Modern.az

Deputat özəl ali məktəblərdən imtinanın səbəblərinə AYDINLIQ GƏTİRDİ

Deputat özəl ali məktəblərdən imtinanın səbəblərinə AYDINLIQ GƏTİRDİ

29 Avqust 2016, 12:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il respublikanın ali məktəblərinə ayrılan plan yerləri barədə məlumatı açıqlayıb. Məlumata görə 43 ali məktəb üzrə ayrılan 41736 plan yerindən Azərbaycan bölməsinə 31322 abituriyent daxil olub. Onlardan 11340 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Rus bölməsi üzrə ayrılmış plan yerinə daxil olan 3449 tələbədən 975 nəfəri dövlət sifarişi əsasında oxuyacaq.

Siyahıda diqqətçəkən məqam özəl ali məktəblərə, eləcə də dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunan tələbələrin say etibarilə az olmasıdır. Son vaxtlar manatın günbəgün dəyərsizləşməsi əhalinin sosial vəziyyətini mənfi mənada ən pik həddə çatdırıb.

Xüsusilə kommersiya banklarının kreditlərlə bağlı problemi vətəndaşın pula əlçatanlığını sıfıra endirib. Əvvəllər övladı universitetin ödənişli ixtisasına daxil olan valideyn düşünmədən banka üz tuturdu. İndi hara üz tutsun?... Çarə universitetdən imtinaya aparır...

 

Məsələ ilə bağlı Modern.az-ın suallarını Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavablandırıb.

 

İşə yaramayan diplomlar dəbdən düşüb...

 

O səbəblər arasında sosial vəziyyətin aşağı düşməsini istisna etməyib:

“Hazırda illər əvvəl Azərbaycan düşüncəsində formalaşan ali təhsil dəbi, tendensiyası dağılmaqdadır. Heç kimə sirr deyil ki, insanlar “filankəsin qızı ali təhsil alıb, mənim qızım da almalıdır” düşüncəsilə hərəkət edərək özlərini böyük çətinliyə salırdılar. Qızı ərə verəndə cehizin üstünə diplom da qoyulurdu.

Müşahidə etmək kifayətdir ki, çox az balla, ödənişli əsaslarla universitetə girməyin, maddi cəhətdən yaxşı təmin olunmayan adamların çəkdiyi əziyyətdən başqa bir şey olmadığını görək. İnsanlar dərk eləməyə başlayıb ki, yaşamaq üçün diplom o qədər də vacib deyil. Bu qədər pulu xərclə, heç nəyə yaramayan diplom əldə et”.

 

“Qoy savadı olanlar oxusun”

 

Komitə sədri deyib ki, insanların şüurunda diplombazlıq, diploma həvəs, kağıza hörmət itib:

“İndi ali təhsil almayıb yüksək maaşlı işdə çalışan insanlar var. Hamının ali təhsil alması kimi bir öhdəliyi yoxdur. Qoy savadı olan oxusun. Az balla universitetə daxil olan birisi necə aparıcı kadr ola bilər?

İlham Əliyevin dövlət quruculuğu modelinin insanların şüurunda etdiyi müsbət dəyişiklik nəticəsində göründü ki, ölkədə təkcə ali təhsil alanlar deyil, peşə sahiblərinə də şərait yaradılır.

Təhsilin keyfiyyətinin yaxşılaşması istiqamətində Bakı Dövlət Universitetində, Slavyan Universitetində dəyişikliklər olub. Məsələn, bu il Slavyan Universitetinə qəbul olunanların sayında ötən illə müqayisədə 10 faiz artım var. Universitetin yeni rektorunun imici də buna təsir edib. Nurlana Əliyeva Sabir adına Kollecə də rəhbərlik edəndə ora maraq yüksək idi. O vaxt deyilirdi ki, o texnikum təkcə peşə öyrətmir, həm də gəlin hazırlayır”.

 

Vətəndaş öz büdcəsini qənaətlə xərcləməyə başlayıb

 

H.Rəcəbli təhsil haqlarının artırılmasını da özəl ali məktəblərə marağın azalmasında əsas səbəblərdən biri kimi göstərib:

“İstər özəl, istərsə dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslarda təhsil haqları artırılıb. İnsanlar yaranmış vəziyyətlə bağlı ailə büdcəsini daha səmərəli sərf etməyə başlayıb. Bu gün insanlar mənzil almağa, sağlamlığının qayğısına qalmağa və digər ailədaxili problemlərini həll etməyə səy göstərir. Valideyn düşünür ki, uşağa pul verirəm, nə təhsil alır, nə savad, yalançı diplomu gəzdirir özü ilə. Nəticədə o diploma verilən pul da batıb gedir. Valideyn böyük məbləğdə vəsait ödəyir, uşaq oxumur, nəticədə aldığı diplom da heç nəyə yaramır.

Özəl ali məktəblərdən imtinanın digər səbəbi dövlət ali məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşmasıdır. Ən əsası, bir daha deyirəm ki, diplombazlıq, diploma həvəs, kağıza hörmət insanların şüurundan silinib. İnsanlar diplomun yox, ağılın qiymətli olduğunun fərqinə varıblar..”.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir