Modern.az

Ülvi Quliyev: “Olimpiyaçılarımız idman tarixinə yeni səhifə yazdılar”

Ülvi Quliyev: “Olimpiyaçılarımız idman tarixinə yeni səhifə yazdılar”

Parlament

23 Avqust 2016, 22:28

Braziliyanın Rio-De-Joneyro şəhərində keçrilən XXXI Yay Olimpiya oyunları başa çatdı. Azərbaycanın Olimpiya komandası bu oyunlarda 17 idman növündə 56 idmançı ilə iştirak etdi. Yığma komandamız 1 qızıl, 7 gümüş, 10 bürünc (18 medal) medal qazandı.
Qeyd edək ki, Azərbaycan yığması və nümayəndə heyətini gətirən təyyarə Bakıya bu gecə saat 22:20-də çatacaq.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, karate üzrə dəfələrlə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Modern.az saytının açıqlamasında vətənə 18 medalla qayıdan idmançılarımızı təbrik edib.

Ülvi Quliyevin sözlərinə görə, Rio-De-Joneyroda millimiz 18 medal qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yenilədi ki, bu da müsbət göstəricidi:

“Ötən Olimpiadada millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanmışdısa, bu dəfə ümumi medal sayı 18-ə yüksəldi. Komandamızı, idman ictimaiyyətini təbrik edirəm. Azərbaycan idmançıları Olimpiadadakı bu nailiyyətlə ölkəmizin idman tarixinə yeni səhifə yazdılar.
Medal sayı baxımından 207 ölkə arasında 15-ci, medal keyfiyyəti baxımından 39-cu olduq. 5 idman növündə medal qazanmışıqsa, bunu yüksək göstərici saymalıyıq.
Bu qələbə münasibətilə həm də Azərbaycan Milli Olimpiya Komitəsini, ona rəhbərlik edən İlham Əliyev cənablarını təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin idman sahəsinə, idmançılara göstərdiyi dəstək sayəsində olimpiyaçılarımız 4 ildən sonra keçiriləcək növbəti oyunlarda daha yüksək nəticələr əldə edəcəklər”.

Ülvi Quliyev deyib ki, Rio-De-Joneyro Olimpiadasının nəticələri təhlil olunduqdan sonra qarşıdakı Tokio Olimpiadasına baxmaq lazımdır. O, elə indidən Tokio-2020-nin planlarının hazırlanmasının vacib olduğunu bildirib.

“Tokio Olimpiadasına hazırlığa elə indidən başlamalıyıq. Fikrimcə, Tokio-2020-də həm qazanılan medal sayı baxımından daha yaxşı nəticələr əldə edə bilərik, həm də daha çox idman növündə qələbəyə imza atmaq mükündür. Çünki nəzərə almalıyıq ki, karate idman növü də Tokio Olimpiadasına daxil edilib. Bu idman növü üzrə isə güclü və perspektivli döyüşçülərimiz yarışır. O baxımdan Azərbaycan idmançılarından qarşıda daha yüksək nailiyyətlər gözləyirik”.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır