Modern.az

Akif Çovdarovla bağlı rəsmi AÇIQLAMA: “Aclıq etdiyini bildirməyib”

Akif Çovdarovla bağlı rəsmi AÇIQLAMA: “Aclıq etdiyini bildirməyib”

24 Avqust 2016, 11:06

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun hüquqlarını müdafiə edən vəkil Sadiq Rəsulov müvəkkilinin aclıq aksiyasına başladığını deyib. Bildirib ki, Akif Çovdarovun aclıq aksiyasına başlaması aparılan istintaqla bağlıdır.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O deyib ki, təqsirləndirilən,  yaxud cəza çəkən şəxsin aclıq aksiyasına başlaması üçün rəsmi müraciət olmalıdır:


“Məhkum rəsmi olaraq saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Müraciətdə yeməkdən imtinanın səbəbləri göstərildikdən sonra məhkum digər məhkumlardan təcrid olunaraq həkim nəzarətinə götürülməlidir. Hazırda isə belə bir müraciət daxil olmayıb”.

A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb.

A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

 

Gülşən RAUQFIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi