Modern.az

Cahangir Hacıyevin tələbə yoldaşının İFADƏSİ: “Qayınanam dedi ki...”

Cahangir Hacıyevin tələbə yoldaşının İFADƏSİ: “Qayınanam dedi ki...”

29 Avqust 2016, 14:53

 

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

 

Modern.az-ın xəbərinə görə proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib. Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən Azad Cavadov bildirib ki, C.Hacıyevlə tələbə yoldaşı olub, onun dəvəti ilə Bakı Fındıq Emalı Zavoduna direktor müavini, 2002-ci ildən isə direktor təyin edilib.

 

A.Cavadov ondan əvvəl Beynəlxalq Bankdan 5 milyon manat kredit götürüldüyünü, girov olaraq müəssisənin qoyulduğunu bildirib.

 

Ona qarşı vergi borcu ilə bağlı cinayət işi başlandığını deyən A.Cavadov 2 gün ərzində 17 milyon kredit götürməsinə də aydınlıq gətirib:

 

“Vergi müfəttişləri tələb etdilər ki, vergi borcu ödənilməlidir. Mən bu barədə Cahangir Hacıyevə dedim və bankdan kredit götürdük. Həmin kreditlərlə ödənişi həyata keçirəndən sonra mənim üzərimdən cinayət işi götürüldü və sərbəst buraxıldım".

 

Qayınanasının adına olan 816 min manat kreditlə bağlı danışan A.Cavadov krediti vəkili Akif Məlikovun adına götürdüyünü bildirib:

 

“Qayınanam bir gün dedi ki, kreditə soyuducu götürmək istəyir, həmin kreditə görə ona soyuducu vermirlər. Mən də həmin krediti qayınanamın adına keçirtdim".

Soyuq və odlu silah məsələsinə gəlincə isə xəncərin 10 il əvvəl qayını tərəfindən ona hədiyyə edildiyini deyib. "Evimdə ikinci dəfə axtarış aparılanda həmin əşyanı soyuq silah adı ilə götürdülər. Halbuki evdə ondan böyük iki balta var".

Prokuror isə deyib ki, ekspert silahda A.Cavadovun əl izini aşkarlayıb.

 

Vəkillərin suallarını cavablandıran A.Cavadov deyib ki, Beynəlxalq Bankdan götürülən 60 milyon manat kredit müəssisənin genişləndirilməsinə yönəlib. Pulların xərclənməsinə isə Azərbaycan Beynəlxalq Bankı nəzarət edib.

 

"Beynəlxalq Bank da pulların xərclənməsinə nəzarət edib. İttiham aktında göstərilib ki, həmin pullardan 6 milyon mənimsənilib. Burada heç bir mənimsəmədən söz belə gedə bilməz. Müəssisə sonradan "Aqrarkredit" QSC-nin nəzarətinə keçib".

 

C.Hacıyev A.Cavadovun dediklərini təsdiqləyib: "Azad mənim tələbə yoldaşım olub. Ona güvənirdim. Azadın fəaliyyəti dövründə müəssisənin banka olan kredit borclarının çox hissəsi ödənilib".

Prosesdə ifadə verən şahid Nəriman Paşayev bildirib ki, mağazadan kreditlə kompüter götürmək istəyərkən adına 1 milyon manat kredit olduğunu bildiriblər: "Mən ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?"

 

Şahidlər bildiriblər ki, onlar Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən tapşırıqla kredit müqaviləsinə imza atıb və pulların hara xərclənməsindən xəbərsiz olublar.

Şahidlərin sözlərinə görə, bu kreditlər onların adlarına rəsmiləşdirilib. Bəzi şahidlər, ümumiyyətlə, hansı sənədə nə üçün imza atdığını bilməyib.

Proses davam edir.

 

C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi