Modern.az

Azərbaycanda qədim piramida tapıldı - FOTOLAR

Azərbaycanda qədim piramida tapıldı - FOTOLAR

Mədəni̇yyət

30 Avqust 2016, 11:56

Tanınmış araşdırmaçı-tarixçi Cəlaləddin Qasımovun son illər apardığı tədqiqat işləri nəticəsində Azərbaycan tarxinə aid xeyli qiymətli mədəniyyət abidələri, qədim yaşayış məskənləri  aşkara çıxıb.
Modern.az saytına məlum olub ki, araşdırmaçı qədim yaşayış yerlərinə aid tədqiqatları davam edirib və bəzi nəticələr də var. Əməkdaşımız Cəlaləddin Qasımovla bu mövzuda söhbət edib.

- Cəlaləddin müəllim, bildiyimizə görə, bu yay mövsümünü də dağlarda, meşələrdə araşdırmalar aparmaqla keçirmisiniz... Yeni nələrsə aşkarlamısınız?

- Azərbaycan tarixi böyük bir xəzinədir. Sanki qalın bir kitaba bənzəyən bu xəzinənin səhifələrini vərəqlədikcə, yeni-yeni axtarışlar aparmağa həvəslənirsən. Hər tapıntı səni özünə daha çox heyran qoyur.
Son aylarda xeyli araşdırmalarım olub, günləri, gecələri açıq təbiətdə keçirmişəm, sıldırımlı dağlarda, keçilməz meşələrdə qədim Azərbaycan insanının yaşadığı məkanların axtarışı ilə məşğul olmuşam. Və nəticələr də var.Tovuzun Xınna dərəsində Abdal çaynın üstündə qədim piramida tapmışıq.

- Sizin askara çıxardığınız qədim yaşayış məskənlərində hansısa arxeoloji qazıntılar aparılıbmı?

- 70 il Sovet İmperiyasının tərkibində yaşamağa məcbur olan Azərbaycan xalqının tarixi ilə bağlı yeni araşdırmalara, ciddi tədqiqatlara ehtiyac var. Sovet dövründə tarixçilərimiz qalın-qalın qırmızı kitablar yazıblar, amma o kitabların əksəriyyətində tariximizə düzgün yanaşma olmayıb. İndi də təəssüf ki, tariximizi yazan, öyrənən tarixçilərimiz azdır. Tarix təkcə qədim mənbələr əsasında yazılmır, həm də arxeoloji qazıntıların aşkara çıxardığı faktlar əsasında yazılır. Bizim aşkara çıxardığımız qədim yaşayış məskənləri yerləşən ərazilər hələ işlənilməyib, tədqiq olunmayıb.

- Bildiyimizə görə, Tovuzun Xınna dərəsində apardığınız araşdırmalar xeyli sirli məqamlar üzə çıxarıb... 

- Zaman-zaman dünya tarixində izaholunmaz və sirli hadisələrə rast gəlinib. Vaxt keçdikcə, bu sirlərin bəzisi açılıb, elə hadisələr də var ki, uzun illər izah oluna bilmir. Xınna dərəsi və onun ətrafında cərəyan edən faktlar da məhz bu qəbildəndir. “Xınna dərəsi” - Hunan adıyla bağlıdır. 

Bu ərazini gəzdikcə, sanki tarixmizi səhifələyirdim. Daşların daşlaşmış yaddaşı bu şəhəri – Hunanı xarabalığa şevirən yadelli işğalcılar barəsində nələr demirdi?! Hələ VIII əsrdə ərəblərin Azərbaycana yürüşü zamanı Xınna dərəsindəki Hunan şəhərinin əhalisi onlara qarşı güclü müqavimət göstərib. Döyüşlər nə qədər şiddətli olsa da, Hunan şərəri dağılmayıb. Daha sonralar, yəni 1231-ci ildə Çingiz xanın ordusu bu yerlərə basqın edərək, insanları ağır işgəncələrə, kütləvi qırğınlara məruz qoyub. Lakin onlar da bu şəhərin ağır və güclü müqavimətilə üzləşiblər. Belə ki, şəhər yüksəklikdə yerləşdiyi üçün monqolların bu ərazini ələ keçirməsi mümkün olmayıb, onlar ağır itkilər veriblər. Sonradan güc toplayaraq Hunan şəhərini darmadağın edən monqollar, özlərinin müharibə qanunlarına əsasən dini məbədlərə toxunmayıblar.

Təəssüf ki, bu ərazilər əsrlər boyu yazılı tariximizdən kənarda qalıb.

Hər il bu dağlarda olur, sirli, sehrli əraziləri gəzir, müşahidələr aparır, qədim yaşayış məskənləri aşkar edirdim.
Yenə bu yerlərin qonağı oldum. Suyundan icdim, havasından uddum, saflaşdım, duruldum. Hər dəfə də daha böyük həvəs və enerjiylə işimi davam etdirirəm. Bu şəhərin ətrafında olan qədim məntəqələrin qalıqlarını aşkar etmək ücün 20-25 kilometrlik bir yol qət etməli oldum.



- Tədqiqatlarınızın nəticəsi olaraq qədim abdallar, Abdal şəhəri, Atillanın Qafqaza gəlişi barədə də yazmısınız… Bu istiqamətdə tədqiqatlarınız yekunlaşdı?

- Abdallar I-IV əsrlərdə Zaqafqaziyada geniş yer tutan türkdilli tayfalardan biridir. Azərbaycanın xüsusilə Qarabağ bölgəsində eyniadlı kəndlər çoxdur.

Bəzi mənbələrin məlumatlarına görə, türk hökmdarı Atillanın ölümündən sonra övladları öz düşmənlərindən məhz burada gizləniblər. Bu mövzuda araşdırmam davam edir. Qədim Hun türk tarixindən Abdal şəhəri haqqında tarixi roman yazıram.

Eyni zamanda, 7 kilsə, alban abdalları ilə bağlı məlumatlar əldə etmişəm. Attilanın nəvələri uzun illər bu dağlarda məskunlaşıblar. Attila ordusunun etibarlı sərkərdələri də məhz Abdal şəhərindən olublar.

Albaniyanın köklü sakinləri, ölkədə aparıcı rola malik olan abdallar tarixdə böyük iz qoymuş türkdilli tayfalardır. Təəssüf ki, Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər, amma həqiqət budur ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Çünki biz bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırıq. Başqa millətlərin nümayəndələri olan tarixçilər bizim tariximizə hansı təəssübkeşliklə yanaşa bilərlər ki? Nəticə məlumdur. Onların fərziyəsinə görə, albanlar əslində başqa bir dildə danışırdılar və guya sonradan türkləşmişdilər. 

Bu fərziyyələr həqiqətən də gülüncdür. Həmin ərazilərdə, əsas etibarilə də Qarabağda hələ o zamanlardan alban məktəbləri açılıb. Özü də o məktəblər üçün qrammatika kitabı hazırlanıb. Türk dilində olan  həmin  kitablar bu günümüzə qədər gəlib çatıb. Bunlar alban türkcəsində yazılmış kitabdırdır .

Haqqında bəhs etdiyimiz və tariximizin silinməz izlərini özündə yaşadan Tovuzun adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində Tavuş kimi qeyd olunub. Onu da qeyd edim ki, Xınna dərəsində Abdal çayının olduğunu hələ uşaqlıq illərindən bilirdim.

V əsrdə yaşamış Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri olan abdallardan danışarkən ,onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkçədə abdal “ov Tanrısı” anlamında işlənib. Diqqət edin,  “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada albanlardan - türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından olan Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Dastandan da göründüyü kimi, bu iki türk xalqı arasında güclü rəqabət olduğu danılmaz faktdır..          

Böyük Hun imperatoru Atilla Qafqaza səfər edərkən ona oxumaq üçün İncil veriblər. O isə üç gün oxuyub, dördüncü gün deyib ki, “bu, çox gözəl kitabdır, ancaq bircə yanlışlığı var. Burda yazılıb ki, İsa Məsih Allahın oğludur. Ora yazın ki, İsa Məsih Tenqri xanın oğludur”. Yəni İsa Məsih türkün Allahının oğludur. Buradan aydın görünür ki, türk xristianlığı nə cür dərk eləyib. Mən “Atilla varisləri yurdunun açılmayan sirləri” adlı yazımda abdallar, hunlar barəsində faktlarla, tarixi sənədlərlə məlumatlar vermişəm. 

Bəzi mənbələrdə qeyd olunub ki, türk hökmdarı Atillanın ölümündən sonra onun övladları öz düşmənlərindən məhz burada gizləniblər. Bu mövzuda araşdırmalarımız davam edir. Hazırda xeyli vaxtdır ki, qədim Hun türk tarixi və Hunan şəhəri haqqında tarixi roman işləyirəm.
Hesab edirəm ki, bu araşdırmalardan sonra Azərbaycan tarixinin yeni bir səhifəsini açmağa müvəffəq olacağıq. Hər birimiz tutduğumuz vəzifədən, peşəmizdən asılı olmayaraq tarximizi yaşatmalı, qorumalıyıq.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?