Modern.az

Olimpiya çempionu Rafik İsayev: “Qələbəni ona həsr edirəm” - MÜSAHİBƏ

Olimpiya çempionu Rafik İsayev: “Qələbəni ona həsr edirəm” - MÜSAHİBƏ

21 Avqust 2016, 10:35

Taekvondoçu Radik İsayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında çempion olmaqla Azərbaycana il qızıl medal qazandırdı

Modern.az xəbər verir ki, 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin taekvondo yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi finalda Niger idmançısı Abdulrazzak İssufuyə qalib gəlib. Bu həm də Azərbaycan taekvondosu tarixində Olimpiya Oyunlarında ilk qızıl medaldır.

Olimpiya çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız ucaldılıb.

Radik İsayev bir çox dünya və Avropa çempionatlarının, eləcə də, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. O, Azərbaycanın taekvondo üzrə yığma komandasının heyətinə 2012-ci ilin sonlarında daxil edilib. Növbəti il isə Meksikada keçirilən dünya çempionatında bürünc mükafata sahib olub. Bir il sonra isə Bakıda təşkil edilən Avropa çempionatının qızıl medalını qazanıb. 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI dünya oyunlarında üçüncü, həmin il Meksikadakı komandalararası dünya kubokunda birinci yeri tuub. Ötən il Rusiyada keçirilmiş böyüklər arasında dünya çempionatında birinci yerə çıxıb.

 “Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazanan Radik İsayev Azərbaycan Prezidentinin 2015-ci il 29 iyun sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

Modern.az-ın məlumatına görə, Radik İsayev 26 sentyabr 1989-cu ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Axti rayonunda doğulub. Milliyətcə ləzgidir. 2012-ci ildən Azərbaycan bayrağı altında çıxış edir.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırıb.

- Azərbaycana ilk qızıl medalı qazandırdınız. Olimpiya çempionu kimi hansı hissləri keçirirsiniz?

- Hələ olimpiya çempionluğunun nə demək olduğunu başa düşməmişəm. Çünki hazırda ayağımda ağrılar hiss edirəm. İlk döyüşdən bəri ağrıyır. Elə o vaxtdan bu cür çıxış edirdim.

- Hər bir idmançı görüşə olimpiya çempionluğu hədəfi ilə çıxır...

- Xeyr, mən belə düşünmürdüm. Döyüşə çıxıram və Allahın köməyinə arxalanır, çalışıram. Nəticə isə vəziyyətdən asılı olaraq gəlir. Əvvəlcədən deyə bilmərəm ki, gedib olimpiya çempionu olacağam.

- Rəqiblərini öyrənərkən, hisslərin nəyi deyirdi?

- Heç nə hiss etmirdim. Sadəcə, hazırlaşırdım. Rəqiblərimin hamısını tanıyırdım. Onları öyrənməyə yüklənməmişdim. Bu gün sən, sabah o qalib gələ bilər. Hər şey Allahın əlindədir.

- Qələbəni kimə həsr edirsiniz?

- Valideynlərim ilk azarkeşlərimdir. Atam rəhmətə gedib, anam sağdır. Qələbəni ona həsr edirəm. Anam medallarımı bir otağa toplayır. Əsas yarışlardan əldə etdiyim medallar onun şəxsi kolleksiyasındadır.

- Azərbaycan himni səslənəndə, bayraq ucalanda, azarkeşlər "Radik" qışqıranda içindən hansı hisslər gəlir?

- Sadəcə, qəlbən qürur hissi keçirirsən. Bilmirəm, bunlar izaholunmaz hisslərdir. Bütün mərhələləri keçərək, fəxri kürsüyə qalxmaq və o hissləri keçirmək lazımdır. Necə izah edim?

- Demək olar ki, olimpiadanın son günündə qızıl medal qazandınız...

- Bəli, nöqtəni qoydum. Amma bu, hələ son deyil. İnanıram ki, Lorenso Sotomayor da çempion olar. Mən isə qızıl medal barədə düşünmürdüm. İlk növbədə, medalsız qayıtmamağı düşünürdüm. Amma finala çıxdım, qızıl medal qazandım və Azərbaycan himnini səsləndirdim.

- Finalda rəqibin güclü idi. Onu nəyin sayəsində yendiniz?

- Baş məşqçinin tapşırıqlarını yerinə yetirdim. Döyüş vaxtı da zaldakı qışqırıqları yox, yalnız onun dediklərini eşidirdim.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır