Modern.az

Baş kulinardan “Mürəbbə festivalı”nı lağa qoyanlara sərt CAVAB: “Belə ağıllıdırlarsa...”

Baş kulinardan “Mürəbbə festivalı”nı lağa qoyanlara sərt CAVAB: “Belə ağıllıdırlarsa...”

Mədəni̇yyət

30 Avqust 2016, 10:32

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Qəbələdə keçirilmiş “Meyvələrin bəhsi” adlı  IV Beynəlxalq Mürəbbə Festivalı barədə təəssüratlarını Modern.az-la bölüşüb. O, eyni zamanda festival ətrafında gedən müzakirələrə münasibət bildirib.

 

Gicitkən mürəbbəsi ilə çay...

 

Tahir Əmiraslanov ildən-ilə festivalların əhatə dairəsini daha da genişləndirəcəklərini bildirib:

“Builki festival ötənilkilərdən  daha üstün idi. Nəzərə alaq ki, bu dördüncüdür, onuncu deyil. Düşünürəm ki, növbəti illərdə festivallar daha da genişlənəcək.

Çalışdıq ki, mətbəximizin bir hissəsi olan mürəbbələrimizi insanlara daha üstün şəkildə  təqdim edək. Diqqətçəkən məqamlardan biri festivala Zaqataladan gicitkən mürəbbəsinin gətirilməsi oldu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin festivalda iştirakı da yüksək qiymətləndirilməlidir”.

 

Kəmaləddin Heydərovun mürəbbə marağı...

T.Əmiraslanov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun festivalda iştirakına da münasibət bildirib:

“Cənab nazir hər il mürəbbə festivalında iştirak edir. Təvazökarcasına çox görünmür, çıxış etmir. Amma festival iştirakçısı olaraq mürəbbələrin dadına baxır, fikir bildirir. Kəmaləddin müəllim ümumiyyətlə bölgəyə çox ciddi nəzarət edir, dəstək verir, istənilən çətinlik zamanı köməyini əsirgəmir. Amma festivala heç vaxt müdaxilə etmir. Görünür özünün marağı var deyə, gəlib iştirak edir”.

Baş kulinar gələcəkdə keçiriləcək festivallardan da danışıb:

“Qarpız, şirniyyat, alma, nar festivalları keçirildi. Həmçinin çay və plov festivalları təşkil olundu. Yavaş-yavaş bunların sayını artırmaq niyyətindəyik. Festival keçirmək kimlərəsə görə asan ola bilər, mahiyyət etibarilə ağır bir işdir. Həm təşkilati, həm də təhlükəsizlik baxımından”.

 

“Festivalı keçirənlər onu tənqid edənlər qədər ağılsız deyillər”

 

T.Əmiarslanov sosial şəbəkə istifadəçiləri tərəfindən festivalların lağ obyektinə çevrilməsinə belə cavab verib:

“Fikirlər müxtəlif ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu festivallar ölkənin tanıdılması baxımından misilsizdir. İtaliya hər il keçirilən 500-ə qədər festivalla mətbəxinin tanıdılması və təbliğində , turizmin inkişafında Fransa və Çini keçməyə başlayıb.

Yəqin ki, festivalı təşkil edən mütəxəssislər onu tənqid edənlər qədər ağılsız deyillər.Festivallara böyük vəsaitlər sərf edilir. Yəni təşkilatçılar nəyə pul sərf etdiklərini bilmirlərmi?!

Bu festivallar nəticəsində məhsullar brendə çevrilir.

Məsələn, builki festivalda Quba mürəbbəsi birinci yerə layiq görülüb. Bilirsinizmi ki, fabriklərdə evdəki mürəbbədən daha yaxşı mürəbbələr istehsal olunur?

Qablaşdırma üçün nəzərdə tutulan bankalar çox gözəl, içərisindəki meyvələr eyni ölçüdə, çeşiddədir. Deməli, festival həm də yerli məhsulu bazara çıxmaq imkanı deməkdir. Bunun nəyi pisdir? Axı məhz belə festivallar nəticəsində yeni iş yerləri açılır, fabriklər fəaliyyət göstərir. Bu meyvələri yetişdirənlər, yığanlar, təhvil verənlər, yaxud satışa çıxaranlar, fabrikdə işləyənlər... Görün nə qədər işçi qüvvəsi sərf olunur. Axı qazanan bizim insanımızdır. Kimsə bunu lağ obyektinə çevirir, başqa don geyindirməyə çalışırsa, onu öz vicdanı ilə baş-başa qoyuram.

Biz tənqidə açığıq, əgər səslən fikir ağıllıdırsa, biz növbəti illərdə onlardan istifadə edə bilərik”.

 

“Bizi bizdən başqa heç kim qaldırmayacaq”

 

Baş kulinar festivalda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini qeyd edib:

“Mürəbbə festivalında yanğınsöndürənlər, həkim briqadası növbətçilik çəkirdi. İsti hava şəraitində, həm də mürəbbələr olan bir yerdə kimisə arı vura bilərdi, kimisə gün vurardı. Bütün bunlar nəzərə alınmışdı. Bütün dünyanı cənginə alan terror təhlükəsindən qorunmaq üçün bütün güc strukturları səfərbər olmuşdu.

Axı bu boyda böyük işi adi bir sözlə cılızlaşdırmaq olmaz. İşin görünməyən tərəflərini görmək lazımdır. Bu o insanların düşündüyü kimi sadə iş deyil.

Təsəvvür edin ki, siz bir anda neçə cür mürəbbənin dadına baxa bilərsiniz?

Festivala 500-dən çox mürəbbə növü təqdim olunmuşdu. Hamısının dadına baxıb qiymət verildi. Zarafatla hətta qonaqlara dedim ki, siz evdə 1 ay şəkər yeməyin. Sizi yalayıb çay içmək olar (gülür).

Şəkəri azaltmaq, o biri mürəbbələrin dadını hiss etmək üçün də tədbirlərimizi görmüşdük. Bu heç kimə asan gəlməsin. Biz bu festivalda peşəkarlara rəsmən zülm edirik. Kənarda duran insanlara bayramdır, əyləncədir, amma orda insan əməyi var. Anlamaq lazımdır ki, bu ölkəni bizdən başqa heç kim ayağa qaldırmayacaq, özümüz bunu etməliyik. Xaricilər də gələcək öz maraqları üçün. Buna görə də biz də özümüz üçün çalışmalıyıq.

İndi bütün bu dediklərimi nəzərə alaraq tənqid etsinlər, söysünlər, döysünlər. Mən işimi gördüm, kim nə deyir desin. Bu dəqiqə kimi istəyirsiz sözlə göyə qaldırım, yaxud da yerdən-yerə vurum. Bunun qədər asan heç nə yoxdur. Biz şair xalqıq.

Amma iş görmək çox çətindir, bunu unutmayaq”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır