Modern.az

Azərbaycan idmançıları niyə ikiqat Olimpiya çempionu ola bilmirlər?

Azərbaycan idmançıları niyə ikiqat Olimpiya çempionu ola bilmirlər?

25 Avqust 2016, 12:13

5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirildi. Azərbaycan Olimpiya Oyunları tarixində ilk dəfə 56 idmançı ilə 17 idman növündə təmsil olundu. “Rio Olimpiadası”nda idmançılarımız 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc .

Azərbaycan Respublikası müstəqillik əldə edəndən bəri  cəmi 7 idmançı olimpiya çempionu ola bilib. Və onlardan da heç biri dalbadal iki dəfə çempionluq titulunu qoruya bilməyib. Elnur Məmmədli, Fərid Mansurov, Toğrul Əsəgərov və digərləri... Heç biri ikiqat Olimpiya çempionu ola bilməyib.

 

Axı niyə idmançılarımızdan heç biri ikiqat Olimpiya çempionu ola bilmir?..

Modern.az saytı bu məsələ ilə bağlı idman sahəsindən yazan jurnalistlərin fikirlərini öyrənib.

 

Qol.az-ın redaktoru Aydın Bağırov deyir ki, azərbaycanlı idmançı Olimpiya çempionu olandan sonra “ulduz xəstəliyi”nə yoluxur:

“Bizdə bir çox halda Olimpiya çempionu və ya mükafatçısı olan idmançıya təsəvvürünə gətirməyəcəyi məbləğdə pul mükafat, bahalı maşın, lüks şəraiti olan mənzil verilir. Barələrində səslənən təriflərdən sonra onlarda başgicəllənməsi yaranır. İdman qalır bir kənarda, çempion daha çox idmandankənar həyata meyllənməyə başlayır. Məşqlərə laqeyd və məsuliyyətsiz yanaşır, belə deyək, idmançı bir dəfə Olimpiya çempionu olub deyə, özünü artıq toxunulmaz şəxs, xalq qəhrəmanı statusunda görür. Təəssüf ki, bu fikirləri təkcə Olimpiya çempionlarına deyil, idman meydanlarında başqa ciddi nailliyyətlər qazanmış bir çox idmançımıza da aid etmək olar.

Belə görünür ki, bizim idmançılara çox pul vermək olmaz. Bizim idmançı çox pul alanda növbəti yarışda idmanın zirvəsinə qalxmaqdansa, zirzəməsinə enir. Ortada acınacaqlı faktlar var. Elnur Məmmədli peşəkar karyerasının ilk illərində - cəmi 20 yaşı olanda Olimpiya çempionu olmuşdu. Bu gün onun 28 yaşı var. Bu insan Olimpiya çempionu olduqdan sonra məşqlərə ciddi yanaşsaydı, bugün onun timsalınsa bizim nəinki ikiqat, hətta üçqat Olimpiya çempionumuz olardı. Amma təəssüf...
Togrul Əsgərov da Olimpiya çempionu olduqdan sonra onda da bir az başgicəllənməsi yaranmışdı. London Olimpiadasından sonra onun Bakıdakı Avropa Oyunlarını çıxmaqla, ciddi bir uğuru olmamışdı. Bu mənada, onun bu dəfə Yay Olimpiya Oyunlarının finalına çıxması (özü də güclü rəqibləri məğlub edərək) məndə yaxşı mənada təəccüb doğurdu. Deməli, Togrul haqlı tənqidlərdən nəticə çıxarıb öz üzərində işləməyi, səhvlərini düzəltməyi bacardı. Mən əminəm ki, əgər bundan sonra da Togrul özünə və məşqlərə ciddi fikir versə, 2020-ci il Tokio Olimpiya Oyunlarının qızıl medalını qazanmaqla idman tariximizə ilkikiqat Olimpiya çempionu kimi düşəcək.
Olimpiya çempionu olduqdan sonra Fərid Mansurov da ikinci dəfə bu yüksək ada yaxın olub. Bildiyimə görə, Fərid çempion olduqdan sonra belə, özünün sadəliyini itirmədi, onda digərlərindəki kimi “ulduz xəstəliyi” yaranmadı. Əksinə, qızıl medal qazandığı 2004-ün Afina Olimpiadasından sonra dünya çempionu da oldu. Növbəti 2008 Pekin Olimpiya Oyunlarında isə sırf bəxtsizlik, xəstələnməsi səbəbindən ikinci çempionluğunu qazana bilmədi. Buna baxmayaraq, ruhdan düşmədi, 2009-cu ildə ikinci dəfə dünya çempionu oldu. Məncə, bu gün bizim idmanımıza Fərid Mansurov kimi təvazökar, sadə, puldan havalanmayan idmançılar lazımdı. Amma elə idmançılar da bizim idmanda barmaqla sayılacaq qədərdi”.

 

İdman jurnalisti Elçin Cəlilovun sözlərinə görə,Azərbaycanda ikiqat Olimpiya çempionunun olmamasını çox misallarla әsaslandırmaq olar.

“Onların arasında mәnә görә, әn aktualı idman mentalitetinin qüsurlarıdı. Başda psixoloji amil vә intizamsızlıq dayanır. Ümumiyyәtlә, idman hәm dә bәxt amilindәn asılıdı. Ancaq bizim finalçıların әksәri psixolojidә, ya da vaxtında intizamlı olmamağa görә son nöqtәni qoya bilmirlәr. Finaladәk әzm vә fiziki gücün sayәsindә irәlilәyib, ancaq finaldakı rәqibә bata bilmәmәyin sәbәbi dәmir iradә qarşısında ümidi itirmәkdi bәlkә dә. Konkret Toğrulla bağlı deyә bilәrәm ki, ikiqat Olimpiya çempionu olması üçün hәr şey yetirdi. Bircә psixoloji hazırlıqdan başqa...

Başqa finalçılarımızın әksәri biraz bәxtsizlikdәn şikayәtlәnsә, haqlı olarlar. Ancaq böyük idmanda hazırlığın hәr xırda detalına әmәl elәmәk, hәr saniyәnin öz mövqeyinin, dәyәrinin olduğunu bilmәk vacibdir. Onu edәn heç bәxtә bel bağlamır, özünә inamı çempionluğa aparır“.

 

Digər idman yazarı Emin Ağanın fikrincə isə çatışmayan istək və maraqlardır.

 

“Bunlar olmayandan sonra idmançılar fiziki cəhətdən yaxşı hazırlaşmırlar Olimpiyadaya və sonda bu da  yarışda öz sözünü deyir. Həm də nəzərə alaq ki, bizdə Olimpiyadanın siyahısına daxil olan oyunlardan yalnız güləş yaxşı inkişaf edib. Ona görə də ikiqat Olimpiya çempionunu bu idman növündən gözləməliyik. Fikrimcə, gələcəkdə Toğrul Əsgərov və Rəsul Çunayev bu ilkə imza atacaqlar”.

 

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir