Modern.az

İstanbulun məşhur asma körpüləri necə inşa olunub - TARİX

İstanbulun məşhur asma körpüləri necə inşa olunub - TARİX

Mədəni̇yyət

29 Avqust 2016, 12:58

İstanbul Avropa və Asiyanın təbii sərhədində yerləşən unikal şəhərdir. Bosfor boğazının 2 yerə ayırdığı İstanbulun bir hissəsi Avropa qitəsində, digər hissəsi isə Asiyada yerləşir.

Hələ antik dövrdə Bosforun sahillərini bir-birinə birləşdirmək üçün müxtəlif körpü layihələri təklif olunurdu.

Bosfor üzərindən ilk körpü layihəsi e.ə VI əsrə aiddir. Yunanıstana yürüş etmək üçün 75 min əsgərini Bosfora gətirən İran imperatoru I Dara taxta konstruksiyalardan düzəldilmiş körpüdən istifadə etməklə qoşunlarını Asiya sahilindən Avropa sahilinə uğurla keçirmişdi.

Bosfor üzərindən keçərək İstanbulun fərqli sahillərini birləşdirəcək layihələr XX əsr boyu tez-tez gündəmə gəlirdi. Lakin uzun müddət bu ideyalar Türkiyə Respublikasının maliyyə çatışmazlığı səbəbindən baş tutmurdu.

 

1. Bosfor körpüsü 1973-cü ilin oktyabrında Türkiyə Cümhuriyyətinin yaranmasının 50 illiyi münasibətilə açılan ilk asma körpüdür. 165 metr hündürlüyündə iki polad dirəyə söykənən körpü 1560 metr uzunluğunda, 33 metr enində və 200 milyon dollar dəyərindədir. İnşaat işlərini Türkiyə, İngiltərə və Almaniya şirkətlərindən ibarət konsorsium icra etmişdi.

Bosfor körpüsü İstanbulun Avropa hissəsindəki Ortakoy rayonunu Asiyada yerləşən Abdulla Ağa rayonu ilə birləşdirir.

Sudan Bosfor körpüsünə qədər 64 metr məsafə olduğu üçün müxtəlif ölçülü gəmilər sərbəst şəkildə Qara dənizdən Aralıq dənizinə və əks istiqamətə keçə bilirlər.

Hər gün körpünü 250 mindən çox avtomobil, 500 mindən çox insan keçir. Avtomobil hərəkətinin pullu olmasına rəğmən körpüdəki piyada yolları bağlıdır. Buna səbəb körpüdən tez-tez intihar məqsədilə istifadə olunmasıdır.

 

2.Sultan Fateh Mehmet körpüsü İstanbulda inşa edilmiş 2-ci asma körpüdür. İkinci Bosfor körpüsü kimi tanınan bu körpü şəhərin Rumeli Hisarı və Anadolu Hisrarı səmtlərini bir-birinə birləşdirir. Fateh Sultan Mehmet körpüsü 1988-ci ilin mayında, İstanbulun osmanlılar tərəfindən fəth olunmasının 535-ci il dönümündə açılmışdı.

Bu körpü Bosfor boğazının ən dar yerində inşa olunub. Polad körpünün uzunluğu 1510 metr, eni isə 39,4 metrdir. Dənizdən körpüyə qədər olan 64 metr məsafədə gəmilər hərəkət edə bilir.

Fateh Sultan Mehmet körpüsü də avtomobillər üçün pulludur. Hər gün statistikaya görə körpüdən 150 min avtomobil və yarım milyon sərnişin keçir. 3 ilə tikilən və 160 milyon dollara başa gələn Fateh Sultan Mehmet körpüsü İstanbulun ən mənzərəli yerlərindən birində yerləşir.




3. Sultan Səlim Yavuz körpüsü
Bosfor boğazı üzərində inşa edilən sayca 3-cü və sonuncu körpüdür. Avqsutun 26-da təntənəli açılış mərasimi keçirilən körpünün uzunluğu 2164 metr, hündürlüyü 322 metr və eni 59 metrdir.

3 il ərzində inşa edilən meqalayihəyə 3 milyard dollar vəsait xərclənib. Ehtimal olunur ki, Sultan Səlim Yavuz körpüsündən hər gün azı 135 min avtomobil istifadə edə biləcək. İstanbulun Avropa hissəsindən Asiya hissəsinə keçmək üçün 3,4 dollar ödəməli olacaq sürücülər əks istiqamətdə pulsuz hərəkət edə biləcək.

 

Türkiyə rəsmlərinin bəyanatlarından və ekspertlərin rəylərindən belə anlaşılır ki, yaxın illərdə İstanbul və Mərmərə regionunda yeni nəhəng infrastruktur layihələri həyata keçiriləcək və İstanbul Avropa ilə Asiyanı birləşdirən böyük nəqliyyat, logistika və tranzit mərkəzi olacaq.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir