Modern.az

Cahangir Hacıyevin vəkilindən məhkəməyə ETİRAZ: “Günlərlə ac qalıb”

Cahangir Hacıyevin vəkilindən məhkəməyə ETİRAZ: “Günlərlə ac qalıb”

24 Avqust 2016, 13:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə vəkillər Aqil Layicov və Fəxrəddin Mehdiyev məhkəmə tərkibinə etiraz ediblər. Bildiriblər ki, hazırlıq iclasının qərarında qaldırdıqları 6 vəsatətdən yalnız 2-si qeyd olunub. Bu da məhkəmənin obyektiv aparılmasına şübhə yaradır.

 

Digər təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətləri müdafiə etməyib. Dövlət ittihamçısı vəsatətin əsaslandırılmadığını bildirib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

 

Vəkil F. Mehdiyev C. Hacıyevlə müəyyən məsələləri məsləhətləşmək üçün vəkillərin yanında əyləşməsinə şərait yaradılması üçün vəsatət qaldırıb. O, İstintaq Təcridxanasında C. Hacıyevə təzyiqlər olduğunu bildirib:

 

"Onun kamerası dəyişdirilərək məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürülüb və soyuducudan istifadədən məhrum edilib. Buna görə də o qidadan istifadə edə bilmir və günlərlə ac qalır. Məhkəmə buna münasibət bildirsin və problemin həllinə yardımçı olsun".

 

Vəkil A. Layicov da vəkilin vəsatətini təsdiqləyib. 

 

Prosesdə dövlət ittihamçısı C. Hacıyevin saxlanmasının Penitensiar Xidmətin daxili işi olduğunu diqqətə çatdırıb. Prokuror C. Hacıyevin müttəhim kürsüsündən çıxarılaraq tribunada ifadə verməsinə etiraz etməyib. 

 

Prosesdə ittiham aktı elan edilib və təqsirləndirilən şəxslər özlərini ittihamlarda təqsirli bilməyib. 

 

 Prosesdə fasilədən sonra davam etdiriləcək.

 

C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?