Modern.az

Şuu… Şuu... Şa!

Şuu… Şuu... Şa!

Ədəbi̇yyat

21 Avqust 2016, 12:12

Kərim KƏRİMLİ

İndiyədək heç bir mükafata layiq görülməmiş misilsiz igid döyüşçü, Şuşanın müdafiəsində qəhrəmancasına həlak olmuş Bəşirov Kamil Sabir oğlunun əziz xatirəsinə...

...Düşmən qəfil hücuma keçmişdi. Rabitəçi Kamilin də üzvü olduğu bölük mühasirədə idi.
...İndi Ermənistanın işğalı altında olan Dəlidağda, Lülparda, Pəri çınqılında, Salvartıda heç vaxt olmayan, oralarda şıdırğı dolu yağmasına tamaşa etməyən adam əsil dolunun necə yağdığını da lazımınca təsəvvür edə bilməz. Deməli, “güllə dolu kimi yağırdı” ifadəsinin doğurduğu hissləri tam yaşamaqda da çətinlik çəkər. Ona görə də düşmənin “Zirvə” postuna dolu kimi yağdırdığı güllə və mərmilərin necə töküldüyünü də anlamağı oxucunun öz ixtiyarına buraxa bilərik.
...Nədənsə komandir geri çəkilmək əmrini verməyə tələsmirdi. Onun yalnız tez-tez bağırtısı eşidilirdi:
- Arxamızda Şuşadır!
...Ancaq daha duruş gətirmək mümkün deyildi. Qüvvə tükənirdi. Düşmən tərəfdə leş-leşə söykənsə də ardı gəlir, quduz it sürüsü kimi irəliyə soxulurdular. Sursatları da qurtarmaq bilmirdi. Kamilin bölməsi tərəfdən atəşin seyrəlməsi artıq sonuncu patronların atıldığına işarə idi.
Kamil ətrafını kol bürümüş iri bir daşın arxasına uzanmışdı. Sinəsini sıxdığı, sinəsinə sıxdığı Vətən torpağı ona sanki güc verirdi: “Mən bu torpağı sinəmdən, köksümdən, sinəmi, ürəyimi bu torpaqdan necə aralaya, necə ayıra bilərəm?” – deyə düşünürdü. Elə bu zaman komandirin növbəti bağırtısı eşidildi:
- Geriyə! Geri çəkilirik!
...Əsgərlər geriyə sürünməyə başladılar. Düşmənin mühasirə həlqəsi getdikcə daralırdı. Neçə vaxtdan bəri qan bahasına, can bahasına müdafiə etdikləri yüksəklik düşmənin əlinə keçməkdə idi.
- Kamil! Geri! Geri çəkil! – komandir hayqırdı, - Kamil, geriyə dedim!
- Mən çıxmayacam, komandir!
- Bəşirov, bu əmrdir!
- Arxamızda Şuşadır, komandir!
- Kamil, qadan alım, Şuşanı yenə də qorumaq üçün bu döyüşdən də sağ çıxmaq lazımdır.
- Şuşasız həyat mənə lazım deyil!
- Kamil!!!
Yaxınlığa düşən mərminin gurultusu komandirin səsini eşidilməz etdi. Dalğa onu xeyli aşağıya, dərənin dibinə atmışdı. Bədəninin bəzi yerlərini qəlpə və daş qırıntıları parçalasa da, xoşbəxtlikdən sağ idi. Komandir və onun yaralanmasından sonra ardınca geri çəkilən döyüşçülərin “Kamil!” deyən hayqırtısına dağlardan əks-səda gəldi. Bu hayqırtıya və əks-sədaya Kamil pıçıltı ilə cavab verdi: “Arxamızda Şuşadır!”
...Mühasirə artıq Kamilin bir neçə addımlığında idi. Quduzlaşmış düşmən sonuncu ehtiyat darağını avtomata keçirib şir kimi, nər kimi döyüşən Azərbaycan əsgərinin tək olduğuna inanmırdı. Onu mühasirəyə alan, hər tərəfdən aramsız atəşə tutan xain düşmənin güllələri Kamilin bədənini dəlib keçir, ətini parçalayır, qolunun, qılçının sümüyünü dağıdırdı. Ölməz əsgər sanki dizini, dirsəyini söykədiyi, sinəsinə sıxdığı müqəddəs Vətən Torpağından, Ana Yurdundan güc alır, yenidən dirçəlir, azğın və xain düşmənin quldur və şərəfsiz yaraqlılarını sərrast atşlə bir-bir yerə sərirdi. Bədənində salamat yer qalmamışdı. Güclü qanaxma onu heydən-hərəkətdən salırdı. Qarşıdan ona doğru irliləyən, rus ayısı kimi qıllı və yöndəmsiz, bütün görkəmindən dinsiz-imansız bir vəhşilik yağan pəzəvəngi nişan aldı. Bu, artıq gücdən düşməkdə olan qollarının qaldırdığı sonuncu avtomat, çəkdiyi sonuncu tətik, atdığı sonuncu qırma idi.
- Atəş! – bu isə Kamilin özünə verdiyi sonuncu əmr idi.
Ayı düşmən Azərbaycana susamış xain ürəyindən aldığı sərrast atəşdən ayı kimi də anqıraraq yerə sərildi.
Eyni vaxtda açılan güllə Kamilin sonuncu atəşi açan əlindən dəydi. Bu isə qəhrəmanlığı yalnız arxadan zərbə vura, atəş aça, bıçağı kürəyə saplaya bilməkdə görən və yalnız bunu bacaran düşmənin arxadan ona yaxınlaşan yaraqlısının atdığı namərd atəşi idi.
Quduz düşmənin sağ qalmış eybəcər, qıllı-saqqallı quldurları Kamilin ətrafında fırlanır, hələ də heyrət içində ona baxır, sonuncu patronunu atmış tək adamın göstərdiyi bu boyda şücaətə inanmaq istəməyərək, özlərinə ölüm saydıqları bu fövqəladə hünəri heçə çıxarmaq üçün ətrafda başqa azərbaycanlı əsgər axtarırdılar. Heç olmasa bir neçə meyit tapmaq və sonra da bu bir neçə adamın sayını şişirdərək böyük bir dəstə ilə vuruşduqları və məhz bu səbəbdən də çox itki verdikləri barədə əsatir uydurmaq istəyirdilər. Ancaq Kamil tək idi.
...Bölük komandiri Fəxrinin dəstəsi “Zirvə” postuna düşmənin qəfil hücumu barədə xəbəri və təcili köməyə yetişmək əmrini bir qədər əvvəl almışdı. Dəstə Kamilin komandirinin yuvarlandığı dərənin yaxınlığına çatanda onlar artıq dərədən çıxmış, yaralıların qan axan yaralarını sarımışdılar. Fəxri və döyüşçüləri mühasirədən çıxanların arasında Kamili görmədilər.
- Bəs Kamil hanı, Kamil? – Fəxrinin həyəcanlı sualı onun əsgərlərinin gözlərindən də oxunurdu.
- Kamil zirvədə qaldı, - komandir zarıltılı səslə cavab verdi.
- İrəli! – ağzından çıxan əmrlə eyni vaxtda irəliyə atılan Fəxri və onunla birlikdə köməyə gələn əsgərlər zirvəyə doğru cumdular.
...“Zirvə”dəki mənzərə dəhşətli idi. Fəxri arxasında Kamilin mövqe tutduğu kolluğun içindəki daşın ətarfında 19 düşmən leşi saydı. Bu qalanlar idi. Quldurlar adətən döyüş meydanında gəbərənlərinin murdar leşini çıxarmağa çalışırdılar. Bununla da azərbaycanlılara qarşı işğalçılıq müharibəsində onlarla birlikdə döyüşənlərin əslində kimliyini gizlətməyə çalışan məkrli düşmənin dəstə başçılarının buradan da artıq neçə leş apardığını dəqiq bilmək mümkün deyildi. Ətrafda gözə dəyən müdhiş mənzərə - torpağın cırmaqlanmasına qədər hər şey burada süpürləşmə getdiyini, o qədər ağır yaralardan sonra belə Kamilin tabe olmayaraq əlbəyaxa müqavimət göstərdiyini deyirdi. Meşəyə doğru gedən qan izi Kamili də sürüyüb apardıqlarını sübut edirdi.
- O sağdır! Yəqin onu diri aparıblar. Tez arxamca gəlin! - Fəxri ağacların, kol topalarının, qaya parçalarının arxasında gizlənə-gizlənə irəliyə, düşmənin mövqelərinə doğru enməyə başladı. Dəstəsindəki qorxmaz döyüşçülər də ətrafa səpələnərək bir-birindən bir neçə metr aralı olmaqla meşənin dərinliyinə üz tutdular.
Düşmən çox da uzaqlaşa bilməmişdi. Talaya az qalmış qarşıda iki quldurun hərəsi Kamilin bir ayağından tutub sürüdüyünü gördülər. İgid əsgərin bütün bədəni al qan içindəydi. Daş-kəsəyə, ağac-uğaca ilişə-ilişə yerlə sürünən bədənindən, atılıb-düşən başından qan axıb tökülür, arxasınca iz buraxırdı.
Fəxri yerə yatıb əsgərlərini işarə ilə yanına çağırdı:
- Mən sağdakını, sən isə soldakını! – onlardan birinə pıçıltı və işarə ilə bildirdi. – Siz ikiniz dərhal Kamili götürürsünüz, siz isə açıqlığa çıxmadan bunları müdafiə edin. Ətrafda gizlənmiş ola bilərlər. Kamili götürənlərdən başqa heç kim mənim göstərişim olmadan geri çəkilməsin. Quldurların sənədlərini götürəcəm.
Eyni vaxtda açılan iki sərrast atəş quldurları yerə sərdi. Quş kimi sıçrayan iki əsgər Kamili çiyinlərinə götürüb sürətlə “Zirvə”yə doğru qaçmağa başladı. Fəxri yerə sərilmiş yaraqlıların yanına süründü, ciblərini yoxlayıb geri çəkildi. Əlində Kamilin al qan içində olan və bir neçə yerindən deşilmiş pasporunu tutmuşdu.
...Kamili zirvədə ehmalca yerə qoydular. Fəxrinin dəstəsi gələnə qədər mühasirədən çıxa bilmiş, yaralıları geriyə göndərmiş salamat olan bir neçə döyüşçü də zirvəyə qalxmışdı.
...Kamil gözlərini dolandırıb Fəxriyə baxdı.
- Nə isə demək istəyir, - kimsə dilləndi.
- Kamil, hər şey yaxşı olacaq, - onun başını qucağına alan Fəxri heç vaxt olmadığı kimi özünə xas olmayan titrək səslə dedi.
- Kom..., - sözü axıracan desə də dodaqlarını tərpədib aralaya bilməyən Kamilin güclə alıb- verə bildiyi nfəslə çıxan zəif səsi eşidildi.
Hamının nəzəri onun gözlərinə və dodağına zilləndi. Onun tərpənməyə çalışan dodaqları nəsə demək istəyirmiş kimi səs çıxardı. Gözləri və güclə tərpənən barmaqları ilə əvvəl boğazına işarə edərək udqundu. Sonra baxışları böyründəki kol topasına çevrildi. Əsgərlərdən biri dərhal kolları araladı. Cəsur rabitəçi artıq düşmənin əlinə sağ keçdiyini anlayaraq şifrəli kağızları cırmış, yarısını udmuş, yarısını isə öz qanına boyayaraq kolun içinə atmışdı.
- Kom..., - Kamilin səsi müdhiş səhnədən son dərəcə təsirlənmiş döyüşçüləri sanki yenidən özlərinə qaytardı, - sssu!
- Su verin! – Fəxri qışqırdı.
Nəyisə qumqumanın ağzında isladıb Kamilin qan içində olan dodaqlarına çəkdi.
-Ssuu!
- Qumqumanmı bəri ver! – komandir dəli kimi qışqırdı.
Yaralının növbəti sözündən isə donub qaldı:
- Şşu!
Hamı heyrətlə bir-birinin üzünə baxdı.
- Şşşuu! – Kamil son gücünü toplayıb təkrar elədi.
Sanki son borcunu ödəmək üçün son gücünü toplayan yaralı əsgər başını “Zirvə” postundan açıq-aydın görünən şəhərə tərəf çevirdi:
- Şşşuu...
Gözlərinin küncündən süzülüb düşən iki damla yaşla ağzından son kəlmə çıxdı:
- ...şa!!!
...Bu, doğma və əziz Şuşa yolunda son imkanından istifadə edərək, son damla qanına qədər döyüşərək, son gücünü toplayıb, sonuncu tətiyi çəkib, sonuncu gülləsini atan qəhrəman əsgərin son damla göz yaşı və son nəfəsi ilə eyni vaxtda dediyi son söz idi:
- Şuşa!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir