Modern.az

“Ermənilər aprel döyüşlərindən nəticələr çıxarıb”

“Ermənilər aprel döyüşlərindən nəticələr çıxarıb”

30 Avqust 2016, 10:03

Aprel müharibəsi Qarabağ reallığına yeni impuls gətirdi. 5 günlük döyüşlərdə ciddi itkilər verən və Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilməyən Ermənistan rəhbərliyi təmas xəttində ciddi işlər aparmağa başladı. Düşmən mediasında yer alan xəbərlərdən aydın olur ki, Ermənistan Müdafiə Nazirliyi aprel döyüşlərinin ssenarisi əsasında hərbi təlimlər keçirir, təmas xəttindəki döyüş postlarını gecəgörmə cihazları ilə təmin edir.

Bu, düşmənin danışıqlarda konstruktiv mövqe sərgiləmək niyyətində olmadığını və yeni döyüşlərə hazırlaşdığını göstərir.

Təmas xəttindəki bu aktivliklə bağlı hərbi ekspert Azad İsazadə Modern.az-a açıqlama verib.

Ekspertin fikrincə, erməni ordusu aprel döyüşlərindən müəyyən nəticələr çıxarıb.

 

“Erməni ordusunda super struktur yoxdur. Söhbət gecəgörmə cihazlarından gedir. Bunu da çoxdan quraşdırıblar. Artıq neçə illərdir ki,  Fransadan lisenziyanı alıb  istehsal etməyə də başlayıblar.

Ermənilər çalışırlar ki, bütün cəbhəboyu ərazini nəzarət altında saxlasınlar ki, Azərbaycan ordusu hücuma keçəndə onlar bunu əvvəlcədən görüb, tədbirlərə əl ata bilsinlər.  Amma aprel döyüşləri onu göstərdi ki, onlarda gecəgörmə cihazlarının olmasına baxmayaraq, ordumuz yaxşı əməliyyat keçirə bilir. Yalnız texniki avadanlıqlarla cəbhəni qorumaq çətindir.

Sözsüz ki, biz də aprel döyüşlərindən sonra hansısa səhvləri görüb, düzəldib, nəticələr çıxarırıq. Həmçinin, istisna etmirəm ki, qarşı tərəf də döyüşlə bağlı nəticələr çıxarır. Onlar mütləq həmin gecəgörmə cihazlarının keyfiyyətini və sayını artırmaq istəyəcəklər, ya da hansısa texniki üsullardan istifadə edəcəklər. Hərbi qarşıdurma həmişə texniki qarşıdurmaya da çevrilir.

Müharibədə həmişə bir tərəf o biri tərəfin texniki inkişafını zərərsizləşdirmək tədbirləri görür. Biz tərəfdən də çox böyük əks tədbirlər görülür”.

 

Azad İsazadənin fikrincə, Ermənistan rəhbərliyi Qarabağ məsələsində güzəştə hazır olsa da, cəmiyyət buna hazır deyil.

 

“Aprel döyüşlərindən sonrakı siyasi danışıqlar konkret birmənalı iki çıxış yolu göstərir. Ya ermənilər işğal olunmuş ərazini azad etməlidirlər, ya da Azərbaycan öz torpaqlarını ordu gücünə azad edəcək. Ermənistan ictimaiyyəti torpaqları qaytarmağa hazır deyil. Ermənistan rəhbərliyi səmimi və ya qeyri-səmimi bəyan edib ki, “bəlkə də biz torpaqları qaytarardıq, amma ictimaiyyət bizə qarşı çıxacaq”. Təlimlər keçirtməkdə məqsədləri də odur ki, cəmiyyətə göstərilməlidir ki , müharibəyə hazırlaşırlar. Onlar başa düşürlər ki, Azərbaycan ordusu hər an hücum edə bilər. Ona görə də, hansısa hazırlıqları görürlər ya da hazırlığın imitasiyasını aparırlar”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər