Modern.az

Milli Məclisin komitə sədri Kozlariçə CAVAB VERDİ

Milli Məclisin komitə sədri Kozlariçə CAVAB VERDİ

27 Avqust 2016, 13:56

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Amerikanın Səsi” radiosuna  müsahibəsində rəsmi Bakını tənqid edib. 

 

R.Kozlariç deyib ki, o, heç zaman Azərbaycanı  Amerikanın strateji müttəfiqi kimi görməyib. Sabiq diplomatın dediklərindən belə anlaşılır ki, guya, ABŞ heç zaman Azərbaycanı strateji partnyor kimi tanımayıb.  

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mövzu ilə bağlı Modern.az-a açıqlama verib. 

 

Deputat qeyd edib ki, Riçard Kozlariçin Amerikanın yürütdüyü siyasətə bir dəxli yoxdur. 

 

“O, hazırda təqaüddə olan şəxsdir. Kozlariçin danışdıqlarının nə Amerika siyasətinə, nə də Amerika diplomatiyasına dəxli var. Bu insan bütün fəaliyyəti boyu anti-Azərbaycan mövqeyi ilə tanınıb. O, Bakıda səfir işləyərkən də cəmiyyət tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilirdi. O, hətta öz ölkəsinin bəyan etdiyi beynəlxalq hüquq normalarına zidd addımlar atıb”. 

 

Komitə sədri bildirib ki, Amerika dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. 

 

“ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də ABŞ-dır. Buna baxmayaraq Kozlariç Qarabağ münaqişəsi ilə bağlı məsələ ortaya çıxanda həmişə anti-Azərbaycan mövqedə dayanır. Təqaüddə olan bir adamın yersiz iddiası bəziləri tərəfindən şişirdilir, hətta az qala Amerika siyasəti kimi təqdim olunur. Amma belə deyil. Bilmək lazımdır ki, Azərbaycan prezidenti həm daxili, həm də xarici siyasət yürüdərkən yalnız və yalnız Azərbaycan xalqının, cəmiyyətinin maraqlarına xidmət edir. Bu gün Azərbaycan siyasətində hər hansı bir ölkənin marağı nəzərə alınmır. Azərbaycan heç bir ölkəyə qarşı deyil, beynəlxalq hüquq normaların uyğun addımlar atır”. 

Fuad Muradov xatırladıb ki, bu yaxınlarda ABŞ-ın Müstəqillik günü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda Birləşmiş Ştatların Azərbaycandakı hazırkı səfiri Robert Sekuta ölkəsinin Azərbaycanla əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf etdirməyə maraqlı olduğunu bildirib.

“Bu isə bir daha onu göstərir ki, Riçard Kozlariçin açıqlamasının Vaşiqntonun rəsmi siyasətinə heç bir aidiyyatı yoxdur”.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?