Modern.az

“Artur Rasizadə böyük xidmətləri olan nəcib insandır”

“Artur Rasizadə böyük xidmətləri olan nəcib insandır”

Ölkə

26 Avqust 2016, 09:36

 

“Biz referendumdan sonra bir çox yeniliyin şahidi olacağıq. Bu yeniliyin ortaya qoyulmasında ölkə prezidentinin iradəsi böyük rol oynayacaq. Bu iradə Azərbaycanın güclənməsinə, demokratik proseslərin daha da inkişafına, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir”. Bunu Modern.az saytına açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

 

O, Nazirlər Kabinetinin buraxılması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Deputat qeyd edib ki, Nazirlər Kabinetinin gələcək statusu ilə bağlı fikir söyləyərkən hadisələrin gedişatını qabaqlamaq istəmir.

 

“Mənim baş nazir Artur Rasizadəyə çox böyük hörmətim var. O, Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri olan dövlət xadimidir. Heydər Əliyev siyasətinə sədaqətli olan nəcib bir insandır. Nazirlər Kabineti deyərkən məhz Artur Rasizadə göz önünə gəlir. Mən məhz Artur Rasizadəyə görə, Nazirlər Kabinetinə öz münasibətimi ifadə edirəm. Lakin Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı elə məqamlar da var ki, tənqidi fikir söyləmək mümkündür”,-deyə o əlavə edib.

Fəzail Ağamalı vurğulayıb ki, Artur Rasizadənin fəaliyyətini yüksək qiymətləndirir.

 

“Buna baxmayaraq, Nazirlər Kabinetinin qalıb-qalmaması, hansı statusda olacağı ilə bağlı fikir səsləndirərkən insanlara tələsməməyi məsləhət görürəm”.

 

Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Bəzi siyasətçilər , referendumdan sonra vitse-prezidentlik institutunun  təsis ediləcəyi təqdirdə, Nazirlər Kabinetinin ləğv ediləcəyini iddia edir. 

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər