Modern.az

Kitablarını suya at!

Kitablarını suya at!

29 Avqust 2016, 16:33

Könül Aydın Nəhmətova

                                                                       

Anla ki, böyükləri həmişə düşüncə idarə etmir. Ona görə də  sorğulayaraq yaşamaq vərdişi qazan.  

Elə buradan başlayaq: kitabları suya atmaqdan. Şəms Təbrizi Mövlananın kitablarını niyə suya atdı? “Şəmsəddin Konyaya yetişib Mövlananın məclisinə gəldi. Mövlana bir hovuz qarşısında oturmuş, önünə bir neçə kitab qoymuşdu. Soruşdu:

Bunlar nədir?

Mövlana buna:

Kilu kal (Dedi-qodu) deyirlər, − şəklində cavablandırınca:

Sənin onunla nə işin var? – deyərək Şəmsəddin əlini uzadıb bütün kitabları suya atdı. Mövlana təəssüflə:

Bəhey, dərviş, neylədin, onların bəzisi atamın faydalı sözlərindən toplanmış yazılardır. Tapılan şeylər deyildir, − dedi.

Şeyx Şəmsəddin əlini salıb o kitabları bir-bir çıxardı. Heç birisinə su təsir etməmişdi. Mövlana :

Bu, necə sirdir? – deyə sordu. Şəmsəddin:

Bu, zövqdür, haldır, sənin bundan xəbərin yoxdur, − dedi. Ondan sonra bir-birləriylə söhbət etməyə başladılar.

Bütün tədqiqatlar bunu isbat edir ki, Şəms Təbrizinin gəlişi Mövlananın özünə dönməsinə, özünü tapmasına səbəb oldu. Könlünün ilk silahını sınaqdan keçirdiyi nişan taxtası oldu Şəms. Şəmsin gəlişi Mövlananın yolunu irəliyə − şəriətdən təsəvvüfə götürdü. Kitablardan öyrənib vəz edən Mövlana könlünün səsini dinləməyi öyrəndi.

Ədəbiyyat bu məsələni qeyri-adiləşdirir. Amma məncə, bu, qeyri-adilik deyil. Yaradanın insanın öz həyatını davam etdirə bilməsi üçün bəxş etdiyi adi insani təbiətdir. Doğrudur, Şəms Mövlanaya müəllim oldu, amma hər kəsin qəlbini oyadacaq belə bir müəllimi olmaya bilər. Həm də hər kəsin belə bir müəllimi var: HƏYAT! Dinləyə bilsə...

Haradasa bir gün səsini eşidirik, amma bundan sonrası da öz üzərimizə düşür, diqtə etdiklərinin arxasıyca gedirikmi?!...

Kimisi uşaqlıqda, elə Şəms kimi, həyatı dinləyə-dinləyə böyüyür. Kimisi ninnilərin havasında yuxulayır uzun müddət. Bir gün bu ninnilər kəsiləndə oyanır yuxudan. Kimisi də ömrünü elə yuxuda keçirir ninnisiz-filansız belə...

Ədəbiyyat hər şey deyildisə də, çox şey idi orta məktəb təhsilimdə. İnanırdım kitablara. Bir də böyüklərə onları sorğulamadan inanırdım. Amma məndə də belə oldu. Bir gün kəsildi ninni. Atəş səsləri kəsdi bizim uşaqlıq ninnimizi. Qarabağda canlar alan erməni gülləsinin səsləri... Hələ nə olduğunu kəsdirə bilməyən millət döyüküb qalmışdı düzün-dünyanın sakit zamanında “bu nə qəfil atəş səsləri idi” deyə. Bəli, bizim üçün bu, qəfil idi. Çünki unutmuşduq keçmişimizi. Amma ermənilərin içindəki işğalçılıq xisləti hər zaman münasib bir şərait arayırdı, bizim xəbərimiz yox. Haradan olacaqdı?!. Faktlar, həqiqətlər arxiv divarlarının arxasında əski əlifbalarda dustaq idi.

Bəli, ermənilər can alırdı Qarabağda, biz isə hər səhər sıraya düzülüb məktəb meydançasında mahnı oxuyurduq. Daha doğrusu, oxutdurulurduq:

“Qardaş olub Hayıstan Azərbaycan!”

Oxumurdum. Sadəcə, müşahidə edirdim. Düşünürdüm: Axı niyə? Nədən?

Bax elə onda ilk dəfə suya atdım kitablarımı.

Bax onda ilk dəfə böyüklərə şübhə etməyə başladım. 

Onda hiss etməyə başladım ki, inamlarımız laxlayır deyə torpaq ayağımız altından qaçmaq üzrədir. Böyüklər təşvişlə döyükürlər kimi qalıb yaddaşımda. Pioner qalstukunu çıxarıb atmaq istəyənin boğazına bu qırmızı xaltanı zorən keçirirlər. Cibindən kommunist biletini cırıb atanı cəzalandırır, olmayanın cibinə zorən qoyurmuşlar kimi.... Amma zavallılar bilmirdilər ki, inam laxladısa, torpaq qaçacaq ayağının altından. Bu, zərurətdir.

Bu zərurət yaxaladı bizi. Bir gün səhər yuxudan oyanıb gördüm ki, anam az qala saçını yola-yola “Qardaşım! Oğlum!” deyib fəryad edərək darvazaya tərəf yüyürür. Donub qaldım pəncərədə... Qırov kimi... Bəli, hərdən hansı fəsil olmasından asılı olmayaraq insanı qəfil sazaq, şaxta yaxalayır. Buz kəsilir nəfəsi... Həmin günün xatirəsinə naxış salır qırov kimi...

Amma iliyimizə işləyən bu qəfil şaxta elə qış ayına təsadüf etdi: Yanvarın 19-dan 20-sinə keçən gecə... Şəhidlər... Sanki dünyanın sonu gəldi. Hər kəsin ölümü onun qiyamət günüdür, deyirlər. Amma bu az qala bir əsrlik saxta ideologiyanın qiyaməti idi, qopdu o gecə.

O gecə ayrı bir gecə idi. Hələ neçə-neçə belə gecələri doğuracaqdı.... O gecə dastanları dilirdən gecə oldu.

Bax, yenə qayıdırıq Şəmsin kitabları suya axıtmasının üzərinə. Şəms niyə axıtdı onları, əgər çıxarasıydısa, həm də bir hərfi belə pozulmadan?

Şəmsin məqsədi öncə yazılanları, başqa könüllərin ilhamını inkar etmək deyildi. Sadəcə, onların başqa könüllərin olduğuna inandırmaqdır. Suya düşən kitablar xarab olmadı. Çünki yaşanmışlar silinməz... Hər kəsin həqiqəti haqdır. Şəms bu addımıyla Mövlananı özünü kəşf etməyə çağırırdı. Hər şeyi yenidən kəşf etməyə... Kəşfetmə yoluyla öyrənməyi məqsəd qoyurdu qarşıya Şəms. Beləcə, bir gün suya atılanda kitabları pozulmayacağını sağlasın deyə...

O gecə də millətin özünü yenidən doğurduğu gecə oldu. Kitablar çıxacaqdı yavaş-yavaş arxiv divarlarının qaranlıq zirzəmisindən işığa. Oxumadığımız kitablar. Dəfələrlə suya axıtsaq da, pozulmayan kitablar...

Ən böyük şübhə günüm. Hətta gün olur ki, hamının qəfildən dəli olduğuna inanırsan. “Adamlar başını itiribmi” deyə sorğulayırsan hər şeyi. O zaman özünü ağıllı sanıb ən böyük dəliliyi sən özün edə bilərsən. Məndə də bir gün belə oldu.

1990-cı il... Beş ay keçməsinə baxmayaraq millət hələ matəm içindədir. İtkinlər var, tapılmayıb... Xəzərin rəngi boğuq. Gəmilərin fiti hələ çınlayır qulaqlarda. Şəhidlərin torpağı qurumayıb. Binaların dəlmə-deşik divarları yara açır adamın ürəyində.

Belə bir tarixi dövrdə oxuduğum məktəbdən IX sinif şagirdi olaraq Ağcabədinin mərkəzi parkında 9 May Qələbə günü münasibətilə çıxış üçün dəvət aldım. Məktəbin direktoru çağırıb mənim Ağcabədi şəhər İcraiyyə Komitəsi tərəfindən dəvət olunduğumu bildirdi.

− Evdən icazə verəcəklərmi? – soruşdu.

− Verəcəklər, − deyib qətiyyətlə cavab verdim. Doğrusu, heç düşünmədim də, həqiqətən, verəcəklər ya verməyəcəklər deyə. Könlümdə bir yanğı oyanmışdı, onu söndürməliydim... Amma məqsədimi heç bir kimsəyə bildirmədim, nə məktəbdə, nə evdə. Səssiz-səmirsiz otağa çəkilib çıxışımı hazırladım. Bircə ona güvənirdim ki, nə olur olsun, atam arxamda olacaq.

9 May 1990-cı il. Ağcabədinin mərkəzi parkı rus ordusunun silahlı əskərləri ilə əhatələnmiş. Mikrofonun yanında Ağcabədi şəhər İcraiyyə Komitəsinin I katibi və ətrafında müavinlər, səlahiyyətli şəxslər. İdarə müdirləri. Müəllimlər. Şagirdlər... Xitablar ərşə qalxır. Sovet ordusunun şəninə mədhiyyələr. Bu sədalar altında əlimdəki ağ kağızlar acığından silkələnir. Birdən adımın çəkildiyini eşitdim. Keçdim mikrofonun arxasına. Düz I katibin qarşısında dayanmışdım. Balaca boyu yəqin ki boyumun arxasında qalmışdı. Bütün bu mədhiyyələrdən fərqli öz çıxışımı oxumağa başladım. Özümə gəlincəyə qədər oxumalı olduğumu əvvəlcədən düşünmüşdüm. Mənim üçün asan deyildi. Başıma gələcəkləri də təsəvvür edə bilmirdim. Bircə onu bilirdim ki, hamının bir istiqamətə üz tutub getdiyi yolu əksinə getməliyəm. Nəyin naminə: Şəhidlərin xatirəsinə hörmətim naminə! Tökülən qanların müqəddəsliyi xatirinə! Zülmün cavabsız qalmaması naminə! Düşüncəmi itirməmək naminə!

Çıxışım kəskin oldu. Xüsusilə arxamda dayanan məmurlar üçün. Soyuq tər kimi axdı üzərlərinə. Mən onları sorğulayırdım əli silahlı əskərlər qarşısında. O əskərlər ki beş ay öncə günahsız insanlarımızın qanını axıtmışdı. İndi şəninə mədhiyyə oxunurdu Azərbaycan parklarında. O parklarda ki, bir-iki ildən sonra hamısı Şəhidlər xiyabanına çevriləcəkdi elə bu əskərlərin sayəsində...  

Çıxışım yarıda kəsilməliydi. Kəsilmədi. Mikrofonun səsi kəsildi. Amma mənim səsim kəsilmədi. Mən təəccüblənmədim. Əskərlər təəccübləndilər. Şübhəli-şübhəli ətrafa baxışdılar. Toplantı iştirakçıları təmkinlərini pozmadılar. Səbir etdilər çıxışımın sonuna qədər. Bitirib, çəkilib getmək istəyəndə biri qaça-qaça gəlib əlimdən kağızlarımı aldı. Bildim səhər başıma gələcəkləri. Amma mənə bura qədər lazım idi. Oldu. Bitdi.

Başıma gələcəkləri gözümün altına almışdım, amma o sualdan başqa: Sən Qalileymi olacaqsan? Heç nə məni ağlatmadı, nə direktorun çığırıb-bağırmağı, nə də törətdiyim hadisəni biləndə anamın hədələrinin qorxusu. O sual ağlatdı məni. Direktor çığırıb-bağırandan sonra son söz olaraq dedi, soruşmadı, dedi: “Sən Qalileymi olacaqsan?!” Sanki deyirdi: “Sən Qaliley olmayacaqsan!”  Bunu elə-belə də qəbul edib ağlaya-ağlaya evə getdim.

Atam da elə mənim özüm kimi qəribə adam idi... Onu da mənim törətdiklərim deyil, o sual, o nida maraqlandırdı yalnız. Məni anamın əlinə buraxıb, əyləşib maşına sürdü məktəbin həyətinə. Qarşısına gələn direktor:

− Məni İcraiyyə Komitəsinə çağırıb..,− deyə nə qədər davranışını əsaslandırmağa çalışsa da, atam öz dediyində durmuşdu:

− Nə olur olsun, siz ona “Qaliley olmayacaqsan!” deməməliydiniz.

İndi kitablarımı sudan çıxarıram. Heç nə dəyişməyib. İndi mən özüm böyümüşəm. Böyükləri həmişə düşüncə idarə etmir deyib sorğulayaraq yaşamaq vərdişi qazandım. Özümü də sorğulayıram, bəs nəticə? Bütün nəticələrin ölçülə bilən olmasını qaçırmışam nəzərimdən. Ölçü nədir?

Standartlar. Zamanın tələblərinə cavab verən insanlıq standartları...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı