Modern.az

Azərbaycanın birinci xanımının doğum günüdür

Azərbaycanın birinci xanımının doğum günüdür

26 Avqust 2016, 00:02

Avqustun 26-sı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad günüdür.

Modern.az-ın məlumatına görə, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də digər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində də şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.

Mehriban Əliyeva Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.

Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə Azərbaycan parlamentinin deputatı seçilib.

Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında sədr müavini seçilib.

Mehriban Əliyeva Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən humanitar proqramların səmərəliliyinin gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi ümdə vəzifəsi hesab edir.

Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasıdır.

2004-cü ilin avqustunda Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.

2010-cu il iyulun 30-da Mehriban Əliyevaya YUNESKO-nun "Qızıl Motsart" medalı təqdim olunub.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva "İlin qadını" fəxri adını alıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

2014-cü il mayın 14-də Bakıda "The Business Year: Azerbaijan-2014" nəşrinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mehriban Əliyevanın Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüldüyü elan edilib.


Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Azərbaycanın birinci xanımının Leyla və Arzu adlı iki qızı, Heydər adlı bir oğlu, 3 nəvəsi var.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir