Modern.az

Sinoptiklərdən isti hava xəbərdarlığı - Bizdən isə MƏSLƏHƏT

Sinoptiklərdən isti hava xəbərdarlığı - Bizdən isə MƏSLƏHƏT

21 Avqust 2016, 10:38

Sinoptiklər növbəti yay günü üçün isti havalar proqnozlaşdırıb. Bu proqnoz əhali üçün müəyyən bir mənada xəbərdarlıqdır. Bəs isti havalardan necə qorunmalı? İlboyu istirahət etmək üçün gözlədiyimiz yay fəslini necə sağlam keçirməli?

Modern.az saytı sinoptiklərin xəbərdarlığını nəzərə alıb, isti havalardan qorunmağın yolları ilə bağlı yazını təqdim edir.

Yay fəslində insanlarda yuxusuzluq, halsızlıq, özünü narahat hissetmə halları daha çox müşahidə olunur. Bununla yanaşı istinin təsirindən ürək-damar sistemində də xoşagəlməz hallar baş verir. Bu fəsildə insanlar tərləyərkən orqanizmdən tər vasitəsi ilə mikroelementlər də xaric olunur. Buna görə də ilk növbədə bədənin maye balansını saxlamaq ən vacib şərtlərdən biridir.


Bədənin su balansının pozulmasını sidiyin tünd rəngdə olması, üz dərisinin solğun boz rəngə çalması ilə də müəyyənləşdirmək olar. Maye balansını tənzimləmək üçün mütəxəssislər hər saatdan bir bir stəkan su, yaxud yaşıl çay içməyi məsləhət görürlər.


Həmçinin isti havalarda duzdan az istifadə etmək tövsiyyə olunur. Belə havalarda qida rasionuna bitki yağları əlavə olunmalıdır. Çünki bitki yağlarının tərkibində olan E vitamini orqanizmin istiyə qarşı müqavimətini artırır.

 

Yay mövsümündə qida rasionuna əsasən aşağıdakılar daxil edilməlidir:

1. Ayran

2. Az şəkərli kompotlar

3. Meyvə və tərəvəzlər

4. Tərəvəz şorbaları

5. Adi qazsız su

6. Nanəli yaşıl çay

İsti yay günlərində nələrdən imtina etmək lazımdır?

1. Alkoqollu içkilər

2. Qazlı şirin içkilər

3. Yağlı xörəklər

4. Tünd qəhvə

5. Şirniyyat məhsulları

Yay fəslinin yaratdığı problemlərdən biri də qida məhsullarından tez-tez zəhərlənmə hallarıdır. Buna görə də qida məhsullarının saxlama şəraitinə xüsusi diqqət yetirilməli, marketlərdən ərzaq alarkən onların saxlama şəraiti və yararlılıq müddəti ilə maraqlanmaq vacibdir.


Yüksək temperaturun mənfi təsirinə məruz qalmamaq üçün geyim seçimində diqqətli olmaq vacibdir. Pambıq və kətandan tikilmiş geyimlərə üstünlük verilməlidir. Belə geyimlər dərinin nəfəs almığına imkan yaradır. Nəzərə almaq lazımdır ki, sintetik parçalardan tikilmiş paltarlar təri hopdurmur və oksigeni buraxmır.


Çölə çıxarkən yay üçün nəzərdə tutulmuş baş geyimlərindən və gün eynəklərindən istifadə etməklə isti havanın mənfi təsirindən qorunmaq olar.


Mənzildə və ya ofisdə kondisioneri işə salarkən onu dərhal ən aşağı temperatura qoymaq yolverilməzdir. Temperaturu tədricən aşağı salmaq lazımdır. Çünki yüksək temperaturdan aşağı temperatura qəfil keçidin çox ciddi fəsadları ola bilər.


İsti yay günlərində günvurmadan qorunmaq profilaktik tədbirlərin ən başlıcası olmalıdır. Bu təhlükə ilə qarşılaşmamaq üçün saat 11-dən 16-dək günün altında gəzməkdən çəkinmək lazımdır.


İsti havalarda fiziki işlə məşğul olmaq məhdudlaşdırılmalıdır.


Məlum olduğu kimi isti havalarda infeksion xəstəliklərə yoluxma halları daha çox olur. Bunun üçün də sanitar-gigiyenik qaydalara daha ciddi əməl olunmalıdır.


Bu adi qaydalara əməl edin, yay istirahətinizi sağlam və xoş əhvalla başa vurun.


İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər