Modern.az

“Gülənçilərin əsas metodu hakimiyyət daxilində hakimiyyət yaratmaqdır” - MÜSAHİBƏ

“Gülənçilərin əsas metodu hakimiyyət daxilində hakimiyyət yaratmaqdır” - MÜSAHİBƏ

26 Avqust 2016, 15:06

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

-Ayaz müəllim, bu ilin aprelində cəbhədə “dördgünlük müharibə”dən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensivləşdi. Konfliktin sülh yolu ilə həll edilməsi perspektivini necə qiymətləndirirsiniz?

-Bu, düzgün siyasi addımdır. Məsələnin sülh yolu ilə həlli üçün hər bir şərait yaradıla bilər. Azərbaycan prezidentinin təklifi ilə Bakıda Azərbaycan-Rusiya-İran sammiti oldu.

Putinlə Ərdoğanın görüşü dünyanın geosiyasi xəritəsini dəyişir, Azərbaycanın bu ölkələr üçün əhəmiyyətini artırır. Odur ki, bu ölkələr Qarabağ konfliktini aradan götürməklə, regionda stabillik yarada bilərlər və gələcəkdə Rusiya-İran-Türkiyə-Azərbaycan birliyi  yarana bilər. Aydındır ki, Azərbaycan bu birlikdə körpü rolunu oynamalıdır. Qarabağın həlli məsələsinə gəldikdə, onu da qeyd etməliyəm ki, Rusiya ilə İranın təzyiqi nəticəsində, Ermənistan Qarabağdan qoşunlarını çıxara bilər.

-Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı mübarizə aparılır. Gözləntiləriniz nədir?

 

-Türkiyədə gedən proseslər bizə dərs olmalıdır. Çünki türk mətbuatı iddia edir ki, gülənçilər hakimiyyət daxilində hakimiyyət yaratmaqla dövlət çevrilişi etmək istəyiblər. Prezident Ərdoğanın da çıxışlarında bu, öz əksini tapmışdır. Belə iddia edirlər ki, gülənçilərin əsas metodu  hakimiyyət daxilində hakimiyyət yaratmaqdır. Fərqi yoxdur, hansı ölkədə olur olsun, dövlətçilik üçün təhlükə yaradırlar. Azərbaycan Baş Prokurorluğunda bununla bağlı araşdırmalar aparılması haqda məlumatlar var.

 -Türkiyə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Suriya münaqişəsində dönüş olacağı proqnozunu vermək olarmı?

 

-Bəli, dönüş mümkündür. Qeyd etməliyik ki, Türkiyənin Suriyaya girməsi Putinlə Ərdoğanın görüşünün nəticəsi də ola bilər. Bu onu göstərir ki, əməliyyatlarda Rusiya Türkiyə ilə bir məxrəcə gəlib. ABŞ-ın vitse- prezidenti Cozef Baydenin Türkiyəyə tələsik səfəri onu göstərir ki, ABŞ da bu əməliyyatlarda yaxından iştirak edəcək.

 

-Nəzərə alaq ki, Türkiyənin hərbi müdaxiləsindən əvvəl ölkədə hərbi çevrilişə cəhd edildi. Bunun arxasında böyük güclər dayanmışdı yoxsa yalnız Türkiyə ordusundakı bir qrup insan?

 

-Türkiyədə indiyə qədər baş verən dövlət çevrilişlərinin arxasında böyük ölkələrin durmadığını düşünmək sadəlövhlük olardı.

 

-Azərbaycanda Konstitusiya dəyişiklik üçün referendum keçiriləcək. Bu addıma münasibətiniz necədir?

 

-Müsbətdir. Deməli, prezident ölkədə yeni idarəçilik strukturları yaradır. Əlbəttə ki, ölkəni daha da effektiv idarə etmək üçün.

 

-Ölkə müxalifətinin gücü zəifləməməkdədir. Bunun səbəbini nədə görürsünüz?

 

-Bütün dünyada müxalifət iqtidarın davamıdır. Bu mövqedən demək olmaz ki, ölkədə müxalifət hərəkatı zəifləyib. Ancaq bunu xalqın qəbul etdiyi müxalifətə aid etmək olar. Azərbaycanda isə müxalifətin fəaliyyəti gözə çarpmır. Deməli zəifləyib.

 

Aqşin KƏRİMOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir