Modern.az

Öz sənət sarayını uçuran Flora Kərimova

Öz sənət sarayını uçuran Flora Kərimova

29 Avqust 2016, 13:19

Vəfa Allahverdiyeva

  

Taledən nəsibinə unikal səs payı düşmüş Flora Kərimovanın haqqında uzun illər deyilən müxtəlif iyrənc dedi-qodular, həyat yoldaşlarının bəxtində uğursuz qadın kimi obrazlanması onun sənətinə olan heyranlığı heç vaxt azaltmırdı. Çünki çoxmilyonlu pərəstişkara gözəl həyacan verən, insan puhunu göyün ənginliklərində gəzdirən möhtəşəm səs lazım idi.

Sənət fəaliyyətində yaranan boşluğun yerinə keçən, siyasətin içinə atılıb, hakimiyyətin radikal müxalifəti ilə birlikdə demokratiya mücadiləsi aparmaq da onun sənətini gözdən sala bilmədi. Əksinə, efirdən, virtual əlaqələrdən xalqın birbaşa arasına keçmək, məsafəcə ona yaxınlaşmaq, kütləvi aksiyalarda polislə üz-üzə gəlmək  sevgini daha da artırmışdı.

Məlum liderinin vida mərasimində ölkənin birinci şəxsinə sanki bir etiraz notlu “Ən böyük Elçibəy, başqa böyük yox” qeyri-iradi nidasının onun başına açacağı bəlalar ehtimal edilirkən, görünməyən bir “əl” tərəfindən qorundu, sənət durğunluğunun qarşısındakı sədlər də bir göz qırpımında  aradan qalxdı. Yəni, yanlış, qeyri-etik görünən məlum hərəkət də bu səsə kütlə bağlılığını, ictimai eşqi  qıra bilmədi.        

İlhamə Quliyeva ilə ziddiyyətlərin son illərdə aktiv gündəmdə olub, onların davasını köklərinə qədər üzə çıxarsa da, bu ittiham duelində  axirət dünyasına gedən qadın hər zaman suçlu, Flora Kərimova mələk kimi gözə göründü. Və bu səbəbdən də sənət öz zirvəsində bir az da bərq vurmağa başladı.

Amma bu illərdə heç kimin, heç bir yanlışın ona qıymadığı  zərbəni Flora Kərimova artıq özü-özünə vurmağa başlayır.

İlhamə Quliyevanın özü ilə bərabər dəfn olunan populyar intriqalarının ardınca Flora Kərimovanın həyatında yeni bir qadın, yeni bir unlü  sənət adamı ilə açılan savaş mənzərəsi bu maraqlı üçbucaqda- mədəniyyət personalarının ixtilafında günahkar tərəfə ədalətsiz baxışda bir qədər düzəliş tələb edir.

Çünki niyə hamının düşməni Flora Kərimova?! Niyə hər zaman haqlı kimi görünən o olmalı?!

İkinci savaşda ki, İlhamə yoxdur- onun kimi kin-küdurət aparan, kobud ittihamları güclülük nailiyyəti kimi təqdim etməyə çalışan, həmkarının sənət qısqancı, məşhur qadın olmanın paxılı, bir qadının sahib olduqlarına gözügötürməzlik edən.

İndi ortaya Flora Kərimova özü düşüb. Həm də 40 ildən sonra. Yaşının müdriklik mərhələsində dayanarkən.



Məqsədlə onun gerçəkləşməsi arasında məsafə böyükdür. Çünki ortada yüzfaizlik bir gerçək var-Zeynəb Xanlarova elan edilən bu qaranlıq davanın, birdən-birə ortaya çıxan belə müəmmalı ittihamların İlhaməsi-  yəni, cavaba həvəsli və qəzəbli tərəfi olmayacaq. Ən azından söz dueli, söyüş yarışına meydanı qapadan bircə kəlməlik təmkinli mövqe bu savaşın köksüz olub, amma təsadüfü olmadığına şübhələr verəcək. Çünki qəfil nifrətli ton niyyətləri bəlli edir və müəllifini ələ verir.     

Tutalım ki, Zeynəb Xanlarovanın səsi olmayıb. Bəs o, Flora Kərimovanın duet ortaqları Faiq Ağayev, Nadir Qafarzadə və “Nanəli” də daim tərif verdiyi müğənnilər qədər də  deyilmi?

Adı ünlülər siyahısında əbədi yerləşən birisinə xoş söz, obyektiv bir kəlmə xəsisliyi öz şifrəli kodunu bu mövzunun necə gündəmə gəlməsi şəraitində tapa bilər.

Durub-dururkən 80 yaşlı xalq artistinin səsinə “jüri”lik etməyin və hansısa qısqanc münasibətin iddia edilməsi  qaynağı qərəz, kin, qisas deyilsə, ya şiddətli şöhrət azarı, ya da insan psixologiyasına xas sönmək bilməyən ən sevimli olmaq yanğısıdır.

Ya həqiqətən belədir, ya da bizə belə gəlir. Hərçənd ki, Flora Kərimovanın belə bir “xəzinə”yə ehtiyacının olduğunu düşünmək də mümkün deyil. Bu, bir kobud çaşmaqdırsa, bunu da stimullaşdıran nələrsə var.   

Amma mənəvi kamilliyin ən üst mərtəbəsində, sənət zirvəsinin yüksəkliyində  qalmağın sirri odur ki, susmağı bacarıb, heç kəsi yerli-yersiz iynələmədən  öz nüfuzunu, karyeranı, mənəvi kapitalını, qazandığın alqışları hər xırdalığa- məişət diskussiyalarına, ucuz qeybətə, yersiz böhtana  qurban verməyəsən. 

Flora Kərimova İlhamə Quliyeva ilə savaşda sənət möhtəşəmliyini, onun parıltısını hissə-hissə itirəndə,  Zeynəb Xanlarova sou aləminin bataqlığından özünü qoruyub, daim susmaq, zehnini, daxili qərarlarını bu sferadan təcrid etməklə öz zirvəsində sakitcə  möhkəmlənirdi. 

Əgər Flora Kərimova bu zirvəni həzm edə bilmədiyindən keçmişi qurdalayıb ittiham predmeti axtarırsa, bu uşaq hərəkətinə bənzər dava hədəfini yaralamazdan öncə, özünün bənzərsiz sənət sarayını, unikal səsi ilə ecaskar naxış vurduğu  gözəl mahnılardan hörülən sənət imarətini uçuracaq.     

İnsan öz qəlbini kinin, nifrətin, cılız hərəkətlərin  ixtiyarına verəndə, onun sadəlikdən, istedaddan mayalanan böyük şəxsiyyəti kiçilməyə başlayır. Şəxsiyyətin kiçilməsi qüsursuz, füsünkar sənəti də soldurur.

Yorğunluqdan, əzginlikdən, ya da yaşlanma kədərindən doğan, Flora Kərimovaya heç yaraşmayan bu savaşı onun özünə qarşı üsyana çevirmək lazımdır. Yoxsa, ən pis qəmli nəticə o olacaq ki, o ecaskar, bənzərsiz səslə fanat kütləsi arasında böyük məsafə başlayacaq, məhəbbət dolu qüsursuz nəğmələrə könüllər qırğın, qəlblər küskün olacaq...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi