Modern.az

Bakıda Stalinin şərəfinə hərbi əsirlərin tikdiyi stadionun TARİXİ

Bakıda Stalinin şərəfinə hərbi əsirlərin tikdiyi stadionun TARİXİ

29 Avqust 2016, 16:25

Əfsanəvi hakimimiz Tofiq Bəhramovun adını daşıdığı stadion 1951-ci il oktyabrın 16-da açılıb. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qaldı. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan "S" hərfini xatırladır.

 

Stadionda  29 min 870 oturacaq quraşdırılıb. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. Nəhayət 1990-cı ildən dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb. Stadion dünyada hakimin şərəfinə alandırılan yeganə futbol arenasıdı.

 

16 avqust 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

 

Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur. Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılmışdır.Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilmişdir. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulmuşdur.

 

Stadionun sonuncu dəfə ot örtüyü bu ilin martında dəyişdirilib. Belə ki,Tofiq Bəhramov adına Respublika Stadionunun torpağın alt qatı Lənkəran, üst qatı isə Mingəçevir bölgəsindən gətirilib. Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib.

 

Qeyd edək ki, avqustun 25-də Bakıda keçirilən qarşılaşma zamanı Ağdamın “Qarabağ” klubuna 3:0 hesabı ilə məğlub olan İsveçin “Höteburq” klubu Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün bərbad olması ilə bağlı UEFA-ya şikayət edib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?