Modern.az

Yol hərəkətini pozanlara 40,2 milyon manat cərimə kəsilib

Yol hərəkətini pozanlara 40,2 milyon manat cərimə kəsilib

26 Avqust 2016, 10:58

Bu ilin 6 ayında (yanvar-iyun) ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunub. Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almış, 304 nəfəri isə həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, nəticədə 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1 faiz, yaralananların sayı isə 13,6 faiz azalıb. Bütün yol-nəqliyyat hadisələrinin 42,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9 faiz, 26,0 faiz və 14,2 faiz azalıb.

 Yol-nəqliyyat hadisələrinin 43,6 faizi gündüz, 37,4 faizi gecə, 19,0 faizi isə toran vaxtı baş verib. Hadisələrin 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib. Belə hadisələrin 87 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir