Modern.az

İslam Kərimovun yerinə Özbəkistanda yeni prezident kim olacaq?.. - TƏHLİL

İslam Kərimovun yerinə Özbəkistanda yeni prezident kim olacaq?.. - TƏHLİL

Dünya

30 Avqust 2016, 09:25

Avqustun 29-da Özbəkistan prezidenti, 78 yaşlı Islam Kərimov beyin qansızmasıyla xəstəxanaya yerləşdirilib.

Bəs Kərimovun öləcəyi, yaxud bundan sonra prezident vəzifələrini icra edə bilməyəcəyi təqdirdə nə baş verəcək? SSRİ-nin dağılmasından bəri ölkəni idarə etmiş yeganə lideri kim əvəzləyəcək?

ÜÇCƏ NƏFƏR


Modern.az saytı xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, Özbəkistanın konstitusiyasında deyilir ki, prezident öz vəzifələrini icra edə bilmədikdə parlamentin yuxarı palatasının sədri 3 ay müddətinə onun səlahiyyətlərini icra edir. Hazırda həmin postda çox da tanınmayan Niqmatulla Yuldaşev əyləşib.

Uzun müddətli perspektivdə isə favoritlər siyahısı cəmi üç nəfərdən ibarətdir.

Bir çoxları hakimiyyətin yeni varisinin 58 yaşlı baş nazir Şavkat Mirziyaev olacağını düşünür. O, 2003-cü ildən bəri hökumətə başçılıq edir. Mirziyaev əslən ölkənin Cizzax əyalətindəndir. Cizzax Kərimovun vətəni Səmərqənd əyalətinin qonşuluğunda yerləşir. Mirziyayevin Cizzax və Səmərqənd klanları tərəfindən dəstəkləndiyi deyilir. Kərimovun xəstəxanaya yerləşdirilməsi barədə yeganə rəsmi açıqlamanın Nazirlər Kabinetindən gəlməsi də təsadüfi olmaya bilər.

Klanlar hakimiyyətin ötürülməsi prosesində mühüm rol oynayacaq. Dəmir əllə idarə edən və müxalif fikirlərə qarşı dözümsüz olan Kərimov Özbəkistanın müxtəlif klanları arasında manevr etməyin və onları bir-birinə qarşı qoymağın ustası idi.

“MƏNTİQSİZ VƏ AQRESSİV QATİL”

Bəzi tənqidçilər Mirziyayevi məntiqsiz və aqressiv qatil kimi xarakterizə edirlər. Cizzax əyalətinin qubernatoru olduğu dövrdə (1996 - 2001) onun ən azı bir fermerə fiziki təzyiq göstərdiyi bildirilir. Fermerin günahı əyalətdəki şəraitdən şikayətlənmək cəsarəti idi. Qubernator vəzifəsində onu əvəzləyən Ubaidulla Yamankulov isə postundan helikopterdə, özü də qolları qandallı vəziyyətdə gedib. Onun seçiciləri döyməsi barədə çoxsaylı şikayətlər və qoçu dəstəsi saxladığı barədə iddialar daxil olmuşdu. Əlbəttə ki, Mirziyaev Yamankulovu yaxşı tanıyırdı.

Özbəkistanın əsas rəsmiləri arasında Mirziyayev "beyin" yox, "yumruq" kimi tanınır. Bəzi müşahidəçilərin fikrincə, o, prezidentliyi ələ keçirərsə, Karimov hökumətindən də repressiv olacaq.

Son beş il ərzində Özbəkistanın konstitusiyasına dəyişikliklər edilib. Ən azı, kağız üzərində baş nazirin səlahiyyətləri artırılıb. Bu, Mirziyayevin xeyrinə işləyə bilər.

JURABEKOV – KƏRİMOV DOSTLUĞU

Ancaq 1990-cı illərin sonlarında Səmərqənd klanı bir qədər gözdən düşmüşdü. Səbəb klanın başçısı İsmail Jurabekovun hərəkətləri idi. Jurabekov 1980-ci illərdə Kərimovun Kommunist Partiyası sıralarında irəliləməsində böyük rol oynamışdı. 1990-cı illərdə təşəkkür kimi ona hökumət vəzifələri və bizneslərə yiyələnmək imkanı verilmişdi. Ancaq Jurabekov çox güclü idi. Özü də onun 1999-cu ilin fevralında Daşkənddə baş vermiş bomba partlayışlarında əli olduğu deyilirdi. (1999-cu il fevralın 16-da 1 – 1,5 saat ərzində Daşkəndə müxtəlif hökumət binalarının qarşısında avtomobillərə yerləşdirilmiş altı bomba partlamışdı. Bombalardan beşinin diqqəti yayındırmaq, birininsə İslam Kərimovu öldürmək məqsədilə partladıldığı ehtimalı irəli sürülür). Daşkənd partlayışlarından az sonra Jurabekov tutduğu kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılaraq təqaüdə göndərilmişdi.

Baş verənlərdən az sonra Jurabekov yenidən hökumətə qaytarılmış və 2004-cü ilə qədər Kərimovun müşaviri olmuşdu. Ancaq Kərimovun vətəni Səmərqəndə bağlılığı ciddi şəkildə zəifləmişdi.

DAŞKƏND KLANI


Kərimovun yerini tuta biləcək digər mümkün varis 56 yaşlı maliyyə naziri Rustam Azimovdur. O, daşkəndlidir və Daşkənd klanını təmsil edir. O, 1998-ci ildən bəri hökumətdədir. Həmişə də maliyyə vəzifələri tutub.

Azimov Mirziyayevdən daha mədəni hesab olunur. Həmçinin, onun beynəlxalq aləmlə iş təcrübəsi daha çoxdur. Müstəqilliyin ilk illərində Özbəkistanın Xarici Fəaliyyətlər üzrə Mərkəzi Bankının rəhbəri olmuş Azimov ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə işləyən əsas rəsmisi olub.

Hakimiyyətin üçüncü mümkün varisi isə Milli Təhlükəsizlik Komitəsinin (MTK) 72 yaşlı rəhbəri Rustam İnoyatovdur. İnoyatov Özbəkistanda ən güclü adamlardan biridir. O, 1995-ci ildən bəri MTK-nə rəhbərlik edib. O da Daşkənd klanındandır.

Çoxları Kərimovun səhhətinin zəiflədiyi son illər ərzində İnoyatovun boz kardinal rolunu oynamasından şübhələnirlər. Kərimovun böyük qızı Gulnaranın çökdürülməsi kampaniyasının onun işi olduğunu düşünənlər də az deyil. Əvvəllər güclü biznes qadını olan Gulnara Kərimova 2014-cü ildən bəri ictimaiyyət arasına çıxmır. Adının beynəlxalq telekommunikasiya şirkətləri ilə bağlı korrupsiya qalmaqalında hallanmasından sonra atasının onu ev dustaqlığına məhkum etdiyi deyilir.

“KRAL DÜZƏLDƏN”


Amma İnoyatov kral yox, "kral düzəldən" kimi tanınır. Bu şəxsin son 10 il ərzində bilinən yalnız bir fotoşəkli var. Bu, onun Çinin təhlükəsizlik rəsmiləri ilə görüşündə çəkilmiş şəkildir. O, ictimaiyyət arasında görünməyi sevmir.

Ancaq onun dəstəyi olmadan kiminsə Özbəkistanın növbəti prezidenti olması, yaxud da ölkəni maneəsiz idarə edə bilməsi, demək olar ki, mümkün deyil.

İnoyatovun Mirziyaevlə yaxşı münasibətdə olduğu və ölkənin növbəti prezidenti kimi məhz onu dəstəkləyəcəyi barədə ehtimallar var. Onu da deyək ki, Jurabekovun, nəhayət ki, siyasətdən uzaqlaşdırılmasından sonra İnoyatov öz gücünü xeyli artırıb. Görünür ki, MTK rəhbəri Səmərqənd klanının zəif tərəflərini yaxşı bilir.

Əlbəttə, İnoyatovun özü ilə eyni klandan olan Azimovu dəstəkləyəcəyini də düşünmək olar. Ancaq klanlar arasında tarazlıq çox qəliz mövzudur. Bu vaxta qədər tarazlıq prezidentin Səmərqənddən, əsas postları tutan şəxslərinsə Daşkənddən olması hesabına saxlanılıb. Tarazlığın saxlanması naminə Azimov dəstəklənməyə də bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi