Modern.az

İnşaatda böhran . . .

İnşaatda böhran . . .

28 Avqust 2016, 21:16

Bu ilin 6 ayında banklar tərəfindən verilmiş ipoteka kreditləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 163 dəfə azalıb. Modern.az saytı xəbər verir ki, iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycanda mənzil tikintisinin səbəblərindən biri də ümumi kreditləşmədə, xüsusilə də ipoteka kreditləşməsində durğunluqla bağlıdır. Belə ki, bu ilin 7 ayının makro iqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz , eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz azalıb. Bununla yanaşı, həmin dövrdə kredit qoyuluşları 9,1 faiz aşağı düşüb. Cari ilin 1-ci yarısında banklar tərəfindən verilmiş ipoteka kreditləri 1,1 milyon manat olub, halbuki ötən ilin eyni dövründə bu göstərici 178 milyon 400 min manat təşkil edirdi.

Göründüyü kimi, bu ilin ilk 6 ayında banklar tərəfindən verilmiş ipoteka kreditləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 163 dəfə azalıb. Bu istiqamətdə kreditləşmədə lider olan “Zaminbank” ASC-nin bağlanmasından sonra durum daha da pisləşəcək. Yerki gəlmişkən xatırladım ki, hələ 1 il bundan əvvəl 2015-ci ilin iyul ayının 13-də prezident İlham Əliyev Nazirlər Kabinetinin keçirilən iclasında ipoteka kreditləri üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılması barədə göstəriş verib. Dövlət başçısı 2015-ci ilin sonuna qədər bu məqsədlə dövlət büdcəsindən əlavə vəsait ayrılmasını deyərək ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməli olduğunu söyləyib. Amma bu dövrdə dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna (AİF) ayrılmış vəsait elan olunduğu kmi 200 milyon manat deyil, 23,9 milyon manat olub. Bundan əlavə AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri də ötən illə müqayisədə 4 dəfədən çox azalaraq bu ilin 6 ayının yekunlarına görə, 28,5 milyon manat təşkil edib. Göründüyü kimi, Azərbaycanda ipoteka kreditləşməsi tənəzzül, inşaat bölməsi də böhran dövrünü yaşayır.

Belə şəraitdə İngilislərin “mən o qədər ağılsız deyiləm ki, öz pulumla biznes quram” məşhur iqtisadi firkinə rəğmən tikinti biznesi ilə məşğul olan Azərbaycanlı iş adamları da digər ölkələrdə, o sıradan da Gürcüstan, Rusiya, Qazaxıstan, hətta İranda belə yeni bazarlar axtarırlar. Onların bəziləri xarici ölkələrin dövlətləri və ya beynəlxalq maliyyə kredit təşkilatlarının sifarişləri ilə olan layihələrdən iş alır və fəaliyyətlərini başqa ölkələrdə olsa da davam etdirilər. Bu isə milli iqtisadiyyatın, xüsusilə də inşaat bölməsinin böhranı dövründə ölkədən həm kapital, həm texnika və həm də ixtisaslı, eləcə də ixtisassız iş qüvvəsinin axınına gətirib çıxarır. Bu tendensiyanın digər fəsadı daxili inşaat bazarda mənzil təklifinin azalması və mövcud tikintilərdə əsasən ekonom tipli mənzillərin inşasına üstünlüyün verilməsidır. Yeni mənzil təklifinin azalması mövcud mənzillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Hazırkı iqtisadi tənəzzül və manatın devalvasiyası şəraitində xüsusilə də iri alışlar üzrə alıcılıq qabliyyətinin də azalması qiymətlərdə sürətli dəyişikliyin qarşısını alır. Əslində mənzil bazarında təklifin azalması fonunda tələbatın da aşağı düşməsi mənzil satışını azaldır və qiymətləri tarazlıqda saxlayır. Digər mənbələrdən bazara yeni sərmayələrin daxil olması bu şəraitdə mənzil qiymətlərinin sabitliyini şərtləndirə bilər. Belə mənbələr sırasında son zamanlar Azərbaycana gələn ərəb və fars mənşəli turistlər çıxış edə bilər.

Qeyd edim ki, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yoxdur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi