Modern.az

Məmmədyarovdan Tbilisidə Qarabağ BƏYANATI

Məmmədyarovdan Tbilisidə Qarabağ BƏYANATI

29 Avqust 2016, 14:07

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz arasında əməkdaşlığın inkişafında xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin danılmaz rolunu qeyd ediblər.

Görüşdə iki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyədə həyata keçirilən səfərlər və siyasi məsləhətləşmələrin əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

 

Nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini xüsusi qeyd ediblər.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə gürcüstanlı həmkarına məlumat verib. Qeyd edib ki, Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır.

 

Nazir bildirib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. O əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək.

 

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın iri-miqyaslı və qarşılıqlı faydalı layihələrin və proqramların həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.

Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğulayıblar. Nazirlər BTQ layihəsi üzrə beynəlxalq platformalarda birgə təqdimatların davam etdirilməsi təcrübəsinin vacibliyini qeyd ediblər.

 

Nazirlər iqtisadi-ticarət əlaqələrinin inkişafı və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsini müzakirə edib və iki ölkə arasında müdafiə, hüquq-mühafizə, terrorizmə qarşı mübarizə, xüsusi əhəmiyyətli infrastrukturun qorunması kimi sahələrdə aidiyyəti qurumların iştirakı ilə sıx əməkdaşlığın mövcudluğunu ifadə ediblər.

 

Görüşdə o da qeyd olunub ki, iki ölkənin parlamentləri arasında əlaqələr, qanunverici orqanların rəhbərləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və parlamentlərarası işçi qruplarının fəaliyyəti əməkdaşlığımızın vacib tərkib hissəsi olaraq, onun inkişafına töhfə verir. Bildirilib ki, indiyədək iki ölkə arasında 110-dək müxtəlif sənəd imzalanmış və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi üçün 15 sənəd baxılmaqdadır.

Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

 

Görüşdə həmçinin, təhsil, mədəniyyət, gənclər, səhiyyə, ətraf mühit, turizm, idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə turizm marşrutlarının işlənib hazırlanması kimi məsələlər də nəzərdən keçirilib. İki ölkənin dövlət informasiya agentlikləri və KİV nümayəndələrinin qarşılıqlı səfərləri və birgə proqramların hazırlanması məsələsinə də toxunulub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub