Modern.az

Onu çoxdandı görmürdüm...

Onu çoxdandı görmürdüm...

Ədəbi̇yyat

21 Avqust 2016, 14:34

Olmuş əhvalat. Novellasayağı

 

Rəhman ORXAN
e-mail:  [email protected]


Ona ilk dəfə 90-cı illərin ortalarında rast gəlmişdim. Sumqayıt bazarının aşağı tərəfində, türk şirniyyat dükanının yanında göy-göyərti satardı. Elə ilk gördüyüm gündən məndə ona qarşı səmimi, mehriban münasibət yaranmışdı. Abırlı-həyalı, çox sakit, eyni zamanda düşüncəli-qayğılı bir qadın idi. O, başqaları kimi heç vaxt müştəri çağırmazdı, sakitcə dayanıb alıcının yaxınlaşmasını gözləyərdi. Və yalnız nəsə soruşanda diqqətini toplayıb, cavab verməyə çalışardı...

Mən hər axşam Bakıdakı işimdən adəti üzrə çox gec – saat 11-ə qalmış, bəzən də 11-dən sonra qayıdardım. Ətrafda “gəl, a müştəri, göyərti qurtardı” deyən bir-neçə nəfər olsa da, o, çox sakit, lal-dinməz dayanardı. Abırlı görkəmi, nurlu siması ilə  ürəyimə yatmışdı. Odur ki, bəzən evdə göy-göyərti olsa da, ondan heç olmasa 1-2 dəstə kişniş-şüyüd almadan, səssizcə yanından ötüb keçməyi özümə sığışdırmazdım. Hər axşam mehribancasına salamlaşar, hal-əhval edib, satdıqlarından alar və “gecəniz xeyrə qalsın!” deyə xudahafizləşib, evə qayıdardım. Ancaq çox zaman da yol boyu onun haqqında düşünər, evdə istirahət etrməli olduğu halda gecənin yarısı bazarın yanında, maşınların fasiləsiz, həm də səs-küylə şütüdüyü yol kənarında alver etməyə məcbur olması məni sıxırdı. Qəlbinə toxunmamaq üçün, etika xatirinə özünə bu barədə heç vaxt heç nə demidim, ancaq hər dəfə onu orda görəndə daxilən üzüntü keçirirdim. Xətrini çox istəyirdim.

Deyəsən, o da mənə isnişmişdi. Hiss edirdim ki, avtobusdan düşərək, dükanın yanından burulub, ona yaxınlaşanda üzü gülür, onunla salamlaşmağımı, hal-əıhval tutmağımı az qala səbrsizliklə gözləyirdi. Görünür, o da hiss edirdi ki, mən onunla göyərti alveri etməkdən daha çox onu görmək, dindirib-danışdırmaq istəyirəm. Başqaları sadəcə olaraq alıcı idi, mən isə artıq tanış, hətta bir az da doğma alıcı idim. Odur ki, o, göyərtini mənə həmişə ucuz satmaq istəyirdi, mən isə bir qədər baha almaq istəyirdim. Üz-gözüm ona yamanca öyrəşmişdi. Bəzən işdən çox gec qayıdıb, onu həmişə dayandığı yerdə görməyib, məyus olurdum. Yıgışlanıb evə gedənə kimi o yan - bu yana baxaraq gözləri ilə məni axtardığını düşünəndə isə özümü qınayırdım. Sabahısı günü işdən bir az tez gəlməyə çalışırdım. Məni görən kimi üzünə təbəssüm qonurdu. Ürəyimcə olan səmimiyyəti, ona xas olan və çox yaraşan mehribançılığı ilə yavaşcadan, çox astadan dillənərdi – “Deyəsən, dünən işdən gec qayıtmışdınız...” Mən də günahkarcasına etiraf edərdim ki, “hə, dünən işim çox idi, gəlib çatammadım”. Cavabında “eybi yoxdur, Allah işinizi avand eləsin!” xeyir-duasını eşidərdim.

O vaxtlar hələ sağ olan anam, hara gedirdimsə, fikrən-xəyalən mənimlə olardı. Ancaq hiss edirdim ki, bu qadın da, həm də bu boyda şəhərdə təkcə bu göyərti satan qadın da özünün nurlu siması, abır-həyası, mehriban ünsiyyətə həssas, həm də qayğıkeş qəlbi ilə, öz sadəliyi, nəcibliyi ilə yaddaşıma “baş çəkir”, gözlərim önünə gəlir. Hər axşam yaxın, doğma bir adam kimi onu yenidən görməyimə şad olardım. Daha doğrusu, ona sevinirdim ki, bəlkə də darıxdığı, az qala unudulmaqda olduğu bu şəhərdə ona göyərti satan kimi yox, abırlı-ismətli bir qadın kimi hörmət edən daha bir adamın tapıldığına sevinirdi.

...Son 2-3 ildə onu həmişəki yerində görmürdüm. “Yoxa çıxdığı” ilk günlər fikirləşirdim ki, yəqin ailə problemlərinə başı qarışıb. Bu “yoxluq” uzun müddət davam etdikdə isə onu bazarın yanılndakı “qonşularından”  soruşmaq istəsəm də, buna cəsarət etmədim – bəd xəbər eşidəcəyimdən qorxurdum. Ancaq bununla belə, bəlkə də möcüzə baş verər, bir də görə bilərəm deyə hər dəfə o yerdən keçəndə ümidlə ətrafa boylanırdım, lakin o, heç yerdə gözə dəymirdi...

Çox yaxşı ki, bugünlərdə “Allahın möcüzəsi” baş verdi.... Bir iş yoldaşımızın oğlunun toyundan qayıdarkən  növbəti dayanacaqlardan birində avtobusa minənlər arasında bir vaxtlar həmişə axşamdan keçmiş görməyə adət etdiyim həmin qadını yenidən görəndə sevincimin həddi-hüdudu olmadı. Qeyri-ixtiyari ayağa qalxıb, ona yer vermək istədim. Lakin o, məni görmədi və heç kəsə baxmadan, başını aşağı dikərək, keçib qabaq cərgələrdən birindəki boş yerdə əyləşdi. Onu bir daha görməyimə sevinsəm də, ürəyim rahatlansa da, avtobusdakıların diqqətini çəkərək, ona həmin anda yaxınlaşmağı düzgün hesab etmədim.dım.  Sadəcə bu qəfil görüşə görə Allaha dua edərək, onu kənardan xeyli seyr etdim. Fikir verdim ki, bir vaxtlar mənim bəy qızı olan nənəm öz gəlini - anamla toya-nişana gedərkən ən gözəl, yaraşıqlı paltarlarını geyindiyi kimi o da qəşəng və yaraşıqlı geyinmişdi. Əsl Azərbaycan qadını kimi geyindiyi təzə, həmişəki kimi uzun ətəkli paltar onun nurlu, mehriban simasına, qayğıkeş, istiqanlı varlığına tam uyqun idi.

Kövrəldim... anladım ki, onu mənə sevdirən nə imiş... Sən demə, o, bütün vücudu, ruhu ilə o vaxtlar yaşayan, indi isə həyatda olmayan anama yaman oxşayırmış... Avtobusdan düşməyimə bir az qalmış yaxınlaşıb, hörmətlə salam verdim. Qarşısında məni görüb, bir anlığa nə edəcəyini bilmədi. Hörmət əlaməti olaraq qeyri-ixtiyari bir balaca ayağa qalxmaq istəsə də, qolundan tutub, buna imkan vermədim. Bu qəfil görüşə o, bəlkə məndən də çox sevinirdi. Anamın saçlarına oxşayan ağ saçlarından, anamın simasını xatırladan ana sifətindən, əllərindən öpmək istədim. Ancaq “dəli” adlandırılacağımdan çəkinərək, bunu etmədim. Yalnız niyə “əvvəlki yerində” görünmədiyini soruşa bildim. Utancaq bir görkəmlə dedi ki, daha uşaqlarım razı olmurlar.

...Dayanacaqda gül olsaydı, ona, anama bağışlayırammış kimi bir dəstə gül alıb verərdim - o anda heç kəs məni başa düşməsəydi belə.. Avtobusdan düşəndə onun da gediş haqqını verdiyimi deyəndə sevinc qarışıq razılıq dolu minnətdarlıqla “niyə zəhmət çəkirsən? Çox sağ ol!” dedi.

Ürəyim yerinə gəlmişdi. Onun nigarançılığından qurtarmışdım. Yaşı indi bəlkə 80-ə yaxın olsa da, xoşbəxt və bəxtiyar görünürdü. Dayanacaqda düşəndən sonra avtobus tərpənənə kimi xoşbəxt bir ovqatla ona baxdım və əl eləyib xudahafizləşdim. O da özünün xoş siması ilə maşının pəncərəsi arxasından başını məmnunluqla tərpədərək, təbəssümlə əl elədi. Doğrusu, onu bir daha görəcəyimə ümidim yoxdur. Avtobus onu uzaqlara apardı, çox uzaqlara. O yerlərə ki, orda müqəddəs adamlar var, müqəddəs analar var – çox sevdiyim nənən kimi, anam kimi, həyatdan vaxtsız köçmüş ömür-gün yoldaşım kimi...

...Yaxşı ki dünyada öz mehribançılığı, ana məhəbbəti ilə qəlbimizi, sonda isə xatirələrimizi isidən, bizi öz məhəbbətləri ilə özlərindən sonra da yaşadan müqəddəs ANA-lar var! Ömür-gün yoldaşlarına – cəfakeş, qayğıkeş atalara, sevimli övladlarına hər zaman həmdəm, arxa-dayaq olan ANA-lar!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!