paralel və artıq saxlanılmış sinif komplektləri üçün artıq əmək haqqı ödənilib.

Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

Bununla yanaşı, əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi zamanı tərtib edilmiş zəruri sənədlərdə müəyyən uyğunsuzluqlara yol verilməsi, işlərin dəyərinin mövcud qanunvericiliyin tələbləri tam gözlənilməməklə müəyyən edilməsi  səbəbindən artıq vəsait xərclənib. 

 

Mühasibat uçotunun təşkili və aparılmasının mövcud normativ aktlara uyğun olmadığı, əvəzsiz qaydada verilmiş müxtəlif inventar və avadanlıqların mərkəzi mühasibatlıq tərəfindən uçota alınmadığı, əsaslı təmir xərcinin binaların balans dəyərinə əlavə edilmədən birbaşa xərcə silindiyi, Lənkəran şəhər ümumtəhsil məktəblərinə Təhsil Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş kompüterlərdən tədris prosesində tam istifadə edilmədiyi qeyd olunub.

 

Hesablama Palatasının Kollegiyası hər iki Təhsil Şöbəsində yol verilən nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilillə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Təhsil Şöbələrinə göndərilib.

 

Hər iki auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə Təhsil Nazirliyinə məlumat verilib.

 

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir