Modern.az

Haqq nazilsə də, üzülməz

Haqq nazilsə də, üzülməz

27 Avqust 2016, 11:42

Azad Müzəffərli             
əməkdar jurnalist

 

(hekayə)

 

        
Bir-birindən xəbərsizdilər. Yataqdaydılar. Hər ikisi Əzrayılla çilingağac oynamaqdaydı. Yaşları bir əsr civarında olan bu kəslərin axırıncı dəfə bir-birini gördükləri də yaddaşlarından silinmək üzrəydi.  Üzr istəməyi günahından da  betər sayıla biləcək bir təsadüf onların ömür yolunu birdəfəlik ayırmışdı. Hərçənd ki, indinin özündə də bağırbadaş olmağa hazırdılar. Vaxtilə doğma qardaşlar belə onlara həsəd aparardı. Təbii ki, heç biri digərinin indiyə qədər sağ qaldığını güman belə etmirdi. Tanrınınsa öz haqq-hesabı var. Bu yazılmamış qanundur.

        
Həsənin indiki  ahıl çağında  gücü ancaq nizamsız xatirələr burulğanında var-gəl etməyə çatırdı.  Çıxdaş olmaq zamanı yetmişdi. Yaşı bir əsri ötmüşdü. Sozalmışdı. Yaddaşını arıtlamaqdan cana doysa da, başqa çıxış yolu da görmürdü. Günah edib-etmədiyini dəqiqləşdirmək üçün uzun illər boyunca səy göstərmişdi. Ona elə gəlirdi ki, bağışlanmaz səhvə yol verib. Digər tərəfdən vəziyyət eləydi ki, əslində özünü günahlandırmaqda da heç bir tutarlı əsas görmürdü.  Bu “günah”ı  özünə şələləyib o dünyaya aparmaq da istəmirdi. Həqiqət onun üçün hər şeydən ucaydı.  Düşündükcə qəlbi şırımlanırdı. Əzab içində didim-didim didilirdi. Kirimək bilmirdi. Düşməninə belə arzu etmədiyi vəziyyətə ürcah olmuşdu.  Düşünüb-daşınmaqdan təpəsindən tüstü çıxırdı. Nədənsə, ürəyinin dərinliyində əmindi ki, iblisin felinə uymuşdu. Qüdrətin belə nanəciblik edə biləcəyinə özünün də inanmağı gəlmirdi. Fikirləşdikcə,  çəkə bilməyəcəyi yükü boynuna  şələləyirdi. O dünyanın xofu da bütün varlığını sarmışdı, birdən həmin “səhv”i ucbatından cəhənnəmə vəsiqə alardı. Qorxunun caynaqları qəlbini param-param etməkdəydi. Yaddaşını basan mamırdan təmizləmək üçün yorulmaq bilmədən caba göstərirdi. Əgər, səhvə yol vermişdisə, bu dünyadan köç etməzdən öncə Qüdrətin dirisindənmi, ölüsündənmi dizin-dizin sürünməklə üzr istəməkdə israrlıydı. Beynində qaynaşan təzadlı sual-cavab çək-çevirməsində çaş-baş qalmışdı.   

    
Qüdrət kişinin sinni 100-ü haqlamışdı. O da can üstəydi. Bu dəfə haqq dünyası ilə gözbəgöz olduğuna şəkki-şübhəsi yoxdu. Artıq ölümə salam da vermişdi. Vaxtı çatanda həyatdan getməklə razılaşanlar tapılır, amma ölümə sinə dolusu salam vermək isə hər kişinin işi deyil. Danılmaz həqiqətdir ki, bir əsrlik ömür  kiməsə çox görünə bilər, amma insanların tam əksəriyyəti  nə qədər yaşamasından asılı olmayaraq bu dünyadan köç etməyi heç vaxt istəməzdi. Başının üstünü kəsdirən Əzrayıl da Qüdrət kişinin ölümlə  salamlaşmasını  kəskin təəccüblə qarşılamışdı. Təbii ki, o, bunu duya bilməsə də, həmin bədxah məxluq ölümün gözünə bu qədər alicənabcasına dim-dik baxmasından təsirlənərək onu bağrına basmaqdan özünü güclə saxlamışdı. Tanrı isə hələki qəti hökmünü verməyə tələsmirdi. Qılıncının dalı da, qabağı da kəsən Əzrayıl  Ulu Yaradanın bu müdrikliyinə öz daxili aləmində istər-istəməz haqq qazandırırdı. Sayagəlməz yaxşılıqları, bəşər övladı və müəllim adını həmişə uca tutması,  qəlbinin xeyirxahlıq bulağı kimi qaynamasına görə Tanrı ona uzun həyat  bəxş etmişdi. İndi də hərəsi bir ömrə bərabər günləri ondan əsirgəmirdi.

     
Düzdü, ötən illərdə ölüm onun qapısını bir neçə dəfə döyməyə cəhd göstərmişdi. Di gəl, əzizlərindən, qohum-əqrabasından, dostlarından çox Azərbaycanın dördbir tərəfindəki tələbələrinin duaları ona məlhəm olmuşdu. Bu alqışlar zərrəcə səngiməsə də, artıq orqanizminin onu “daşımağa” gücü çatmırdı, tam heysizdi. Həyat əlaməti yalnız nuru bir an da olsun əskilməyən gözlərində qalmışdı. Tam həqiqətdi, Tanrının ona qarşı  bu qədər xeyirxahlığı  təkcə seçilmiş bəndə olmasından qaynaqlanmırdı. Nəinki onu yaxından tanıyanlar, tələbələrinin əksəriyyətinin nəticələri belə onun mənliyindən, yüksək insani keyfiyyətlərindən xəbərdardılar. Özü də onların çoxusu bunu layla əvəzi dinləmişdilər. Soydaşlarının yanında Qüdrət kişinin hörməti yəqinki Dədə Qorquddan heç də az deyildi.  

         
O, 100 yaşa görə saz qalmışdı. İnsanları göy üzündəki ulduzlara bənzətsək, Qüdrət kişi onların ən parlaqlarından biriydi. O, həsəd aparılası ömür yaşamışdı. Sadəcə, özünə qarşı hədsiz dərəcədə tələbkar olduğundan son nəfəsində belə dünəninə borcu qalıb-qalmadığını çözməyə çalışırdı. Qüdrət kişi bir an da olsun unutmurdu ki, yerin göyə borcu olduğu kimi, insanların da daim dünəninə borcu var; ən azı günahlarına görə. Tanrıdan üzürxahlıq diləmək lazımdı. Hallallıq xüsusilə iki dünyanın sərhədində hər kəs üçün vacibdir. İnsanlar bu dünyadan köçənləri təsadüfən bağışlamağa çalışmırlar ki?!.  El arasında, günahlarının böyüklüyü və ya kiçikliyindən asılı olmayaraq, hətta, lənətə layiq olanların da günahından keçib, onlara da “Allah rəhmət eləsin” deyirlər. Xüsusilə, bizdə,  kimliyindən asılı olmayaraq “Ölüyə  rəhmət  düşür” qənaəti hakimdir.


İlahi nur heç də hər kəsin qismətinə düşmür, Qüdrət kişi bu baxımdan bəxti sayalı insanlardan idi. Dünyaya belə göz açmışdı.  Özü əmin olsa da ki, Tanrı yanında yeri ucadır, bir daha götür-qoy etməyi lazım bilirdi.  İstəyi bu fani dünyadan tər-təmiz vicdanını son dəfə bağrına basaraq  köçmək idi. Heç vaxt öz məninin əsirinə çevrilməmişdi. Həyatın dolanbac yollarından üzüağ çıxmaq üçün caba göstərmişdi. Ümumilikdə, ömrü buludsuz səmaya bənzəyirdi. Hətərən-pətərən deyil, ölçülü-biçili ömür sürmüşdü, sağlam düşüncəsini, ruhi müvazinətini itirməmişdi. Qismətinə quru çörəyi gəvələmək də düşmüşdü, bir qoşunu qonaq etməyə imkanı olan günləri də az olmamışdı. Heç vaxt naşükürlük etməmişdi. Sinəsi genlikdə dənizə bənzəyirdi, aram-aram ləpənən vaxtları da olurdu, dəli-dolucasına çağlayan məqamları da...


Artıq əzbər bilirdi ki, ömür kitabının son vərəqləri səhifələnir.  Üstünü qamqalın toz basmış xatirələrini didişdirirdi. Yaddaşını ha qurcalasa da, elə bir böyük qəbahəti yadına gəlmirdi. Onun içini didib-parçalayan yalnız bircə “günah”ı vardı. Tələbəlik illərində nahaqdan onu oğurluqda günahlandırmışdılar. O vaxt istər-istəməz  günahsız  “günahkar” olmuşdu.    İllərlə səsini içinə salmışdı. Bu “günah”ı 80 ilə yaxındı ki, dalinca kölgə kimi sürünmüşdü.  Bir gün gələr əsl oğru tapılar deyə ümidi dəfələrlə közərmiş, haqqa-ədalətə tapınmışdı. Di gəl, hələ də mizan tərəzisindən bir xəbər-ətər yox idi. Son günlərdə bu müəmmalı sualın cavabını tapmaq istəyi bütün varlığını sarmış, vücuduna hopmuşdu. Haqqın nazilsə də, üzülməyəcəyinə inamını  hələ də itməmişdi. Yaddaşı  korşalsa da, həmin hadisəni tam dəqiqliyi ilə, birə-bir xatırlayırdı.


Nəcib müəllim peşəsinə yiyələnmək ta körpəlikdən ümdə arzusuydu. Uca dağların üzük qaşı kimi halaya aldığı doğma kəndlərində orta təhsilini başa vurub  paytaxt Bakıya pənah gətirdi. İllərlə çəkdiyi zəhməti hədər getmədi, ilk cəhddəcə istəyinə yetdi, tələbə adını qazandı. Bakıda kirayədə qalırdı. Bəxti burada da gətirmişdi.  Ev sahibləri kifayət qədər imkanlı olsalar da, insan adam idilər.  Qaldığı şəxsi ev ikimərtəbəli idi. Geniş həyəti və hər cür şəraiti olan bu evin ikinci mərtəbəsində dörd nəfərdən – ata, ana və iki oğuldan ibarət ailə yaşayırdı, birinci mərtəbədəki dörd otaqda isə kirayənişin tələbələr qalırdılar.  Bu həyətdə hamı bir-birinə hörmətlə yanaşırdı. Tələbəliyin ilk ilinin necə sürətlə ötdüyünü Qüdrət bir də kəndlərinə tətilə dönəndə hiss etdi.


Yayı yaxşıca dincəlib böyük həvəslə ikinci kursa yollandı. Kirayə qaldığı otaqdan yorğan-döşəyinin yoxa çıxdığını görəndə karıxdı, nə edəcəyini bilmədi. Utana-utana  ev sahiblərinə üz tutdu. Ona bildirdilər ki, buildən sən bizimlə birlikdə yaşayacaqsan, sənə kirayənişinlik yaraşmır. Mat-məəttəl qalmışdı, deməyə söz tapmırdı. Sükutu ana pozdu:  - Oğlum, sən çox gənc olsan da,  halal  və mərifətli insansan, ötən bir ildə biz bunun şahidi olduq. Ona görə ailəvi qərara gəldik ki, sən daha kirayədə qalmayasan. Bilirik ki, kasıb ailədənsən, gücün nəyə çatar büdcəmizə  əlavə edərsən.  Əslində, buna ehtiyac yoxdur, sadəcə, sənin mənəvi rahatlığın üçün belə məqsədəuyğun saydıq.


Çox çətin vəziyyətə düşən Qüdrət daxilindən gələn səsin diqtəsi altında müqavimət göstərməyə çalışdı: - Çox sağ olun, mənim də, bütün kirayənişinlərin də sizin ailəyə ehtiramımız hədsizdir. Di gəl, axı, mən sizin doğmanız deyiləm, məncə belə alınmaz. Nə vaxtsa, istər-istəməz hansısa problem, anlaşılmazlıq yarana bilər, bu istisna olunmur. Düzdü, mən də bunu az ehtimal edirəm, amma hər halda, hər şey əvvəlki kimi yaxşı olardı. Biz sizin həyətdə özümüzü evimizdəki kimi hiss edirik, indiyə qədər yadlıqla qarşılaşmamışıq. Xahiş edirəm məni də başa düşün...


Ani sükutdan sonra həyat yoldaşı və oğullarının gözünün içinə diqqətlə baxan ata amiranə səslə son qərarı verdi: - Oğul, sən  bizimlə qalsan yaxşıdır, bu gündən sən də bizim ailənin bir üzvüsən, elə bilirik ki, bizim üç övladımız var.


Zəhmi ilə insanpərvərliyi tən gələn ev yiyəsinin sözünün qarşısında Qüdrət heç nə əlavə edə bilmədi. Qısa zaman kəsiyindən sonra  həqiqətən ikinci ailəsini tapdığına onun şəkki-şübhəsi qalmadı. Beləcə sonuncu -  beşinci kursa qədər  hər şey öz qaydasında davam etdi. Yeni ailəsində ona tam etimad var idi. Yeməyi qaydasında, üst-başı da tər-təmiz. Ev yiyələri min bir bəhanə ilə ona elə bir xərc çəkməyə də imkan vermirdilər. Ailənin ondan dörd yaş böyük olan oğlu Həsən və onunla həmtay olan ikinci oğlu Abbasla  münasibətləri döğma qardaşlarınkını da kölgədə qoyardu. Özü vaxtında işdən çıxa bilməyəndə evin böyük övladı Həsənin nişanlısını ötürməyi  kiçik qardaşı ilə yanaşı arada bir  ondan da  xahiş etməsi bunun danılmaz sübutu idi. Hətta,  ehtiyat pul,qır-qızıl saxladıqları yeri də ev yiyələri ondan qətiyyən  gizlətmirdilər.

 
Artıq beşinci kursu yarı eləmişdi, qış tətilinə çıxacaqdılar. Universitetin rəhbərliyinin qərarı ilə hər bir qrupdan üç nəfər nümunəvi  tələbəni pulsuz bir həftəlik istirahətə göndərmək qərara alınmışdı. Qüdrətlə qruplarındakı iki qız da bu haqqı qazanmışdı. Sevinci hədsizdi, amma pulsuzluq onu yaman sıxırdı. Səyahət universitetin hesabına olsa da, hər halda bir qədər cibxərcliyinə də kəskin ehtiyac vardı. Tərslikdən xeyli vaxtdı kasıbçılıq ucbatından evdən də ona pul göndərə bilmirdilər. Qızların yanında pulsuz olmaq isə heç bir kitabla düz gəlmirdi. İxtiyarında cəmi beş-altı saatı  var idi, səhər yola düşəcəkdilər. Gündəlik dolanışığı normal keçdiyindən indiyə qədər kimsəyə ağız açmamışdı, o cümlədən, yaşadığı evdəkilərə də. Bu da onun böyüklüyünə dəlalət edən əlamətlərindən biri idi. Ayağını yorğanına görə uzatmaq ta körpəlikdən qanındaydı. İndi isə vəziyyət başqa idi, az da olsa pul tapmalıydı. Xeyli düşünəndən sonra bu qənaətə gəldi ki, yüzcə manat bəsidir. Bakıda yaşayan uzaq qohumlarına üz tutmağı daha məqbul saydı. Sabaha hazırlığı başa çatdırıb tələm-tələsik  evdən çıxanda Həsən ondan hara getdiyi ilə maraqlandı: - Bu qaça-qaçla hara belə?!. Məncə, dincəlsən yaxşıdır, səyahət qabağı istirahət etmək daha yaxşı olardı...

   
Qüdrət mahiyyətinə varmadan qohumunun onlara çoxdankı borcunu qaytarmaq istədiyini uydurmaq məcburiyyətində qaldı və onun da indi buna kəskin ehtiyacı olduğunu söylədi. Həsən cavabında: - Utanma, sənə nə qədər xərclik lazımdırsa, de verək, özüm də məvacibimi təzəcə almışam. Heç qaytarmağa da ehtiyac yoxdur, əksinə, çox məmnun olardım, qardaşım, təki, sən ürəyincə dincələsən... Aha, tapdım, yəqin qızların yanında şellənmək də niyyətindəsən?!. Biz ölməmişik ki... Çəkinmə, de, ürəkli ol, nə qədər lazımdır?..

  
Həsənin həqiqət dolu zarafatından allanan Qüdrət onu bağrına basaraq dərin minnətdarlığını bildirdi və  qohumugilə tələsdi.

 
Axşam evə qayıdanda Həsən, Abbas  və onların dayısı oğlu Fərəməz domino çırpırdılar. Adətən dərslərdən imkan düşəndə Qüdrət də onlara qoşulardı. Ən çox “telefon” oynayardılar. Özü də 20-30 dəfə oturub-qalxmaqdan. Vay mərci uduzanın halına, qalanları çırtıq vurub, məzə tutardılar. Rayondan qohumlarının yenicə pay gətirdikləri  çeşidbəçeşid meyvələri sökə-sökə ta gecə yarıya qədər domino oynadılar. Bəxti gətirən təkcə Fərəməz oldu. Oturub-qalxmaqdan halsızlaşdıqlarından  qonşu otağa meyvə dalınca göndərmək  adıyla Fərəməzdən “hayıf”  çıxmağa çalışırdılar.  Nəhayət ki, taqətsizlikdən çul düşdülər, xorultuları simfonik orkestrin yeknəsəq ifasını andırırdı.


Səyahət Qüdrətin tam ürəyincə alındı. Gəzintidən zəngin təəssüratla qayıtdı. Evə dönəndə elə ilk andaca ona qarşı soyuq münasibətlə qarşılaşdı, ovqatı təlx oldu.  İstirahətinin necə keçdiyi ilə maraqlanmamaları bir yana, ona salamı da ağızucu verdilər. Həsən isə nəinki salamlaşmadı, heç qanrılıb ona sarı boylanmadı da. Hirsli baxışlarını nümayişkarənə şəkildə yana yönəltdi. Qüdrət keyimişdi, nə edəcəyini belə bilmirdi, çaşıb qalmışdı. Ürəyinə ilk gələn bu oldu ki, burada nəsə anlaşılmazlıq var. Hannan-hana özünə gəlib, üzünü Həsənə tutdu: - Qardaş, nə olub axı, bir məni də agah edin də, zəhmət olmasa, nə baş verib, nədi mənim günahım?!.

 
Kimsə cınqırını çıxarmadı.  Qüdrət əlacsız qalıb, tələbə yoldaşıgilə yollandı.


Bir neçə saatdan sonra yenidən evə qayıdanda eyni mənzərə ilə qarşılaşdı. Səbri tükəndi: - Həsən, bir məni də başa salın da, nə olub, axı?!.


Himə bəndmiş kimi Həsən çımxırdı: -  Sənə pul lazım idisə, mən özüm təklif elədim, özü də borc da yox, qardaş payı... Oğurluğa nə ehtiyac vardı, axı?!.


Qüdrət yerindəcə donub qaldı. Nədən söhbət getdiyini anlamırdı: - Sən nə danışdığını başa düşürsən, nə oğurluq, nə pul, hansı pul?!. Burada nəsə anlaşılmazlıq var...


Onun aktyorluq etdiyini düşünən Həsən yandığından səsini bir az da ucaltdı: - A kişi, bizim evdə pulumuzun yerini səndən başqa bilən kimsə var?!.  Lap tutalım, oğru gəlib, onda hamısını aparardı da, cəmi  ikicə yüz manat onun nəyinə lazımdı?!. Özün de, atam, anam, qardaşım, yainki mən evdən pul çırpışdırası deyilik ki?!. O, otaq da ki, bağlı olur. Adicə məntiqdi, yerdə yalnız sən qalırsan, səfərə getdiyin üçün götürmüsən, özün dedin ki, sənə pul lazımdı. Görünür, qohumun ya sənə borcunu qaytarmayıb, ya da verdiyi azlıq eləyib... Özü də, bic tərpənəməyə çalışmısan,  yəqinki, duyuq düşməzlər deyə, cəmi iki yüz manatı xırıd eləmisən...

  
Eşitdiklərindən Qüdrət yerindəcə donub qalmışdı, heyrət içindəydi. Nə qədər and-aman elədisə, xeyri olmadı. Evin sakinlərindən kimsə ona qahmar çıxmadı, yalnız susqun-susqun baxışdılar. Həsənsə şahə qalxmışdı. Qüdrət bir daha onlara müraciət etdi: - Axı, mən vaxtında sizə dedim ki, biz doğma deyilik, bir yerdə yaşamağımız düzgün deyil, elə bir anlaşılmazlıq olar ki, gül kimi salamımız da bada gedər?!.  Sizin məni oğurluqda günahlandırmağa haqqınız  varmı?!. Siz buna necə cəsarət edirsiniz?!.


Bundan sonra bu  evdə yaşamağın mümkünsüz olduğunun mahiyyətinə varan  Qüdrət onlara əsl oğrunu tapmağı məsləhət görüb, mənzilini dəyişdi. Bu onların son görüşü oldu. Hadisədən bir neçə gün sonra Həsəngil ailəlikcə bu qənaətə gəldilər ki, deyəsən, səhv ediblər, Qüdrətdən belə hərəkəti gözləmək ədalətsizlikdir, yəqin  burada nəsə ağılagəlməz  anlaşılmazlıq baş verib?!. Bircə şey dəqiq idi, iki yüz manat həqiqətən yoxa çıxmışdı.  Artıq olan, olmuşdu. Qüdrəti yaxşı tanıdıqlarından ona barışıq üçün müraciət etməyin mənasız olduğunu bilirdilər. Nədənsə, kimsə önə çıxıb, heç olmasa, buna  cəhd də eləmədi. Həsən isə Qüdrətin yanında  tamam “üzüqara”  idi... Təsadüfdənmi, Tanrının belə məsləhət bildiyindənmi, bir daha rastlaşmadılar da... Əlaqələri birdəfəlik üzüldü. Hər iki tərəfi  illər uzunu bu xəcalətin üzüntüsü yandırıb-yaxdı. Əsl həqiqət də üzə çıxmadı ki, çıxmadı.

  
Həsən bütün ömrünü səksəkə içində keçirdi. Əsl oğrunun tapılması üçün beynini  gecəbəgündüz işə saldı. Buna illərini sərf etdi. İp ucu ələ keçirə bilmədi ki, bilmədi. Soyuq ağılla ölçüb-biçdikdən sonra Qüdrətin buna qadir  olmadığı qənaətinə üstünlük versə də, onun məcburiyyət ucbatından  pulu götürdüyünü də istisna etmirdi. Şeytanın istənilən insanın qəlbinə yol tapa bildiyinə qəti inamı vardı. 

  
İllər sürətlə bir-birini əvəzlədi. Tanrının insanın günahları və xeyirxahlıqlarını qantarğa ilə çəkib, cənnətəmi, yoxsa cəhənnəməmi yola salmağı müəyyənləşdirdiyi məqam yetişmişdi. Həsən can üstəydi. Həyatından elə bir şikayəti yox idi. Övladlarını da yerbəyer eləmişdi, nəvə-nəticəsi, kötücəsi də maşallah bir çətən külfət idi. Yalnız bircə dərdi vardı, görəsən, əsl oğru kimdir?!. Bu, Qüdrət deyilsə, deməli, nə qədərki nəfəsi gedib-gəlir, onun dirisindənmi, ya ölüsündənmi üzr diləmək lazımdır... Bəlkə də, bir əsrdən çox ömür sürməyinin sirri də elə bundaydı, həqiqət axtarışında... Heç cür ağlına gələ bilməzdi ki, indinin özündə  Qüdrət də Tanrı dərgahının kandarında onun kimi əsl oğrunun müəyyənləşəcəyinə hələ də ümidini itirməyib...  Qohum-qardaş Həsənin başına yığışmışdı. Hamı halallıq alırdı, bu dünyadan köç etmək ərəfəsində olan  da, ona canı yananlar da... Həsən hamı ilə hallallaşandan sonra göz yaşları içində əllərini güc-bəla ilə qoşalayaraq Uca Yardana üz tutdu: - Ya Tanrı, əgər, mən Qüdrətlə bağlı həqiqətən də səhv etmişəmsə, məni bağışla, mənim də üzrxahlığımı ona yetir... Acizanə şəkildə təvəqqe edirəm...

        

 

Bu anda  dayısıoğlunun yerindəcə qəribə bir tərzdə qurcalanması Həsənin də  diqqətindən yayınmadı. Sualdolu  nəzərlərini Fərəməzə yönəltdi. Ondan cəmi bir neçə yaş kiçik olsa da, dayısıoğlunun canı hələki suluydu, əlağacının köməyi ilə özü yeriyə də bilirdi. Əvvəlcə Fərəməzin dili topuq vursa da, azca keçmiş,o, lal-dinməz oldu. Həmin anda ürəyinə nəsə daman Həsən Əzrayıldan imdad diləsə də, xeyri olmadı.  Bir neçə saniyədən sonra səsi tamamilə kökdən düşdü. Ölümün buz nəfəsi əvvəlcə çöhrəsini, sonra da bütün bədənini sardı.  Ani xırıltıdan sonra  köçünü o biri dünyaya saldı.

   
Bu məqamda Qüdrətin də halı tam pisləşmişdi. Nəvə-nəticəsi ilə birgə  növbəti tələbəsinin ona baş çəkməyə gəlməsi o dünyaya köçünü  təxirə saldı. Qüdrət bu dəfə də ölümün möhrünü qırdı. Ali təhsilini başa vurduqdan sonra  oxuduğu universitetdə qalıb işləyən Qüdrət qısa müddətdə tələbələrinin sevimlisinə çevrilmişdi. Elin “Nə əkərsən, onu da biçərsən” müdrik kəlamı bir daha  təsdiqini tapdı. Həqiqət axtarışı naminə Tanrının yenə də ona möhlət  verdiyinə  Qüdrətin inamı tükənməzdi.

         Həsəni torpağa tapşırırdılar. Dərdin ağırlığına baxmayaraq yaxınların bir gözü dünəndən bəri özünü  birtəhər aparan Fərəməzdə idi. Molla dualarını başa vurub hamıdan hallallıq istəyəndə,  gözlənilmədən Fərəməzdən bir fəryad qopdu ki, gəl görəsən:  - Həsən, bibioğlu, məni bağışla, qurban olum, bağışla. Səni pis kişi edən mənəm. Namərdlik məndən gəldi. O vaxt biz domino oynayanda o iki yüz manatı mən götürdüm. Meyvə dalınca gedəndə açarın qıfılın üstə olduğunu görüb, marağımı saxlaya bilmədim. Tamah  mənə güc gəldi. Topa pulu görəndə gözlərim kəlləmə çıxdı. İkicə dənə yüzlüyü qəsdən götürdüm ki, yəqin, duyuq düşməzsiniz... Heyf, Qüdrətdən də, yaxşı, canlara dəyən oğlandı... Sonradan peşiman olsam da, bunu boynuma almağa cəsarətim çatmadı. Sədd, heyf...

       Ölü yiyələri Fərəməzi birtəhər sakitləşdirdilər. Yaxın qohumlar ona məsləhət bildilər ki,  barı, heç olmasa, diridirsə Qüdrəti tap, ondan üzr istə, yox rəhmətə gedibsə, övladlarına üz tut, onlar gec də olsa təskinlik tapsınlar. Belə olsa, yəqinki,Qüdrətin ruhu şad olar,  Həsənin ruhu da  səni bağışlayar.

       Bir neçə günlük axtarışdan sonra Qüdrətin tələbələrinin birinin köməyi ilə Fərəməz onun hələ də sağ olduğunu, amma ölümlə çarpışdığını öyrəndi. Etiraf məqamı yetişdi. Qapqara bulud topaları göy üzündə  meydan sulayırdı. Təbiət vurğunu olan Qüdrət çarpayısının yenə də pəncərə önünə çəkilməsini xahiş etmişdi. Çətinliklə də olsa, qonağı - gözləri də, ruhu da qan ağlayan Fərəməzi tanıdı.  Ömrünün ahıl çağında olan dostunun sınaq məqamında ona baş çəkməyə gəlməsindən yamanca təsirləndi də. Fərəməzin etirafı isə təkcə Qüdrət üçün deyil,  ailə və onunla halallığa gələn bütün yaxınlar üçün ildırım effekti doğurdu. Hamının əlləri eyni vaxtda Tanrıya sarı yönəldi. Qüdrət, bəlkə də, ömründə heç vaxt belə rahat nəfəs almamışdı.

       O şaşırdı, sevinci göylərə bülənd oldu. Qüdrət kişi uzun illər boyunca qulaqlarını şəklədiyi etiraf kəlmələrini eşitdikdə, sanki Günəşlə salamlaşdı, çöhrəsi al şəfəqə bələndi. ... Doluxsundu... Gözləri, elə bil, pəncərəsindən ona boylanan sinəsi dolu buludlardan nəm çəkdi. Möhləti yalnız  sinədolusu hönkürtüyə yetdi.  Haqq dünyasının qapısını sevinc yaşları ilə döyəclədi.

                     

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir