Modern.az

Zakir Həsənov aprel döyüşlərindən sonrakı vəziyyətdən DANIŞDI

Zakir Həsənov aprel döyüşlərindən sonrakı vəziyyətdən DANIŞDI

Aktual

30 Avqust 2016, 17:30

Avqustun 30-da Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.

Modern.az saytı xəbər verir, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Müşavirədə döyüş hazırlığı və nizam-intizamın vəziyyəti, həyata keçirilən fəaliyyətlər, problemlər və onların həlli yolları, əldə olunan nailiyyətlər, əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı nazir müavinləri və birlik komandirlərinin məruzələri dinlənilib, qısa və uzun müddətli perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, xalqımızın və ölkə rəhbərliyinin ordumuzun fəaliyyətinə verdiyi yüksək qiyməti toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri cari ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş ərazilərdə müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir silah-sursat və zirehli texnikalarla təchiz edilməsi, şəxsi heyətin döyüşə hazırlığının səviyyəsi, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və nizam-intizamın gücləndirilməsi, eləcə də onların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda kollegiya iclasında irəli sürülən təkliflər müzakirə edilərək qərar layihəsi qəbul edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır