Modern.az

Zeynəb Xanlarovanı ötsəm...

Zeynəb Xanlarovanı ötsəm...

29 Avqust 2016, 12:00

Mahir Qabiloğlu



Yəqin yadınıza gələr. 1997-ci ildə AzTV-də populyar bir veriliş vardı. Adı “Sportdaycest” idi. Müəllifi də həmkarım Elnur Əşrəfoğlu. O vaxt “şou-biznes” sözü və ümumilikdə şou-biznes əhli dəbdə olmasa da, Elnur öz verilişində müğənnilərə yer ayırırdı. Əlbəttə ki, idmanı sevən şou əhlinə. Hərdən də qəribə sorğu-sual edərdi. O suallardan biri heç yadımdan çıxmır. Yox. Yadımdan çıxmışdı. Sadəcə Zeynəb Xanlarova zirvəsinə, qartal uçuşuna atılan daş və daşın da  səs-küy yaratması yadıma saldı o unudulan verilişi.


Əvvəlcə sizə sorğu-sualı xatırladım. Deməli, şou-biznes nümayəndələrinə belə sual ünvanlayırlar: “Marafondur. Siz ikinci yerdə gedəni ötürsünüz. Deməli, Siz neçənci yerdəsiniz?”.
Təsadüfən Elnurla birgə seyr edirdim bu verilişi. Özümdən asılı olmayaraq “1-ci yerdə” cavabı verdim. Elnur mənə tərəf dönüb güldü. Yəni ki cavabım səhv idi. Mən cəhənnəmə. Mənim yanlış cavabımı Elnurdan başqa heç kim eşitmədi, heç kim də qınamadı. Amma televizor önündə oturan milyonlarla tamaşaçı beş-altı şou-biznes nümayəndəsi haqqında nə fikirləşdi, nə dedi – bunu anlamaq çətin deyil. Hamısı suala “2-cini ötübsə, deməli 1-cidir” dedi. Sonda Xalq artisti Ağadadaş Ağayev suala “2-cini ötdünsə, deməli elə 2-cisən” doğru cavabını verdi. Orda da deyəsən “dosta zəng” az rol oynamamışdı. Elnurun qımışmasından belə başa düşdüm.


İndi sual verəcəksiniz ki, axı, bunun dünya şöhrətli Zeynəb Xanlarovaya nə dəxli?

 

“Primadonna”  İlhamə

Vəfatından  günlər, aylar  ötdükcə, ona olan hörmətim-rəğbətim daha da artır. Ölümüylə elə bil şou-biznes gölünə daş atdı İlhamə xanım. Yaman sakitçilikdir.


Özünə müxtəlif titullar verdi. Mən nə bilim “primadonna”, “estradamızın kraliçası”... Uzun müddət keçməyib. Yəqin ki, yadınızdadır. Amma bircə dəfə eşitmədim  desin ki, “mən Zeynəb Xanlarovadan yüksək sənətkaram”. Nəinki müqayisə etmədi, heç paralellər də gətirmədi. Çünki hər sənətkarın öz yolu var, hər aşığın da öz dövranı. Ömrünün son illərində özündən sonra gələnlərə dərs vermək istədi. Hətta təhqir də elədi... onda da fizikanın “təsir əks-təsirə bərabərdir” qanunuyla üzləşdi. Özünü... (Üç nöqtə)


Zeynəb Xanlarovanı İlhaməylə vida mərasimində görəndə kövrəldim. Bu İlhaməyə verilən sonuncu qiymət idi. Dəfn günü evə qayıdıb internetə girdim.  Quqla (“Google”)  “İlhamə Quliyeva” adıyla axtarış verib bütün videolara, kliplərə baxdım. 1995-ci ildə AzTV-nin arxivindən internetə yerləşdirən 10 dəqiqəlik video ürəyimdə xüsusi iz buraxdı. Verilişin qəhrəmanları Xalq artisti Flora Kərimova və İlhamə idi. İlhaməyə açıqlığına, səmimiyyətinə görə hörmətim birə-on artdı. Flora xanım isə onların münasibətinə çox diplomatik cavab verdi. Düzgün qiymət idi. Yəni ki, mənim öz yolum, İlhamənin də öz yolu. Bu yollar da müvazidir – kəsişmir və qarışmır. Bu, jurnalistin də  provakasion suallarına tutarlı cavab idi.


Amma intriqa vardı. Bunu heç özləri də gizlətmirdilər. Bəs intriqa hardan meydana çıxmışdı?


Öz subyektiv cavab-fikrimi ortaya qoyacağam. Yəqin ki, bu şəxsi mülahizəmlə razılaşanlar da olacaq, razılaşmayanlar da...  Onu da qeyd edim ki, bütün sahələrdə həqiqi sənətkarların sənətinə böyük hörmət və ehtiramım var. Bu siyahıda Zeynəb Xanlarova 1-ci yerdədir. Zirvədir desəm, daha düzgün olar.


Əsl sənətkarların bir-biriylə səhnəarxası çəkişmələri var. Daha doğrusu buna bir yarış, rəqabət də demək olar. Kim ən yaxşı mahnı oxuyar, yaxud da fəxri adlara yiyələnmək. Vaxtında qiymətini almaq. Titullarla qürrələnmək. Bu təbiidir. Məsələn Alla Puqaçova boyda sənətkar SSRİ dağılmazdan altı gün qabaq SSRİ Xalq artisti adına layiq görüldü. Deyilənə görə, o vaxtacan ona SSRİ Xalq artisti Sofiya Rotaru maneələr yaradırmış. Bəlkə də həqiqətdir, bəlkə də şayiə.


Flora xanım da uzun müddətdən sonra öz həqiqi və layiqli  qiymətini aldı – 1992-ci ildə. Səhv etmirəmsə, AXCP-Müsavat hakimiyyəti dövründə. Yox, istəməzdim bu cür formulirovka verim. Azərbaycanın müstəqillik dövründə – belə düz səslənər. Amma siyasət onu çox ağuşuna aldı. (Deyəsən, əvvəllər siyasətçilərdən çox zərbələr almışdı, indi isə hörmət görmüşdü.) Bir ildən sonra səsini konsert salonlarından, televiziyadan yox, mitinqlərdə eşitməyə başladım. Amma qiymət onun sənətinə, layiq olduğuna görə verilmişdi, siyasi baxışlarına və ya hansısa siyasətçiyə rəğbətinə görə yox. O ki qaldı mitinqlərdə səsləndirdiyi fikirlərə... Qulağımla eşitdiyimə inanmaq istəməzdim. Sözdür də deyib. Mitinqdə bu cür şeyləri çox eşitmişəm. Yadımdan çıxarmışam. Flora xanımın sənətinə və səsinə bağışlamışam o çıxışları. Bu çıxışlar onun bənzərsiz səsinin, sənətinin qabağında  sanki bir qarğa qarıltısını xatırladırdı.


İndi deyəcəksiniz ki, imkan verdilərmi Flora xanıma ki, o da televiziyaya çıxsın, oxusun? “Zapret”qoymuşdular.



HAŞİYƏ:
1996-cı ilin sonlarında AzTV-də işə düzəldim. Dəhlizdə bir əmr lövhəsi vardı. Kimi işdən çıxarırlar, töhmət verirlər və ya mükafatlandırırdılarsa, sədrin əmrləri ordan asılırdı. O əmrlərdən biri indi də yadımdadır. Flora Kərimova AzTV-nin solisti vəzifəsinə təyin edilsin. (SON)

O əmr çox asıldı dəhlizdə. Amma Flora xanımı görmədik. Müxalifətəmi keçmişdi Xalq artistimiz? Sənətkar hara, siyasət hara? Yoxsa ki, uzun müddət layiq olduğu bir adı ona verdiyinə görə Elçibəyə olan məhəbbətini bu cürə ifadə edirdi Flora xanım? Əqidə, sədaqət budurmu? Bəs tamaşaçı məhəbbəti? Meydanlarda çıxış edib, sənət meydanını boş qoymaq olarmı? Axı, sənət sanki bir idman  marafonudur, yarışdır. Daim yürüməlisən, qaçmalısan ki, layiq olduğun yeri heç kim tutmasın. Əksinə, ən uca zirvələri də fəth eləməlisən. Sənət aləmində 2-ci yerdə sayırdım Flora xanımı. 1-ci yerdə gedənlərin isə adlarını hələ demirəm. Çünki 1-ci yerdə həmişə bir titul yüksək və hər sənətkarın əli çatmayan SSRİ Xalq artistləri olublar. (Bunu Flora xanım da çox gözəl bilir.)


İlhamə xanım isə öz xəttini tutub gedirdi.  O, Flora Kərimovanı ötmək istəmirdi. Yox.  Bəlkə də istəyirdi. Axı, Flora xanım çox dəbdə idi. Hit mahnıları dillər əzbəriydi. Kinoya çəkilmişdi. Azərbaycan estradasında 5-6 nəfərdən biri sayılırdı. İlhamə xanımın özünün  də dediyi kimi, “Flora xanım ondan 10 il əvvəl sənətə gəlib”. Niyə başqasının əvəzinə fikir yürüdürəm ki?! Sadəcə paralel zolaqlarda  “qaçırdılar”. Müvazi xətlərin heç vaxt kəsişmədiyini yaxşı bildikləri halda. Flora xanım irəlidəydi.  Azərbaycanın Xalq artistiydi. İlhamə xanım isə hələ altı ildən sonra (1998) bu ada layiq görüləcəkdi. Repertuarı zənginləşirdi, parlayırdı. Hər bir müğənninin həyatında bəstəkarın rolu olduğu kimi, o da istisna deyildi. Faiq Sücəddinov, Novruz Aslan və digərlərinin də ilhamı pik nöqtədəydi. “Şöhrət”ini və “Şərəf”ini təsdiq edən dövlət təltifləri sinəsini bəzəyirdi. Flora xanım isə “müxalifət” nişanını özü zorən döşünə taxmışdı. Xalq onun səsinə heyran, sevə-sevə dinləməyə hazır olsa belə... Amma mitinq məhdud səhnə idi.Tamaşaçısı da maksimum on min ola, ya olmaya...


“Marafon”da  İlhamə xanım 2-ci yerdə gedəni ötüb keçdi. Yox. Ötüb keçmədi. Sadəcə Flora xanım “marafon”dan imtina etdi. Meydan boş qaldı.  İlhamə də özünü Primadonna elan etdi. Lap Alla Puqaçova sayağı.  Amma bu iki sənətkar arasında deyişmələr, didişmələr səngimədi.


Aylar keçdi, illər ötdü. Flora xanım “haqq” yoluna, çaşdım e... pərəstişkarlarının, onu sevənlərin yanına, sənətə qayıtdı. Uzaqlaşmağı da onun qərarıydı, qayıtmağı da. Sənət bitərəfləri sevir. Amma gec idi. İkinci yerdə İlhamə xanım idi. Estradamızın primadonnası və kraliçası. Aygün, Röya, Faiq kimi parlaq ulduzlarımız da ki, öz yerində.


Nəhayət, İlhamə öldü. Allah rəhmət eləsin. Flora xanıma da uzun ömür. Heç bir efir “zapreti” də yoxdur. Verilişlərin bəzəyidir. Konsertini, canlı ifasını eşitməmişəm. Bu təbiidir. Fonoqrammayla ifasını isə görmüşəm, dinləmişəm. Bəlkə də səhv edirəm. Çünki əsl sənətkarlar fonoqrammayla oxumağı özlərinə sığışdırmazlar. Nəinki sığışdırmazlar, təhqir sayarlar. Ən məhdud hallarda minusovkaya üstünlük verərlər. Təki dediklərim səhv olsun.  Amma, sənət marafonunda  2-ci yerə qayıtması dəqiqdir – 25 fevral 2016-cı ildən bəri. İlhamənin öldüyü gündən. O da nəvaxtsa qazandığı şan-şöhrətinə, yaşına-sanına görə.


Amma yazımın əvvəlində qeyd etdiyim kimi,  “Sportdaycest” verilişində verilən sualın doğru cavabına əsaslansam, 2-cini ötmək hələ 1-ci yerə keçmək deyil. Baxmayaraq ki, çoxları, o cümlədən mən Mahir də o vaxt belə fikirləşirdik. Yəqin Flora xanım da belə düşünüb və altı aydan sonra ayılıb ki...


Nəyi çatmır Flora xanımın? Əlbəttə ki, 1-ci olmaq.  1-ci olmaq üçünsə 1-cini yıxmaq, üzr istəyirəm, ötmək  lazımdır.  Amma  nə cərrah-bəstəkarlar yenidən dünyaya gəlir, nə də Elza İbrahimova, Emin Sabitoğlu kimi təmənnasız sovet bəstəkarları. İndi təzə mahnılar  heç kimə havayı verilmir. Mahnı almaq üçünsə hökmən toylara getməlisən. Görəsən Flora xanım toylara getsə, içib dəm olan qonağın “Can-canadır can-cana” mahnı sifarişini oxuya bilərmi?


Həm də ki, hər aşığın beş gün dövranı var. Dövran da çoxdan başa çatıb. Estradamızda Aygün, Röya, Faiq meydan sulayırlar. Əlbəttə ki, özlərindən əvvəl gələnlərə hörmət etmək şərtiylə. Ustad sözü bütün zəmanələrdə dəbdə olub.


Həm də ki, 1-ci yerdə gedən finişə çoxdan çatıb. Qızıl medalı boynuna salıb. Üstəlik şampanski də içib.  Necə deyərlər, zirvəsini fəth edib. Artıq söz-söhbətin, didişmənin, 1-ci yerin qalibinə iftira yağdırmağın heç yeri yoxdur.


Yəqin ki, tanıdınız. 1-ci yerdə – müasir, elit sandığımız Flora xanımın “Cəhrə arvad”, “Fatma-Tükəzban” təbirincə desək,  “sənəti və səsi olmayan” – sənətkar, canlı korifey  Zeynəb Xanlarova gedir. (Müasirimiz olan üç SSRİ Xalq artistindən biri. SSRİ Xalq artistləri Fidan Qasımova və Fərhad Bədəlbəyliyə də uzun ömür, cansağlığı) Flora xanım hələ yumşaq deyib. Mən “Zeynəb Xanlarova kimdir?” yazımda ümumilikdə Zeynəb Xanlarovanı “inkar” etmişdim, “indiki sənət üfüqündə yoxdur” demişdim. O sözləri bir də xatırladım:


“Bizim Zeynəb Xanlarova yoxdur. İndiki sənət üfüqündə yoxdur. Sənəti onu qaldırıb qoyub uca bir dağın başına. Heç aşağı düşmək fikri də yoxdur. Niyə düşsün ki? Düşüb hansı istedadın başına sığal çəkib, xeyir-dua versin? Son dəfə Lenin adına Sarayda balaca Xeyransa Məmmədovanı sığallamışdı. Xeyransalar da yoxdur. Zeynəb Xanlarova bir zirvədir müasir Azərbaycan musiqisində. Yuxarıdan baxır. Gözləri yoldadır. Ətrafda fəth edilməyən zirvələr çoxdur. Amma heç dağın ətəyində də yoxuşunda da kimsə görsənmir.Yamacda, dağın qarından əriyib süzülən bulaqdan su içib, səsləri batan, “xoruz buraxanlar” adda-budda gözə dəyirlər. Hərəsinin də əlində qızılı, brilyantlı, firuzəyi, heç bir aparata qoşulmayan  mikrofonlar. Zirvəyə baxıb oxuyurlar. Yox, oxumurlar, ağızlarını açıb-yumurlar. Qayalığın arxasında isə prodüsser fonoqrammanın düyməsini basır. Əks-səda gəlmir. Əks-sədaları dağın zirvəsinə heç gedib çatmır da... Çünki dağda-meşədə, təbiətdə SƏS əks-səda verər, fonoqramma yox. Qarğadırlar. Qartallara daş atırlar ki, bəs biz də varıq. Amma atdıqları daşlar da qayıdıb  dəyir özlərinə. Bir-bir sıradan çıxırlar.”

 

HAŞİYƏ: Avtobusda gedirəm İki nəfər söhbət edir:

–       Eşitdin də, Flora Zeynəb haqqında nə deyib?

–       Hə. Oxumuşam. İlhaməni çərrədib öldürdü. İndi də keçib Zeynəbə. (SON)

 

Təqsir kimdədir

"Mən sovetin vaxtında televizora baxanda bir müğənninin də səsini eşitməmişəm. Lənkəranlılar demişkən “Aaaa... necə yəni eşitməmisən? Bu necə müğənnidir ki, sən onun səsini eşitməmisən. Niyə yalan danışırsan?”. Yox, düzgün anlayın məni. Müğənninin mahnısını eşitmişəm, amma səsini yox. Oxumaq başqa şeydir, danışmaq başqa. Müğənnidən müsahibə götürməzdilər. Çünki onun müsahibəsi mahnıları idi. Mahnının dünyaya gəlməyindən isə şair, bəstəkar danışardı. Çünki onlar dünyaya gətirirdilər musiqi əsərlərini. “İnqə-inqə” demək isə müğənniyə qalırdı. Onun da Do, Re, Mi, Fa. Sol, Lya, Si-dən kənara çıxmağa ixtiyarı yox idi. Müğənninin bir özəlliyi var idi ki, o da Allahın bəxş etdiyi səs idi. Do-nu, ya da Mi-ni hansı tonallıqda ortaya qoymaq. Sol-u Baba Mirzəyev kimi bir dəqiqə uzadıb alqış qazanmaq, yaxud da Mirzə Babayev kimi musiqinin sözlərini deklamasiyaya çevirib nəğməyə özəllik qatmaq. Bir sözlə, özəl və təkrarsız ifa tərzi.


Amma biz müğənniləri müsahibə verən görmürdük. Heç bəstəkarlar da danışmırdılar. Bu gün arxivdən çıxarılıb sizə göstərilən kadrlar isə, dəfələrlə məşq edilən, müxtəlif dubllardan sonra ortaya çıxan və indisə şirin xatirəyə çevrilən kadrlardır. O da çox qısa. Sadəcə arxivə hesablanan müsahibələr".

 

Bu "İlhaməyə vida sözü" yazımdan bir parçadır. İndi Flora xanımın son müsahibəsindən sonra da hamı deyir ki, təqsir jurnalistdədir. Qətiyyən. Jurnalist müsahibə almağa gedib. Əgər qonaqlıqda, çayxanada Flora xanımın səsini gizli yazıb ictimailəşdirsəydi, bu olardı onun təqsiri. Yoxdur jurnalistin təqsiri. Təqsir müsahibə verəndədir. Müsahibə verib, içini faş edib, illərdir ürəyində yığıb saxladığı xıltını-pasını, paxırını aləmə car edənlərdədir.

 

HAŞİYƏ: Uşaq üçün toy etmək istəyirəm. İstəyirəm ki, Zeynəb Xanlarova  orda olsun, çıxış etsin, xeyir-dua versin. Mən ondan xahiş edirəm. O da razılıq verir. Sevinirəm. Burdan belə bir nəticə çıxır: “Mənim ona ehtiyacım var, onun mənə yox”.  Olmasın toy, olsun mitinq. Nəticə eynidir. (SON)

 

SON


Atalar doğru deyib: “Hər aşığın  beş gün dövranı var”. Amma başqa bir misal da var. Lap yerinə düşür: “Aşığın sözü qurtaranda dalay-dalay deyər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi