Modern.az

Azərbaycan Türklərinin son imperiyasi: Qacarlar Dövləti - IV YAZI

Azərbaycan Türklərinin son imperiyasi: Qacarlar Dövləti - IV YAZI

Ədəbi̇yyat

26 Avqust 2016, 15:24

Dos., Dr. Faiq Qəzənfəroğlu

Qacarların 1795-ci ildə Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana əsasən uğurlu hərbi yürüşü vəziyyəti kökündən dəyişdirmişdir ki, bu isə həmin əraziləri ən azı 100 il öncə işğal etmək niyyətində olan çar Rusiyasını qətiyyən qane etmirdi. Birbiriləriylə daima düşmənçilik edən Şimali Azərbaycan Türk Xanlıqlarına bu yolda böyük “yardım” edən çar Rusiyası əvvəllər daha çox kənardan, “parçala və hökm sür” siyasətiylə vəziyyətə nəzarət etməyə üstünlük verirdisə, Qacarların ortaya çıxmasıyla həmin xanlıqların ortaq milli-dini hislər altında yeni imperiyada birləşə biləcəyi təhlükəsini hiss etdikdən sonra onlara qarşı müharibə elan etməkdən başqa çarə görmədi. Hər halda Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqazı xeyli dərəcədə nəzarəti altına alıb Tehrana dönməsindən az sonra, yəni 1795-ci ilin payızında çar Rusiyasının 1783-cü il Georgiyevski müqaviləsini bəhanə edərək Cənubi Qafqaza hərbi qüvvə yeritmək barədə qərar qəbul etməsi, eləcə də çariça II Yekaterinanın Cənubi Qafqazın işğalıyla bağlı sərəncam verməsi Rusiya-Qacarlar müharibəsinin başlanmasının qaçılmaz olduğunu ortaya qoyurdu. Hələ, 1795-ci ilin payızında Şimali Qafqazdakı rus qoşunlarının başçısı General Qudoviçə Cənubi Qafqazı işğal etmək göstərişi verən çariça II Yekaterina, bununla bağlı imzaladığı sərəncamda açıq şəkildə ifadə edirdi ki, Cənubi Qafqaz və Xəzər dənizi sahilləri Qacar qoşunlarından təmizlənməlidir. Hətta, sərəncamda Qacar qoşunları silaha əl atdıqlarında düşmənə cavab vermək, onları Cənubi Qafqaza bir daha yaxın buraxmamaq fikri də öz əksini tapmışdır.

Beləliklə, Rusiya birinci dəfə, Səfəvilər dövründə Nadir şah Əfşarla (Əfşarlarla) uğursuz müharibələrdən  (1730-cu illər) sonra ikinci kərə, 1796-ci ilin ilk aylarında Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana yönəlik ilk irihəcmli hərbi yürüşüylə, konkret Dərbəndə hücum etməsiylə Qacarlara qarşı rəsmən müharibə elan etmiş oldu. A.A.Bakıxanov da açıq şəkildə yazır ki, 1796-cı ildə çariça II Yekaterina Cənubi Qafqaz uğrunda Qacarlarla müharibəyə başlamışdı. Ona görə də hesab edirik ki, ilk Rusiya-Qacarlar müharibəsi 1804-1813-cü illərdə deyil, 1796-1797-ci illərdə gerçəkləşmişdir. Bu anlamda Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın çar Rusiyası tərəfindən ikinci işğalçılıq (Rusiyanın birinci işğalçılıq yürüşü Səfəvilərin son dönəmində baş vermiş, amma Nadir şah Əfşar tərəfindən rus işğalçılar geri otuzdurulmuşdur) yürüşü də 1796-ci ildə baş vermişdir.

Maraqlıdır ki, hazırda da Qacarları Şimali Azərbaycan xanlıqlarının “ümumi düşməni” adlandıran çağdaş Azərbaycan tarixçiləri var ki, onlar çar Rusiyasının ikinci dəfə Cənubi Qafqaza hərbi qüvvələr yeridərək bu torpaqları işğal etmələrinə  mümkün olduğu qədər haqq qazandırmağa çalışırlar: “Ağa Məhəmməd xanın Cənubi Qafqaza dağıdıcı yürüşündən sonra Rusiya Cənub sərhədlərinin (?!-F.Q.)  təhlükəsizliyini (?!-F.Q.) qorumaq və Xəzər dənizindəki hakim mövqeyini saxlamaq, habelə 1783-cü il Georgiyevsk müqaviləsinin şərtlərinə əməl etmək məcburiyyəti (?!-F.Q.) qarşısında qaldı. 1795-ci ilin noyabr ayında Mozdok şəhərindən Cənubi Qafqaza ilkin mərhələdə iki istiqamətdə rus qoşunları göndərildi. Tiflisə polkovnik Sıroxnevin başçılığı ilə iki yeger batalyonu, Dağıstan və Azərbaycan istiqamətində isə general-mayor Savelyevin komandanlığı altında piyada batalyonu hərəkət etdi. Ağa Məhəmməd xanın Azərbaycanı tərk etməsinin başlıca səbələrindən biri də bu oldu”. Bu sətirləri oxuduqca onun müəllifinin azərbaycanlı, Azərbaycan tarixçisi deyil, bir rus ya da Rusiya tarixçisi olması qənaəti yaranır. Çünki burada açıq aşkar müəllif çar Rusiyasının Cənubi Qafqaza işğalçılıq yürüşünü Şimal imperiyasının təhlükəsizliyi adına məcburi bir addım kimi dəyərləndirdiyi halda, öz dədə-baba torpaqlarını rus qoşunlarından qorumağa çalışan Qacarları, onun başçısı Ağa Məhəmməd xanı isə düşmən, işğalçı kimi qələmə verir.

Ümumiyyətlə, Sovetlər Birliyi dövründə olduğu kimi, hələ də milli tarixmizdə “İran” ümumiləşdirməsi adı altında Qacarları düşmən göstərib onlara qarşı “Şuşada qarabağlıların qəhrəmancasına müqavimətin”dən, ya da “1796-cı ildə Rusiya qoşunlarının Azərbaycana yürüşü ilə əlaqədar İran tərəfindən təhlükə sovuşdu” düşüncəsindən çıxış etmək, çox zərərlidir. Hesab edirik ki, Qacarların Cənubi Qafqaz, o cümlədən Şimali Azərbaycan uğrunda Rusiyayla apardığı müharibələri “İran” kimliyindən baxmaqdan əl çəkib, bunun Oğuz-Türkmən Qacarlar  dövlətiylə çar Rusiyası arasında olduğunu anlamaq vacibdir. Bu anlamda Oğuz-Türkmən Qacarlar dövləti də heç bir anlamda “İran” kimliyi adı altında ümumiləşdirlə bilməz. 19-cu əsrin “Qarabağnamə” müəllifləri də bir yandan Avropa müəlliflərinə uyaraq “İran” istilahından istifadə etsələr də, ancaq Fars əyalətini, Farsistanı da ayrıca göstərmişlər.

Çar Rusiyasının Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana ikinci işğalçılıq yürüşünə başçılıq edən General Valerian Zubovun komandanlıq etdiyi böyük bir rus-kazak ordusu 1796-cı ilin aprelində milli sərhədlərimizi pozaraq bir neçə ay ərzində Quba, Dərbənd, Gəncə, Şamaxı, Bakı şəhərlərini işğal etdi. Çar Rusiyasının bu hərbi yürüşü zamanı isə əvvəllər Qacarları dəstəkləyən üç xanlıqdan yalnız Quba xanlığının xanı Şeyx Əli xan sözünü tutaraq Qacar qoşunlaryla birlikdə sona qədər düşmənə qarşı mübarizə apardı. Qacarlara birləşmək sözü verən Gəncə, Şəki, eləcə də Qarabağ, Bakı, Şamaxı kimi xanlıqlar çar Rusiyasının “himayəçi”liyi ilə müstəqilliklərini saxlaya biləcəklərini ümid etdikləri üçün əsasən Rus qoşunlarına qarşı ciddi bir müqavimət göstərmədən təslim oldular. Xanlıqlar arasında Rusiya himayəçiliyini qəbul etməkdə Qarabağ xanlığı birinci olaraq canfəşanlıq göstərdi ki (bunun müqabilində Rusiya İbrahimxəlil xanla vəziri Molla Pənah Vaqifə qiymətli hədiyyələr göndərmişdi), digər xanlıqlarda da bunun təsiri altında Şimal imperiyasına itaət etməyə hazır olmaları barədə Zubova məktublarla müraciət etdilər: Mirzə Camal Cavanşir yazır: “İbrahim xanın oğlunu böyük sərdarın (general V.Zubovun-F.Q.) yanına göndərməsi ətraf xanların qulağına çatdıqda Talış xanı Mir Mustafa xan, şirvanlı Mustafa xan, Cavad xan, hətta İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları mərhum İbrahim xanın yanına elçi gönderib dedilər ki, biz İbrahim xanın məsləhətindən çıxmarıq. O, Rusiya  dövlətinə itaət etməyi məsləhət gördüyü üçün biz də mərhəmətli Rusiya padşahına səmimiyyətlə itaət etməyi qəbul edəcəyik”  .

Xanlıqların çoxunluğunun bu dərəcədə dönüklüyünü gözləməyən Ağa Məhəmməd şah Qacar buna etiraz olaraq onlardan rus qoşunlarına qarşı vuruşmağı tələb etdi ki, bunun da heç bir nəticəsi olmadı. Yalnız 1796-cı ilin noyabrın 6-da II Yekaterinanın qəfil ölümü, I Pavelin taxta çıxmasıyla vəziyyət dəyişdi. I Pavel də taxta çarlıq taxtına oturar-oturmaz rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması əmrini verdi. Bununla da, çar Rusiyasının Cənubi Qafqazı işğal planı ikinci dəfə də yarımçıq qalmış oldu.

Çar Rusiyasında baş verən hökmdar dəyişikliyindən sonra yaranan boşluqdan istifadə edərək Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı birdəfəlik hakimiyyəti altına almaq üçün Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında ikinci hərbi yürüşünə çıxdı ki, Qacarların, o cümlədən Azərbaycanın gələcək taleyini də məhz bu yürüş həll etdi. Ağa Məhəmməd şah Qacar Cənubi Qafqaza hərbi yürüşə çıxmazdan öncə bir daha Qacarlara birləşmək istəməyən xanlıqlara, o cümlədən Kartli-Kaxeti çarlığına tabe olmaq haqqında fərmanlar göndərdi. Bununla yanaşı Ağa Məhəmməd şah Qacar yaxşı bilirdi ki, yalnız birinci yürüşdə ələ keçirə bilmədiyi Qarabağ xanlığının mərkəzi Şuşanı tutacağı halda, Qacarlara birləşməyə müqavimət göstərənlərin başında gələn Qarabağ xanlığını deyil, eyni zamanda digər xanlıqların məsələsini də birdəfəlik həll etmiş olacaqdır. Görünür, bu səbəbdəndir ki, ilk yürüşdə olduğu kimi, ikinci yürüşdə də Qacarlara qarşı ən çox dirənən Qarabağ xanlığı oldu. Çox yazıqlar olsun ki, istəyərəkdən ya da istəməyərəkdən “himayəçi” Rusiyanın təsiri altında olan Qarabağ xanı İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarla ortaq dil tapmaq əvəzinə  yenə də xəyanətə əl ataraq, müharibə yolunu seçdi. Ancaq bu dəfə Ağa Məhəmməd şah Qacarın Şuşanı tutacağını yaxşı bildiyi üçün, kiçik bir dəstəsiylə Balakənə ya da Şəkiyə tərəf qaçmaqla əslində, ona güvənən insanlara sarsıdıcı zərbə vurdu. Bütün bunlara baxmayaraq, çağdaş Azərbaycan tarixi kitablarında hələ də İbrahimxəlil xanın qəhrəman, Ağa Məhəmməd şah Qacarın isə qəddar, işğalçı, düşmən kimi qələmə verilməsi Sovet-Rus tarixçiliyi ənənəsinin davamından başqa bir şey deyildir.

Ağa Məhəmməd şah Qacar Şuşanı ələ keçirdikdən sonra, Şimali Azərbaycan Türk xanlarının yanına gəlməsi ya da ən əziz adamlarını onun yanına girov göndərməsini tələb etdi ki, onun bu tələbini bir çox xanlar yerinə yetirdilər. Ağa Məhəmməd şah Qacar da çox haqlı olaraq rus qoşunları Şimali Azərbaycanı işğal edərkən onlara müqavimət göstərməyən xanları ciddi şəkildə danlasa da, ancaq bir daha xəyanətə yol verilməməsi şərtiylə onların çoxunu bağışladı. Beləliklə, Şimali Azərbaycanda hakimiyyətini böyük ölçüdə bərpa edən Ağa Məhəmməd şah Qacar Gürcüstan üzərinə səfərə hazırlaşmağa başladı.

Ancaq 1797-ci il iyulun 4-də Türk tarixinin ən böyük faciələrindən biri baş verdi; Ağa Məhəmməd şah Qacar sui-qəsd nəticəsində öldürüldü. Çağdaş Azərbaycan tarixi kitablarında yazılır ki, Ağa Məhəmməd şah Qacara “sui-qəsdin təşkilatçılarından biri İbrahimxəlil xanın qardaşı Mehrəli xanın oğlu Məhəmməd bəy idi. Həmin gecə o öz adamlarını üç dəstəyə bölüb, birinə İran sərbazlarının (Qacar əsgərlərinin-F.Q.) sərkərdələrini həbs etmək, digərinə dustaqları zindandan buraxmaq, o birinə isə plan baş tutmadığı təqdirdə hazır vəziyyətdə olmağı tapşırdı”. Hesab edirik ki, burada yazılanlar gerçəklikdən çox nağıla başqa sözlə, bu sui-qəsddə Qarabağ xanlığını önə çəkib Rusiyanı mələksimalı etməyə bənzəyir. Birincisi, Məhəmməd bəy sui-qəsdin təşkilatçılarından deyil, yalnız icraçılarından biri olmuşdur. İkincisi, burada əsas icraçı rolunu Məhəmməd bəydən çox Qacarlar ordusunun baş əmirlərindən Sadıq xan Şəqaqi oynamışdır. “Qarabağnamə” müəlliflərindən Əhməd bəy Cavanşir də dolayısıyla olsa belə təsdiq edir ki, Ağa Məhəmməd şahın öldürülməsində Məhəmməd bəylə Sadıq xan Şəqaqi birgə hərəkət ediblər. Sadəcə, dövrün bəlli şərtləri altında bu müəllif Ağa Məhəmməd şah Qacara qarşı sui-qəsdin əsas təşkilatçısının adını çəkməsə də, bizcə, bu gün Azərbaycan tarixçiliyi rəsmən qəbul etməlidir ki, qətlin icraçıları olan Sadıq xan Şəqaqi, Məhəmməd bəy Batmanqılıncı buna təhrik edən çar Rusiyası olmuşdur. Bəs, nə üçün məhz çar Rusiyası!?

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!